Fin demokratiyası
Finlandiyada uzun müddətdən bəri davam edən prezident seçkisi həyəcanı, coşğusu nəhayət ki, bitdi. Hələ seçkilərdən öncə başlayan həyəcan bütün seçkilər boyunca yüksələn xətlə davam etdi. İnsanlar iş yerlərində, ictimai yerlərdə, dükan-bazarda ancaq seçkini müzakirə edirdilər. Seçki passivliyinə alışdığım üçün bu seçici fəallığına heyrətlənməmək mümkün deyildi. Seçki günündən övcə müəyyən olunmuş günlərdə önsəsvermə imkanı vardı. Həmin önsəsvermə günlərində seçicilər artıq seçki məntəqələrinə axışırdılar. Seçki günlərində isə bir çox seçki məntəqələrinin önündə uzun növbələr görmək mümkün idi. Bu, seçicilərin növbəti altı ildə onlara rəhbərlik edəcək olan prezidenti seçmə prosesinə necə məsuliyyətlə yanaşdıqlarını göstərirdi. Həm də vətənlərinə olan sevgilərini. Bu yerdə rus yazıçısı Pisarevin bu deyimi yadıma düşdü: “Yer üzərində o xalqlar ki, rahat və azad yaşayırlar, onlar öz vətənlərini hər şeydən çox istəyirlər...” Əslində, hər bir insan öz vətənini sevir, amma bəzən obyektiv səbəblər üzündən istəsə belə, onun hüdudları daxilində yaşaya bilməyərək başqa diyarlara üz tutmalı olur...
Beləliklə, Finlandiya əhalisi
5 fevral 2012-ci il tarixdə
özünün növbəti prezidentini seçdi. Bu, seçicilərin 62,6 faiz
səsini toplayan Sauli
Vəynəme Niinistö oldu.
Bununla da Finlandiyada 12 illik “qadın
hegemonluğu” başa
çatdı. Zarafat bir
yana, son 12 ildə Finlandiyaya uğurlu bir şəkildə prezidentlik
edən Tarya Halonen kürsüsünü kişi
həmkarına təhvil verməli oldu. Builki prezident seçkisi tək Finlandiyanın deyil, ümumilikdə dünyanın tarixinə
düşəcək bir seçki
olacaq. Bunu az sonra izah
edəcəyəm (oxucumu intizarda
qoymayacağıma ümid edirəm).
Dövlət idarəçilik formasına görə, Finlandiya – respublikadır. Ölkədə ali icraedici hakimiyyət
prezidentə və Dövlət Şurasına məxsusdur. Konstitusiyaya müvafiq olaraq prezident 6 il müddətinə, amma
iki dəfədən çox
olmayaraq seçilir. Finlandiya parlamentli
respublika olduğu üçün burada dövlətin ali
orqanı Eduskuntadır
(parlament). Prezidentin funksiyası daha
çox ölkənin
xarici siyasətində
özünü büruzə
verir. Əlbəttə, prezident Finlandiyanın
silahlı qüvvələrinin
Ali baş komandanıdır.
Amma hərbi-strateji planlaşdırma
və silahlı qüvvələrlə bağlı
digər mühüm məsələləri Müdafiə
Nazirliyi və Baş Qərargah həll edir. Prezident baş naziri təyin edir, lakin parlamentin təsdiqindən sonra.
Hətta
Avropa Birliyinin sammitlərində belə,
artıq Finlandiyanı
baş nazir təmsil edir. Prezidentlik vəzifəsini
ömürlük icra
edən MDB ölkələrinin
prezidentləri ilə
müqayisədə (Rusiyada
bəzi manevrlər, yerdəyişmə istisnaları
olsa da) fin həmkarları bir az gücsüz
görünür. Hətta şəhərdə
prezidentin maşınının
keçdiyi küçələr
belə xüsusi olaraq baqlanmır. Maraqlıdır ki, dövlətin hesabına fərdi xidməti maşına sahib olmaq hüququna ölkədə
yalnız üç şəxs malikdir: prezident, baş nazir və parlamentin
spikeri. Xüsusi siqnallardan istifadə
etmək hüququ isə (yalnız fövqəladə hallarda)
təcili yardım,
polis və xilasetmə
xidmətinin maşınlarına
məxsusdur. Prezident və
baş nazir xəbərdarlıq etmədən,
mühafizəçilər sürüsü və ətraf binaların damlarında snayperlər olmadan müxtəlif bayram tədbirlərində,
vətəndaşların toplaşdığı
yığıncaqlarda, kilsə
dini ayinlərində iştirak edirlər.
Bu sadəlik, xalqın içində olmaq və xalqdan
biri olmaq xüsusiyyəti ancaq fin deyil, bütün skandinaviya siyasətçilərinə
məxsusdur. Məhz
bu səmimiyyət insanları onlara cəlb edir və ölkə əhalisinin dövlətin
ali vəzifəli
şəxsinə olan
ehtiramını daha da artırır. Finlandiyada prezident vəzifəsinin icrasını başa çatdırdıqdan sonra
belə həyatının
sonuna qədər prezident titulunu daşıyır. Ondan fərqli
olaraq vəzifəsini
icra edən prezidentə isə respublikanın prezidenti kimi müraciət olunur. Bəlkə də bu ömürlük ehtirama
sahib olmaq fəxarəti
namizədləri bu çətin, amma heç də imtiyazlı olmayan vəzifəyə cəlb
edir. Xüsusilə ona görə
ki, Finlandiyada sələfini, onun yürütdüyü siyasəti
tənqidə tutub, bütün uğursuzluqları
onun ayağına yazmaq “adəti” yoxdur.
Prezident vəzifəsini daşımaq üçün bu il səkkiz namizəd uzun və çətin mübarizədən keçdi. Onların arasında Niinistö qalib gəldi, amma digər namizədlər kim idi? Səkkiz namizədin arasında iki qadın da vardı. Namizədlərin hamısı barəsində deyil, yalnız seçkilərin ikinci mərhələsinə keçən ikisi, yəni Sauli Niinistö və Pekka Haavisto barədə məlumat vermək istərdim. 1948-ci ildə anadan olmuş Sauli Vəynəme Niinistönün prezidentliyə namizədliyini Milli Koalisiya Partiyası irəli sürmüşdü. Niinistönün dövlət məmuru kimi tutduğu vəzifələr qibtə doğurur. Vəkil, Turku şəhər məhkəməsində dövlət ittihamçısı, 1987-2011-ci illərdə Koalisiya Partiyasından millət vəkili, 1995-1996-cı illərdə Ədliyyə naziri, 1995-2001-ci illərdə baş nazirin müavini, 1996-2003-cü illərdə maliyyə naziri, 2007-2011-ci illərdə parlamentin sədri. Maliyyəçi olaraq da Niinistö parlaq karyeraya malikdir. O, Avropa İnvestisiya Bankında, Avropa Yenidənqurma və İnkişaf Bankında, Beynəlxalq Valyuta və Maliyyə Komitəsində rəhbər vəzifələrdə işləyib. Finlandiyada 2000-ci ildə keçirilən prezident seçkilərində Niinistö prezidentliyə namizədliyini irəli sürməkdən imtina edərək, qərarını belə əsaslandırmışdı ki, dul və övladlarını təkbaşına böyüdən bir ata kimi (Niinistönün ilk xanımı 1995-ci ildə avtomobil qəzasında həlak olub və 2 oğlu var. 2004-cü ildə Tailandda baş verən güclü tsunami zamanı möcüzəvi şəkildə oğlanları ilə birlikdə xilas ola bilmişdi. Böyük oğlu yaşadıqları hotelin damına çıxmaqla, Niiniistö isə ikinci oğlu ilə birlikdə saatlarla telefon dirəyindən yapışaraq ölümdən qurtulmuşdular) hələ ki, belə bir vəzifəyə hazır deyil. 2006-cı ildə keçirilən prezident seçkilərində isə o, ikincı dövrəyə keçsə də o zamankı prezident olan Tarya Halonenə çox az bir səs fərqi ilə məğlub olmuşdu. Bu il 22 yanvarda keçirilən prezident seçkilərində isə bütün namizədlər arasında Niinistö Yaşıllar Partiyasının namizədi olan Pekka Haavisto ilə birlikdə daha çox səs toplayaraq seçkinin ikinci mərhələsinə keçdilər. 5 fevralda keçirilən ikinci mərhələdə isə o, 62,6 faiz səs toplamaqla Finlandiyanın prezidenti seçildi. Bəs ikinci mərhələyə keçən və bu mərhələdə belə 37,4 faiz səs toplayan Pekka Haavisto kimdir? Yazının əvvəlində builki seçkilərin yalnız Finlandiyanın deyil, bütün dünyanın tarixinə düşəcək bir seçki olduğunu vurğulamışdıq. Və boşuna da vurğulamamışdıq! Çünki namizədlərdən biri olan və Niinstöyə rəqiblik edən Pekka Haavisto tarixdə ilk ali dövlət kürsüsünə can atan homoseksualistdir. O, bərbər işləyən ekvadorlu Antonio Flores adlı birisi ilə eynicinsli nikahdadır. Yaşıllar Partiyasından prezidentliyə namizəd olaraq irəli sürülən Haavisto vaxtilə Yaşıllar Partiyasının qəzetində müxbir və baş redaktor olaraq çalışıb, 1987-1995-ci illərdə və 2007-ci ildən hazırkı dövrə qədər parlamentin millət vəkilidir. 1995-1999-cu illərdə ətraf mühitin mühafizəsi naziri, həmçinin Avropa Birliyinin ”yaşıl” naziri vəzifəsində çalışıb. Finlandiya demokratik dövlətdir və təbii ki, bu ölkənin hər bir vətəndaşı seçmək ve seçilmək hüququna malikdir. Bu baxımdan Pekka Haavisto da bu hüququndan istifadə etməkdə azaddır. Amma dünyada görünür yüksək əxlaqi dəyərlər doğrudan-doğruya məhvə doğru sürüklənir. Mənəviyyat aşınır və buna qarşı gəlmək yerinə insanlıq sadəcə susub müşahidəçi kimi seyr edir. Dünya ölkələrinin bəzilərində cinsi azlıqlara imtiyazlar verildi, onlar qoruma altına alındı, onlara rəsmi nikaha daxil olmaq haqqı tanındı. Hətta xristiyan kilsəsi belə bu qəbildən olan ”nikahları” qəbul etməyə başladı. Buna insanlıq seyrçi qalınca təbii ki, artıq belə azlıqlardan olanlar ali dövlət kürsüsündən xalqı təmsil etmək haqqına sahib olmağa can atırlar. Prezident seçkilərinin ilk mərhələsində Sauli Niinistö 36,96 faiz, Pekka Haavisto isə 18,76 faiz səs toplamış və beləcə ikinci mərhələyə keçmişdilər. İkinci mərhələdə Pekka Haavistonun 37,40 faiz səs toplaması fin cəmiyyətində ona olan rəğbətdən xəbər verir. Paytaxt Helsinkidə Sauli Niinistönün homoseksualist Pekka Haavistodan yalnız 1200 artıq səs toplaması isə tam bir müəmma olsa da, faktdır. Bu ölkədə seçkilərin tam demokratik və şəffaflıq şəraitində keçməsini müzakirə etmək belə yersizdir. Məncə Pekka Haavistonun prezidentliyə namizədliyini irəli sürməsi tarixə düşəcəyi kimi, fin seçicilərin də ”müasirlik” və ”modernlik” meylinə uymağa can ataraq ona belə canfəşanlıqla səs verməsi də tarixə düşən bir hadisədir. Art Spender bu yerdə doğru deyib:” Demokratiyanın yaxşı cəhəti odur ki, o, hər bir seçiciyə ağılsızlıq etmək imkanı verir”. Amma tarixə düşməyin özü qədər necə düşmək də çox önəmlidir. Finlandiya demokratik ölkə olsa da, fin xalqı mühafizəkardır. Ona görə Pekka Haavistonun belə uğur qazanması tam bir sürpriz olsa da, onun prezident seçilməyəcəyi öncədən bəlli idi. Bu işdə medianın böyük rol oynadığını danmaq olmaz.
Təbii ki, yeni prezidentin hakimiyyətə gəlməsilə onun yeni komandası da gələcək. Amma dövlət məmurlarının əksəriyyəti əvvəlki vəzifələrində çalışmağa davam edəcəklər. Onların iş qaydası və fəaliyyəti prezidentin zövq və istəklərinə uyğun olaraq dəyişməyəcək. Yəni əslində həyat olduğu kimi davam edəcək. Yəqin ki, prezidentlik kürsüsünə əyləşən Niinistö seçkiqabağı vədlərinin bəlkə heç yarısını da həyata keçirə bilməyəcək. Ona görə yox ki, o, bundan boyun qaçıracaq. Xeyr. Məsələ bundadır ki, dövlət sisteminin qanuni əsaslarla işlədiyi ölkələrdə prezident fərd yox, vahid dövlət sisteminin bir həlqəsidir. Bu baxımdan o, istəsə belə təkbaşına bu sistemi öz istəyinə uyğun idarə edə bilməyəcək. Əksinə, o sistem, prezidenti də cəlb etməklə qanuni əsaslarla dövlət idarəçiliyini həyata keçirəcək. Burda bir sirr yoxdur. Bu, demokratiyanın aliliyidir.
Gülzar İSMAYIL
Hüquq elmləri namizədi
525-ci qəzet.-
2012.- 23 fevral.- S. 2.