Cavid Qurbanov: “Prezidentin fərmanı vəziyyəti
kökündən dəyişdi”
“Azəryolservis” ASC-nin sədri, millət vəkili Cavid Qurbanov hakim Yeni Azərbaycan Partiyasının saytına müsabibə verib. Müsahibəni ixtisarla təqdim edirik.
– Cavid müəllim, son illər ərzində Azərbaycanın yol təsərrüfatında həyata keçirilən işlər hansı nailiyyətlərin əldə olunmasına səbəb olub?
– Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamenti ölkə başçısı cənab İlham Əliyevin 22 fevral 2007-ci il tarixli Sərəncamı ilə təşkilatı-hüquqi forması dəyişdirilərək “Azəryolservis” ASC-in yardılması ölkənin yol infrastrukturunun təkmilləşdirilməsi, müasir standartlara uyğun yenidənqurulması istiqamətində mühüm addım olub.
Bu gün fəxrlə deyə bilərik ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan düzgün iqtisadi siyasətin nəticəsidir ki, bütün sahələrdə olduğu kimi, yol təsərrüfatında da dinamik inkişaf tendensiyası aydın gözə çarpır. Ölkə başçısının respublikamıza rəhbəlik etdiyi dövrlər ərzində bu sahədə baş vermiş dəyişikliklərlə yanaşı, böyük nailiyyətlər də əldə olunub. Bunu son 8 ilin göstəricilərinə diqqət yetirsək, daha aydın görə bilərik. Belə ki, son 8 il ərzində avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 2822 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri, yol tikinti maşınları, avadanlıq və qurğular alınıb. O cümlədən, ümumi gücü saatda 2000 tondan çox olan 30-a yaxın asfalt beton zavod istifadəyə verilib. 2003-2011-ci illər ərzində respublikada tikilən, yenidən qurulan və təmir olunan yolların uzunluğu 6240km-dən artıq olub. Bu dövrdə ümumi uzunluğu 18000 pm olan 160-a yaxın körpü tikilərək istifadəyə verilib. Müqayisə üçün deyə bilərəm ki, 2003-ci ilə kimi son 100 il ərzində respublikanın avtomobil yollarında tikilmiş körpülərin ümumi uzunluğu 40,2 km olub.
Ölkənin ümumi istifadədə olan 18986 kilometr avtomobil yolunun 17513 kilometrinə Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azəryolservis” ASC tərəfindən xidmət göstərilir. Onun 4366 kilometri respublika əhəmiyyətli, 13147 kilometri yerli əhəmiyyətlidir. Bu yollarda ümumi sayı 1230- a yaxın 43562 poqon metr uzunluğunda körpülər var. Bakı şəhəri ərazisində olan yollar, prospektlər və küçələrin ümumi uzunluğu isə 1525 km təşkil edir.
– Nəqliyyat infrastrukturunun qurulması üzrə respublikada hələ də iri layihələr həyata keçirilməkdədir. Hazırda hansı istiqamətdə işlər aparılır?
– Ölkə başçısının tapşırıqlarını vaxtında məsuliyyətlə yerinə yetirən Nəqliyyat Nazirliyi tərəfindən vaxtilə təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dünya əhəmiyyətli İpək Yolu layihəsinin reallaşdırılması istiqamətində uğurlu addımlar atılıb. Sözügedən layihə “Şərq-Qərb” nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin, respublika ərazisində nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Artıq Bakıdan Gürcüstan sərhədinədək 513 kilometr məsafəni əhatə edən magistralın Bakı-Ələt hissəsinin yenidən inşa edilmiş 4-14-cü kilometrlik sahəsinin, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir dairəvi, Kürdəmir-Ucar, Yevlax-Gəncə, Gəncə-Qazax, Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissələrinin ölkə başçısının iştirakı ilə açılışı olub. Hazırda yolun Bakı-Ələt, Gəncə dairəvi hissələri ilə yanaşı, Yevlax-Gəncə, Hacıqabul-Kürdəmir hissələrinin əlavə 2 hərəkət zolağı tikilməklə, 1-ci texniki dərəcəyə çatdırılması işləri davam etdirilir.
Bakını Rusiya dövlət sərhədi ilə birləşdirən yol hərəkətin intensiv olduğu magistrallardan biri sayılır. “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi olan bu magistral Avropa və Asiya marşurutlarına daxil olmaqla Respublikanın Şimal sərhədinə çıxışı təmin edir. Ümumi uzunluğu 208 km olan magistralın artıq 6-16 km hissəsi asfalt-beton, 16-134 km hissəsi sement-beton örtüklü olmaqla, yenidən qurulub, eyni zamanda, magistralın 28-45-ci (Sumqayıt dairəvi), 131-165-ci kilometrlik (Gəndob-Quba) hissələrinin, 11-ci və 16-cı kilometrlərində yol qovşaqlarının, Masazır dairəsində yol ötürücüsünün və Dəvəçi çayı üzərində uzunluğu 540 paqon metr olan körpünün tikintisi işləri başa çatdırılıb. Gəndob-Samur-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsinin (59,6 km) 4 zolaqlı hərəkət üçün yeni trassa üzrə tikintisi işləri hazırda davam etdirilir.
Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçən hissələrinin əsasını təşkil edən Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yollarını əlaqələndirən və tranzit daşımaları üçün müstəsna əhəmiyyət kəsb edən H.Z.Tağıyev-Sahil avtomobil yolunun 2 zolaqlı olmaqla yenidən qurulmasına başlanılıb. Bu yol respublikanın cənub və qərb istiqamətindən gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olmadan, Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrinə çıxışını təmin etməklə hər iki istiqamətdə məsafəni 100 km-ə qədər qısaldacaq.
Dövlət başçısının Sərəncamı ilə daha bir beynəlxalq əhəmiyyətli Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (M-3) avtomobil yolu da yenidən qurulur. Paytaxtı İran sərhədi ilə birləşdirəcək bu magistralın 0-9, 9-31-ci kilometrlik sahələri və Biləsuvar dairəvi adlanan 10,6 kilometrlik hissəsi ölkə başçısının iştirakı ilə istismara verilib. Hazırda magistralın Yenikənd-Salyan, Salyan-Şorsulu, Masallı-Astara hissələrinin və Salyan şəhərində Kür çayı üzərində körpü keçidinin tikintisi işləri gedir.
Respublikanın yol şəbəkəsində mühüm rol oynanyan və iri həcmli tikinti materialları yataqlarına məxsus regionda yük daşımalarında vacib əhəmiyyət daşıyan Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ölkənin cənub və cənub-qərb ərazilərində nəqliyyatın inkişafında çox önəmlidir. Hazırda magistralın Hacıqabul-Bulaqlı, Bulaqlı-Hacıqabul hissələrində yenidənqurma və Şirvan şəhərində yerləşən Kür çayı üzərində yeni tikinti işləri davam etdirilir.
– Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planı və paytaxt qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının icrası çərçivəsində hansı işlər görülür?
– Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binqədi, Zıg dairəsi-Hava Limanı, Heydər Əliyev prospekti, Əzizbəyov dairəsi-Hava Limanı, Azadlıq meydanı-Zığ dairəsi, Bakı dairəvi-1 və digər prospekt və küşələrdə aparılan tikinti və yenidənqurma işləri avtomobillərin maneəsiz və təhlükəısiz hərəkətinə imkan yaradıb. Paytaxtın yol infrastrukturunun yeniləşdirilməsi məqsədilə görülən işlərin davamı olaraq yeni yol qovşaqlarının, piyada keçidlərinin tikintisi işləri uğurla davam etdirilib. Dövlət başçısının “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər planının təsdiq edilməsi haqında sərəncamları bu istiqamətədə çox mühüm addım olub. Əsasən paytaxtda nəqliyyatın intensiv olduğu müxtəlif ərazilərdə yol qovşaqlarının və piyada keçidlərinin inşasına başlanılıb. Bu mühüm obyektlərin istifadəyə verilməsi üçün zəruri tədbirlər görülüb.
Artıq ölkə başçısının təsdiq etdiyi proqram çərçivəsində 2006-2011-ci illər ərzində 30-a yaxın yol qovşağı müasir tələblər səviyyəsində inşa olunaraq istifadəyə verilib. Keçən müddət ərzində Bakı şəhərində tikilən və yenidən qurulan piyada keçidlərinin sayı 54-ə çatdırılıb.
Paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə görülən silsilə tədbirlərin davamı olaraq cənub və cənub–qərb istiqamətində nəqliyyat vasitələrinin şəhərə giriş-çıxışını təmin etmək ücün Bakı-Ələt yolunun 2-4 km-i , Bilgəh-Novxanı-Sumqayıt, Buzovna-Mərdakan-Şüvalan-Qala, Zıg dairəsi-Heydər Əliyev Hava Limanı avtomobil yolundan Qala stansiyasına və Sahilə gedən avtomobil yollarının, Neftçilər prospekti ilə Sərdar Səfərovun kəsişməsində, Babək prospektində, Xocasən-Lökbatan avtomobil yolunun Xocasən qəsəbəsi ərazisində, Parlament prospektində Şəhidlər Xiyabanının qarşısında, Heydər Əliyev prospektində “Şəfa stadionunun, Qara Qarayev prospektində 8-ci km bazarının qarşısında piyada keçidlərinin, Böyük Şor yol qovşağının 3-cü mərhələsi, Qələbə meydanında və Ziya Bünyadov prospektinin Əbdul Vahab Salamzadə, Alı Mustafayev, Hüseynbala Əliyev, Əhməd Rəcəbli, Müzəffər Nərimanov küçələri ilə kəsişməsində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi işləri həyata keçirilir.
– Bakı-Tbilisi-Qars dəmir yolunun inşası ilə bağlı işlər hansı mərhələdədir?
– İşlərin daha da səmərəliyini təmin etmək üçün layihə 4 mərhələ üzrə aparılır. Dəniz səviyyəsindən hündürlüyü 2800m təşkil edən trassanın tikintisi Marabda-Tetritskaro, Tetritskaro-Tsalka, Tsalka-Axalıkalaki, Axalkalaki-Kartsaxi hissələrində aparılır. Hava şəraitinin əlverişsiz keşməsinə baxmayaraq çətin təbii relyefdən, dağlıq və meşəlik ərazilərindən keçən yolun tikintisi tərtib olunmuş gərgin iş qrafikinə uyğun olaraq demək olar ki, bütün sutka ərzində davam etdirilir.
525-ci qəzet.-
2012.- 23 fevral.- S.3.