Pakistanda Xocalı soyqırımı
qurbanlarının xatirəsi yad edildi
Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kompaniyasına dəstək olaraq Pakistan İslam Respublikasının Müasir Dillər Universitetində Xocalı faciəsinin 2-ci ildönümünə həsr edilmiş “Azərbaycanda Xocalı soyqırımı” adlı seminar keçirilib.
Tədbirdə Pakistanın tanınmış ictimai-siyasi xadimləri, senatorlar, Müasir Dillər, Preston, Milli Müdafiə, Qaide Azam, Fatma Cinnah, Zülfüqar Əli Bhutto Universitetlərinin, Diplomatik Akademiyanın rəhbər və müəllim heyəti, Pakistanda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunduqdan sonra Asiya Sivilizasiyaları Cəmiyyətinin sədri professor Z.A.Qureşi seminar iştirakçılarını Ermənistan- Azərbaycan Dağlıq Qarabağ Konfliktinin mahiyyəti, əyalətə ermənilərin köçürülmə tarixi haqqında məlumatlandırıb. O, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq- Qarabağın və Azərbaycanın daha 7 rayonunun zəbt olunduğunu vurğulayıb, işğal nəticəsində 1 milyon insanın öz ata-baba yurdundan didərgin salındığını, 20 min insanın öldürüldüyünü bildirib. Z.A. Qureşi Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülkü əhaliyə qarşı törədilmiş soyqırımı bu münaqişənin ən qanlı və faciəli səhifəsi adlandırıb.
Fatimə Cinnah Universitetinin “Müdafiə və Diplomatik tədqiqatları fakültəsinin dekanı professor Sayma Kayani Xocalı soyqırımı ilə əlaqədar nümayiş etdirilən sənədli filmi ürək ağrısı ilə izlədiyini qeyd edərək, insanlığa sığmayan bu hadisələrin ermənilər tərəfindən məqsədyönlü şəkildə edildiyini bildirmiş və soyqırımın fəal iştirakçılarından biri olan Ermənistanın indiki Prezidenti S.Sarkisyanın dediyi sözləri “biz ermənilərin mülki əhalini məhv etməyə qadir olmamağımız haqqında stereotipi qırdıq ” buna sübut kimi səsləndirib.
“Balochistan Today” qəzetinin baş redaktoru Yar Məhəmməd Badini, öz çıxışında, Xocalı soyqırımı haqqında danışmış, dinc əhaliyə qarşı erməni yaraqlıların etdiyi vəhşiliklərin alman faşistlərinin cinayətlərini kölgədə qoyduğunu vurğulayıb. O, Xocalı dəhşətlərinin xarici mətbuatda geniş işıqlandırıldığını bildirərək, İngiltərə, Fransa, Rusiya, Türkiyə və Pakistan mediasından sitatlar gətirib və Xocalı qurbanlarının ailələrinə təzminat ödənilməsi məqsədilə dünya birliyini Ermənistana təzyiq göstərməyə çağırıb.
Tədbirdə Milli Müdafiə Universitetinin “beynəlxalq münasibətlər” fakültəsinin dekanı professor Məhəmməd Xan çıxış edərək, Xocalıda baş vermiş hadisələr zamanı “bir qrup insanın milli mənsubiyyətinə görə məhv edildiyini” bildirmiş və məhz buna görə də həmin hadisələrin soyqırım anlayışına uyğun olduğunu vurğulayıb.
Seminarda çıxış edən Müasir Dillər Universitetinin rektoru, general Masud Hasan mülki insanların xüsusi amansızlıqla öldürülməsi, meyitlərin təhqir olunmasının beynəlxalq hüquq normalarına zidd olduğunu, soyqırımı törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini qeyd etmiş və Xocalı qurbanlarının ailələrinə Ermənistan dövləti tərəfindən təzminat ödənilməsinin vacibliyini bildirib.
Tədbirin sonunda Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxış edərək Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı haqqında geniş məlumat vermiş, bu soyqırımı törədənlərin məsuliyyətə cəlb olunmalarının vacibliyini bildirib. Səfir Dağlıq-Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyinə, həmçinin 1 Fevral tarixində Pakistan Senatı tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımını ittiham edən qətnamənin qəbul edilməsində göstərdiyi prinsipiallığa görə Pakistan senatı və xalqına bir daha dərin minnətdarlığını bildirib. Daha sonra səfir seminar iştirakçıları tərəfindən Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı ilə əlaqədar səsləndirilən çoxsaylı sualları cavablandırıb.
525-ci qəzet.-
2012.- 23 fevral.- S.6.