“Ölməyə vaxtı olmayan adam

 

Bu günlərdə şair Rüfət Əhmədzadənin “Sizin ilə gülə-gülə” adlı satirik şeirlərdən ibarət kitabı mərhumun oğlu Zülfüqar Rüfətoğlunun tərtibatı ilə işıq üzü görüb. Kitabın girişində Zülfüqar Rüfətoğlu yazdığı “Ölməyə vaxtı olmayan adam...” yazısında Rüfət Əhmədzadənin həyatından qısa və əsas fraqmentləri qələmə alıb. Məqalədə qeyd olunur ki, həyatının uşaqlıq dövrləri repressiya dövrünə təsadüf edən R. Əhmədzadənin M. Bağırovun göstərişi ilə 1938- ci ildə həbs etdirib həyatına son verdiyi inqilabçı, filoloq, şair Zülfüqar Əhmədzadənin oğlu olması bir çox repressiya qurbanlarının övladları kimi onun da həyatında ağır izlər qoyub”. “Atası həbs ediləndə Rüfət Əhmədzadənin 5 yaşı var idi. Sonralar söz düşəndə deyirdi: “Hərdən mənə elə gəlir ki, anadan olandan repressiyadayam”. Atası haqqında bu kövrək və səmimi xatirələrində Z.Rüfətoğlu yazır: Doğrudan da həmişə tələsən və bir az da hövsəlsiz şair ömrünün son addımını da 1988-ci ilin 15 dekabr axşamı, adətincə tələsik atdı. İşdən evə dönəndə 17:15-di. 17:30-da o, artıq yoxdu. Kişi kimi açıq, vuruşan şeirlər yaratdı, ömründə bir dəfə də mədhiyyə deməyi şəninə sığışdırmadı”.

Aşağıdakı misralarda şair vəzifə xətrinə şəxsiyyətinə hörmət qoymayan, cilddən-cildə girən, işdən qovulduğu zaman dözməyib özünə qəsd edən vəzifəpərəstləri göstərib:

 

“Mən yazıq öz canımı üzdüm, vəzifəm xətrinə

Gopları mərcan kimi düzdüm, vəzifəm xətrinə

 

İşlərim kimdən keçir, tərif dedim ünvanına,

Çalsalar hər cür hava, süzdüm vəzifəm xətrinə

 

Halıma qəlbdən yananlar çox məzəmmət etdilər,

Haqq sözə bəzən dodaq büzdüm vəzifəm xətrinə

Saymadım töhmətləri, tənqidləri, danlaqları,

Doğrusu, təhqirə də dözdüm vəzifəm xətrinə

 

Hər dəfə bir cildə girdim, bir gün işdən qovdular

Öz-özümdən bezdim axırı, vəzifəm xətrinə”.

 

Kitaba həmçinin “Tanış da var, tanış da”, “Mərhələ yoxdur”, “Ehtiyatla yaz”, “Çıxmır başım”, “Ərizə”, “Çağırış”, “Axmaq”, “Qalasan qalmayasan”, “Yazırlar boş-boşuna”, “Dəstə ilə getdilər”, “Keçmə belə kişidən”, “Kifayətdi mənə”, “Ölməyə vaxt tapdı dədəm”, “Sən özünçün eləsən, mən də özümçün beləyəm”, “Karın könlündəki”, “Yazmışam”, “Şöhrətpərəst”, “Ortada baş dolandıraq”, “Töhmət” və s. satirik şeirlər də daxil edilib.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 24 fevral.- S.7.