“Əsrin faciəsi” M.S.Ordubadinin xatirə muzeyində

 

M.S.Ordubadinin Xatirə muzeyində Dövlət Din Tarixi muzeyi ilə birgə Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş “Əsrin faciəsi” adlı anım gecəsi keçirilib.

Tədbirdə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan ev-muzeylərinin və Bülbülün Xatirə muzeyinin əməkdaşları, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin ədəbiyyat dərnəyi rəhbərləri və dərnək üzvləri, 27 saylı orta məktəb şagirdləri, yazıçı-şairə, müxbir Zərəngiz Dəmirçi və M.S. Ordubadinin qohumları qonaq qismində iştirak ediblər.

Tədbiri M.S.Ordubadinin xatirə muzeyinin bələdçisi Laçın Mehdiyeva açıq elan edib.

M.S.Ordubadinin xatirə muzeyinin əməkdaşı Baxşıyeva Nərmin “Xocalı harayı” adlı məruzə ilə çıxış edərək, 1992-ci il 26 fevral Xocalı hadisələri haqqında qonaqlara ətraflı məlumat verib.

Daha sonra Laçın Mehdiyeva “Lay-lay Xocalım, lay-lay” adlı məruzəsində faciədə həlak olmuş, itkin düşmüş, əsir düşmüş insanların, valideynlərini itirmiş uşaqların sayı haqqında geniş məlumat verərək, bildirib ki, 7 min əhalisi olan Xocalı şəhərində baş vermiş bu faciədə həlak olmuş insanların hələ bu günə kimi dəqiq bir rəqəmi-sayı yoxdur.

Tədbirdə eyni zamanda Dövlət Din Tarixi muzeyinin elmi işçisi Sona Əsgərova Xocalı faciəsinə həsr olunmuş məruzə səsləndirib

AzərTAcın müxbiri Zərəngiz Dəmirçi mövzuya dair məruzə ilə çıxış edərək, Xocalı faciəsinin canlı şahidlərindən aldığı müsahibələr haqqında tədbir iştirakçılarına məlumat verib.

Tədbir iştirakçıları muzeydə Xocalı faciəsinə həsr olunmuş sərgi ilə tanış olublar.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2012.- 24 fevral.- S.7.