Bu qar havasında...
İNDİYƏDƏK SÖYLƏMƏDİKLƏRİM...
...Günlərdi ürəyimi söz
tutub. Bu qanlı, sinəsi dağlı sözlər dillənmək
havası ilə üsyan edir qəlbimdə. Bu qar havasında,
çovğunda Xocalı müsibətim, Şuşa fəryadım,
doğma evim- Ağdam dərdim daha artıq üşüdür,
titrədir bəzən daşa dönən, bəzən də
nanə yarpağı kimi əsən könlümü.
Düşünürəm ki, Qarabağ müharibəsi,
torpaqlarımızın işğalı ilə bağlı
bir şahid kimi, yəni hadisələrin qaynar mərkəzlərindən
olan Ağdamda doğulub boya-başa çatmış bir insan
kimi mənim də deməyə sözüm var. Bəlkə də
çox az adam bilir ki, atam Rəşid Qarabağ müharibəsinin
qurbanı olub. Bunu heç kitabımda da nədənsə
söyləməmişəm.
ATAM ŞƏHİD
OLDU
...1992-ci ilin mart ayında Ağdam şəhərinə
atılan mərmilərdən tökülən qəlpələr
atamı yaraladı. Həmin anda yaşadığımız
Qiyaslı kəndi də od içində idi. Belə dəhşətli
bir vəziyyətdə birdən həyət qapısı
açıldı və atam al qan içində içəri
keçdi. Tək, köməksiz vəziyyətdə...
Çünki o anda hər kəs özünün, öz ailəsinin
hayında idi. Nə xəstəxana işləyirdi, nə də
yaralını harasa aparmağa bir maşın
tapılırdı. Evin
üç oğlu isə ön cəbhədə düşmənlə
savaşda idi.
Böyük
qardaşım Ədalət könüllü özünü
müdafiə dəstəsində, ortancıl qardaşım Nəsib
polis serjantı kimi polis bölümündə
döyüşürdü, balaca qardaşım Talib isə hərbi
xidmətə ön cəbhəyə yollanmışdı. Nəsib
müharibənin başlandığı vaxtda ilk yaralananlardan
biri oldu və sağalıb yenidən cəbhəyə
döndü. Talib Ağdam işğal olan ili 1993-cü ildə
ağır yaralandı və ikinci qrup Qarabağ müharibəsi
əlili oldu. Böyük qardaşım isə atəşkəs
elan olunduqdan sonra rəhmətə getdi.
...Bacılarımla
birgə heç vaxt övlad yaddaşından silinməyən
bir faciəni yaşayırdım o anda. Anamla böyük
bacılarım nə qədər
çalışırdılar qanı saxlaya bilmirdilər. Ara
sakitləşdikdən sonra atamı Gəncə xəstəxanasına
çatdırdılar. Anam da onun yanında qaldı. Biz
böyük bacımla Sabirabada, uzaq qohumların yanına
getdik. Atam elə qoçaq, sağlam adam idi ki,
inanmırdıq bu yaralardan dünyasını dəyişsin.
Düz bir ay müalicə olundu, bir dəfə ani hərəkətdən
yarasının tikişi söküldü və bir daha
bitişmədi...
Bir qohum bizi
evimizə aparmağa gəldi, dedi ki, atanız evə gəlib
sizi gözləyir. Amma ürəyimə dammışdı,
yuxum da başqa şey deyirdi. Yolda fikirdən ürəyim
sıxıldı, evimizə çatanda isə
darvazamızı taybatay açıq gördüm...
...Ruhunun gözlərində
də,
Bilirəm yenə
göyçəyəm.
Sən qərib,
ellər didərgin-
Mən don
vurmuş göyçiçəyəm.
Atam öz
yurdunda torpağa tapşırıldı, bir il sonra isə
eli-obası qaçqın düşdü. Özü də qərib
oldu öz yurdunda, öz məzarında...
ŞAHMALI KÜRDOĞLU OĞLU
ŞƏHİD OLDU
Bir dinləyici
kimi mənim üçün səsi, avazı xüsusi
çalarda bənzərsiz olan xanəndə Şahmalı
Kürdoğlu ilə biz qonşu idik. Hərdən onun gözəl
zümzüməsini eşidərdik. O qədər tutumlu səsi
vardı ki, adamı valeh edirdi. Bir gün güclü mərmi
səsindən hamımız təşvişə
düşdük. Bir az keçmiş yola çıxdım.
Bir də baxdım Şahmalının həyat yoldaşı
qucağında oğlu Şahmalı
qışqıra-qışqıra özünü qapıdan
bayıra atdı. Uşaq tamam qana boyanmışdı. Elə
sarsıldım ki, bir də baxa bilmədim. Ata-bala nar yedikləri
zaman mərmi yanlarında partlamışdı. Həmin gecə
başqa kənddə gecələdik. Eşitdik ki, ata-bala
ikisi də dünyasını dəyişib. Bir yazı da
yazmışam, “Nar ağacının fəryadı”. Səhəri
gün evimizə qayıtdıq. Həyətə daxil olan kimi
anam əyilib torpağı öpdü. Onda mən çox gənc
idim və bu mənə qəribə gəldi.
İŞĞALINA
İNANMADIĞIMIZ AĞDAM
Bu bir həqiqətdir
ki, Ağdamın nə vaxtsa işğal olunacağına
heç kəs inanmırdı. Çünki düşmənə
ən ağır zərbələrdən biri də
Ağdamdan vurulurdu. İlk dəfə “Uzun dərə” deyilən
yerdən düşmənə atılan ağır
artilleriyadan açılan atəşin qulaqbatıran səsindən
adamlar yerindən dik atılıb çaş-baş
qalmışdılar. Kiminin ürəyi getmişdi, kimi
ayağıyalın bayıra qaçmışdı... Sonra
düşməndən bizə bizdən də düşmənə
atılan atəş səsinə öyrəşdik.
Atılan mərmilərdən darvazamız dəlmə-deşik
olmuşdu. Hər birimiz hər an bu güllənin qurbanı
ola bilərdik və olurduq da. İstər şəhərin
özündə, istərsə də kəndlərimizdə hər
gün ölənlər və yaralananların sayı durmadan
artırdı. İndi bu yazını yazarkən sanki o mərmilərin
səsi qulağımda səslənir. Düz son günə,
yəni Ağdamın işğal gününə qədər
evimizdə olmuşuq. Bu o qədər də asan deyildi.
Çünki kənddə bir-birinin səsinə, nəfəsinə
öyrənmiş adamların, xüsusilə qadın və
uşaqların sayı çox azalmışdı. Son
zamanlar, xüsusilə də işıq sönən gecələrdə
kənddə qorxulu bir vəziyyət yaranmışdı.
Bütün bunlara baxmayaraq, anam evindən ayrıla bilmirdi və
balaca bacımla mən də ondan ayrılmırdıq. Evimizin
əşyalarına da toxunmağa icazə vermirdi, deyirdi evin bərəsini
pozmayın...
Ağdam sona qədər
vuruşdu və 6 mindən artıq ağdamlı şəhid
oldu. Sonda inanmaq istəmədiyimiz bir faciəni yaşadıq,
Ağdamın 70 faizi erməni terrorçularının əlinə
keçdi. Sözsüz, digər ərazilərimiz kimi bu
işğalda da daxili düşmənlərimizin xüsusi
xidməti var idi. Ağdamın 126 min nəfərdən
artıq sakini ev-eşiyindən didərgin düşdü...
DƏMİR VAQONLAR,
DİDƏRGİN KÖRPƏLƏR...
Didərgin
düşəndən sonra Bərdənin Kətəlparaq kəndinə
gəldik və qısa müddətdə üç yer dəyişdik.
Baxdıq ki, ev-evə sığmır. Beləcə minnətsiz-filansız
Bərdənin Dəmiryolu Stansiyasındakı dəmir
vaqonlardan birinə yerləşdik. Yəqin ki, çadır
şəhərciyi ilə bağlı eşitməyən
yoxdu. Çünki bununla bağlı hər janrda yetərincə
yazılar yazılıb. Amma dəmir vaqon şəhərciyi
barədə şəxsən mənim yadımda heç bir
yazı qalmayıb. Eşitdiyimə görə bu dəmir
vaqonlar heyvan daşımaq üçün nəzərdə
tutulubmuş və yəqin ki, istifadə də olunmuşdu.
İndi də bu dəmir “evin” aqibətindən
danışım. Ağzında dəmir deyirsən, yayda od
kimi qızırdı, adamları həmişə ya onun
yan-yörəsində, ya da altında görmək olardı.
Qışda isə daha dəhşətli olurdu, çünki
“evin” çölü ilə içi o qədər də fərqli
deyildi. Mən bu dəhşət saçan dəmir vaqonda
çox yaşaya bilmədim. Çünki o vaxtlar müxtəlif
xəstəliklər yayılmışdı və mən də
ağır xəstələndim. İyirmi gün Bərdə
xəstəxanasında müalicə olundum. Sonra böyük
bacım məni Bakıda məskunlaşdığı
ADPU-nin 1 saylı yataqxanasına gətirdi. Neylədik anamı
Bakıya gətirə bilmədik. Dedi bura evimə daha
yaxındı, yurdun havasını alıram burdan, o
göyün üzündə yaşaya bilmərəm... Tez-tez
anamın yanına gəlirdim və bu vaqon həyatı
heç məni sakit buraxmırdı. Hələ orda donan
körpələr...Bir şeir də yazmışdım –”Dəmir
vaqonlar, didərgin körpələr”. Nə qədər
çalışıram yenə bu şeiri
bütünlüklə təqdim etməyə bilmirəm...
...Əlim qələm
də tutmur,
Varaq üstə
qan sıza.
Qar yağır
ürəyimə-
Əllərim
dönür buza.
Bizi çölə
atanlar,
Qu tükü
arasında.
Şaxta ilana dönür-
O dəmir parçasında.
Əlini ovuşdurur,
Üzünü ovuşdurur,
Körpə gülüşlərini-
Şaxta vurur, don vurur.
Yeddibaşlı şaxtaya,
Bir cüt göz yaşı neylər?
Körpələrin xətrinə-
Allah, qışı yaz eylə.
Allaha dua etməkdən başqa adamın əlindən
nə gəlirdi ki?
ƏN
BÖYÜK ARZUMU UNUTMUŞDUM
...Orta məktəbi bitirdikdən sonra ən
böyük arzum ali məktəbə daxil olmaq olub. Ancaq ailədə
narazı olublar, xüsusilə anam buna imkan verməyib. Sadəcə
Ağdamdakı makinaçılıq kursunu bitirmişdim, bir
də “Ağdam” qəzetində bir neçə şeir və
məqalələrlə çıxış etmişdim.
Müharibənin vurduğu zərbələrdən elə təsirlənmişdim
ki, Bakıya gələndən sonra ali təhsil almaqla
bağlı ən böyük arzumu belə unutmuşdum. Amma
bilirdim ki, işləmək lazımdı,
yollanmışdım “Ədalət” qəzetinə. Heç
vaxt yadımdan çıxmaz Aqil müəllimin məhz həmin
çətin anlarda təkcə mənə yox, elimizə,
camaatımıza göstərdiyi qayğı. Hələ
sonra çox adamlara rast gələcəkdim. Biri mədəni
şəkildə başından edəcəkdi, biri
soyunu-kökünü unudub qaçqını heç adam da
saymayacaqdı. Və sonra da arsız-arsız Qarabağı vəsv
edəcək, gənclərə göstərdiyi
“qayğıya” görə hələ mükafat da
alacaqdı. Çox sonralar isə belə bir şeir
yarandı. “Sən də Vətənsən” adlı Aqil müəllimə,
əslində isə hər kəsə ünvanlanmış həmin
şeir bu günlərdə çap olundu.
...Yalançı yurd aşiqləri,
Könlümün gözünü ovub.
Mükafat, rütbə alan çox-
Qaçqını qapıdan qovub.
Dağ ürəkli, yuxa qəlbli,
Atam, səni unutmadım,
Sən də mənə bir Vətənsən-
Vətən, səni unutmadım...
Doğrudan da içində böyük Vətən
sevgisi olan belə ziyalı adamların özü də bir Vətəndi.
Əfsus ki, çox vaxt biz bunu hiss etmirik. Nədən ki,
Bir-birimizi görəndə sevinmirik
Unuduruq hərəmiz bir parça
Vətən torpağı olduğumuzu
Amma yerli-yersiz bar-bar
bağırırıq
Daşı-torpağı necə sevdiyimizdən
Dəm vururuq...
Hə, sözüm onda qaldı axı, hər
şey “Ədalət” qəzetindən başladı. Amma
plansız, nəyi necə etmək lazım olduğunu
bilmirdim. Uşaq idim, təcrübəm yox idi. Əslində mənim
böyüməyim də bir az başqa cür oldu axı.
...Qoynu yumşaq kəndimizin
havasından, suyundan
bir ovuc qaldı içimdə
Müharibədən təkcə
uşaqlığım
salamat çıxdı
Böyüyə bilmədim...
Makinaçı işləyə-işləyə
müxtəlif qəzetlərdə məqalələr
çap etdirirdim. Şeirlərim isə özümdən
asılı olmayaraq tezliklə qəzet-jurnal sərhədlərini
də aşaraq məni aparıb radio və televiziyaya
çıxardı. Rəhmətlik Əməkdar İncəsənət
xadimi, şair Ağalar Mirzə məni dəfələrlə
Yurd həsrətli verilişlərinə
çağırmışdı. Sanki yerə-göyə
sığmırdım, içimdə elə bir yazmaq həvəsi
vardı ki, gəncliyimin ən gözəl
çağında həyatımın başqa tərəflərini
demək olar ki, unutdum. Gözümə nə gənclik, nə
də ağır maddi durum görünürdü. Birdən
böyük arzuma doğru elə yüyürdüm ki, həyəcandan
ali məktəbə daxil ola bilmədim. Amma boş
dayanmayıb Bakı-Mədəni-Maarif Texnikumuna daxil oldum və
tezliklə anladım ki, mənim bundan da yüksəkdə
oxumağa gücüm var. Tələbə
yoldaşlarımdan o qədər fərqlənirdim ki...
Çünki orta məktəbdə imtahan verəndə bileti
çəkib hazırlaşmırdım, elə birbaşa
cavab verib qiymətimi alırdım. Texnikumu bitirən il BDU-ya
daxil oldum. Doğmalarımdan təkcə bacım bildi ki, mən
ali məktəbə daxil olmuşam. Çox sevindim, amma o qədər
çətin tələbə həyatı yaşadım
ki...
...Ali məktəbə daxil olan il – 1998-ci
ildə anam o dəmir vaqonun içində xərçəng
xəstəliyinə tutuldu. Anamı Bakıya gətirdik, bir
müddət müalicə olundu, amma artıq iş işdən
keçmişdi. Özünün bundan xəbəri yox idi və
elə arzularla yaşayırdı ki, sanki qəriblikdə
ölmək istəmirdi. Elə indi də
düşünüb əzab çəkirəm ki, anamı o
ölüm quyusunun – dəmir vaqonun içindən gərək
vaxtında çıxaraydıq. Baxmayaraq ki, özü buna
razı olmurdu... Anam sağ olsaydı indi Ağdamın
Xındırıstan kəndində qaçqınlar
üçün salınmış qəsəbədə nəvələri
ilə yaşayardı və öz evinə, elinə daha
yaxın olardı...
TİKANLARIN
ÜSTÜ İLƏ
Hərdən düşünürəm
ki, bəlkə həyatın dilini bilsəydim bu qədər əziyyət
çəkməzdim. Amma tikanların üstü ilə
addımlamaq sanki alın yazıma çevrilmişdi. Həmişə
özümdə günah axtarsam da çəkdiyim əziyyətlərdə
insanlıq anlayışı olmayan başqalarının da
günahı az olmayıb. Mən qəzetdə də
çalışmışam, ixtisasım üzrə
M.F.Axundov adına Milli Kitabxanada da. O vaxt kitabxanada indiki pulla cəmi
on iki manat əmək haqqı alırdım. Bu mənim
heç yol pulumu da ödəmirdi. Həm də onda
özümdən balaca qardaşım və bacımla
yataqxanada balaca, yaşayış üçün nəzərdə
tutulmayan sement bir otaqda yaşayırdıq. Düzdü mən
işimlə bərabər bəzi qəzetlərlə əməkdaşlıq
edərək az-çox qonorar da alırdım. Amma bu bizə
bəs eləmirdi. O vaxt “Azərbaycan 21-ci əsr” adlı qəzet
müəyyən fasilələrdən sonra yenidən nəşrə
başladı və mən bu redaksiyaya işləməyə
getdim. Çünki əmək haqqı kitabxana ilə
müqayisədə çox yüksək idi və həm də
bu mənim sevdiyim iş idi. Amma buna baxmayaraq istəyirdim ki,
yarım ştat olsa da kitabxanadakı işimi itirməyim. Nə
qədər çalışsam da
çalışdığım “Oxucuya xidmət” şöbəsinin
rəhbəri olan qadın buna razı olmadı. Çünki
yeni işçi götürmək ona daha artıq sərf
edirdi. İndiki ağlım olsaydı əvvəlki direktor
Leyla xanıma müraciət edərdim. Artıq olan
olmuşdu... Və heç bir il keçməmiş redaksiya
bağlandı və mən çox ağır həm maddi, həm
də mənəvi sarsıntılar
yaşadım...Düzdü, mən çox yerdə işləyə
bilərdim, amma Allah məni elə qəribə, utancaq
yaradıb ki, özümü rahat hiss etmədiyim,
sıxıldığım yerdə işləyə bilmirdim.
Ürəyimə yatan işlərin isə ömrü uzun
olmurdu.
Tutaq ki, ilk müxbir kimi
çalışdığım “Fədai” veteran qəzeti,
“Binəqədi”, De Fakto” və.s. Əslində isə əgər
mən vaxtında qərarsız və səbirsiz olmasaydım
elə “Ədalət” qəzetinin özündən, sonra həmişə
qapısı üzümüzə açıq olan “525-ci qəzet”dən
ayrılmazdım ki... Əzəldən həyatla mənim istədiklərim
tərs mütənasib oldu, sonra özüm də bu
tarazlığı düzəldə bilmirdim. Bir dəfə
şair Xanəmir dedi ki, sən heç vaxt ürəkdən
gülə bilməzsən. Elə indinin özündə də
düşünürəm ki, çox düz deyib dərdi dərdimdən
olan qardaşım. Bir də uşaqlıqda oxuduğum
şerlərin birindən belə bir misra qalıb yadımda,
“Fərasət özü də bir istedaddır”. Bu gün
ürəyimin dərinliyindən gələn bu yazını
məhz “525-ci qəzetin” səhifələrində görməyimin
özünün də yəqin ki, bir önəmi var. Bir
faktı da unutmaq mənim üçün haqsızlıq
olardı. Ən çətin anlarımda ürəyimə
düşən işıqdan biri də “Üç nöqtə”
qəzeti olub. Qəzetin bütöv bir səhifəsində,
bəzən isə yazımın anonsunu birinci səhifədə
görəndə çox sevinmişəm...
2001-ci ildə YB-nə üzv qəbul
olundum. 2004-cü ildə çox hörmətli, xeyriyyəçi
insan, professor Elçin İsgəndərzadə digər
seçilmiş gənclər kimi mənim də
kitabımı rəhbərlik etdiyi “Vektor” Elm Nəşriyyatında
təmənnasız olaraq çap etdirdi. Bizim kimi
könlü-gözü Yurd nisgilli qardaşımızın
işıq üzünə çıxardığı
“Könlümün sarı simi” adlı bu kitab, böyük
şair Musa Yaqub demiş, neçə könüllərin
sarı siminə toxunaraq uğurlu oldu.
...Və nəhayət çox sevdiyim
şair, yüksək mədəniyyəti və əxlaqı
ilə mənim üçün bir məktəb olan
Çingiz Əlioğlu mənim işsizlik məsələmə
bir əncam çəkdi. Artıq Mədəniyyət
Nazirliyinin təsis etdiyi “Yaddaş” qəzetində şöbə
redaktoru vəzifəsində çalışırdım.
Bundan sonra “Qarabağa aparan yol” adlı qəzetdə də bu
vəzifədə çalışdım. Məni bu işə
dəvət edən qəzetin redaktoru şair Əli Mahmud
yadımda qalan ən xeyirxah, ən nəcib insanlardan biridi. Elə
bu qəzetdə çalışarkən axır ki, bəxtim
üzümə güldü və mən ailə həyatı
qurdum. Allaha şükürlər olsun, mənə bir
oğul, bir qız övladı bəxş elədi. Bundan
böyük xoşbəxtlik nə olar ki...
XOCALI YARASI
SAĞALMAZ
Dünyadakı havadarları ilə erməni
birləşməsi türkün ən qatı düşməni
kimi bizə zaman-zaman çox yaralar vurub, millətimizin
başına çox müsibətlər gətirib. Bu
günlərdə bir daha tanış olduğum bəzi mənbələrdə
erməni xislətinin vaxtilə başımıza gətirdiyi
müsibətlərin miqyası məni dəhşətə
gətirib. Həmçinin dinc adamlarımızı necə
amansızlıqla qətlə yetirmələri, körpələrə,
qocalara divan tutulması adamı yandırıb-yaxır. Amma
bununla belə Xocalı soyqrımı bizim ürəyimizdə
başqa bir yara açıb – SAĞALMAZ BİR YARA. Bu dərdi,
müsibəti ifadə etməkdə söz acizdi. Xocalıda
elə bir soyqırım dəhşəti yaşanıb ki, bəlkə
dünyada belə analoqu yoxdu. İtirdiklərimiz, atamın
ölümü belə mənə adi gəlir Xocalı
müsibətinin yanında. Bu şeytan yığnağı
necə özünə millət, xalq deyir? Adam özünə
necə insan deyir ki, hələ doğulmamış körpəni
süngüyə keçirir, diri-diri adamı yandırır,
başının dərisini çıxarır, gözlərini
tökür? Allahın yaratdığı insanı
gözü baxa-baxa eybəcər bir hala salır, hələ
bu azmış kimi tanınmaz şəklə
saldığı adamı öldürdükdən sonra
meyitini də təhqir edir. Uşaqları diri-diri yandıran
bu manyaklar, biclər necə ata olur, Allah?! Özü də bu
dəhşətlər fevralın şaxtasında, qarın,
buzun içində yaşanır. Bu vəhşilərdən
üzü Ağdama doğru birtəhər qaçıb
canlarını qurtaran az-çox adamların da
ayaqlarını don vurur, sağalmaz xəstəliklərə
düçar olurlar. Qaçarkən düşmən əlinə
keçməsinlər deyə qundaqdakı
çağasını boğan anaların halını təsəvvür
edin. Şükürlər olsun ki, bu gün o boğulmuş
uşaqlardan sağ qalan şahidlər də var. Hələ
düşmən əlində nə qədər əsirimiz
var, itgin düşənlərdən hələ də bir xəbər
yoxdu. Xocalı soyqrımında neçə ailə var ki,
onlardan bir nəfər belə sağ qalmayıb.
Doğmalarını itirən, özü də bu cür
amansızlıqla qətlə yetirilən adamların
qohumlarının, Xocalı şahidlərinin yarası
sağalarmı görən?!. Heç mənim də, sənin
də, bizim də yaramız sağalmaz...Və nə qədər
ki, qanımıza boyanmış o torpaq murdar əlindən
xilas edilməyib bizə bu dünyada rahatlıq yoxdu və
olmamalıdı...Çünki unutqanlıq
başımıza gələn yeni müsibətlərə rəvac
vermiş olar. Necə ki, tariximizin qanlı səhifələrini
vərəqlədikcə biz bunun şahidi oluruq...
Mina RƏŞİD
525-ci qəzet.-
2012.- 24 fevral.- S.6.