Xocalı ağrısının səhnə təcəssümü

 

Artıq 20 ildir ki, Xocalı faciəsi və bu faciənin qurbanları dövlət səviyyəsində, müxtəlif təşkilatlar və teatrlarda yad edilir. Bu il də xalqımızın başına gətirilən bu faciə Xocalı soyqırımı dərin hüznlə xatırlanır. Artıq bununla bağlı tədbirlərə start verilib. Ancaq düzü bu tədbirlər bəzən eyniliyiniqoruyub saxlayır. Fevralın 21-də “Səda” Tədris Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Səhnə danışığı kafedrası”nın birgə işi olan Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmişGözü yolda Xocalım” kompozisiya-tamaşası keçirildibu tamaşa bir saat ərzində məni Xocalıda yaşanan həmin dəhşətli gecəyə apardı. ADMİU-nun dosenti, əməkdar artist Mahirə Yaqubovanın səhnələşdirdiyi və əsas rolları əməkdar artistlər Ağalar Bayramovun, Gülsabah Quliyevanın, sənətşünaslıq üzrə fəlsəfə doktorları Kəmalə Mehdiyevanın, Fərhunə Atakişiyevanın, Zülfiyyə İsmayılovanın, “Səhnə danışığı” kafedrasının müəllimi Əlizaman İlknuruuniversitetin tələbə heyətinin ifa etdiyi tamaşada XX əsrin ən dəhşətli terror aktı olan Xocalı soyqırımını, törədilən faciənin dəhşətləri, vəhşi erməni yaraqlıları tərəfindən xalqımızın başına gətirilmiş müsibətləri əks etdirən səhnələr çox təsirli idi. Real faktlar əsasında səhnələşdirilən kompozisiya- tamaşada heç kimdən kömək görməyən silahsız Xocalı sakinlərinin vəhşicəsinə öldürülməsi, insanların şikəst edilərək əsir götürülməsi və digər dəhşətli səhnələr həmin gecə baş verən hadisələrin iştirakçısı olan, erməni əsirliyindən canlarını qurtaran xocalıların danışdıqları həqiqətlər ifaçılar tərəfindən daha fərqli və təbii hisslərlə tamaşaçılara çatdırılırdı. İfaçıların hayqırtıları, haqqsızlığa olan üsyanları, gözlərindən axan yaşlar sadəcə aktyorluq qabiliyyəti deyildi. Onların hər biri həmin faciəni yaşayırdılar. Tamaşanın əvvəlində Xocalının və xocalıların xoşbəxt günlərini, sevgililərin bulaq başında görüşlərini, ananın xoşbəxt halda qızının saçlarını hörməsini, nənənin nəvəsinə nağıl danışmağını əks etdirən səhnələr birdən birə gurultu səsləri ilə telefonçu qızların “Alo Bakı! Alo Bakı! Kömək!” çığırtıları ilə əvəzlənəndə mən bir anlıq özümü 26 fevral 1992 –ci ildə hiss etdim. Güllük-gülüstanlıq içində, bəxtəvər olan Xocalı bir anda yerlə-yeksan oldu, xocalılar qanlar içində çırpınmağa başladı. Tamaşada canlandırılan hər bir obraz Azərbaycan xalqının vətənpərvərlik, düşmənə boyun əyməmək, sarsılmaz əzm, Vətən uğrunda son damla qanına kimi mübarizə aparmaq kimi ümumi xarakterlərini göstərirdi.

Xocalıda faciə baş verəndən sonra yaşananların doğrudan da can bazarı olmasını əks etdirən səhnələr kompozisiya-tamaşada dolğun yer almışdı. Hamı qaçıb canını qurtarmağa çalışsa da, bu, hər kəsə müəssər olmurdu. O gecə həyatda qalmaq çətin idi. Ancaq sonra yaşananlar da asan deyildi. Bütün bu hadisələrin bir-birini əvəzlədiyi səhnələr faciənin ağrı-acılarını bütün gerçəkliyi ilə əks etdirirdi.

Əməkdar artist, “Səhnə danışığı kafedrası” nın dossenti Ağalar Bayramov istedadlı şair Ələmdar Quluzadənin şəhid atası Allahverdi kişini və erməni əsirliyinə düşməmək üçün qızı ilə birlikdə meşələrə üz tutub, qızını o soyuq fevral gecəsində itirən Gülalını canlandırırdı. Faciə baş verən gecə Allaverdi kişinin oğlu Bakıdan zəng edirAta Xocalıda vəziyyət ağırdı gəlim səni aparım” Allahverdi kişi oğlunun bu təklifini rədd edirAy bala mən gedim, sən get, hamı getsin. Bəs bu Vətəni kim qorusun?” deyərək doğma torpağında şəhid olmağı seçir. Gülalı isə yenicə toyu olmuş qızı ilə dağlara, meşələrə üz tutur. Soyuğa tab gətirməyən gənc qızı gözünün qabağında donaraq ölür. Ancaq ata öz qızının erməni əlinə keçmədiyinə sanki sevinir. Xalq şairləri QabilinÇalma qaboy”, Bəxtiyar Vahabzadənin “Utanıram” şeirləri, Paşa Qəlbinurun “Cihad” adlı essesi Ağalar Bayramovun ifasında xüsusilə təsirli idi. A.Bayramov həmin gecənin o tükürpədici anlarını daxilən yaşayaraq xocalıların harayını çox ustalıqla tamaşaçılara çatdırırdı.

1992-ci ildə hakimiyyətdə olan kreslo “aşiqləri” nin üzünü göstərən və erməni əsgərlərinin əsir götürdükləri qızlarımızın başlarına gətirdikləri tükürpədən faktlar Ağalar Bayramovun ifasında yer alan bu cümlələrlə gənclərə çatdırıldı: “Xocalı faciəsindən bəhs edən 11 dəqiqəlik kino xronikaya baxmamaq üçün 45 dəqiqə mübahisə edən millət vəkilləri sizə nə deyim mən?”

Tamaşada əsirlikdə anası Rayanın və 5 yaşlı bacısı Yeganənin gözləri önündə güllənən, atası Təvəkkülün ağaca bağlanıb diri-diri yandırıldığının şahidi olan Xəzangülü canlandıran Kəmalə Mehdiyeva dəhşətli günün şahidi olan qızın keçirtdiyi hissləri çox ustalıqla tamaşaçıya çatdırırdı. Həmin gecə camaatın ermənilərin əlinə keçməməsi üçün ağlayan körpə balasını boğaraq susduran Müşgünazı canlandıran Fərhunə Atakişiyeva sözün əsl mənasında Müşgünaz olmuşduo Müşgünaz xanımın timsalında vətənpərvər, vətəni, milləti üçün yeri gəlsə balasını qurban verən Azərbaycan qadınının o mərdliyini xüsusi ustalıqla nümayiş etdirdi. Ayağı kəsilmiş 18 yaşlı qızın-Lalənin anası xocalı sakini Sənəmi Gülsabah Quliyeva, sevgilisinə yetişməyən, tamaşa boyu dəli kimi ortalıqda gəzişən Vüsaləni Zülfiyyə İsmayılova, Bakıyla Xocalıda baş verən faciə ilə bağlı əlaqə yaratmağa çalışan telefonçu qızları Xalidə Həsənova, Arzu Manafova ifa edirdilər. Tamaşada bir çox səhnələr var idi ki, insanın qanını dondururdubu səhnələri heyrət, qisas hissi içində izləməmək mümkün deyildi. Məsələn, Xocalıda amansız vəhşiliklə öldürülən donmuş Xocalı sakinlərini ifa edən universitetin tələbələri tamaşanın daha təsirli olmasında böyük rol oynayırdılar. Tamaşa üçün seçilən mətnlər, şeirlər, musiqilər, xüsusilə də əməkdar artist Teyyub Aslanovun və xanəndə Afaq Ağayevanın ifasında səslənən ağı, Kamil Cəlilovun qaboyda ifa etdiyi segah insanı öz təsiri altına alırdı. Kompozisiya-tamaşada eyni zamanda TarkovskininStalker “ filimindən, Xurşudbanu Natəvanın, Əhməd Cavadın, Xalq şairləri Qabilin, B.Vahabzadənin şeirlərindən, Milli qəhrəman Çingiz Mustafayevin səsindən və müxtəlif səpkili musiqilərdən istifadə olunmuşdu. Tamaşa Xocalı həqiqətlərinə ayna tutmaq, gənclərdə vətənpərvərlik hisslərini dərinləşdirmək baxımından olduqca əhəmiyyətli və fərqli bir idi. Buna görə şəxsən mən öz adımdan “Səhnə danışığı” kafedrasının kollektivinə və əməkdar artist Mahirə Yaqubovaya öz minnətdarlığımı bildirirəm.

 

 

Günel CABİRQIZI

 

525-ci qəzet.- 2012.- 24 fevral.- S.7.