İşıqlı alim, müdrik insan
Ötən əsrin
səksəninci illərində işıq üzü
görmüş “Altı il
Dəclə – Fərat sahillərində” adlı kitabın cəmiyyətdə
yaratdığı abu-hava indi
də gözümün
qabağındadır.
Yadımdadır,
yüz mindən çox
tirajla çap olunan bu kitabı əldə
eləmək hamıya müəssər ola
bilməmişdi. Amma onu
Azərbaycan oxucusunun böyük
əksəriyyəti oxumuşdu. Bu kitab əldən-ələ
gəzir, evdən-evə “qonaq” gedirdi.
Kitab mağazalarından birində
işləyən tanışımın vasitəsilə piştaxta altından əldə elədiyim bu kitabı özüm oxuduqdan sonra doğulub boya-başa
çatdığım Ucar rayonunun Boyat kəndində
yaşayan atam Seyfəddin
müəllimin xahişilə, oxumaq üçün ona
aparmışdım. Kənddə olan
yeganə bu nüsxəni siyahı üzrə
növbə ilə bütün
boyatlılar oxumuş və mənim
ünvanıma bolluca “sağol”
da göndərmişdilər.
Qəzənfər
Paşayevin adını onda
ilk dəfə eşitmişdim,
təbii ki, “Altı il
Dəclə – Fərat sahillərində” elmi-publisistik
kitabın müəllifi olaraq...
Azərbaycan
müstəqillik əldə elədikdən sonra
radiodan, televiziya
ekranlarından, müxtəlif qəzet və jurnallardan
Qəzənfər Paşayevin
yaradıcılığı barədə onun
özünün və
başqalarının dilindən daha geniş məlumat əldə eləmək
imkanım yarandı.
Onunla şəxsi
tanışlığım isə – möhtəşəm əsərlərini,
o cümlədən adı dillərdə
gəzən “İtgin gəlin” və “Əfsanəsiz
illər” kimi romanlarını 10 cildlik nəşrə yerləşdirən və
Azərbaycan oxucusuna əmanət qoyaraq 2009-cu ilin
ortalarında haqqın dərgahına qovuşan
böyük Azərbaycan
yazıçısı, yaxın dostum Əlibala
Hacızadənin yas mərasiminə təsadüf
etdi.
Qəzənfər
müəllimlə sonrakı görüşlərimizdə onun şəxsi avtoqrafı ilə mənə
bağışladığı – görkəmli Azərbaycan ədəbiyyatşünası
akademik Bəkir Nəbiyevə həsr etdiyi “Azərbaycan ədəbiyyatının
patriarxı”, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin
Nəsiminin həyat və yaradıcılığından bəhs
edən “Nəsimi haqqında araşdırmalar”, Ümummilli Liderimiz Heydər
Əliyev cənabları haqqında “Xilaskar”
sərlövhəli yazısı başda
olmaqla, 31 şəxsiyyət haqqında, o cümlədən – Səməd Vurğun – “Səməd Vurğunun
dünya şöhrəti”, Rəsul Rza – “İki zirvədən
biri”, İhsan
Doğramacı – “Sağlığında heykəlləri
ucaldılan fenomen insan”,
Bəxtiyar Vahabzadə – “O xalqın ümid
və güvənc yeri idi”,
akademik Məmmədağa Şirəliyev
– “Türkologiya elmimizin
patriarxı” və digər dəyərli
ziyalılarımız barədəki yazıları
özündə cəm eləyən “Borcumuzdur
bu ehtiram” adlı kitablar daim iş
masamın üzərindədir. Vaxtaşırı vərəqləyirəm
bu kitabları, təkrarlayıram bu kitablarda yer
almış deyimləri...
Ötən əsrin
60-70-ci illərində zaman fasiləsilə
iki dəfəyə 6 il
müddətində İraqda tərcüməçi
qismində fəaliyyət göstərmiş Qəzənfər
Paşayev, əsas işindən
sonrakı vaxtını daha səmərəli
istiqamətə yönəldərək, bu
ölkədə yaşayan və sayı iki milyon yarımı
keçən – “İraq türkmənləri”
kimi tanınan azərbaycanlıların
dialektinə daxil olan spesifik sözlərin və onların folklorunun toplanaraq
araşdırılması ilə məşğul olmuş və nəticədə “Azərbaycan
dilinin Kərkük dialekti”
mövzusunda namizədlik, “İraq
türkman folklorunun
janrları” mövzusunda isə doktorluq dissertasiyası müdafiə edərək
alimlik dərəcəsinə yiyələnmişdir.
Qəzənfər
Paşayevin geniş əhatəli
ədəbi-elmi fəaliyyətində İraq
türkmanlarının ədəbi-bədii
yaradıcılığının tədqiqi və təbliği
xüsusi yer tutur ki, onun
ərsəyə gətirdiyi “Kərkük bayatıları”(Rəsul
Rza ilə birgə), “Arzu-Qənbər
dastanı”, “Kərkük mahnıları”, “İraq-Kərkük
atalar sözləri”, “Kərkük
tapmacaları”, “İraq-Kərkük bayatıları”, “Nəsiminin
İraq divanı”, “Kərkük folkloru antologiyası”, “Kərkük folklorunun fonetikası”, “İraq-türkman
folklorunun janrları”, “İraq-türkman
ləhcəsi” və bu kimi
fundomental əsərləri buna bariz nümunədir.
Qəzənfər
müəllim qələmini tərcümə sahəsində
də sınayıb. O, “Rusca-ərəbcə
danışıq kitabı”nın, ingilis
dilində çap olunmuş
“İngiltərə haqqında” kitabının və bir neçə bədii nəşrlərin tərcümə
müəllifidir.
O, bir çox ədiblərimiz
haqqında portret xarakterli
maraqlı kitabların müəllifi olmaqla
yanaşı, həm də bu kitabların
işıq üzü görməsində
şəxsi vəsaitini də əsirgəməmişdir.
Mən Qəzənfər
müəllimin çoxsaylı əsərlərinin
hamısının adını sadalamaq və
bu əsərlərin məğzi barədə
yazmaq fikrində deyiləm. Bu iş ədəbiyyatşünas,
folklorşünas, publisist,
dilçi və tərcüməçi alimin həyat və
yaradıcılığının tədqiqi ilə məşğul
olan mütəxəssislərin payına
düşər. Mən sadəcə olaraq
onun fəaliyyətinin əhatə
genişliyindən, gördüyü hər
işin sadəcə olaraq
həcmindən yox, həm də
onların hər birinin sanbalından,
aktuallığından, hətta deyərdim ki,
vacibliyindən, Azərbaycan ədəbiyyatşünaslığındakı
xüsusi çəkisindən söz açmaq istərdim.
Qəzənfər
müəllimin tədqiqat işləri təkcə Azərbaycanda
deyil, həm də Türkiyə və İraq kimi ölkələrdə
layiqli qiymətini alıb, onun
barəsində Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Teymur Bünyadov, Vasim Məmmədəliyev, Yaşar
Qarayev, Nizami Cəfərov,
Azad Nəbiyev kimi
akademiklər, İraqdan – Əta Tərzibaşı,
Əbdüllətif Bəndəroğlu, Sinan
Səid, Mahir Naqib, Sübhi Saatçı, Mövlud
Taha Qayacı, Türkiyədən isə Mustafa Arqunşah, Cəlal
Ərtuq, İsa Özqan,
Əflatun Nemanzadə və digər bu kimi elm və sənət
adamları tutarlı fikirlər söyləyiblər.
Xalqını, onun keçmişini sevən,
indisini inkişaf
etdirməyə çalışan və gələcəyini firavan görmək istəyən, elm fədaisi Qəzənfər Paşayev Nizami adına Ədəbiyyat
İnstitutunda fəaliyyət göstərən
“Folklor Elmi-Mədəni Mərkəzi”nin
nəzdində hələ keçən əsrin sonlarında
“İraq türkman
ocağı” adlı altında yaratdığı
çoxsaylı və maraqlı eksponatlardan
ibarət kolleksiyanı sonradan Azərbaycan
Ədəbiyyat Muzeyinə bağışlayıb.
Qəzənfər
Məhəmməd oğlunun digər sahələrdə
olduğu kimi, pedaqoji və elmi
kadrların hazırlanmasında da xidmətləri
var və o, Nizami adına Ədəbiyyat İnstitutunun
“Elmi və Dissertasiya
Şuraları”nın üzvüdür.
Qəzənfər
Paşayev uzun illər
“Azərbaycan-İraq Dostluq Cəmiyyəti”nin
sədr müavini qismində fəaliyyət
göstərib, o, Qafqaz
Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət
göstərən “Elmi-Dini Şura”nın
üzvü, Azərbaycan
Yazıçılar Birliyinin Təftiş
Komissiyasının sədri kimi ictimai-siyasi fəaliyyətlə də məşğul
olmaqla yanaşı, həm də bir çox mətbu
orqanların Redaksiya Heyətinin üzvüdür.
Qəzənfər
müəllim çox xeyirxah
və həm də xeyriyyəçi insandır.
27 avqust 1937-ci ildə Tovuz rayonunun Düzqırıxlı kəndində
doğulub boya-başa
çatmış, amma 60 ilə yaxın bir dövrdə doğma yurdda yaşamayan Qəzənfər
Paşayev, qardaşı qızı – dəyərli
millət vəkili Qənirə xanım Paşayeva
ilə birgə həmişə bu
torpağın təəssübkeşliyini çəkir, bu yurdun daha
da abad olması üçün bütün
səylərini göstərir, bu eldə
yaşayıb-yaratmış saz-söz
adamlarının, el şairlərinin
yubileylərinin Bakının və Tovuzun
nüfuzlu mədəniyyət
salonlarında keçirilməsini təşkil və təmin
edir, onların yaddan
çıxmaqda olan yaradıcılıq
nümunələrini kitab şəklində
əbədiləşdirərək təqdimat mərasimləri
keçirir.
Gərəkli
olmağı bacaran, insanlara
yarımaqdan, gördüyü işi yarıtmaqdan zövq
alan adamdır Məhəmməd oğlu Qəzənfər!
Məhəmməd
oğlu Qəzənfər ədəb-ərkan
sahibidir. Onun səsinin bir tembri var – orta,
eşidilən və səlis.
Onun bərkdən
danışdığını eşitməmişəm. Bu və
ya digər məsələyə münasibəti
zamanı üzünün
cizgilərinin səyrişdiyini
sezməmişəm. O, danışan
adamın sözünü
kəsməz(hətta
lüzumsuz danışsa
belə), söz ağzından qurtarmamış
cavab verməz, kiçik, lakin ləmbərli pauza verərək, başını
asta-asta qaldırıb
məntiqi fikrini ortaya qoymaqla, haqqında söhbət gedən məsələnin
nidasını qoyar ki, bununla da
hər şey çözülmüş olar.
Kin-kidurət görməmişəm mən
Qəzənfər müəllimdə.
Kimsənin haqqında
umu-küsü və ya narazılıq dolu fikir də
eşitməmişəm. Elədiyini
də Allaha xatir eləyər, əvəz gözləməz.
O, hamıyla dil tapa bilir.
Hər kəsin azacıq da olsa “yaxşı”sı varsa, Qəzənfər müəllim ancaq bu “yaxşı”nı görə bilir və elə bil o, “yaxşı olmayanı” görmür, bəlkə də görmək istəmir, könül havasını
“yaxşı” və “yaxşılar”a kökləyib
eləcə. Könül
demişkən, Məhəmməd
oğlu Qəzənfərin
könlü doludur söznən, şeirnən.
Folklorşünas alim olaraq o, Azərbaycan folklorunun ən səriştəli bilicilərindədir. Onun yaddaşı, Dədəmiz
Qorquddan bu yana el deyimlər, bayatılar, tapmacalar, bilməcələr, atalar
sözləri, rəvayətli
ifadələr, müdrik
kəlamlarla doludur.
Məhəmməd oğlu Qəzənfər
elcanlı olduğu kimi, həm də dostcanlıdır, sədaqətlidir. Onun mənim də tanıdığım dostlarına
olan səmimi münasibəti, can yanğısı,
şəxsin əhatədə
olub-olmamasından asılı
olaraq ona olan sevgi və
rəğbətini hər
vasitə ilə göstərməsi əsl
kişilik məktəbidir,
gör, götür!..
Düzünü deyim ki, Qəzənfər
Paşayev haqqında yazmaq fikrimin bir ilə yaxın
yaşı var. Və
tez-tez bu barədə fikrimi toplayırdım. Ancaq eşidəndə ki, Qəzənfər müəllimin
bu ilin yayında
keçiriləcək 75 illik
yubileyi ilə bağlı “Ömrün əbədiləşən illəri”
adlı kitab çapa hazırlanır,
onda bu yazını
bircə günün içində yazdım, yazdım deyəndə ki, yaddaşımda yazılanları köçürdüm.
Fəxrəddin MEYDANLI
525-ci qəzet.- 2012.- 24 fevral.- S.7.