Məhəmməd Əmin Rəsulzadə

 

Nəşrin redaktorları: prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.

 

Əsərləri Üçüncü cild (1915-1916)

 

Ön söz

 

Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

 

Türkistan üçün mühüm bir arzu

 

Dövlət dumasının açılması Həzrət İmperatorun iradeyi-məxsusələrinə görə başqa bir vəqtə atılmışsa da, büdjə komisyonu haman öz işinə məşğul olub dövlətin dəxl və xərci həqqində hazır olub da komisyona gəlmiş fəsillərə baxmaqla məşğuldur.

Büdcə məsələsi bütün parlamentlə (yəni xəlq tərəfindən seçilmiş məclislə) idarə olunan məmləkətlərdə məmləkətin ən mühüm bir məsələsini təşkil etməkdədir. Büdcə danışığa qoyulduqda hər bir vəkilin, hər bir fraksiyanın həqqi vardır ki, məmləkətin idarəsi həqqində bəslədigi bütün arzularını söyləsin və hökumət də arzu etmədigi nöqsanları göstərib onları bildigi kibi tənqid eləsin. Duma bu həqqə malik olduğu kibi, dumadan əvvəl bu məsələyə baxan büdcə komisyonu da bu xüsusda rəy və mütaliə verə bilər. Hökumət istərsə komisyonla razı olar, istəməzsə məsələni olduğu kibi dumaya gətirər. Komisyon da ayrıca olaraq öz rəyi və mütaliəsini məclisə ərz edər. Ümumi məclis özlərinə hökm qərar verərlər.

Büdcə komisyonu imdiki halda, dedigimiz kibi, dövlətin dəxl və xərcinə aid olan bəzi maddələri müzakirə etməklə məşğuldur. Və büdcə komisyonunda üzv olan vəkillərin bu komisyonda müxtəlif və müəyyən məsələlər üçün bəyan elədikləri mütaliələrlə arzular arabir mətbuata da keçiyor. Dünki teleqraflar cüzində vəkilimiz Məhəmməd Yusif Cəfərov cənablarının hərbiyə vüzaratının büdcəsi müzakirə olunurkən, Türkistan idarəsinin hərbiyə vüzaratından alınması həqqində bir arzu bəyan edilməsi ilə bu arzunun komisyonca da qəbul elədigi xəbər veriliyor.

Rusiya müsəlmanlarının həyatında olduqca mühüm bir mövqe tutan bu məsələyə əhəmiyyət vermədən keçmək olmaz. Şübhəsiz ki, Məhəmməd Yusif cənabları vaqe olan arzuları ilə 25 milyonluq Rusiya müsəlmanlarının istədikləri ən böyük bir arzuya tərcüman olmuşlardır.

Türkistan bundan 54 il əvvəl Rusiya tərəfindən fəth olunmuş və o vəqtdən bu vəqtə qədər müharibə halındakı məmləkətlər əsasi üzərinə idarə olunmuşdur və hala da idarə olunuyor. Bundan 54 il əvvəl məmləkət təzəcə fəth olunduğu zaman nə kibi qanunlar vəz olunmuşsa, hala da o qanunlar icra olunmaqdadır. Yalnız 1884-cü ildə bu qanunlar bir az dəgişilmişsə də, tamamilə islah olunmayıb. Ruh və mənaca haman əvvəlki halı ilə baqi qalmışdır.

Ələlümum kənar vilayətlərin düçar olduqları məhrumiyyətə Türkistanın hərbi bir idarə altında yaşaması, üstəlik olaraq daha çox məhrumiyyətlər artırmışdır. Türkistan baş general qubernator vasitəsilə idarə olunur. General qubernatorlarda idarəyi-hərbiyə icabi üçün böyük iqtidar və ixtiyarlar vardır. Burada daha Qafqasiyanın da nail olmadığı zemstvo idarələrindən bəhs eləmək bicadır. Şəhərdəki bələdiyyələr də bizim bildigimiz şəhər idarələrinə bənzəməz, yalnız Daşkənddə məhəlli idarəyə bənzər bir şey vardır.

Məhkəmə işləri dəxi tamamilə bərbad bir haldadır. Xırda işlər əhali tərəfindən seçilmə qazilər əlindədir. Fəqət bunların seçilmələri öylə üsulsuz bir haldadır ki, Türkistan həqqində məlumatları olanların dedigincə bunların nə şəriətdən, nə də zakondan xəbərləri var. Məlumdur ki, böylə hər şeydən qafil olan adamların mühakiməsi nə olacaq. Başdan-ayağa sui istemal ürfi-idarənin yoğluğu ucundan əhalinin yer işləri də qarmaqarışıq bir haldadır. Kim nə qədər yerə malikdir, daha bu günə qədər təyin olunmamış. Bu xüsusi təyin etmək üçün yer vergisini təyin edən komisya (Po zemelni podatnoy komisya) Sədri Əfəndinin təbirincə hala boynuna götürdügü işini qurtara bilməmişdir. Buna görə də Türkistan müsəlmanı ata-babadan qalma yerinə sahib degildir. “Kupçi krepost” bu qədər. Əhaliyə ancaq yuxarıda zikr olunan komissiya tərəfindən “təsərrif şəhadətnaməsi” verilməklə iktifa olunur. Bu komisiyanın işləri natamam və naqis olduğundan Türkistanda çox yerləri olanlar az, az yerləri olanlar çox vergi vermək kibi ədalətsizliklər üzündən müşkulatə təsadüf etməkdədirlər. Bunu məzkur komisiyə özü də etiraf ediyormuş.

Məarif və oxumaq – yazmaq işlərinə gəlincə, Türkistanın işi bərbaddır. Köhnə məktəblər, mədrəsələr çoxdur. Fəqət bunlaın nə halda olduqları məlum, 1906-cı ildə Türkistan qubernatorlarından birisi tərəfindən yığılan şuranın etirafınca burada-orada açılmış olan “tuzemni şkola” deyilən hökumət məktəbləri xəlq arasında ruscanı nəşr etməgə kafi degildir. Xəlq kitabxanası, qiraətxanası və sair kibi ürfan müəssələrindən nə bəhs edəlim!..

Türkistan böylə cahil, qafil, ürfi idraənin (hərbi idarəyə nisbət malik olduğu) feyzlərindən məhrum bir halda qalıb, eyni zamanda da bütün dünyadan qəti-əlaqə etmişdir. Bir kərə türkistanlılar dumaya vəkil göndərməkdən məhrumdurlar. Sonra bu tərəf müsəlmanlarının Türkistanda yer alıb mülk sahibi olmağa ixtiyarları yoxdur. Halbuki Sibiriyanın hər bir guşəsinə yenki mədəniyyət və ürfan aparan Volqaboyu tatar tacirləri ilə müəllimləri böylə bir müsaidə olsaydı, Türküstan müsəlmanları arasında böyük tərəqqi və təaliyə səbəb olar, onları imdiki cahil hallardan çıxarmaq üçün böyük amil təşkil edərlərdi.

Türkistanda altı milyon müsəlman vardır. Buxara ilə Xivə xanlıqlarındakı 3 milyon yarım xəlqi də bunlara əlavə etsəniz, bu 9 milyon yarım, on milyonluq böyük bir kütlə təşkil edər.

50 ildən bəri türkistanlılar Ağ Padşaha sadiq təbəə olduqlarını göstərmişlər. Artıq onları xarici aləmdən kənarda saxlıyıb da müharib bir xəlq kibi idarə etməgə məqul heç bir səbəb qalmamışdır. Bunu hökumət qulluğunda olan böyük məmurlar da təsdiq etməkdədir.

Qraf Palinin Türkistan təftişi nəticəsində bəyan elədigi rəy də bu yoldadır.

Türküstanlılar İmperator həzrətlərinə Ağ Padşah adını vermişlərdir. Ağ padşahın hökmü altına girməkdən 50 il keçmək münasibətilə Türkistanın türkcə nim rəsmi qəzetəsi olan “Türkistan vilayətinin gəziti” yazmış olduğu baş məqaləsində türkmanlıların Rusiya mədəniyyətinə ünəs etdiklərini, Rusiyaya sadiq qaldıqlarını bir lisani-sitayişilə qeyd ediyor.

Doğrudur ki, türkistanlılar cahildir, qafildir, geridə qalmışlardır. Fəqət bununla bərabər Türkistan tərəqqi etmək, mədəniyyətə manus olmaq ləyaqətindən məhrum degildir. Tarixdə şəşəəli dövrlər keçirmiş, Uluğ bəy, Farabi, Əbu-Sina kibi elm və fənn dahiləri yetişdirmiş olan bu məmləkət istiqbaldan məhrum olmaz: Teymurləng məqbərəsi, Uluğ bəy zici, Səmərqənddəki o ali mədrəsələrlə məscidlərin binası bura xəlqinin nə qədər müstəid və istiqbala layiq olduqlarını göstərməgə kafidir:

Fəqət bunların istiqbalını təmin eləmək, gələcək tərəqqilərinə yol açmaq üçün üstlərindəki hər bir şəxsi təşəbbüsü və ictimai hərəkəti əzən, xəlqi etimadlıqdan məhrum edib də hər şeyi hökumətdən gözləməgə ögrədən hərbi idarə təzyiqindən məmurlar vəsayətindən qurtarmalı, onları da Rusiyanın sair vətəndaşları kibi sadiq tanıyıb kəndilərinə vətəndaş olmaq imkanını verməlidir. Rusiya kəndisini Avropa mədəniyyətinin Şərq amili ədd edirsə, Türküstana bu vəqtə baxdığı nəzərdən başqa bir nəzərlə baxmalıdır.

Türküstanın tərəqqi edib də, Rusiyanın tərəqqi və təali etmiş məmur və mədəni bir guşəsini təşkil etməsini görmək Rusiya müsəlmanlarının ən böyük əməllərindən birini təşkil edir. Çünki, Rusiya müsəlmanlarının ən qələbəlik yeri buradır. Tən yarımız Türküstandadır. Türküstan biz Rusiya türklərindən ötrü tarix və ənənatca da əzizdir. Burası cinsimizin yetişdigi beşikdir. Biz oranın səhralarından çıxıb da aləmə yayılmışıq. Buna görə də əsl yurdumuzu təşkil edən bir yeri mədəni görüb də orasının müasir həmcins və həmdinlərimizlə məskun olduğunu görmək bizdən ötrü eyni zamanda əziz bir hissiyyat məsələsidir də!

İdarəyi-hərbiyyə qaldarılar və Türküstan idarəsinə bəzi islahat icra olunarsa, şübhəsiz ki, Türküstanın səadətinə doğru ilk addım atılmış olar.

Bu addımın atılmasının lazım olduğuna Dövlət dumasının büdcə komisyonu rəy vermişdir; Bakalım hökumət nə deyir, Duma nə söylər!

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 10 dekabr 1915, ¹58

 

Dəxl – mədaxil

Ürfi – hökm, tədbir

Məsqul – silinib təmizlənmiş

Şəşəə – dəbdəbə, təmtəraq

Zic – münəccimlərin tərtib etdikləri cədvəl

Vəsayət – qəyyumluq

 

İcmali-əhval

 

Qış gəldikcə müharibə meydanlarında bir düşüşük görülüyor. Keçən həftə bilnisbə böylə bir düşüşlüklə keçdi. Fransa, İtaliya, Rusiya, Alman və Avstriya müharibə xətlərində adi toqquşmalardan başqa bir şey görülmədi. Hər tərəf səngərlərində bərkişib sabahki günə intizar etməkdədir. Yalnız Balkan səhnəsi ilə İran meydanında bir az istilik və fəaliyyət görülməkdədir. Serbiya ordusundan sonra Fransa, İngiltərə dövlətləri tərəfindən Serbiyaya kömək etmək üçün çıxarılan, fəqət lazım gələn köməgi vermək imkanını tapmıyan müttəfiq ordu dəxi tamamilə Yunanıstan toprağına çəkildi. Selanikdə müdafiə etməgə və qüvvət aldıqdan sonra tazədən hücuma başlamağa qərar verdi.

Müttəfiqlərin Balkandaki əsgəri halları gözləməkdə olduqları qüvvətə bağla qalmaqda ikən, Balkandaki bitərəf dövlətlər üzərinə icra eləmək istədikləri təsirin nəticəsi də bu qüvvətin gəlməsinə qədər təxir edildi, deməkdir.

İran meydani-hərbində Həmədan vaqeəsindən sonra ən böyük vaqeə “Qum”un rus ordusu tərəfindən alınmasıdır. Alınan teleqraflara görə Qumda olduqca şiddətli bir müharibə olmuşdur. Almanlar tərəfindən üzə durdurulan asi İran əsgəri müntəzəm rus ordusuna müqabil gələ bilməyib “müdafiəyi-milliyyə və islamiyyə” komitəsinin mərkəzi və məqərri olan Qum general qubernatoru tərəfindən dögülmüşdür.

Şübhəsiz ki, Qumun alınması İran üzərində böyük təsir göstərəcək. Məlum olduğu üzrə burası Cənubi İran ilə vaqe olan müxabirat və münasibatın mərkəzi olduğundan İran inqilabçıları burasını əldə saxladıqca Cənubi İran üzərinə böyük bir təsir edəcəklərdir. İmdi artıq böylə bir təsiri-mərkəzdən məhrum qaldılar. Fəqət bununla bərabər hələ gözləmək olmaz ki, alman və Türkiyə tərəfdarlarının müqaviməti tamamilə sınmış, qurtarmış olsun. Məlum olduğu üzrə müharibə daha Quma yaxınlaşmadan İran demokrat əzaları ilə Türkiyə və alman amilləri şəhəri boşaltmaq üçün bəzi tədarüklər görmüşlərdi. Bunlar Girmanşah tərəflərində Türkiyədən gələn imdadiyyə komitəsini ala bilərlərsə, əsl şiddətli müharibəyi orada edəcəklərdir.

Tiflisdən “R.İs.” qəzetəsinə verilib də dünki sayımızda tərcüməsi dərc olunan bir xəbərə görə türklər Qafqasiya və İran səmtinə külliyyətli qoşun göndərməkdədirlər.

Çox ehtimal vardır ki, Türkiyədən gələcək imdad yetişmədən general Baratov Girmanşahdaki alman – Türkiyə – İran qüvvətlərinə istədigi zərbəyi vurmaq üçün surətlə ilərləmək əzminə gəlmişdir.

Əhvali-daxiliyyəmizdə həftəlik icmalla qeyd olunacaq mühüm bir məsələ hadis olmamışdır. Yalnız büdcə komitəsində icra olunan müzakirələrin hərdənbir mətbuata keçən fəqərələri bəzi məsələlərin layihə və düşüncə halında olduğunu meydanə qoymaq surətilə bu həftə bir az əhəmiyyət peyda etmişdir. Bu surətlə qeyd olunan ən əhəmiyyətli məsələlərdən birisi büdcə komisyonunun Türküstan idarəsi həqqində Məhəmməd Yusif cənabları tərəfindən bəyan olunan arzuyi qəbul eləməsi, digəri də Qafqasiya zemstvosu həqqində məbus Çxeidzenin sualıdır. Məbus Çxeidze zemstvo məsələsinin kimlər tərəfindən təxirə düçar edilməkdə olduğunu bilmək üçün maraq etmiş. Anlaşılmış ki, daxiliyyə vüzəratı Qafqasiyaya köçürüləcək rus mühacirlərinin zemstvo-məsələsində nə qədər hazır olduqlarını daha təyin edə bilmədigindən bu xüsusda bəzi mülahizələr bəsliyormuş. Bu mülahizələrin nədən ibarət olduğu ilə zati-məsələ həqqində daha sərih məlumat yoxdur.

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 11 dekabr 1915, ¹59

 

Yenə müəllimlər ictimai həqqində

 

“Nicat” məarif cəmiyyətinin üzümüzə gələn yayda müəllimlər yığını dəvət etmək təşəbbüsündə olduğu oxuculara məlumdur.

Bu xüsusda hazırlıqlar görməkdə olmaq üçün seçilmiş olan təşkilat komisyonu işləməkdədir. Bu komisyonun iclaslarından birisində iki əvvəlinci yığınlarda katiblik vəzifəsi ifa etmiş olan müəllim Fərhad bəy Ağayev cənabları tərəfindən bənə “Nicat” tərəfindən 1906 və 1907-ci illərdə dəvət olunmuş müəllimlər yığını və onun görmüş olduqları təşbbüsləri həqqində bir məruzə (doklad) oxunmuşdur.

Bu dokladın qəzetələrə keçən xülasəsindən görülüyor ki, iki əvvəlki ictimaların bir çox qərarları və arzuları olmuş və o qərarlarla arzulardan bir çoxu imdiki halda iş halına gəlmişdir.

Yığın qərarlarının qüvvədən felə gələn maddələri arasında məruzəçinin dediginə görə müsəlman şagirdlərinin müəllimlər institutuna da girmələri, Zaqafqasiya darülmüəlliminləri (seminariyaları) ilə edadi və ibtidai məktəblərində türkcə ilə şəriət dərsinin qüvvətləndirilməsi, Ağa Musa Nağıyevin ianəsi ilə Bakı realni məktəbi çünbində müsəlman şagirdlərinə məxsus əlifba sinfinin açılması, Aleksandrın unas məktəbində müəllimlər kursunun açılması, “Nəşri-məarif” tərəfindən imdiki halda bağlanmış olan müəllimlər kursunun açılması, “Nicat” tərəfindən təsis olunan gecə kursları və cümə məktəbləri, Za­qafqasiya məktəblərində 1881-ci il proqramının tamamilə tətbiq olunması, müsəlmanlardan da ibtidai məktəblər naziri (inspektoru)nun təyin olunması, ibtidai məktəblərdə (rus-müsəlman məktəbləri) dördüncü bir sinifin də açılması, bir çox türkcə tədrisinə məxsus kitabların basılması kibi iş halını almış olanları vardır.

Yığınların birər arzularını təşkil edib də bu vəqtə qədər qüvvədən felə çıxmamış olan maddələrə gəlincə, məruzəçi demiş ki, 1906 və 1907 yığınlarının qərar və arzularından tətbiq olunmayan maddələri arasında ərəb əlifbasının islahı, müsəlman şagirdlərindən ötrü tətil cədvəlinin tətbiqi, məscid məktəblərinin islahı, şəriət dərsi üçün dərs kitabları hazırlamaq, hər iki ildən bir müsəlman müəllimlər yğını yığmaq və müsəlman müəllimlərinin ümum müəllimlər ittifaqı adı ilə bir ittifaq vücudə gətirmək xüsusuları vardır.

Komisyə Fərhad bəy cənablarının dokladında verdikləri məlumata qarşı cənablarına təşəkkür bəyan eləmişdir. Əlbəttə, Fərhad bəy cənablarının iki əvvəlki müəllimlər ictimainə aid olan ovraq və sənədləri saxlayıb da bu günkü gündə onlardan istixracla yığının keçmişinə və onun arzu və qərarlarına aid məlumat verməsi şayani-təqdirdir.

Fəqət bizcə bu məruzədə iş halını almış qərar və arzular həqqində bəzi fəzlə nikbinliklər göstərməglə bərabər, naqis olan bir cəhət vardır (bəlkə də bu nöqsan qəzetələrdə dərc olunan fəqərəyə aiddir). Bu nöqsan da keçən yığınların aldıqları qərar və bəyan elədikləri arzularının qüvvədən felə gətirilməsi üçün nə kibi vasitələrə təşəbbüs edildigi, onların tətbiqi üçün hankı çarələrə təvəssül olunduğu və nə cürə çalışıldığının göstərilməməsidir. Bizə öylə gəliyor ki, bu xüsusda Fərhad bəy artıq bir şey də söyləyə bilməzlərdi. Çünki nə qədər ki, bizə məlumdur, yığınların bu gün işə keçməli olan arzuları əksərən yığının iradəsi xaricində təbiətin sövqilə başa gəlmiş şeylərdir. Müəllimlər ictimai-tarixi bir zamanda yığılmış, qərarlarını vermiş, arzularını söyləmiş getmiş. Üstündən qısa il keçmiş. Qərar və arzuların nə halda olduğu ilə maraqlanmış, tainki, tazə bir dövri-tarixi gəlmiş, o zaman aranmış, axtarılmış, keçən ictimailərdəki qərar və arzuları ögrənmək üçün bu ictimailəri düzəltmiş olan “Nicat”ın özündə belə bir əsər, bir iz görülməmiş. Bərəkət versin ki, Fərhad bəy sağ imiş, yoxsa bu günkü məruzəyi də görmiyəcəkdik.

Əlbəttə, müəllimlər ictimaini üçüncü dəfə olaraq yığmaq vacibdir, mühümdür. Fəqət ictimai yığıldıqdan sonra onun verdigi qərarları qəzavü-qədərin istəyişinə, təbiətinin sövqünə buraxıb da uyumaq, sonra qalxıb da 8-9 il bundan əvvəl vaqe olan arzularla imdiki həqiqətləri tutuşdurmaqla iktifa etməgi ikinci dəfə də təkrar etməmək gərək. Lazımdır ki, təşəbbüs və ixtirah fikri ilə bərabər, fikri-təqibə malik olduğumuzu da göstərək, işin üstünə düşəlim, yalnız arzu edib də o yanını zamanə tapşırmaqla qalmıyalım.

 

M.Ə.

“Açıq söz”, 15 dekabr 1915, ¹62

 

Ovraq – korlanmış, dağılmış

İstixrac – çıxarış

 

İngilislərə qarşı

 

Müharibənin əvvəllərində ağızlarda, yalnız ağızlarda degil, qəzetələrdə də olduqca məşhur bir mütalimə vardı:

“Almanlar ingilislərin onlarla hərb edəcəklərini fikr etməmişlərdi”.

İndi müharibənin on səkkizinci ayında yazılan siyasi məqalələr oxunar və söylənilən politika söhbətlərinə qulaq verilərsə, bunun tam müqabili olan bir şey eşidilər:

“Almanların ən böyük qəsdi ingilisləri əzməkdir”.

İngilisləri əzmək, ingilis hakimiyyətinə zərbə endirmək, dünya siyasətindəki ingilis nüfuzunu qırmaq, almanların imdi degil, hətta müharibənin əvvəlində də degil, daha əvvəldən bəri bəslədikləri böyük əməllərindən birisini təşkil etməkdədir.

Almanların bu fikri ingilis hökumət adamlarına gizli degil idi. Gizli olmadığı üçün də ingilislər, fransızlar və ruslarla ittihad və ittifaq vücudə gətirməgə çalışmışlardı.

Buna görə də müharibəyi başlarkən almanlar ingilislərin öz düşmənləri cərgəsində olacaqlarını düşünməyə bilməzlərdi. Dünyada böyüklük niyyəti bəsləyən, iqtisadən özünə koloniyalar, bazarlar axtaran Almaniya İngiltərəni əndişəyə salmış və gündən-günə artmaqda olan Almaniya bəhriyyəsi, sualtı qayıqları ingilisləri bəhri-hakimiyyətlərini fikir etməgə və alman qələbə və hakimiyyətini təsəvvür etdikcə titrəməgə vadar ediyordu.

Zatən cahan hökmdarlığını əldə etmək istəyənlər daima İngiltərəni əzmək fikrində olmuşlar. Çünki yolları üzərində ən qüvvətli bir rəqib olmaq üzrə Britaniya hökumətini görmüşlərdir.

“Göydə Allah, yerdə bən” şüarını fütuhatına ələm etmiş olan böyük Napoleon bundan yüz il əvvəl bütün cahanı fəth etmək niyyətində ikən İngiltərəni əzməgi ən böyük bir əməl kibi bəsləyirdi.

Bu gün Böyük Britaniya dövlətinin “can şüşəsi”ni təşkil etməkdə olan Hindistan Napoleondan əvvəlki cahangirlərin də təməini təhrik etmiş, Şərq və Qərb fatehlərini üzərinə cəlb etmişdi. Böyük Napoleon dəxi ən böyük düşməni olan İngiltərəni əzmək üçün Hindistana getmək tərhini tökmüşdu.

Bu məqsədlə böyük Napoleon Türkiyə və İran hökumətləri yanına məxsus elçilər göndərib onlardan özünə kömək istəmişdi. İngiltərə Hindistanda bərkişib qalarsa, bunun iranlılar üçün iləridə nə kibi böyük bir təhlükə təşkil edəcəyini o zamanki Tehran ricalına qandırmaq istəmişdi.

Napoleonun Tehrana gedən elçisi Hindistan səfərinin bütün planlarını da özü ilə bərabər götürmüşdü. Bonapart Rusiyanı əzəcək, sonra da Türkiyə və İranın razılığı ilə beynəlnəhrin və İran yolu ilə keçib əfqanları dəxi öz tərəfinə çəkəcək və 20-30 minlik bir ordu ilə Hindistana çıxacaqdı.

1812-ci ildə Rusiyada rast gəldigi sınıqlıq nəticəsində Napoleonun Hindistan xəyalı əmələ gəlməyib, nəticədə yenə İngiltərə qələbə çaldı.

Bu kərə meydana çıxan alman Napoleonu yenə görüyoruz ki, ələmşümul bir nüfuz və hökumət düzəldə bilmək və özünü əhatə etmiş olan sübatkar düşmənlərini basmaq üçün İngiltərənin “can şüşəsi”nə əl atmaq istiyor.

Tarix təkrardan ibarətdir – deyərlər. Alman ordusu ilə müttəfiqləri türklər İran ilə Əfqanıstan dövlətlərini öz tərəflərinə cəlb etmək surətilə Hindistana hərəkət etmək, həm də təqibən böyük Napoleonun getmək istədigi yolları eynilə təqib etmək istiyorlar.

Napoleonun Hindistan səfəri bir xəyal isə də almanların Misir və Hindistan səfəri həqqində planlarına bir xəyal kibi baxmaq istəməyənlər çoxdur.

Bir nəzəriyyəyi görə müharibənin müqəddəratı ancaq Avropa səhnələrində həll olunacaqsa, digər bəzi nəzəriyyələrdə də müharibə ancaq İngiltərənin dögülməsi ilə qurtara biləcək. İngiltərəyə böyük bir zərbə isə ancaq Şərqdə endirilmək imkanı qalmışdır. Çünki ingilis sularını abluğa etmək Britaniya cəzirələrinə çidinlər hücumu icra eləmək, qalayı alıb da oradan dənizlər şahını qarıxdırmaq kibi xəyalların şairanə bir taqım təvəhhümdən ibarət olduğu haman görüldü. Halbuki, Misir və Hindistan səfərlərinin təşkili üçün əsaslı tədbirlər haman görülmüş və “Şərqə doğru” hərəkətin yolları bir dərəcəyədək təmin edilmişdir. Mixaylovskinin təbirincə Hindistan müdafiəsinin ilk səngərləri olan Selaniklə Dardanel almanların Berlin-İstanbul yolunu açmalarına mane ola bilmədi. Hindistan səfərini təmin üçün Heydər paşa – Bağdad dəmir yolunu isə daha əvvəl düşünmüşlər və bu gün Bağdad civarında ingilislərə qarşı qazandığı müvəffəqiyyətini, Almaniya – türk ordusu demək olar ki, bu yola borcludur.

Şərq məsələsinə verdikləri əhəmiyyətin ən böyük nümunəsindən birisi də almanlarla türklərin İranda icra elədikləri təşəbbüslərdir. Bu təşəbbüslər həddi-zatında İngiltərə və rus dövlətlərindən ötrü böyük təhlükə təşkil edəcək bir hal şəklini aldı. Əgər İrandakı alman təşəbbüsləri Hindistan səfərinə bir müqəddimə təşkil etmək mənasına malik olmasaydı, əmin olunuz ki, ingilislər Bağdada və ruslar da Kirmanşaha və Kəşana doğru getməgə lüzum görməzlərdi.

İrandakı Almaniya və türk təşəbbüslərinin mənayi-həqiqisini dərk ilə qəti bir təşəbbüs və qərara gəlmiş olan rus əsgərləri Həmədan, Qum və sair nöqtələri tutmaq və Kaşan üzərinə yerimək surətilə böyük bir müvəffəqiyyət əldə etmişlər ki, şübhəsiz, buun İran xəlqi üzərinə təsiri olmayacaq degildir.

Fəqət bununla məsələnin əhəmiyyətdən düşüb də, təhlükənin tamamilə rəf olmasına qane olmaq da olmaz. Bu xüsusi həll edəcək daha mühüm vəqəələrə intizar etməliyiz.

M.Ə.Rəsulzadə

“Açıq söz”, 17 dekabr 1915, ¹63

 

Tərh – plan

Rical – kişilər, ərlər

Abluğa – mühasirə

Təvəhhüm – vahimələnmə, qorxma

Çidə – yığılmış, toplanmış

 

İcmali – əhval

 

Ümdə müharibə xətlərini təşkil edən Şərq (rus-Almaniya və Avstriya) və Qərb (Almaniya – Fransa) cəbhələrində neçə zamandan bəri davam etməkdə olan sükut bu həftə dəxi böyük ölçüdə icra olunan bir hərb vəqəəsi ilə pozulmadı.

İkinci dərəcə təşkil edən sair cəbhələrdə isə əhval yenə demək olar ki, böyük bir vəqəə zühuru ilə seçilməmişdir.

Balkan səhnəyi-hərbində bu həftənin ən çox müzakirə olunan cəhəti Selonikə sıqınmış olan müttəfiqlərin oradakı müdafiə hazırlıqları ilə bolqarların Yunanıstan sərhəddini keçdikləri məsələsidir. Əvvəlcə bolqarların yunan sərhəddini keçməyəcəkləri həqqində söz vermiş olduqları elan edilməkdə ikən, imdi buna əks bir xəbər gəliyor. Yunan kralı Konstantin bütün qüvvəti ilə bitərəflik saxlamaq niyyətində ikən bolqarların yunan toprağına girməsini arzu etmiyordu. Çünki bu hal yunan təəssübünə rəva gəlməzdi. İmdi yunan təəssübünə narəva gələn bu hal yunanlılarca nə kibi bir təsir hasil edəcək?! – Burası bir məsələ. Fəqət aşkar olan bir şey varsa, o da imdiki halda yunan siyasətinin xəlqin hissiyyatı ilə degil, hökumət adamlarının ağıl və tədbiri ilə idarə edilməkdə olduğudur. Bu “əql və tədbir” bir kərə başı aşağı bir yola düşdümi, artıq ən son dərəcəyi qədər sürüşmək məcburiyyətindədir. Zimnən bunu da deməliyiz ki, Konstantin artıq kabinəyi kömək etmək üçün o qədər xəlqin təəssüb və hissiyyatından da çəkinəcək bir halda degildir. Çünki məclisi-məbusana vaqe olan intixablar hökumət firqəsinə tam bir əksəriyyət qazandırmaq üzrədir...*(senzor tərəfindən mətndən bir hissə çıxarılıb, yeri ağ qalıb – Ş.H.)

“...İstanbul – Berlin yolu açıldıqdan sonra Dardanel müharibələrini davam etdirmək son dərəcədə faydasız bir iş olurdu”. Təsviri ilə ingilis qəzetələri, “qoy Dardaneldəki qəhrəman ingilis əsgərləri rəşadətli yoldaşlarının intiqamını daha faidəli digər bir səhneyi-hərbdə alsınlar” – diyorlar.

İran əhvalında vaqe olan siyasi təbdillər göstəriyor ki, Həmədan, Qum, Ribati – Kərim müvəffəqiyyətləri iranlılar üzərinə rus və ingilis nöqteyi-nəzərindən mətlub olan bir təsir hasil etmişdir. İran kabinəsi dəgişmiş. Müstöfi almanın əvəzinə rus və ingilistpərəstligi ilə məşhur Fərmanfərma gəlmişdir. Fərmanfərma kabinəsinə daxil olan vəzirlər başdan (ağ yer qalıb məqalədən bir hissə çıxarılıb – Ş.H.).

Bu qılınc isə hələlik varid olan xəbərlərdən anlaşıldığı vəchlə parlamaqda və rus düşmənlərinin ürəyinə qorxular salmaqdadır. Bu qorxunun tamamilə səməradar olması üçün rus ordusu Türkiyə sərhəddinə tərəf ricət etməkdə olan düşmən qüvvətini qırmaq və Əlcəzirə tərəflərində ingilislərlə dögüşməkdə olan türk ordusunun İrana gəlmək əzmindən saxlamaq məcburiyyətindədir. Görünüyor ki, türklərlə almanlar İrandakı tərəfdarlarının düçar olduqları halı kəmali ilə təqdir etdiklərindən bu günlərdə Tavudsənd komandasındaki ingilis qüvvəsinə qəti bir hücum etmək niyyətinə gəlmişlər. Bu niyyətin mövcud olduğunu dünənki qəzetələrdə Əlcəzirə – Mesopotamiya müharibələrinə aid nəşr olunan London teleqrafı göstərməkdədir.

Əhvali-daxiliyyəmizdə böyük əhəmiyyəti möcib bir məsələ zühur etməmiş, yalnız arada dumanın hər nə surətlə olursa-olsun, yanvar ayında çağırılması lüzumundan bəhs olunmuş, bir də daviliyyə vəziri Xvostov qəzetə müxbirlərinə zaman həqqində bəzi bəyanlarda bulunmuşdur. Bu bəyanlar həqqində başqa bir vəqt.

M.Ə.Rəsulzadə

“Açıq söz”, 18 dekabr 1915, ¹64

 

Müstöfi – maliyyə işlərinə baxan müavin

 

(Ardı var)

 

 

Şirməmməd Hüseynov

 

525-ci qəzet.- 2012.- 25 fevral.- S.26-27.