Din, İnam, İman
Əbu
Turxanın hikmət dünyası
Din həyatın
mənasını bilavasitə təyin edir,
dini dəyərlərin isbata
ehtiyacı yoxdur. Burada
həqiqət hissi təcrübə, məntiqi
təfəkkür və ya bədii obraz vasitəsilə deyil,
qəlbin nuru, mənəvi
işıqlanma ilə açılır.
Fəlsəfə ilə dinin
məqsədi eynidir, amma
birinci idrak, ikinci inam üzərində
qərar tutur. Məhəmməd İqbal yazır: “Din qətiyyətlə
qəbul edildiyi və tam
mənası ilə qavrandığı təqdirdə xarakter və mənliyi büsbütün
dəyişdirə biləcək həqiqətlər sistemidir”. Hegelə görə, din var olmaq
üçün fəlsəfəyə möhtac deyil, amma fəlsəfə ruhu
biliklə, dini həqiqəti zəka ilə
uzlaşdırmaq üçün özünü dinə qatmağa
məcburdur. Çünki din
insanın bilavasitə mahiyyətini, həyatının mənasını
müəyyən edir. Mənəviyyatın
daha zəngin, ömrün
daha mənalı, zövqün
daha incə olmasına fəlsəfə və
incəsənət də təsir edir. Lakin ruhun ən dərin
qatlarına ancaq dini hissin, müqəddəslik duyğusunun
sayəsində enmək mümkündür.
Dini ayinlər
mükəlləfiyyət kimi, yaxud sadəcə plan kimi icra oluna
bilməz. Din insanları öz
ilahi başlanğıcını dərk
etməyə çağırır. Bu, təkcə
islama deyil, bütün dinlərə aiddir.
Qədim Çin
fəlsəfəsi – daosizm, insanları maddi dünya ilə
bağlı hər hansı bir fəaliyyətdən,
hətta bu dünyanın
qavranılması istiqamətindəki idraki
fəaliyyətdən də uzaq olmağa, iç aləminə
fokuslanmağa və hələ bu dünyada ikən əbədiyyətə
qovuşmağa səsləyir.
Orta əsrlərdə
İslam dünyasında geniş
yayılmış sufi hərəkatı
və dərvişlik institutu da maddi dünyadan,
ictimai həyatdan ayrılaraq öz mənəvi aləmini təkmilləşdirmək
və bu yolla Allaha qovuşmaq mövqeyinin ifadəsi idi.
Sufiliyin əsas
prinsipi sadəcə olaraq
həyatda mal-dövlətdən, rəyasətdən uzaq durmaq yox,
həm də daxilən, mənən təmiz olmaq,
insana öz cismani, heyvani
başlanğıcını xatırladan hər şeydən
uzaqlaşmaq, ehtiraslarını boğmaq və ancaq ilahi eşqlə yaşamaq
idi. Bəziləri sufiliyin
daosizm, buddizm və hətta
xristianlıqla yaxınlığına istinad
edərək, onu İslamın bir qolu kimi
yox, az qala
azadfikirliliyin və islamdan
uzaqlaşmağın bir forması kimi anlayırlar. Elə o dövrdə də Mənsur Həllacın,
Şihabəddin Yəhya Sührəvərdinin, Eynəlqüzat
Miyanəcinin, Nəsiminin fanatiklər tərəfindən edam edilməsi dinin mahiyyətindən
deyil, zahiri əlamətlərindən
çıxış etməyin,
ehkamçılığın nəticəsi idi.
Halbuki, Məhəmməd
peyğəmbərin özünün “Ən
böyük cihad
insanın öz nəfsinə
qarşı cihadıdır”, yaxud “Ölməzdən
əvvəl ölmək lazımdır”, – kimi
fikirləri sufizmin əsas ideyasına haqq qazandırır, lakin bir şərtlə ki, bu məsələdə də ifrata
varılmasın. Çünki
yeri gələndə nəfsini idarə
etmək, maddiyyatın cazibəsindən ucada
dayanmaq, ancaq ülvi hisslərə qulluq
etmək nə dərəcədə yaxşıdırsa,
yaşadığımız ictimai
mühitə qatılmamaq, onun daha yaxşı olması üçün
heç nə etməmək də o dərəcədə pisdir.
İnsan yalnız öz
mənəvi dünyasının deyil, cəmiyyətin
də saflaşması uğrunda
mübarizə aparmalıdır.
İnsan
müəyyən zaman və məkanda dünyaya gəlir. Bu onun
qismətidir. İnsan ya
öz taleyi, qisməti
ilə barışmalı və mühitə
uyğunlaşmalı, ya da
mühiti dəyişdirmək kimi çətin bir yola qədəm qoymalıdır ki, bu yol
ancaq daxildən gələn işıqla
aydınlaşa bilər.
Mühitə qarşı dayana
biləcək, ona alternativ
ola biləcək yeganə mənbə
insanın daxili mənəvi aləmidir. Lakin daxili aləm özü də mühitin
təsiri ilə formalaşmırmı?
Ömür məhdud,
dünya fanidir.
Sonsuzluğu
ehtiva edəndə, kainatın ənginliyinə
girəndə, nəhayətsiz, əzəli, əbədi dünyaya qovuşanda,
ölümdən sonrakı ölməz həyatı da öz həyatına əlavə
edəndə, mümkünsüzlüklər hamısı mümkün olanda... həyatın
ecazkarlığı, ülviliyi artır,
insan özünü əzəli-əbədi
hesab edir, hadisələr
içərisində itib-batmır, nəfsin torundan
çıxır, yüksəlir, cılız, cari, cismani, keçici, fani həyatdan
uzaqlaşaraq onun
fövqündə durmaq, mənəviləşmək,
ideallaşmaq, Allaha qovuşmaq əzmində olur!
İnsanın qəlbi ülvi,
müqəddəs bir duyğu
ilə dolur, böyük
Allaha pərəstiş edərkən, özü də qanad
açır, ucalır, mənəvi dünyanın
sirli-soraqlı, dərin qatlarını ehtiva
edir.
Fərd öz
həyatı, öz hərəkətləri
ilə ancaq özünü
təmsil etdiyini və əgər görən,
bilən varsa – qanun
qarşısında və görən, bilən yoxdursa, ancaq öz vicdanı qarşısında cavabdeh olduğunu zənn
edirsə, o hələ öz
sosial mahiyyətini dərk etmir; başqa sözlə, bu, onun fərdi miqyasdan milli və ümumbəşəri miqyasa çıxa bilməməsinin nəticəsidir.
İnsan hər
bir məqamda özündən başqa həm də ailəsini,
elini-obasını, millətini, dövlətini təmsil edir, insanlığı – bəşəriyyəti
təmsil edir. Tək özü qarşısında deyil,
tək dövlət, qanun
qarşısında deyil, həm də
milləti təmsil etməklə millət
qarşısında, insanlığı təmsil etməklə
bütün bəşəriyyət
qarşısında məsuliyyət daşıyır.
Daha böyük miqyasda və daha böyük ümumilik dərəcəsində isə insan öz hərəkətləri
ilə Allah qarşısında məsuliyyət
daşıyır.
Dini
hiss – insanın Allah
qarşısında məsuliyyət hissi
mərhələ-mərhələ: ailə
qarşısında, millət qarşısında, bəşəriyyət
qarşısında məsuliyyət hisslərinin davamı kimi ortaya
çıxdıqda bu artıq dərk olunmuş, zəka ilə qovuşmuş
bir hissdir.
Tək dinlər yox, bütün əxlaqlar da
yaxşılığa qarşı minnətdarlıq hissini zəruri hal, norma sayır. Kimsə bizə əl tutanda, yaxşılıq edəndə
çalışırıq ki, fürsət
düşən kimi əvəzini çıxaq,
ya da bu
mümkün deyilsə, heç
olmasa sözlə öz
minnətdarlığımızı bildirək...
Bəli, insan ona edilən hər kiçik
yaxşılığın ünvanını axtarır, öz təşəkkürünü bildirməyə
ehtiyac duyur. Lakin bütövlükdə həyat üçün, bu
dünyanın bütün gözəllikləri
üçün, sevmək, sevilmək, quruculuq, yaradıcılıq sevincləri üçün kimə təşəkkür
etmək lazımdır?
İnsan
dünyanın ahəngi, gözəlliyi, qanunauyğunluğu
və bu qanunların dərkedilənliyi üçün Allaha minnətdarlığını
bildirir və dini ayinlərin
əksəriyyəti də bu minnətdarlığın
ifadə edilməsidir.
Lakin
maraqlı budur ki, islam dinindəki bütün
ayinlərin icrası – Allaha minnətdarlıq
ayinləri elə qurulub ki,
onlar insanın özü
üçün, onun
sağlamlığı üçün,
onun daxili mənəvi
sakitliyi üçün
də şərt olur. Allaha
dua edən, dinin qoyduğu qaydalar çərçivəsində
fəaliyyət göstərən insan həm
də öz sağlamlığına, fiziki və mənəvi kamilliyinə xidmət
etmiş olur.
İnsan
Xaliq qarşısında əyilir, ona bəxş edilmiş bütün qabiliyyətlərə və
gözəlliklərə görə böyük
yaradana minnətdarlığını bildirir və bununla mənən
yüksəlir, ucalır, öz nəfsi və
başqaları qarşısında əyilməz olur. Təbiətdə,
həyatda heç kimdən asılı olmadan mövcud olan ahəngi, gözəlliyi görmək, duymaq və bundan məmnun
qalmaq, minnətdar olmaq
əslində onları öz daxilinə
köçürmək, həmin gözəllikdən, ahəngdən
mayalanmaq deməkdir. Əslində bu dünyanın özündə də səni
öyrədən, sənin xeyirxahın olan
insanlara, müəllimlərə, ustadlara münasibətdə minnətdarlıq
və pərəstiş duyğusu
insanı kiçiltmir, əksinə,
yüksəldir. Əks təqdirdə insan,
nankor bir eqoistə
çevrilə bilər. Tənbehə layiq
olan isə, riyakarlıq, təmənnalı
əyilmədir ki, bunlar
nə dini hisslə, nə insani
ləyaqətlə bir araya
sığmır.
Kənarda, başqalarında yaxşı
olanları görməyən, duymayan, qiymətləndirməyənlər
bu yaxşılıqlardan məhrum
olanlardır. İnsan özündə ən
azı rüşeym halında olmayanı
başqasında da görə bilmir.
Daxilən gözəl olmağın bir yolu var:
o da xaricdəki
gözəlliyi duymaq, ona
heyran olmaq, ona qovuşmaqdır.
Böyüklərə hörmət insanın
özünə hörmət olunmasının əsasını
qoyur. Müdriklik,
gözəllik və ahəng qarşısında diz çökməyənlər zor və hiylə qarşısında diz çökürlər. Böyük
Allah qarşısında əyilməyənlər
cismani qüvvələr
qarşısında əyilməyə məhkumdurlar. Allaha səcdə etmək, Allah
qarşısında əyilmək hadisələr
dünyasında əyilməzliyin təməl
daşıdır.
Dini hissdən kənarda din yoxdur. Dinin sosial infrastrukturu
hələ din deyil.
Din – mənəviyyat hadisəsidir.
Dinin mahiyyəti dini hisslə – Allaha inamla bağlıdır.
Mütləqə inam yolu nisbi inamlardan
keçir.
Məhdud miqyaslı, cılız adam
sonsuzluğa qədəm
qoya bilməz.
Ümumiyyətlə inam hissindən
məhrum olan adamda Allaha inam
da ola
bilməz.
Mütləqə sevgi yolu nisbi sevgilərdən
keçir. Sevgi hissindən
məhrum olan adam dindar
ola bilməz.
Aforizmlər
Ruh dünyasının dərinliklərinə ancaq
dini hissin köməyi ilə girmək mümkün olur.
lll
Müqəddəslik duyğusu
itən yerdə şər ağacı bitər.
lll
Xarici aləm əqllə, daxili aləm imanla işıqlanır.
lll
Yolu ağıl seçir, iradə hərəkətə gətirir,
inam isə yola işıq salır.
lll
Yaradana inanmağın ən mühüm şərtlərindən biri
insanın öz yaratdıqlarının da
Yaradan tərəfindən
yaradıldığına inanmasıdır.
lll
Özünə inanmayan adam özünü
yaradana da inana bilməz.
lll
Ağ lövhə təkcə Allaha məxsusdur; biz hamımız
yazılmışların üzərində
yazırıq.
lll
Heç nəyə inanmayan adamın guya təkcə Allaha inanmasına inanmayın.
lll
Allahı sevməyin yolu onun yaratdıqlarını
sevməkdən keçir.
lll
Biz böyük Yaradan qarşısındakı borcumuzu
onun yaratdıqlarına
ödəməliyik.
lll
Günahı ancaq savabla yumaq olar.
lll
Allahdan qorxmayan bu dünyanın heybətlərindən qorxmağa
məhkumdur.
lll
Sevgi hissindən məhrum olan adam dindar
ola bilməz.
lll
Allah qarşısında əyilmək
bu dünyada əyilməzliyin təməl
daşıdır.
lll
İctimai hadisəyə çevrilmiş din artıq
din deyil.
lll
Həqiqi din əslində çox vaxt insani keyfiyyət kimi təzahür edir.
lll
Fəlsəfə seçilmişlər,
din isə hamı üçündür.
lll
Fəlsəfənin gücü
– fikrin dərinliyində,
dinin gücü – fikrin sadəliyindədir.
lll
Elm – beyini, sənət – ürəyi, din – ruhu qidalandırır.
lll
Elmlə din arasında ziddiyyət o zaman yaranır ki, onlar təyinatını unudub bir-birini əvəz etmək istəyir.
lll
İdrak və inamın
hər biri öz yerində gözəldir. Başqasının sahəsinə keçdikdə
isə mürtəceləşirlər.
lll
Məntiqi ilahiləşdirənlər
ilahi hissdən məhrum olurlar.
lll
Allah insana öz ruhundan pay verərək onu şərəfləndirmişdir.
İnsan
da cisimləri dərk edərkən onları ruhani enerji ilə işıqlandırır və
onlar ideya mərtəbəsinə yüksəlmiş
olur.
lll
İnsan cismani aləmdəki
şeyləri, hadisələri
mənimsəyərkən onları
şərəfləndirmiş olur.
lll
Əxlaq hüquqdan, din əxlaqdan yüksəkdir.
lll
Daxili nəzarət cəmiyyətin və dövlətin nəzarətindən
daha etibarlıdır.
Prof. Dr. Səlahəddin
Xəlilovun təqdimatında
525-ci qəzet.- 2012.-
25 fevral.- S.19.