50 il kinoda
ŞƏRƏFLİ
AİLƏNIN SONBEŞİYİ – OKTAY MİR-QASIM
1960-cı illərin əvvəlləri.
Mən o vaxt televiziya ekranından tamaşaçılara
artıq tanış idim. Məni Yuri Qaqarin adına “Pionerlər
evi”ndəki dram dərnəyində məşq zamanı
görüb bəyənən, Oktay “Azərbaycanfilm”də
yenicə istehsalata buraxılmış “Əmək və
qızıl gül” adlı məşhur rəqqas Mahmud
Esenbayevin (İşxoyevin) həyat və
yaradıcılığından bəhs edən bədii filmdə
onun uşaqlığına çəkilmək
üçün kinostudiyaya gətirdi. Mənimlə bərabər
daha iki pioneri – indiki Xalq artisti Fuad Poladovu və İbrahim Əliyevi
də (indi o, iş adamıdır) bu rol üçün
sınağa çəkdilər. O vaxt Oktay Mir-Qasım
kinostudiyaya təzəcə işə düzəlmişdi, 17
yaşı vardı.Rejissor köməkçisi işləyirdi.
Bu iş Oktayın da, mənim də kinoda ilk işimiz oldu.
Müəyyən sınaqlardan keçəndən sonra,
arıqlığım, gözlərimin iriliyi,
saçımın qıvrımlığı, ən əsası
isə rəqs etmək qabiliyyətim olduğu
üçün məni M.Esenbayevin uşaqlıq
dövrünə çəkilmək üçün bəyəndilər.
Bu, mənim yadımdadır...Lakin o dövrdə mən
oxuduğum 190 saylı məktəbdə həm də,
gimnastika ilə məşğul olurdum. Məşqçimiz də
Əmirov idi. (“Brilyant məsələsi”, “Qara volqa” və sairə
bu kimi əsərlərin müəllifi Cəmşid Əmirovun
qardaşı) Həm də bacarığıma görə
digər məktəblilərdən seçildiyim
üçün, məni orta məktəb şagirdlərinin
Krımda, daha dəqiq, Beynəlxalq Pioner Düşərgəsi
olan (SSRİ zamanında) “Artek”də keçirilən
spartakiadaya, yarışlara apardılar.
Qayıdandan sonra kinostudiyaya gəlib,
filmin taleyi ilə maraqlandım. Öyrəndim
ki, artıq filmin çəkilişlərinə
başlayıblar...Məni adı çəkilən filmin, o
dövrə görə kinomuzun ən nüfuzlu
rejissorlarından biri olan Tofiq Tağızadənin
otağına gətirdilər.Ən çox yadımda qalan
odur ki, məni görəndə həm əsəbləşdi,
həm də gözlərindəki həvəs və ümid
nöqtəsi müəyyən qədər sevinc və
qığılcımlara səbəb oldu... Səbəb o idi
ki, bu məşhur rejissor-Tofiq Tağızadə məni filmin
baş qəhrəmanı-Mahmud Esenbayevin
uşaqlığına çəkmək məqsədinə
nail olmasa da, məni yenidən tapmışdı...Elə buna
görə də “Hayıf səndən”-deyib, mənim
üçün xüsusi bir epizod yazdı. “Sən kinodan
uzaqlaşma,”- dedi və məni özünün
düşünüb filmə epizod kimi əlavə etdiyi
“Çörək fabriki” səhnəsində, guya rəqqaslıq
elementlərini kiçik Mahmuda öyrədən ilk müəllimi-
Qaraçı balası roluna çəkdi... Filmi
görənlər yəqin bu səhnəni yaxşı
xatırlayırlar. Olduqca kiçik bir
epizod idi, köhnə kinostudiyanın həyətində
çəkilirdi.
Beləliklə, mənim öz
içimdə baş qaldıran, məni ilk işimdən bu
sahəyə bağlayan kiçik rol, taleyimi
ömürlük kino sənətinə bağladı. Sonrakı illərdə mən Azərbaycan kinosunda
aktyor kimi çalışıb, dublyaj sahəsində
özüməməxsus uğurlar qazanmışam. 25 il ərzində müxtəlif ölkələrin,
eləcə də SSRİ məkanında istehsal olunan müxtəlif
bədii, sənədli və animasiya filmlərində məhsuldar
aktyorluq fəaliyyətim olub. Xeyli sayda filmləri səsləndirməklə
xalqın bu sahədəki sənət adamlarına olan
xüsusi rəğbətini qazanmış, bu illər ərzində
“Azərbaycanfilm”də çəkilən 40-a yaxın bədii
filmdə, “Mozalan” satirik kunojurnalının neçə-neçə
bədii süjetində həm aktyor, həm rejisor kimi
çalışmışam. Bu sahədə ən çox
birgə çalışdığım adam
Oktay Mir-Qasım olub.
Onun “Mozalan” satirik kinojurnalı
üçün çəkdiyi neçə-neçə bədii
süjetlərdə birgə işimiz olub. Biri – birindən maraqlı ekran həlli verib bu
süjetlərə Oktay müəllim...Ən qədim
zamanların plastik həllindən tutmuş, müasir
dövrümüzün xırdalıqlarına qədər nə
varsa çəkib böyük ekrana.
Bundan əlavə Oktay Mir-Qasım
“Mozalan” satirik kinojurnallarındakı sənədli süjetlərin
də ekran həllini bədii yanaşmalarla tapıb. Buna misal olaraq mən Mozalanın 80-ci nömrəsindəki
“Məğlubedilməzlər” süjetinin adını çəkə
bilərəm. Sənədli süjetdə
antisanitariya faktları siçanların dili ilə ifşa
edilib. İki siçanın biri – birilə
şirin söhbətini, müəllif tərəfindən
verilən hazır mətni, artikulyasiyası bəlli olmayan bu
kəsəyənlərin sinxron danışıqlarını
tapmaq və onları səsləndirməyin nə dərəcədə
çətin olduğunu yəqin təsəvvür edirsiniz.
Saysız-hesabsız süjetlərin və filmlərin sinxron
dialoqlarını işləməyi hər dəfə mənə
etibar edən Oktay müəllim bu dəfə də mənimlə
çalışmağa qərar verdi.
Çətinlik çox idi, lakin işin öhdəsindən
gəldik... Bu iki siçanı Eldəniz Rəsulovla
(əməkdar artist) mən özüm yazası oldum.
Eldənizin səsləndirmə sahəsindəki
ustalığı bizə imkan verdi ki,
rejissorun əldə etmək istəydiyi nəticəyə gəlib
çıxa bilək. Süjet tamam
yığıldı və redaksiyaya təhvil veriləndə
hamı heyran qaldı. Bizim
çalışqanlığımız nə dərəcədə
yüksək olsa da, təbii ki, əsas fikir və zəhmət
rejissor Oktay Mir-Qasımın olduğu üçün
uğurlar da onun payına düşür.
Ümumiyyətlə qeyd etmək istərdim
ki, Oktay Mir-Qasımla mənim aramda bir iş tandemi
yaranmışdı və hər dəfə əldə olunan
uğur sonrakı işlərimizdə də birlikdə
çalışmaq üçün bizdə inam və həvəs
yaradırdı.
Hərdən elə olurdu ki, müxtəlif
aktyorları öz iri həcmli filmlərində ekrana gətirən
Oktay Mir-Qasım, səsləndirmə proseslərində mənim
imkanlarımı nəzərə alıb, qəhrəmanlarının
ekran danışıqlarını çəkinmədən mənə
həvalə edirdi. Azərbaycan kinosunda
misilsiz obrazlar yaratmış, hamımızın sevimlisi Fazil
Salayevi səsləndirməyi də mənə
tapşırdı. Əvvəla F.Salayevin
olduqca çevik hərəkətləri və bu hərəkətlərin
arxasında itib-batan danışıqlarını tənzimləmək,
aşkar diksiyaya gətirib çıxarmaq lazım gəlirdi.
Bu işi Oktay müəllim hər dəfə mənə
tapşırırdı. Sinxron mətnin
müəllifi kimi onu səsləndirməyi də, təbii
ki, məndən tələb edirdi. (Mozalan
¹ –39 “Gecəniz xeyrə qalsın” adlı bədii süjetdə
gecə sakitliyini pozanlar tənqid edilir.) Bu
siyahını xeyli artırmaq olar. Lakin
ehtiyac görmürəm. Bir şeyi böyük həvəslə
qeyd etmək istəyirəm, çox qısa bir zaman kəsiyində
– 2 və ya 3 dəqiqə ərzində tamamlanan hər bir bədii
süjetdə rejissor Oktay Mir-Qasım müəllifin fikrini
bütövlükdə açmaqda və sujetə olduqca
orijinal yanaşmaqda usta idi. Özü də əksər
süjetlərə “777” adı ilə başlanan adlar verirdi:
“777 – ¹-li mağazada”, “777 – ¹-li evlər idarəsində”, “777
– ¹-li sexdə”, “777 – ¹-li bağçada”, və sairə. Süjetləri əksər hallarda eyni adlar
altında çəkmək – çox güman ki, bu sahədəki
işlərinə eyni müəllifin möhürünü
vurmaq kimi başa düşülməlidir. Belə də
var...Oktay Mir-Qasımı bütün işlərində
onun iti zəkasını və olduqca böyük yumor hissini
görürsən. Mən çox təəssüflənirəm
ki, vaxtı ilə həyatımızdakı neqativ halları
işıqlandıran, öz dövrünün antipod və dələduzlarını,
işbazlarını tənqid atəşinə tutan “Mozalan”
satirik kinojurnalı bu gün öz aktuallığını
itirib, “yox” dərəcəsinə enib.
Oktay Mir-Qasımın
quruluşçu rejissoru olduğu bir neçə filmdə
çəkilmişəm. Bunlardan: “Cin
mikrorayonda” – (Tofiq) – 1985, “Şeytan göz qabağında” –
(HES direktoru) – 1987 bədii filmlərini göstərə bilərəm.
Xüsusi qeyd etmək istədiyim
sonuncu işimiz isə bu ilin fevral ayının əvvəllərindən
Göy-göl rayonunda çəkilişlərində
olduğum “Qisas almadan, ölmə” bədii filmidir. Oktay müəllim ssenari müəllifi və
quruluşçu rejissoru olduğu bu işə olduqca
böyük həvəslə yanaşıb. Peşəkarların
son illərdə kinodan uzaqlaşmağı bu sahədə nə
qədər çətinliklər yaratsa da, Oktay
Mir-Qasımın öz ətrafına toplaya bildiyi müxtəlif
kino işçiləri nə qədər cavan və təcrübəsiz
olsalar da bu iş öz axarındadır. Məni İkinci
Dünya Müharibəsinin ağrı- acılarının
şahidi olan, bu gün isə o illəri ürək
ağrısı ilə yad edən 85-88 yaşlı “Nemes
Salman” roluna dəvət edən rejissora, göstərdiyi
böyük etimada görə minnətdarlığımı
bildirirəm.
Çəkiliş meydançasında
müəyyən çatışmazlıqlara görə əsəbiləşən,
lakin tez də soyuyan, işçilərə və aktyorlara
qarşı son dərəcə tələbkar olan bu rejissor,
ekrana gətirmək istədiyini bütün personajların
xarakterlərindən tutmuş yaş xüsusiyyətləri,
geyim, qrim, əlbisələrin belə seçilməsində
xüsusi ustalıq göstərməsi, onlara olan insani
münasibətləri ilə də məni həmişə
sevindirirdi, Oktay müəllim.
Öz roluma gəlincə, mənim qoca
Salmanın – böyük həyat təcrübəsi,
qocalığı, mərdliyi, dostluq sədaqəti, bəşər
övladını anlamaq, sevmək qabiliyyəti olan bir azərbaycanlı
kişisinin obrazını yaratmağımı tələb edən
rejissor Oktay Mir-Qasıma aktyor minnətdarlığımı
çatdırmaq istəyirəm...
85-88 yaşlı Salman – üzündə
xüsusi yapışqanlarla yaradılmış qocalıq
qırışları, kürəyində ayrıca
bağlanan donqar, yerişindəki təbiiliyi, hərəkətindəki
ağırlığı almaq üçün hər iki ayağına
hər biri 4 kiloqram olan çuqun qandallar bağlanan və
ayaqqabılarının içinə qurğuşun
yığılan – Ramiz Əzizbəyli təsəvvür edin
nələr çəkib...
Əziyyət arxada qaldı... mən
öz işimi tamamladım. Çəkilişlər
və montaj isə davam edir... İnşaallah sona yetəcək...
Kino çox ağır çətinliklərlə
ərsəyə gələn bir sənət əsəridir. Oktay müəllimə bu ağır işdə ilk
öncə səbr və təmkin diləyirəm.
Növbəti Azərbaycan kinosunun
yaradıcısı qayğıkeş, ustad, xeyirxah insan Oktaya
gözəl insani keyfiyyətlərinə görə çox
sağ ol, deyirəm.
Yaradıcı şəxsin bilik və
təcrübəsi, geniş dünyagörüşü,
fantaziyası, emosional yaddaşı və geniş təsəvvür
dairəsi ilə bərabər səbri-təmkini də
olmalıdır. Bu mənada mən böyük kino
aləmində ilkin tanıdığım və bu günə
qədərki son işim olan, kino fəaliyyətimə görə
böyük hörmət və qardaşlıq məhəbbəti
bəslədiyim Oktay Mir-Əsədulla oğlu Mir-Qasıma
bundan sonra şəxsi həyatında Ulu Tanrının məsləhət
bildiyi qədər sağlam ömür, yaradıcılıq
işlərinin uğurlu davamını və hələ
geniş ekranımıza tövhə edə biləcəyi
neçə-neçə yaradıcılıq işinə
görə səbr, təmkin arzulayıram.
Düz 50 il öncə kinoya rejissor köməkçisi
kimi gəlmiş, bu gün bu sahənin ağsaqqallarından
biri – Respublikanın Xalq artisti, professor Oktay Mir-Qasım Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində pedaqoqluq fəaliyyəti ilə məşğul
olur, milli kinomuz üçün layiqli kadrlar hazırlayır.
İnanıram ki, onun gələcək
kinomuzun inkişafı naminə qatlaşdığı əziyyətlər
unudulacaq və o ahıl çağında tamaşa etdiyi
filmlərin son tirlərində öz tələbələrinin
adlarını oxuduqca, “zəhmətimə dəyərmiş”
deyəcək.
Ramiz Əzizbəyli,
Xalq artisti,
professor
525-ci qəzet.- 2012.- 25 fevral.- S.18.