Azərbaycan təhsilində dərslik
siyasəti
Azərbaycanın təhsil sistemində
10 ildən artıq bir müddətdə davamlı və məqsədyönlü
şəkildə aparılan islahatlar dövlət müstəqilliyinin
mühüm əlamətlərindən biridir. Müstəqillik
yeni dövlətçilik ənənələrinin
yaranmasına, bütün sahələrdə uzun illər boyu
kök salmış stereotiplərə və fəaliyyət
standartlarına, işin forma, məzmun və mahiyyətinə
müasir mövqedən yanaşmağa, indiyədək
mövcud olanların yeni ideyalar əsasında təkmilləşdirilməsi
və dəyişdirilməsinə geniş imkanlar açır.
Ölkədə təhsil sahəsində həyata
keçirilən islahatlar, tarixi zərurətdən,
zamanın tələbindən irəli gəlib. Ən diqqətçəkən
cəhət ondan ibarətdir ki, islahatlar başlanarkən
inqilabçılıq, köhnəni tamamilə inkar etmək
yolu tutulmayıb, yeniliklərin mütərəqqi ənənələr
üzərində qurulması diqqət mərkəzində
saxlanılıb. Bununla belə, islahatlar o zaman məqbul
sayılır ki, dünənə qədər yararlı hesab
edilənlərin artıq bu gün tələblərə
uyğun gəlmədiyi barədə cəmiyyətdə
obyektiv fikir formalaşsın.
Təhsil Naziri Misir Mərdanovun sözlərinə
görə, təhsil sahəsində islahatların əsas
istiqamətlərindən biri də dərslik siyasəti ilə
bağlıdır: “Dərslik hər bir insanın həyatda
ilk dəfə oxuduğu kitabdır, desək heç də
yanılmarıq. “Kitab bilik şəhərinin nurudur”.
İnsanları öyrənməyə, məlumatlanmağa,
biliklərə, bacarıq və vərdişlər
qazanmağa aparan yol da məhz belə kitablardan – dərsliklərdən
başlanır. Bir dərslik yazmağın əziyyəti
cild-cild roman yazmağın zəhmətindən daha
çoxdur. Buna görə də bütün həyatını,
yaradıcılığını bir və ya bir neçə
dərsliyə həsr etmiş alim və mütəxəssislərin
təhsil tariximizdə şərəfli yer tutması
hamıya yaxşı məlumdur. Elə dərsliklər var
ki, bunlar onilliklər ərzində davamlı surətdə təkmilləşdirilib,
yenidən işlənib, hətta ayrı-ayrı müəlliflər
qrupu tərəfindən müxtəlif variantlarda
hazırlanıb. Bununla belə, dərsliklər daim ictimaiyyətin
diqqətində olduğundan onlara həmişə tələbkarlıqla
yanaşılıb, tənqidi münasibət bəslənilib.
Bu da təbiidir, çünki yaranan kitabların ən vaciblərindən
hesab edilən dərsliklər cəmiyyətdə uşaq və
gənclərin təhsilə yiyələnməsi yolunda
başlıca vasitə kimi qəbul olunmaqdadır.
Bu yerdə indiyədək ciddi diqqət yetirilməyən bir məqama toxunmaq istərdim.
Məsələ bundadır ki, dərsliklərin
müvafiq tədris proqramları əsasında
yazılmasına baxmayaraq, son
nəticədə məhz dərsliklər tənqid hədəfinə
çevrilir. Halbuki hər
bir fənnin məzmunu bilavasitə tədris
proqramlarında müəyyənləşdirilir. Ona görə də dərsliklərə
münasibət göstərilərkən ilk
növbədə tədris proqramlarının hansı səviyyədə
hazırlanmasına, mövcud tələbatları
ödəyib-ödəməməsinə xüsusi
diqqət yetirilməlidir. Əlbəttə, keyfiyyətli tərtib
olunmuş tədris proqramı əsasında
zəif dərslik də yazıla bilər, bu,
müəllifin peşəkarlığından birbaşa asılıdır. Lakin
məzmun baxımından real tələblərə
cavab verməyən proqram
əsasında yaxşı dərslik hazırlamaq sağlam məntiqə heç
cür uyğun gəlmir.
Fikrimcə, sovet dönəmində yaranan, müstəqillik illərində də eyni prinsiplər əsasında hazırlanan dərsliklərdəki
nöqsan və
çatışmazlıqların mənbəyini ümumi təhsilin məzmununun fənyönümlü
olmasında, daha çox
faktların, məlumatların, nəzəri materialların mənimsədilməsinə
yönəlməsində axtarmaq daha düzgün
olardı. O vaxtlar əksər dərsliklərin
mərkəzdə hazırlanıb yerlərdə tərcümə
edilərək istifadə olunması səbəbindən
müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda dərslik
yaradıcılığı sahəsində mütəxəssislərin
kifayət qədər formalaşmaması da
dərsliklərin keyfiyyətinə mənfi təsir göstərən
amillərdən biri idi”.
Təhsil naziri deyir ki,
islahatların nəticəsi olaraq mütərəqqi
dünya təcrübəsi nəzərə
alınmaqla ümumi təhsilin məzmununda
təklifyönümlülükdən tələbyönümlülüyə
keçilməsi, şəxsiyyətyönümlülük, inteqrativlik istiqamətlərinin gücləndirilməsi,
məzmunun əvvəlcədən müəyyən edilmiş nəticələrin
reallaşdırılmasına yönəldilməsi və bunlarla əlaqədar təlim prosesində
“müəllim-şagird” münasibətlərinin, təlim
strategiyalarının mahiyyətcə dəyişməsi dərslik
hazırlığı məsələlərinə də yeni yanaşma
formalaşdırıb. Bütün bunlar dərslik yaradıcılığı
sahəsində III mərhələni şərtləndirən
əsas amillərdir: “Məlumdur ki, yeni yanaşmaları əks etdirən fənn
kurikulumları əsasında I və II siniflər üçün dərsliklər
hazırlanıb istifadəyə verilib.
Aparılan təhlil göstərir ki, ənənəvi
qaydada hazırlanan dərsliklərdə tədris
proqramlarına uyğun olaraq,
daha çox müvafiq elm sahəsi
üzrə anlayışların, məlumatların əks
olunmasına üstünlük verilir. Ona görə də
dərsliklərin ümumi quruluşu
müəyyən edilərkən elmi-nəzəri
materialların ardıcıllıqla mənimsədilməsi üstün prinsip kimi əsas tutulur.
Dərsliklərin
bu qaydada tərtibi
onların əlavə materiallarla yüklənməsinə,
təkrarlara, həcminin artmasına gətirib
çıxarır. Proqram və dərslik
müəlliflərinin bir çoxuna
elə gəlir ki, məsələn, Azərbaycan
dili fənni daxilində şagirdlər dilin bütün bölmələri
üzrə nəzəri bilikləri, qaydaları bilməli, əzbər
yadında saxlamalıdırlar. Yaxud riyaziyyatdan natural ədədlərə,
kəsrlərə, cəbri ifadələrə, funksiyalara, inteqrallara, həndəsəyə
aid nə varsa şagird mənimsəməli və onların
tətbiqi ilə bağlı məsələləri,
misalları, habelə digər tapşırıqları yerinə
yetirməlidir. Şübhə yoxdur ki, dərslik hazırlığında elmilik prinsipinin gözlənilməsi
vacib şərtlərdən biridir. Dərsliklərdə müvafiq
elm sahəsinin nailiyyətləri
şagirdlərin yaş, qavrama
səviyyəsinə uyğun əksini
tapmalıdır. Lakin bu,
heç də dərslikləri nəzəri
məlumatlarla yükləməyə əsas vermir.
O elmi materiallar
faydalı hesab olunur ki, bunlar bilavasitə
şagirdlərdə idraki
bacarıqların, xüsusilə də, tətbiqi
bacarıqların formalaşmasına xidmət edir.
Ənənəvi
tədris proqramlarında və bunlara uyğun yazılmış dərsliklərdə
yuxarıda qeyd edilən nöqsan
və çatışmazlıqların yaranmasının
başlıca səbəbi yaxın illərədək təhsil
sistemində nəticələrə əsaslanan dövlət
standartlarının müəyyənləşdirilib tətbiq
edilməməsi olub. Məhz dövlət
tələbini əks etdirən təlim standartları
etibarlı sipər rolunu oynayaraq
dərslikləri artıq materiallardan, informasiyalardan, məqsədlə uyuşmayan mövzulardan,
kənaraçıxma hallarından qorumağa
yönəlib. Aşağıdakı nümunəyə diqqət
yetirək:
Riyaziyyatdan II sinif üçün fənn kurikulumunda
“Cəbr və funksiyalar” məzmun xəttinin
“Riyazi ifadələr” hissəsində əsas
standart “Şagird riyazi ifadələr haqqında təsəvvürə
malik olduğunu nümayiş etdirir”
formasında müəyyən edilib. Bu əsas standart
aşağıdakı nəticə alt-standartları vasitəsilə
reallaşdırılır:
Şagird:
– mötərizəli
və mötərizəsiz ədədi ifadələri oxuyur və yazır;
– mötərizəli
və mötərizəsiz ədədi ifadələrin qiymətini
hesablayır;
– sözlərlə
verilmiş müvafiq fikri riyazi ifadə edir və riyazi ifadələri
sözlərlə oxuyur;
– məsələyə
uyğun riyazi ifadə,
riyazi ifadəyə uyğun
məsələ qurur.
Başqa sözlə, əgər şagird həmin alt-standartlarda
qeyd olunan tələbləri
yerinə yetirirsə, demək, o, riyazi ifadələrin mahiyyətini mənimsəyib
və müvafiq tətbiqi bacarıqlara
yiyələnib. Analoji olaraq
dərslikdə də yalnız alt-standartlarda
ifadə olunan məzmun və fəaliyyətlərin
reallaşdırılması yolları öz
əksini tapmalı, bütün diqqət
buna yönəlməlidir. Göründüyü
kimi, standartların təbiəti elədir
ki, reallaşma
prosesində dərsliklərə hər hansı bir artıq materialın, məlumatın daxil olmasını yolverilməz edir.
Yaxud ədəbiyyat fənnini
götürək. Azərbaycan hökuməti tərəfindən
təsdiq olunmuş Milli
Kurikulum sənədində, məsələn,
əsas təhsil pilləsində bu fənn
üzrə ümumi nəticələr şifahi və yazılı ədəbiyyat
nümunələri, bədii mətnlər, poeziya,
nəsr, dramaturji materiallar
əsasında şagirdlərdə təhlil, müqayisə,
tətbiq, müstəqil fikir
yürütmə, planlaşdırma, münasibət bildirmə,
izahetmə, əməkdaşlıq bacarıqlarının
formalaşdırılmasını nəzərdə tutur, onlarda obrazlı təfəkkürün,
sözə və söz sənətinə
həssas, emosional münasibət
yaradılmasına, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat
tarixi, ədəbi simalar
haqqında ümumi məlumatların mənimsədilməsinə
xidmət edir”.
M.Mərdanov bildirib ki, indiki
fənn proqramının tələbinə görə
hazırda istifadə edilən ədəbiyyat dərsliklərində,
bir qayda olaraq, şifahi xalq ədəbiyyatı nümunələri,
müxtəlif bədii əsərlərdən parçalar, yazıçıların həyat
və yaradıcılığı, onların bəzi əsərlərindən
nümunələr daha geniş
yer tutur. Həm də
yazıçılar dərsliklərdə tarixi-xronoloji
ardıcıllıqla sıralandığından şagirdlər
xeyli ərəb və fars
sözləri olan klassik
ədəbiyyat nümunələrini 14-15 yaşlarında, daha müasir əsərləri
isə 16-17 yaşlarında öyrənirlər ki, bu da
müəyyən uyğunsuzluqlar əmələ
gətirir. Eyni zamanda
tədris olunan bədii əsərlərin
dərsliklərdə təhlilinin verilməsi şagirdləri
düşünmək, fikir söyləmək,
müstəqil təhlil aparmaq
imkanından məhrum edir. Elə ədəbiyyat
dərslikləri də var ki,
bunlara ədəbiyyat yox,
ədəbiyyat tarixi dərslikləri demək
daha düzgün
olardı. Yaxud 235 səhifəlik dərsliyin
42 səhifəsi yazıçıların həyatına sərf
edilirsə, bu qədər məlumatın
şagirdlər tərəfindən öyrənilib yadda saxlanılacağına kim
zəmanət verə bilər və bu, nə
dərəcədə əhəmiyyətlidir?!
Həm də dərsliklərə
daxil edilmiş poeziya, nəsr və dramaturgiya
nümunələrinin az qala
standart səviyyəsində qəbul
olunması qətiyyən düzgün deyil, bunların hansı məqsədlə
seçilməsi əsaslandırılmalıdır. Çünki təhlil göstərir ki, eyni əsərlər uzun illərdən bəri dərsliklərə
salınır və dəyişdirilmir. Məgər məqsəd
həmin əsəri öyrətməkdir, yoxsa
əsərlər vasitəsilə qarşıya qoyulmuş digər vacib məsələni
yerinə yetirmək?! Təbii ki,
şagirddə, məsələn, təhlil, müqayisə və
sair bu kimi
bacarıqları möhkəmləndirmək nəzərdə
tutulursa, bu məqsədə
hər hansı bir əsər xidmət
göstərə bilər: “Fikrimcə, yeni
fənn kurikulumları ədəbiyyat dərsliklərini
“yazıçının həyatı,
yaradıcılığı və əsərlərindən bir nümunə; ənənəvi sual və tapşırıqlar...” şablonundan xilas edərək,
şagirdlərə bədii ədəbiyyat vasitəsilə zəruri
həyati bacarıqların, insan şəxsiyyətini
şərtləndirən mənəvi-əxlaqi keyfiyyətlərin
formalaşdırılmasına real zəmin
yaradacaq.
Bütün bu
açıqlamalardan sonra (əlbəttə,
bu fikirlər diskussiya
obyekti də ola bilər)
belə bir sual meydana çıxır: Müasir
dərslikləri səciyyələndirən hansı cəhətlərdir?
Bunları, əsasən, aşağıdakı kimi qruplaşdırmaq olar:
– şagirdlərin
təlim marağının gücləndirilməsi, onları
tədqiqatçılığa, axtarışlara, yeni məlumatlar əldə etməyə
istiqamətləndirməsi;
– məntiqi və
yaradıcı təfəkkürün inkişafını təmin
etməsi;
– tətbiqi xarakter daşıması, şagirdlərdə
zəruri həyati bacarıqların
formalaşdırılmasına zəmin yaratması;
– fəndaxili və
fənlərarası inteqrasiya
imkanlarını təmin etməsi;
– fəal təlim
metodlarının tətbiqinə şərait yaratması;
– fərqli idraki imkanlara malik şagirdlərin təlim prosesində nəzərə
alınması;
– müəllimlərin
müstəqil və yaradıcı fəaliyyətinə əlverişli
imkanlar yaratması və s.
Yeni kurikulumlar əsasında
tərtib edilən dərsliklərin müəllim üçün metodik vəsait
və şagirdlər üçün iş dəftəri ilə birlikdə komplekt şəklində qəbul edilməsi
sayəsində dərsliyin yeni bir funksiyası – əlaqələndirici
funksiyası meydana çıxır. Bu funksiya müəllim-şagird-valideyn
pedaqoji əməkdaşlığının,
birliyinin təmin olunmasında
başlıca rol oynayır.
Daha bir vacib məqam. Ənənəvi dərsliklər
öz xarakterinə görə daha çox informasiya mənbəyi kimi
qəbul edilir, bu
xususiyyət onların əsas mahiyyəti hesab
olunur. Əlbəttə, dərsliklərdə
informasiyalar, məlumatlar olmalıdır, bunsuz keçinmək mümkün
deyil. Lakin bugünkü informasiya bolluğu şəraitində dərsliklər,
təbii ki, onları əks etdirmək
ağırlığını öz
üzərinə götürə bilməz. İndiki
şəraitdə dərsliklər müxtəlif çeşidli informasiyalardan
ən zərurilərini seçmək və səmərəli
istifadə etmək, onların əsasında meyl
və marağa görə yeni məlumatlar əldə etmək sahəsində
şagirdlər üçün istiqamətverici
vəsaitə çevrilməlidir. Belə olduğu
halda, şagirdin təlimə
marağı yüksəlir, tədris prosesində onun fəaliyyətinin motivləşdirilməsi
(fəallığı təmin edən halların nəzərdə
tutulması) və stimullaşdırılması təmin olunur. Heç şübhəsiz,
təlim zamanı şagirdlərin fəaliyyətini motivləşdirmədən
və stimullaşdırmadan yüksək keyfiyyətə nail olmaq qeyri-mümkündür”.
Nazirin dediyinə görə, müasir dünya təcrübəsi
göstərir ki, dərslik
yaradıcılığında iki mühüm cəhətə xüsusi
diqqət yetirilir. Bunlardan
birincisi, dərsliklərdəki təlim
tapşırıqlarının şagirdlərin yaş səviyyəsinə uyğun
daha çox oyun elementləri, maraqlı fakt
və hadisələr üzərində qurulması, ikincisi isə bu
tapşırıqların şagirdlərin idrak
fəallığının, təfəkkürlərinin,
dünyagörüşlərinin gücləndirilməsinə
yönəldilməsidir: “Məsələn, mətn üzərində
iş prosesində məqsəd əsas məzmunu
müəyyənləşdirmək və ya
məzmunu qüvvətləndirən ifadələri təsnif
etməkdirsə, bu zaman
elə mətn seçilməlidir ki, həm
tapşırığa uyğun gəlsin,
həm də şagird bu
mətn vasitəsilə yeni maraqlı məlumat
əldə edə bilsin. Yaxud
şagird təsviri xarakter
daşıyan mətn üzərində qurulmuş
riyazi məsələyə nisbətən
yeni informasiyaya əsaslanan
əyləncə tipli məsələnin
həllinə daha həvəslə yanaşar. Heç
şübhəsiz, hər hansı bir tarixi hadisəni lüzumsuz
rəqəmlərlə akademik dildə təsvir
etməkdənsə, onu nəqli formada, hekayə üslubunda
yazmaq şagird üçün xeyli
maraqlı və yaddaqalan olar.
Məşhur bir ifadə var ki, kəşf etmək hamının gördüyünü görmək, lakin hələ heç kimin düşünmədiyini
düşünmək deməkdir. Görkəmli maarifçi-filosof R.Dekart
düşünməyi mövcud olmaq adlandırırdı. Bu
mənada təlim prosesində şagirdləri
düşünməyə, düşünməklə
axtarışlar aparıb qərarlar qəbul etməyə
istiqamətləndirmək ən vacib vəzifələrdəndir.
Bu işdə dərsliklər,
şübhəsiz, mühüm rol oynamalıdır. Xüsusilə, əsas və
orta təhsil pilləsi üçün
nəzərdə tutulan dərsliklərdə
şagirdləri problemlərlə üzləşdirən, tədqiqatçılığa
sövq edən materiallara
geniş yer verilməlidir.
“Nə üçün”, “hansı səbəblərə
görə”, “hansı yolu seçməli”
və sair bu kimi suallar şagirdlərin
təfəkkürünü durğunluqdan
dinamikliyə yönəltməlidir. Məlumdur ki, təhsil iki əsas təməl
üzərində – inkişafetdirici və
tərbiyəedici təlim prinsipləri üzərində qurulur. Onlar biri-biri ilə üzvi
şəkildə bağlıdır, biri
digərini məntiqi cəhətdən tamamlayır. Bu prinsiplər birlikdə təhsilalanın
şəxsiyyətini formalaşdıran mühüm
amil kimi meydana çıxır. Şəxsiyyətin
formalaşmasında isə idraki, informativ-komunikativ və psixomotor
bacarıqlar aparıcı rol oynayır. Yeni kurikulumlarda bu cəhət əsas istiqamət olaraq nəzərdə tutulub.
Bunlar, bir qayda olaraq,
aşağıdakı kimi təsnif edilir: Fənn kurikulumlarında nəticə
standartları formasında ifadə olunan bu bacarıqların dərsliklərdə
reallaşdırılması təqdim edilən sxemdəki
vasitələrlə təmin oluna bilər:
Göründüyü kimi,
hər bir tədris vahidi
(bəhs, fəsil), onu əhatə edən
bölmə və mövzular standartın
tələbindən yaranır və nəzərdə tutulan məqsədlərin həyata
keçirilməsi göstərilən vasitələrlə təmin
olunur.
Yeni nəsil dərsliklərin fənn
kurikulumları əsasənda hazırlanması üçün bir
sıra zəruri pedaqoji prinsiplərin
gözlənilməsi mühüm əhəmiyyətə
malikdir. Həmin prinsipləri diqqətə
çatdıraq:
– düzgünlük (təlim standartlarına uyğunluq, faktların dəqiqliyi, mübahisəli
faktların olmaması, orfoqrafiya, durğu işarələri və qrammatik qaydaların gözlənilməsi);
– əyanilik
(şəkil, foto, sxem,
qrafik, xəritə, cədvəl və
illüstrasiyaların olması);
– müasirlik (müvafiq elm sahəsində və sosial-iqtisadi
sahələrdəki nailiyyətlərin şagirdlərin yaş səviyyəsinə uyğun
əks olunması, təlim materiallarının müasir dünyagörüşü
formalaşdırılmasına istiqamətlənməsi);
– tamlıq (nəzəri,
praktik, təsviri, qiymətləndirmə
materiallarının olması, onların üzvi
şəkildə əlaqələndirilməsi);
–
ardıcıllıq (psixoloji, məzmun, təqvim-tematik
və məntiqi baxımdan).
Psixoloji baxımından
ardıcıllıq təlim materiallarının
maraqlılıq səviyyəsinə görə düzülməsidir.
Bu, hafizə, təfəkkür və təxəyyül
proseslərinin formalaşmasında başlıca şərtlərdən
biridir.
Məzmun
baxımından ardıcıllıq təlim
materiallarının sadədən mürəkkəbə doğru sıralanmasını tələb edir.
Təqvim – tematik baxımından ardıcıllıq təlim
materialları düzülərkən tarixi
günlərin, əlamətdar hadisələrin diqqətdə
saxlanmasını nəzərdə tutur.
Məntiqi
baxımdan ardıcıllıq əvvəlki təlim
materialları vasitəsilə növbəti materialların mənimsənilməsinə
zəmin yaradılmasını tələb edir.
– yaş səviyyəsinə uyğunluq
(dərsliyin poliqrafiya, dizayn
cəhətdən şagirdlərin estetik
tələbatına cavab verməsi, təlim
materiallarının məzmun və həcm baxımından
onların ehtiyaclarına uyğun müəyyənləşdirilməsi);
– təlim
vaxtına uyğunluq (təlim
materiallarının həcmi müəyyən edilərkən
tədrisə ayrılan vaxtın dəqiq nəzərə
alınması);
– oxunaqlıq (təlim
materiallarının maraqlı və yığcam olması,
onların aydın üslubda, sadə dildə
ifadə edilməsi);
– inklüzivlik (potensial
imkanlarından, qavrama səviyyəsindən
asılı olmayaraq bütün
şagirdlərə diferensial
yanaşmanın təmin edilməsi və onların təlim
maraqlarının ödənilməsi).
Bunlarla yanaşı, müasir
dərsliklər müəyyən olunmuş
gigeyenik tələblərə uyğun hazırlanmalı, fəal təlim üçün əlverişli imkanlar yaratmalıdır”.
M.Mərdanov
vurğulayıb ki, vacib
cəhətlərdən biri yeni nəsil dərsliklərinin inteqrativ xarakterdə hazırlanmasının təmin
olunmasıdır. İnteqrativlik təhsilin
məzmun komponentlərinin bir-biri ilə və
həyatla sistemli şəkildə üzvi əlaqələndirilməsidir. İnteqrasiya konkret bir hadisə, anlayış və məfhum
haqqında şagirdlərdə daha geniş təsəvvürlər
yaradılmasına, onların mahiyyətinin dərindən dərk
edilməsinə və möhkəmləndirilməsinə, bilik və bacarıqların sistemli
mənimsədilməsinə hərtərəfli imkanlar açır, şagirdlərdə
müqayisələr aparmaqla ümumiləşdirmə
bacarıqlarının formalaşmasına, tədqiqatçılıq
meyllərinin güclənməsinə əhəmiyyətli dərəcədə
müsbət təsir göstərir. Hər hansı
bacarıq yalnız bir fənn vasitəsilə
aşılana bilməz. Konkret
bacarığın mənimsədilməsində hər bir fənn öz məzmun
imkanları daxilində iştirak edir. Bu fikri
əsaslandırmaq üçün diqqətə
çatdırım ki, müasir
kurikulumlarda standartlar
elə müəyyən olunmuşdur ki, onların hamısı əsas məqsədləri
ilə yanaşı, bu və ya digər dərəcədə şagirdlərdə
nitq mədəniyyətinin
formalaşdırılmasına da
lazımi səviyyədə xidmət göstərir. Çünki bütün
fənn kurikulumlarında şagirdlərin “izahetmə”, “şərhetmə”,
“təqdimetmə” bacarıqlarının inkişafını
nəzərdə tutan standartlar
var: “Fənlərarası inteqrasiya
nümunəsində digər bir fakta nəzər salaq.
Aşağıdakı cədvəldə I sinifdə tədris
olunan müxtəlif fənlər üzrə
“fərqləndirmə” bacarığı əhatə edilən
alt-standartlar ifadə olunub:
Təlim prosesində
dərsliklər əsas vəsait kimi nəzərdə
tutulsa da, tək bir dərslik, eləcə də müəllim
üçün metodik
vəsait müəllimlərin fəaliyyətinin istiqamətləndirilməsi
sahəsində yeganə mənbə ola
bilməz. Təlim çoxcəhətli, psixoloji-pedoqoji
məqamlarla zəngin bir prosesdir.
Bu prosesin səmərəli,
şagirdlərin mənafeyinə yönəldilmiş formada təşkili üçün
müəllimlərin paralel olaraq müxtəlif vəsaitlər və metodik tövsiyələrlə təminatı
bu günümüzün
vacib məsələlərindəndir. Təəssüf
ki, bizim bu sahədə fəaliyyət göstərən
mütəxəssislərimizin əksəriyyəti daha çox dərslik
hazırlanmasına diqqət yetirir, əlavə
vəsaitlərin tərtibinə həvəslə
yanaşmırlar. Yəqin belə vəziyyət ondan irəli gəlir ki, əlavə
vəsaitlər dövlət hesabına nəşr olunmur. Lakin fikrimcə,
müəllimlər müasir tələblər
səviyyəsində hazırlanan, ehtiyacı ödəyən
təlim materiallarının daim
axtarışındadırlar. İnkişaf
etmiş bir sıra
ölkələrin təcrübəsi göstərir ki, əlavə vəsaitlərin tərtibinə
dərsliklərlə bərabər səviyyədə
yanaşılır. Ona görə də
dərslik yaradıcılığı sahəsində
tamlığı, əhatəliliyi təmin etmək məqsədilə
hər bir fənn üzrə əlavə
təlim materiallarının hazırlanması diqqət mərkəzində
saxlanmalı, mütəxəssislər bu
işə geniş cəlb
olunmalıdırlar. Ölkəmizdə yeni
nəsil dərsliklərin hazırlanması istiqamətində
hələlik ilk addımlar atılır.
Ədalət naminə demək lazımdır ki,
uğurlu nəticələrin olması gələcəyə
nikbinlik hissi
oyadır. Bununla belə, müasir
tələblər səviyyəsində dərslik
hazırlanması üçün hələ
çox mərhələlər
keçilməli, dünya təcrübəsində
mütərəqqi nə varsa öyrənilib
tətbiq edilməlidir. Xüsusilə, müvafiq
fənn kurikulumları əsasında inteqrativ
dərsliklərin tərtibi üzrə mütəxəssislərin
hazırlanması, bu sahədə ilk nümunələrin yaradılması
ümdə vəzifələrdən hesab
olunur”.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2012.- 25 fevral.- S.10-11