ORALARDA KİMLƏR VAR: XOCALI QURBANLARI
XOCALIDA BİR GECƏ...
Türkiyədə
ən nüfuzlu qəzetlərdən biri olan “YENİASYA”
(internet saytı www.yeniasya.com.tr bizdə bir çox məqamlarda
NURÇULAR adıyla tənqid olunan bir ortamın
üstünlük verdiyi,amma heç də qaraguruhçu
olmayan bir qəzet) nüfuzlu qəzetlərdən biri hesab
olunur.Türkiyədə yaşadığım illərdə
bu qəzetdə uzun zaman yazılarım çap olundu və
bu qəzetin əməkdaşlarını hələ də
sayqıyla yad edirəm.Və onların da bizim məmləkətə
simpatiyasını bilirdim. Həmin zamanlarda mən HOCALI hadisəsi
ilə bağlı bir səhifə çap etdirmişdim.Sonra
daha bir yazı yayınlatdım.Bunu xüsusi olaraq
vurğulamaq istəyirəm: Mən bilən “XOCALI SOYQIRIMI”
İFADƏSİ 1993-cü İLDƏ İLK DƏFƏ MƏNİM
YAZIMDA TÜRK MƏTBUATINDA GÖRÜNMÜŞDÜR.
Tarixin dərsləri
unudulursa tarix həmin dərsləri yenidən yaşamağa
məhkumdur. İnsanlarıyla birgə. Tarix dərs və ibrət
alınaraq yaşanmalıdır məncə. Amma bəzən
elə olur ki, tarixin dərsləri və ibrət alınacaq
şeylər unutulmadan belə,bəzi şeyləri təkrar
yaşamağa məcbur olunur. Bunun ən dəhşətli
nümunəsi:
XOCALI FACİƏSİ VƏ SOYQIRIMI
Sabah
Güneş öyle parlak doğacak ki,
Sanki gecə
hiçbir felaket yaşanmamış gibi
Ketlin Ferrier,
İngilis müğənnisi.
Oxuduğu mahnıdan
Dünyanı lərzəyə gətirən və Ermənilərin iç üzünü dünyaya
göstərən Xocalı
faciəsi Azərbaycan
torpağının bu
ağılsız müharibədə
aldığı ən
unudulmaz yaralardan biridir.
Xocalı soyqırımı unudulmaz hələm-hələm...
Unudulmaz, qan yaddaşı
olan millət tərəfindən...
Tarix belə şeyləri yaşamışdır
və insanlar da tarixlə birgə yaşamışdır
belə şeyləri. Amma insanlar dərs
almamışlar belə
şeylərdən, belə
faciələrdən ki,
onu yenidən təkrar edirlər.
Bu faciənin ağırlığını
və acılığını
bəzi türk qəzetləri dünyaya çatdıra bildilər
o zaman.
... Mən bu sətirləri yazan zaman bu
faciədən artıq
bir xeyli vaxt keçirdi. Amma bu faciəni əks ətdirən bir foto var
ki, hər gecə mənim yuxuma girir və
hər gecə olmasa da, zaman-zaman
onun acısını
yenidən yaşayıram.
Bu bir şair sözü
deyil. Bu bir poetik cümlə də deyil. Bu acı bir
həqiqətdir.
Bu yaşanılmaz bir həqiqətdir.
O fotoda əks olunan hadisə və onun altında
yazılan sözlər
bir millətin acizliyini və gücsüzlüyünü bir
sənəd kimi əks etdirir.
Mən o fotonu hər dəfə xatırlayanda arvadımın
və uşaqlarımın
üzünə dik baxa bilmirəm. Başım köksümə əyilir.
Uşaqlarımın və arvadımın bu fotodan heç xəbəri də yoxdur bəlkə. Amma neyləyim ki,
bu foto başımın
üstündən bir
Demoklis qılıncı
kimi asılmışdır.
TARİXCƏSİ BELƏDİR BU FOTONUN :
Moskvada çap olunan “Moskovski novosti” qəzetindəydi. Sanki jurnalist
də, bu şəkli çəkən
də qabaqcadan hazırlanmış bu soyqırımı bilirmiş.
Bu rus jurnalist və
bu fotonu çəkən fotomüxbir
Ermənilərlə birlikdə
bir tanka minərək Xocalıya gəlmişlər.
Jurnalist öz gözləriylə
görmüş bu qırğını və
anlatmış bu olanları :
“4-5 nəfər əlləri arxadan bağlı olaraq torpağa çökdürülmüş. 4-5 əsgər
də əllərində
avtomatla onların başının üstünü
kəsdirmişlər. Bu əsgərlər, əlləri bağlı adamların önündə
xoruzlanan əsgərlər
ermənilərdir. Namərdcəsinə gülürlər. Bu soyqırım,
bu faciə gecə gec saatlarda
olsa da,foto
çox təmiz çəkilmiş və
sanki bunu qəsdən belə montaj etmişlər və sanki bunu
azəri türklərinə
olan nifrətlərini
ifadə eləməyin
bir yolu olaraq düşünmüşlər,
dünyaya duyurmaq üçün, dünyaya
meydan oxumaq üçün.
Fotoqrafın altında dəhşətli sözlər
yazılmış. Eynən budur o sözlər:
“BU ADAMLAR MƏHSƏTİ
TÜRKLƏRİDİR. İNDİ BUNLAR
KİMDİR? BU ADAMLAR ÜÇÜN
BİR QAB BENZİN İSTƏDİK AZƏRİLƏRDƏN.
AZƏRİLƏR VERMƏDİLƏR. BUNLAR
BİR QAB BENZİN QƏDƏR DƏ QİYMƏTLİ
DEYİL. ”
Bəli, beləcə yazılmışdı fotonun
altında...
Bu nifrət hardandır bu ermənilərdə?
Əslində,kim tərəfindən deyilərsə
deyilsin və söylənilirsə söylənilsin,bu
sözlər insanlıq
adına bir ləkədir.
Yuxuma girər o foto...
Qulaqlarımda səslənər o sözlər...
Uşaqlarımın gözlərinin
içinə baxa bilmirəm.
Həmən o xoruzlanan ermənilər, rusların
xəyanətinə sığınıb
xoruzlanan erməni əsgərlər,bir az sonra əsir
düşəndə dillərini
bir qarış çıxarıb yalvaracaqlar
və biri-birilərini
satacaqlar.
Bunları da biz televiziyalarda
çox gördük. Bu müharibədə
onlara kömək eləyən rusları da, satmağa qalxan ermənilər sadəcə kim
olduqlarını göstərdilər
dünyaya...
Onlar insan deyil,
bəlkə də bir “manqurtdurlar”...
Ya elə,ya
belə. XX yüz ilin sonlarında törədilən bu vəhşi faciənin iştirakçıları olan
ermənilər bu azərilərə və bu türklərə nədən belə nifrət edirlər hələ də...
Bu vəhşilik hardandır?
... Bir zamanlar çox
böyük bir demokrat olaraq tanınan Erməni yazıçısı Qrant
Matevosyanın bir hekayəsi var. Bu hekayədə
belə yazır, Qrant Matevosyan:”bizim kənd bir türk kəndi
ilə qonşu idi. Türk insanları bizim kəndə bal satmağa gələrdilər.
Dədələrimiz türklərdən
bal alardılar. Türk insanları getdikdən sonra dədələrimiz həmən
balı əvvəlcə itə yedirirdilər, sonra biz yenə də qorxa-qorxa yeyirdik o balı. Əgər it ölməsəydi yeyərdik
o balı... ”
Bu bir erməni yazarının fikridir. Bizim günlərin yazarının
fikri.
Bunu oxuyan erməni
uşağı necə
ola bilər,
əcaba?
Bir atalar sözünü
xatırladım: “Gedər
xəncər yarası,
getməz söz yarası”...
İzahata bir ehtiyac
varmı?
... Yuxuma girər hər gecə o foto...
Türkcəsi:”YeniAsya” qəzeti, 27 sentyabr 1993.
XOCALIYA GEDƏN YOL “QARA YANVAR”dan
KEÇDİ
1.
Bütün ömrümüzə
dağıldı Yanvar
Bütün ilimizə dağıldı Yanvar
Yanvarın soyuğu əriyəmədi
yayın istisində
qızmarında da
bütün qapıları bağladı Yanvar
işə bax
ağlaya bilməyən belə ağladı
adam-adam gülüş əksildi dodaqlardan
içindən ağlayan oldu
özü göz yaşında boğulan oldu
güllədən diksinib ölənlər oldu
güllədən diksinib doğulan oldu
azğın adamların gözündən çıxan
azğın güllələr
Yanvarın yağışı,
qarı yerinə
Yağdı, nə yağdı
biçdi adamları
güllələr daraq-daraqdı
gecə yaralandı, il yaralandı
Vətən yara aldı,el yara aldı.
Haçansa, haçansa bitmişdi bu Ay
yetmiş il illərin
aralarında
itmişdi bu Ay
Bu Ayı görürdük
oxşatmayırdıq
onu bəxtimizdə aramayırdıq
Yanvara ayların Hirsi dağıldı
Ürəklərdə yara qaldı Yanvar adlı.
Oğlum,qızım –
bu dünyanın üzü belə getsə əyər
biz də qalsaq
yata-yata
qorxuram ki,
bu Yanvarın
qan qoxulu isti
ucu
sizdən sonra gələnlərə
gedib çata.
2.
Bakıda Yanvar qırğınında
beynəlxalq aləmdə qadağan olunmuş
5.45 kalibirli güllələrdən
istifadə olunub.
“Komsomolskaya
Pravda” qəzetindən.
neçə ildi yol
gəlirmiş bu Güllə
neçə dildə yol gəlirmiş bu Güllə.
gündüzdən keçə-keçə
gecədən keçə-keçə.
cavandan keçə-keçə
qocadan keçə-keçə
sağalmayan yaraları tanış Güllə
sağalmayan yaraları tanış lülə
tuşlayan da tanışdı
tuşlanan da tanışdı.
bu Güllənin yarasıyla
kimlər necə barışdı.
Allahım,
neçə ildi yol
gəlirmiş bu Güllə
atan qorxusundan sapsarı olub
bu Güllə Allaha sarı olub.
Allahından düşüb güllə
bu Güllə cavan da deyil
bu Güllə necə qarıyıb
ürəklərdə batır səsi
axı bizə tanış idi
bu Güllə də, atan da
Bir Allahım
sənə görə inandıq
bəs sən demə Allahsızmış
atan da.
bu Güllənin qara rəngi al qan oldu
itdi azadlığın içində Güllə
batdı azadlığın içində Güllə
axtarsaq, axtarsaq tapmarıq onu
gərək ki tapaq
yoxsa inanıram nəvəm yazacaq
neçə ildi yol
gəlirmiş bu Güllə
bu güllə də tanışdı
o lülə də.
bir milləti al qanına boyayan
işıq donlu qara
rəngli o Güllə
də.
tuşlayan da tanışdı.
tuşlanan da.
3.
qaranlıq gecədə bitən zəmiydik
güllərlə biçilərək əyildik
indi bənövşəyə
oxşarımız var
biz belə deyildik ,belə deyildik
bu Yanvardan o yanası yoxdu ki...
isti – isti tökülən
qan donmadı
biz görmüşdük
nə vaxt isə bu anı
demişdilər,inanmışdıq anam hey
bu inamla çöllər
qana boyandı
bu Yanvardan o yanası yoxdu ki...
unutmağı peşə bilən el varmı
bayrağımla sarıdılar yaramı
gizli-gizli saxlanılmış qatlarla
gətirdilər bu günümü,
varammı
bu Yanvardan o yanası yoxdu ki...
mənim balam, nə
düşmən ol,nə
unut
bu ağrını nə car elə, nə də ud.
harda isə bu gün durub
yenə də
aldanma ki, sən
Nəbisən,ya Qorqud
bu Yanvardan o yanası yoxdu ki...
azadlığa gedən yolda təkcəsən
hap-gop ilə tovlanma gəl təkcə sən
ölmək üçün hələ vaxt var,zaman var
ölmək asan AZAD olsa bu Vətən
bu Yanvardan o yanası yoxdu ki...
Tofiq Abdin
18.01.1991
Tofiq ABDİN
525-ci qəzet.- 2012.-
25 fevral.- S.23.