“ÜNS Yaradıcılıq Səhnəsi”ndə “012 Bakı Public Art Festivalı”nın təntənəli açılışı olub

 

“ÜNS Yaradıcılıq Səhnəsi”ndə müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatının “012 Bakı Public Art Festivalı”nın təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib. Festivalın açılış mərasimində layihənin ümumi ideyası, konsepsiyası və eləcə də yaradıcılıq prosesi gedişində toplanmış eskizlər, qeydlər, fotoşəkillər təqdim olunub.

“012 Bakı Public Art Festivalı”nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdiriblər. Rəssamlar tarixçilərlə bir yerdə məlumat toplayaraq seçdikləri yerlərin – binaların, küçələrin, parkların və hətta ayrı-ayrı eyvanların tarixini ətraflı şəkildə öyrəniblər.

Layihə martın 9-dan başlayaraq (ilk sənət işinin təqdimi) 21 həftə davam edəcək. Plan çərçivəsində hər cümə günü növbə ilə rəssamlar öz əsərlərini seçdikləri ərazidə yerləşdirib təqdim edəcəklər. Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq tamaşaçıya hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaq.

Beləliklə, rəssamlar öz əsərlərini daha açıq məkanda, geniş şəkildə təqdim edərək qalereyaların və muzeylərin yaratdıqları müəyyən məhdudiyyətdən azad olaraq tam yaradıcılıq sərbəstliyi əldə edəcəklər.

Festivalda iştirak edən rəssamların əksəriyyəti gənc nəslin nümayəndələridir və onlar yaşlı nəsillə birlikdə zəngin mədəni irslə əlaqəni qoruyaraq müasir Azərbaycan incəsənətinin inkişafı üçün çalışırlar. Sərgidə rəssamlar Altay Sadıqzadənin, Ağa Hüseynovun, Fuad Salayevin, Məmməd Mustafayevin, Hüseyn Haqverdinin, Mahmud Rüstəmovun, Teymur Daiminin, Niyaz Nəcəfovun, Mehdi Məmmədovun, Rəşad Ələkbərovun, Əli Həsənovun, Aida Mahmudovanın, Faiq Əhmədin, Leyla Əliyevanın, Fərid Rəsulovun, Sitarə İbrahimovanın, Rəşad Babayevin, Nail Ələkbərovun, Orxan Hüseynovun, Nəzrin Məmmədovanın və Şərqiyyə Rəhmanlının əsərləri nümayiş olunacaq. Tanınmış ictimai-siyasi xadimlərin, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin, incəsənət təmsilçilərinin iştirak etdikləri mərasimi “YARAT – müasir incəsənət məkanı” təşkilatının rəhbəri, rəssam Aida Mahmudova açaraq, layihənin həyata keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib: “Mən Azərbaycan incəsənətinin çoxcəhətliliyini, özünəməxsusluğunu və inkişafını göstərəcək festivalı açıq elan etməkdən çox şadam. Bütün bunlar dünyanın ən cəlbedici şəhərlərindən biri olan Bakının səhnəsində təqdim olunur. Azərbaycan mədəniyyətində təsviri incəsənət həmişə mühüm rol oynamış, Bakı isə Azərbaycan rəssamları üçün vacib bir məkan, oriyentir olmuşdur. “012 Bakı Public Art Festivalı” nikbinliyi və gələcəyə inamı ifadə edən, eyni zamanda, şəhərin tarixi ənənələrini və mədəni irsini nəzərə çarpdıran müasir incəsənət nümunələrinin çox maraqlı dəstini təqdim edir”. Aida Mahmudova festivalın fevralın 25-dən sentyabrın 1-dək davam edəcəyini vurğulayıb.

Festivalda iştirak edən rəssamlar tamaşaçılara əsərləri barədə məlumatlar veriblər.

Tədbirdə çıxış edən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva iştirakçılara təşəkkür edərək sərgi haqqında məlumat verib. O bildirib ki, anasının – görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın xatirəsinə yaradılmış “ÜNS” teatrı gənc rəssamların ilk dəfə burada öz tədbirlərini keçirməsindən məmnundur: “Bu günədək bu məkanda artistlər, yazıçılar, şairlər, ədəbiyyatçılar çıxış ediblər, lakin rəssamlar olmamışdı. Çox şadam ki, bu gün rəssamlar pleyadası bizim sevimli məkanımız “ÜNS” teatrının ənənəsini davam etdirir. Bizim ilk layihəmiz “Bakı” adlanırdı. Bugünkü layihəmiz də “012 Bakı Public Art Festivalı” adlanır. “012” öz adını Bakının ərazi kodundan götürür və festivalın mövzusunu göstərir. Təsadüfən, yoxsa reallıqdan iştirakçıların da sayı 21-dir, yəni 12 rəqəminin güzgüdə əksi kimi. Bu sərgidəki işlər rəssamların təkcə spesifik mühitini, vizual interpretasiyasını deyil, həmçinin 21 yaşdan 69 yaşa qədər olan nəslin nümayəndələrinin fikirlərini, sosial, sosioloji və mədəni dəyişiklikləri əks etdirir. Layihənin əsas məqsədi yaddaşdır, insanlığın, millətin, şəhərin yaddaşı. Yalnız yaddaş bizi böyük ideallara, cəhdlərə istiqamətləndirir. Festival çoxlu tarixi faktları əhatə edir ki, bu da geniş ictimaiyyətə indiyədək məlum deyildir. Bakı qədim şəhərdir, biz onun bütün mədəni qatlarını, bizi böyük xalqa çevirən, millətimizlə bağlı dəyərli tarixi faktları qoruyub saxlamalıyıq. Əgər biz keçmişi unutsaq, gözəl gələcəyimiz olmayacaqdır. Biz əcdadlarımızın qoyub getdiyi hər bir şeyi xatırlamalıyıq. Yaddaş hər şeyə aiddir, insan münasibətinə də, mədəni münasibətlərə də. Mən çox istərdim ki, bu layihə bizim keçmişimizlə bağlı hər bir məqamı işıqlandırsın”. Qonaqlar unudulmaz təsir bağışlayan əsərlərlə böyük maraqla tanış olublar.

Tədbirdə bildirilib ki, “012 Bakı Public Art Festivalı” çərçivəsində bir sıra mükafatlara layiq görülmüş gənc kinorejissor Rüfət Həsənov layihənin daxili həyatı və inkişafı haqqında sənədli film çəkəcək. Müəlliflərlə ünsiyyət nəticəsində rejissor layihəyə hazırlıq prosesini lentə alacaq və hər həftə sənət əsərlərinin sərgisinin açılması filmin kuliminasiyasını təşkil edəcək. Film “012 Bakı Public Art Festivalı”nın sentyabrda keçiriləcək bağlanış mərasimində göstəriləcək.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 28 fevral.- S.7.