Bir an kimi keçən ömür...

 

Bu gün görkəmli şair və publisist Səyavuş Sərxanlının doğum günüdür. Yaşasaydı indi onun 70 yaşı tamam olacaqdı. Yeddi il bundan əvvəl dünyasını dəyişən istedadlı sənət adamını nə ötən illər, nə ötən günlər bizdən uzaqlaşdıra bilmir. Hər gündə, hər ildə onun yeri görünür, ədəbiyyatımızda və poeziyamızda olduğu kimi. Şairin ömür-gün yoldaşı, AMEA-nın Folklor İnstitutunun əməkdaşı Elmira Sərxanlının “Bir an kimi keçən ömür” yazısını ixtisarla oxuculara təqdim edirik.

1963-cü il sentyabrın 2-si idi (1 sentyabr bazar günü idi). ADU-nun filologiya fakültəsinə daxil olmuşdum. Bizimlə eyni vaxtda (həmin ildə) fakültəmizin daxilində jurnalistika bölməsi də açılmışdı. Həmin günü iki fakültənin tələbələri bir auditoriyada mühazirəyə qulaq asırdıq. Çoxları mühazirəni yazırdı, o cümlədən mən də. Qəfildən qələmim yazmadı. Geri qalmamaq üçün yazıya karandaşla davam etdim. Arxadan mənə bir balaca kağız uzatdılar. Yanımda əyləşən qız kağızı alıb mənə verdi. Onu oxudum. “Niyə karandaşla yazırsınız?”. Heç məhəl qoymadan bir parça kağıza zarafatyana: “Kasıbçılıqdan qələm almağa imkanım yoxdur” – sözünü yazıb, geri göndərdim. Fasilədə naməlum müəllif özünü təqdim etdi:

– Səyavuş Sərxanlı.

Tanış olduq. Mən rəfiqələrimlə tez ünsiyyət qurdum. O da öz qrupunda çoxlu dost qazanmışdı. Fasilələrdə yığılıb diskussiyalar keçirirdik. On dəqiqəlik fasilə zamanı Səyavuş Sərxanlı o biri uşaqlardan çox seçilirdi. Günlər keçdikcə biz dostlaşırdıq. Aramızda bir səmimiyyət yaranırdı. Bu səmimiyyət onun dünyagörüşünün genişliyindən, fəlsəfi fikirlər yürütməsindən irəli gəlirdi. O, dünyada həyatın bütün girdablarına batıb-çıxmış bir insanın səviyyəsində, kifayət qədər həyat təcrübəsi olan adamlar kimi dərdli-dərdli danışar, əhatəmizdəki yaşlı nəsli də öz söhbətlərinə cəlb edərdi. Ən maraqlısı bu idi ki, yaşca ondan çox böyük olan nəslin nümayəndələri gözləri dolaraq onun dediklərinə şərik olurdular, ona “sənin gələcəyin var” deyirdilər. Bu sadə, lakin çox təvazökar, qürurlu oğlanın yaşına yaraşmayan çox qəmli gözləri, məğrur duruşu olsa da, onun nədən qəmləndiyini, nədən dolduğunu heç cür anlaya bilmirdim. Çox sonralar boynuna aldı ki, o, 1960-cı ildə əla qiymətlərlə indiki ATU-nun müalicə-profilaktika şöbəsinə daxil olub, bir qızı sevib və onu faciəvi şəkildə itirib. Sonra seminarlarda meyiti gözləri ilə görəndə diksinib və birdəfəlik Tibb Universitetini tərk edib. Şəmkirdə fəhlə, qəzetdə korrektor və s. vəzifələrdə işləyib. O, tələbə ikən insan anatomiyasının xəritəsini o qədər dəqiq çəkibmiş ki, tələbələr uzun müddət o xəritədən istifadə ediblər. İnstitutun partiya təşkilatı katibi rektorun göstərişi ilə onun dalınca gəlib instituta qayıtmasını xahiş edib. O isə qayıtmayıb. İki ildən sonra jurnalistika fakültəsi açılıb və o da həmin fakültəyə daxil olub.

1964-cü il yanvar ayının 8-də imtahandan sonra oturub söhbət edirdik və o, gözləmədiyim halda məndən doğulduğum günü soruşdu. Mən də ağlıma heç gətirmədən dedim ki, fevralın 28-i. O, güldü və zarafatyana mənə dedi ki, sən mənim pasportuma nə vaxt baxmısan? Mən heç nə başa düşmədim. Dedim ki, mən sənin pasportunu harada görə bilərdim ki?.. Sən demə, Səyavuş 1942-ci il fevralın 28-i, mən isə 1945-ci fevralın 28-i doğulmuşuq. Üç yaş fərqi ilə eyni gündə dünyaya gəlməyimiz talelərimizi bir-birinə bağladı (axı ərlə arvadın torpağı eyni yerdən götürülüb deyiblər).

Çox qəribədir ki, o, heç bir vaxt “sevirəm” sözünü işlətməzdi. Həmişə “istəyirəm” deyirdi. Uşaq vaxtından ədəbiyyata meyilli olduğumdan, həyata kitablardan gəldiyimdən ona sual verdim ki, sən niyə “sevirəm” sözünü işlətməyi xoşlamırsan?

Cavab verdi ki, insan üçün “sevgi”, “sevirəm” sözü mücərrəd sözdür, o mənada ki, sevginin ömrü çox qısadır, amma istək ömrün sonunadək davam edir. 1966-cı ildə nişanlandıq. 1968-ci ildə, universiteti bitirdikdən sonra biz evləndik. Səyavuş universiteti bitirəndə artıq “Azərbaycan gəncləri” qəzetində təcrübə müddəti keçən təcrübəçi kimi fəaliyyət göstərirdi. Qəzetin redaktoru Cəmil Əlibəyov onun xətrini çox istəyirdi. Şeirlərinin dərcinə çox yer verirdi. O, mətbuatda olduğu kimi, televiziya ekranında da gənclər üçün nəzərdə tutulmuş “Səhər” proqramının aparıcısı kimi fəaliyyət göstərirdi. Səyavuş Sərxanlı yavaş-yavaş məşhurlaşırdı.

Bir gün rəhmətlik yazıçı Fərman Kərimzadə bizə gəldi (ailəvi dost idik) və dedi ki, “Səyavuş, hazırlaş, “Ulduz” jurnalında ştat açılıb deyəsən, orada bir vakansiya yeri var, gedək, görək səni ora işə düzəldə bilərikmi”. O, bu sözləri deyib gülümsündü və əlavə etdi ki, “səni də qəbul etməsələr, kimi qəbul edəcəklər, səndən istedadlısınımı tapacaqlar?!”

O gündən, 1968-ci ilin baharından “Ulduz” jurnalında işə başladı.

Ailəmiz dörd nəfərdən ibarət idi. Ata-ana, qız və oğul. Dörd nəfər olmağımıza baxmayaraq, biz birotaqlı mənzildə yaşayırdıq. İmran Qasımov bu otağı Səyavuşa 1974-cü ildə vermişdi. Artıq 80-ci illərin ortaları idi. Səyavuşa zərbələr üst-üstə vurulurdu. Sanki gözə görünməyən bir mexanizm onun ölümünə çalışırdı. Lakin o, öz şaqraq gülüşləri ilə hər şeyin üstünə ipək bir pərdə çəkirdi. Çünki bu illərdə bizim birotaqlı mənzilimizə kimlər gəlməmişdi... Yazıçıların böyükdən-kiçiyinə kimi bu ocaqda çörək kəsmişdi. Hamısı da çox böyük razılıqla, ürəkaçıqlığı ilə özlərini evimizə məhrəm sayırdılar, sıxıntı çəkmirdilər. O evdə çox qəribə bir ərk var idi. Çox güman ki, 70-ci illərin tanınmış qələm ustalarının əksəriyyəti bizimlə eyni vaxtda oxuduqlarından (bir kurs yuxarı, bir kurs aşağı), hamı bir-birini tanıyırdı və bu da onlara özlərini sərbəst hiss etməyə imkan verirdi. Mən də onların hamısını qayğıkeş bacı kimi qəbul edir və hörmətlə yola salırdım.

Bir gün yenə uşaqlar bizim evə yığışıb dərdləşir, yeyib-içirdilər. Hamı dağılandan sonra məlum oldu ki, Səyavuşu “Qızıl qələm” mükafatına layiq görüblər. Lakin diplom yazılan gündən seyfə qoyulub, səhəri günü isə siyahıya tamam başqa bir adamın (o adamın ki, Səyavuş onlar üçün misralarını düzəldib, onlara şeir yazmaq öyrədib) adı çəkilib. İstedadı məhv etməyin yollarından biri də bu idi: “Bax, sən layiq olsan da, haqqını başqalarına veririk”... İnsanı həyatdan çiyrindirməyin nə iyrənc yolları varmış!.. Üç dəfə bu fəxri ad ona yazılıb, başqalarına verilib... Dərd bu idi ki, ailəmiz bu hadisənin üçündən də xəbərdar idi, lakin nə Səyavuş, nə də mən bir adama bu haqda giley-güzar etmədik.

Amma bir müddətdən sonra onu xəbərsiz-ətərsiz iki dəfə “Qızıl qələm” mükafatına layiq gördülər, diplom da verdilər, amma nə mənası... Artıq gec idi. O şirinlik qalmamışdı. Zərbəni zərbə dalınca alan Səyavuş artıq həyata təslim olurdu. Ürəkparası sandığı dostlarından biri ona verilmiş evini, ocağını əlindən almışdı. “Dost”u şəhərdən kənarda yerləşən üç otağını kiməsə verib, mərkəzdə Səyavuşa verilən üçotaqlı mənzilə köçmüşdü (bu da növbəti zərbə). Bunu da həzm etdi (etdik). Səsimiz çıxmadı.

1986-cı ildə “Yazıçı” nəşriyyatına təqdim olunmuş şeirlər kitabı, artıq 15 ilə yaxın idi ki, çap olunmadan nəşriyyatda yatırdı. Bir gün o, ustub addımlarla gedib, qovluğunu nəşriyyatdan götürərək evə gəlmişdi. Qovluğu görüncə bənizimdə qan qalmadı. Heç nə soruşmadım. Çünki özü məndən də betər halda idi. Dinmirdi. Sakitcə yuyunub gəlib çörəyini yedi, bir az içdi. Danışmadım. Hər ikimiz dolmuşduq. İkimizin də için-için ağlayıb boşalmağa ehtiyacımız var idi. O, öz görkəmi kimi naqis bir adamdan daha bir zərbə almışdı... İndi məni yandıran o idi ki, sən demə, o vaxtlar Səyavuş bərk ağrıyırmış. Ağrı ona güc gəldikcə, o, içkiyə meyillənir, ağrılarını sakitləşdirirdi. Onun iş otağına nə vaxt keçsəm, həmişə şamı yandırıb, onun işığına qarşısındakı vərəqə qeydlər etdiyini görürdüm. Çox kövrək olduğunu bilirdim. Ona bildirmədən gözlərinə baxırdım. Gümanımda yanılmırdım. Onun yanaqlarından yaş süzülürdü. Mən bunu heç kimə demirdim. Hər ikimiz sakitcə oturub dərdləşər və ürəyimizi boşaldardıq.

Bir səhər açılıb yerişini görəndə, hər şeyi başa düşdüm, amma üzünə vurmadım. Öz çəkisindən qat-qat ağır dərdlərini sinəsində hüznlə daşıyan Səyavuşu iflic vurmuşdu...

Şəmkirə – ata ocağına yola düşdük. O, bu ocağın həsrəti ilə 40 il Bakıda yaşadı. Həmişə də yaşadığı kəndinin, ocağının, kəhrizin, Kotan bulağının, evlərinin qarşısındakı döşün həsrətilə yaşadı. Mən özüm ona dedim ki, Səyavuş, gəl kəndə gedək, doktor Telman (qardaşı) sənə baxsın, nə lazımsa, o özü edəcək. Getdik... Arada bir dəfə onu Bakıya qaytardıq. “Suda boğulan saman çöpündən yapışar” deyiblər. Onu bir də aparata saldıq. Başında xərçəng yuva salmışdı. O, zəbt etdiyi yuvanın tam sahibi idi. Həkimlər hər şeyin çox gec olduğunu bildirib, təcili geri qayıtmağımızı məsləhət gördülər, artıq onun günləri sayılırdı. Bu gəlişi və qayıdışı özümə bağışlaya bilmirəm. Ona nə qədər əziyyət verdiyimi, yolda onu nə qədər narahat etdiyimi düşündükcə, onun bir günlük geri qayıtması üçün nələri qurban verərdim, anlada bilmərəm. Amma... çox gec idi... 40 il Şəmkirə köçməyə can atan Səyavuşu bu qayıdışı ilə əbədilik Şəmkirə qaytardım və bir gündən sonra onu altı qardaş (onlar yeddi qardaş, bir bacı idilər), bir bacıya, ata və anasına tapşırıb geri qayıtdım.

O zaman heç təsəvvür edə bilməzdim ki, mən bütün həyatımı da Səyavuşla birgə qəbrə gömmüşəm. Ondan ayrılmaqla mən həyatdan ayrıldım. Geri dönəndən sonra hər şeyim ola-ola, “qeyrətlilər sayəsində” heç nəyin sahibi ola bilmədim. Sən demə, mən həyatımın davamını da Səyavuşla birgə basdırmışam. Yaşayıram, amma yoxam...

 

 

525-ci qəzet.- 2012.- 28 fevral.- S.7.