Nə bilim,
nağıldır dünyanın işi...
Elə bu an həmişə
yaradıcılığına və şəxsiyyətinə
hörmət bəslədiyim, hiylədən, hikkədən
uzaq, varını verməkdən çəkinməyən, əlində
olanı ehtiyacı olanlardan əsirgəməyən, həmişə
üzü gülər, dostdan, eləcə də düşməndən
belə (onun düşməni yox idi) köməyini əsirgəməyən,
fevralın 28-də 70 yaşı tamam olan, lakin 2 iyul 2005-ci ildə
əbədi olan həyata əlvida deyən, xüsusi ustada da
malik gözəl şair, məhsuldar publisist, duyğulu tərcüməçi
Səyavuş Sərxanlının kitabı şeirləri ilə
üz-üzə, baş-başayam. Daha mənimlə onun
özü yox, söz cildinə girmiş şeir qiyafəli Səyavuş
Sərxanlı danışacaq. Oxuduqca, düşündükcə,
məni sevindirəcək də, qəmləndirəcək də!
Başa düşəcəyəm ki, aradan ötən bu illərdə
nə dərdi dəyişib, nə istəyi.
“Azərbaycan yazıçıları”
(Nurlar 2011) ensiklopedik məlumat kitabında Səyavuş Sərxanlının
23 fevral 1943- cü ildə anadan olduğu qeyd edilsə də,
o, 28 fevral 1942-ci ildə Şəmkirin şəhərə
birləşən Sərxan kəndində dünyaya göz
açıb. Özünün söylədiyinə görə
elə ilk dəfə ədəbiyyata da S.Sərxanlı
imzası ilə qədəm qoyub. O, ana yurda –ilk göz
açdığı doğma kəndinə
vurğunluğunu təkcə imzasında yox,
ömrünün sonunadək qəlbinin ən uca zirvəsində
yaşatdı.
İlk tanışlığım
1981-ci ildən olsa da, onun anadan olduğu kəndi gedib görmək
mənə qismət olmadı. Hər görüşəndə,
müəyyən məclislərdə də birlikdə
iştirak edəndə doğulduğu Sərxan kəndi
haqqında o qədər sevinc ilə, o qədər həsrətlə
danışırdı ki, mənə hərdən elə gəlirdi
ki, mən nə vaxtsa Səyavuş Sərxanlının Şəmkirdəki
ata evində dəfələrlə olmuşam. O müqəddəs
tut ağacının altında dəfələrlə oturub,
gur axan “Başına döndüyüm ulu kəhrizin” sərin
suyunda yuyunub sərinləmişəm (bu gün də belədir).
Sağlığında nəşr olunmuş 8 şeir, 5 tərcümə
kitabının hansı vərəqini açıb oxuyursan,
ondan torpaq, yurd, kəhriz, gül-çiçək qoxusu gəlir.
Şeirlərinə ardıcıl nəzər saldıqda
dünyaya, dünya hadisələrinə
baxışının anbaan dəyişdiyini, münasibətinin
fərqini duyursan. O, bir neçə misrada həyatının
bütün dönəmlərini ard-arda düzərək
yazır:
Uşaq olub şirni aldım əlindən,
Cavan olub
yerə dəydim belindən,
Baş açmadım
fitnəsindən, felindən,
Qəmində gül, gülündə
qar dünyadı.
S.Sərxanlının sevinci də, fərəhi də, qəmi də, kədəri də şeirdir, şeirə dönmüş misralardır. Onun yaratdığı misralar
gur yanan ocağın üstündə
qaynayan qazana bənzəyir. Bu ocaqda
yanan-bu qazanı qaynadan odun-ocaq, kötük-çırpı deyil,
onun qəlbinin odudur, ürəyinin alovudur ki, onun
istisindən, alovundan güclü heç bir od-ocaq ola bilməz. Onun ömrü gün-gün, həftə-həftə
bu şeir ocağında əriyib külə dönür! Xeyr, çaşdım, gözəl-gözəl
misralara, şeirlərə
dönür. Bu şeirlərin
hasilə gəlməsi
üçün bəzən
baş götürüb
dünyadan uzaqlaşır:
O, həyatı, dünyanı sevir, həm də ağlasığmaz məhəbbətlə
sevir. Səyavuş Sərxanlı üçün
bu həyat torpaq da, su
da, gecə də, gündüz də, öz rəngarəng keşməkeşi
ilə əvəz olunmazdı. Bu həyatın toyu da, yası da,
lap ölüm gətirən
qara günü də ona xoşdur,
çünki bu həyatdır; öz donumu, ləngərini dəyişməyən həyat.
Bu istəklə o yazırdı:
Qəbul et
həyatın bünövrəsini,
Qəbul et
ağ günü, qara yası da.
Qəbul et
həyatın ulu səsini,
Xoşdur gülməsi də,
ağlaması da.
Səyavuş üçün təbii
olan hər şey xoş idi, qəbul idi. O düşünürdü
ki, həyat toy və yasdan ibarət olduğu kimi, həyatda yaşayanlar da mütləq və mütləq yaxşılardan
və pislərdən
ibarət olmalıdır.
Əgər belə deyilsə,
bu həyat anormaldır, sünidir, qondarmadır. Ona görə
də ətrafını
bəzəyənlərin, onun
müvəffəqiyyətinə sevinənlərin də, istedadına həsəd aparıb, ona badalaq gələnləri də sevirdi.
Səyavuş xisləti pis olub, qəlbində kin, nifrət gəzdirənlərə
pis insan kimi nifrət etmir. Hər bir kəsi ulu tanrının yaratdığı bəndə
kimi, tanrı payı, dünya yaraşığı kimi
qəbul edir. Onları dəyişdirməyə, düz
yola çəkməyə
çalışır.
Səyavuşun şeirlərini oxuyanda
həmin sətirlərin
insan qəlbindən çıxdığına inanmaq
çətindir. İnanmaq olmur
ki, bu misralar
insan hissinin, duyğusunun məhsuludur.
Deyəsən, heç
onun özü də yazdıqlarının
onun öz qələmindən çıxmasına
inamır və bunu etiraf etməyə
məcbur olur:
Şeir də
çörəkdir, duzdu-yeyilən,
Ondan üz
çevirmək günah
işidir
Bu şeir deyilən, bu söz deyilən
Allaha and olsun, Allah işidir.
Şair dediklərinə
oxucularının inanmadığını
düşünərək, onları inandırmaq üçün Ulu Tanrıya and da içməyə məcbur
olur ( doğrudan
da belədir).
S.Sərxanlı hansı işdən yapışırdısa,ilk
öndə vicdanının
səsinə qulaq asırdı. Hər kəsi vicdanlı
olmağa, bütün
qanun və qaydaların tələblərindən
əvvəl, vicdanın
səsinə qulaq asmağa ilk növbədə
onu dinləməyə
çağırırdı. Əlindən nə gəlirdisə ehtiyacı
olanın qurbanına çevirirdi, yanına şeir gətirən gənclərə elə qayğı,elə səmimi yanaşırdı
ki,yanına bir dəfə gələn yenidən öz əziz adamının yanına qayıdan kimi dönürdü.
Başqalarına göstərdiyi səmimi münasibət bumeranq kimi onun özünə
qayıdırdı.Bunun üçün
də hamını vicdanlı olmağa,vicdanlı yaşamağa
çağıraraq deyirdi.
Ömür nur
çeşməsi-
Coşub axacaq......
Bir addım
səsidir
Hər addım səsi.
Vicdandan qırağa
bir addım atmaq-
Ömrün alçalması,
Ləkələnməsi!
Çox yazmaq olar, çox danışmaq olar S.Sərxanlı haqqında. Çünki bitib – tükənməyən
dağların döşündən
fışqırıb çaylara
qoşularaq ümmanlara
axan əbədi bir bulaqdır – söz bulağıdır
onun yaradıcılığı.
İllər keçəcək, bu əsərlər hər bir oxucunu
ağuşuna alıb
sonsuzluqlara aparacaq.
Şeir də qalacaq, söz donuna bürünmüş onu yazan şair də, ancaq bircə şey olmayacaq. Bunu isə S.Sərxanlının
öz dostu Vidadiyə həsr etdiyi şeirlə demək istəyirəm.
Ölüm qara
yeri bir yol da böldü,
Bir də at oynatdı
qəmin sağ-solu.
Səyavuş ölmədi, ruhumuz öldü,
Bir də yetim qaldı yazı stolu.
Sərdar ZEYNAL,
Filologiya elmləri namizədi
525-ci qəzet.- 2012.-
28 fevral.- S.7.