“Azərbaycan” jurnalı: 90 il əvvəl başlayan tarixi yol davam edir

 

BAŞ REDAKTOR İNTİQAM QASIMZADƏ: “İL BOYU JURNALIN BİR-BİRİNDƏN MARAQLI, OXUNAQLI NÖMRƏLƏRİNİ HAZIRLAYIB BURAXMAQLA “AZƏRBAYCAN”ın 90 YAŞINI QEYD EDƏCƏYİK”

 

Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanı olan “Azərbaycan” jurnalının bu yaxınlarda 89 yaşı tamamlandı. 90 illiyinə qədəm qoymuş jurnalın baş redaktoru İntiqam Qasımzadə ilə görüşüb, “Azərbaycan”ın keçdiyi tarixi yol və dərginin indiki durumu haqqında söhbətləşdik. İ.Qasımzadə 1997-ci ildən “Azərbaycan” jurnalının baş redaktorudur. Jurnalda isə o, 1976-cı ilin yanvarından çalışır.

 

– Azərbaycan jurnalı 1923-cü ildə Xalq Maarif Komissarlığının qərarı ilə yaradılıb. İlk baş redaktoru görkəmli ictimai-siyasi xadim və yazıçı Tağı Şahbazi Simurq, ilk adı “Maarif və mədəniyyət” olub. Yarandığı dövrdə jurnal indi olduğu kimi sırf ədəbi-bədii orqan deyildi, həm ədəbi-bədii, həm ictimai-siyasi, həm də elmi-publisistik bir dərgi, yəni geniş profilli, maarifçilik amalına xidmət edən bir mətbu orqan idi. Əsas məqsəd yeni yaranmış dövlətin vətəndaşlarının və gələcək nəsillərin maarifləndirilməsində, tərbiyəsində yaxından iştirak etməkdi. Burda xüsusi bir nüans axtarmağa ehtiyac yoxdur. Yəni klassik ədəbiyyatımıza qarşı bir alternativ deyildi. Əslində heç elə bir jurnal da yox idi ki, onun əleyhinə və ya əvəzinə yaradılsın. Bu jurnal ədəbiyyata daha çox yer ayıran yeganə mətbu orqan idi. “Molla Nəsrəddin” və digər jurnallar olsa da, onların missiyası fərqli idi. Nəinki Azərbaycanda, bütün Şərqdə bu jurnalın analoqu yox idi.

 

JURNALI YARADANLAR VƏ ONUN ƏTRAFINDA  BİRLƏŞƏNLƏR XX ƏSR AZƏRBAYCAN ZİYALILIĞININ QAYMAQLARI İDİ.

 

Onlar yeni dövrdə milləti maarifləndirməyə çalışan, qabaqcıl fikirlərin maarifçiliyin millətə çatdırılmasına səy edən, böyük amallarla yaşayan maarifpərvər insanlar idilər. Jurnalın ilk nömrələrində də bunu açıq-aydın görmək mümkündür. Jurnalda həmçinin ictimai siyasi hadisələr, dünya ədəbiyyatından tərcümələr də işıqlandırılırdı. XX əsrin əvvəllərində, indiki dövrdən fərqli olaraq, dünya ədəbiyyatı ilə tanışlıq çox zəif idi. Jurnal yaranan ədəbiyyatın toplusu idi, bu mənada ona irad tutmaq çətindir. Lakin ədəbiyyatda gedən proseslərin qiymətləndirilməsinə həsr olunmuş məqalələrdə jurnalın bir çox hallarda mürtəce mövqedə durduğunu da görə bilərik. Çünki kolxoz quruculuğunun, istehsalat prosesinin, fəhlə həyatının təsviri, problemlərə göz yummaq tələb olunurdu və bu tələblərə cavab verməyənlər “cəmiyyətimizə, həyatımıza yad əsər”, müəllifi isə “düşmən ünsür” adlandırılırdı. Bunun ardınca nələrin olmasını xatırlatmağa ehtiyac yoxdur. Lakin jurnal 30-40-cı illərdə də qarşısına qoyduğu vəzifəni-maarifçilik missiyasını ardıcıl şəkildə yerinə yetirmişdi. Sovet ideologiyasının hər sahəyə nüfuz etməsilə ortaya çıxan hallar jurnaldan da yan ötüşmürdü, jurnalın adını tez-tez dəyişdirib ruslaşdırsalar da, dəyişən təkcə ad idi. Azərbaycanın ən qocaman ədəbi-bədii jurnalı repressiya, müharibə kimi çətin dövrlərdə baş verənləri özündə əks etdirə-etdirə, xalqdan ayrı düşmədən öz missiyasını yerinə yetirməkdəydi.

 

“AZƏRBAYCAN”ın NƏŞRİNDƏ HEÇ VAXT FASİLƏ YARANMAYIB

 

Yarandığı gündən indiyə kimi müntəzəm çap olunur. Sadəcə jurnalın adını tez-tez dəyişiblər. Sovet imperiyasının ruslaşdırma siyasəti özünü cəmiyyətin bütün sahələrində göstərirdi. Bu proses addım-addım gedirdi. İyirminci illərin ikinci yarısı və otuzuncu illərdə müxtəlif siyasi kampaniyalarla ədəbiyyat və incəsənətə ideoloji təzyiq getdikcə güclənirdi, müstəqil düşünməyə cəhd göstərən sənətkarlar zindanlara atılmışdı. Bu elə dövrdü ki, jurnalın adı da respublikanın ideoloji rəhbərlərini artıq təmin etmirdi: “Maarif və mədəniyyət”dən sonra adını “İnqilab və mədəniyyət”, sonra Azərbaycan dilində sözlərin qarşılığı olsa da, jurnal “Revolyutsiya və Kultura” adlanmağa başladı. Təbii, jurnalın adını yuxarı idarələr təyin edirdi. Bunun jurnalın ideyasına, missiyasına aiddiyyatı yox idi. Jurnalın rəhbərləri öz məqsədlərinə doğru yolla getməyə, xalqı maarifləndirməyə davam edirdilər. O dövrün Azərbaycan jurnalının inkişafı cəmiyyətin inkişafı ilə paralel gedib, müharibə illərində jurnal “Vətən uğrunda” adı ilə çap olunub. 1953-cü ildən isə “Azərbaycan”jurnalı adıyla çıxır. Azərbaycan dövləti, xalqı hansı mərhələdən keçibsə, jurnal da həmin dövrdən keçib. Repressiya, kollektivləşmə, qolçomaqlıqla mübarizə kimi hadisələr, bütün cərəyanlar, izmlər jurnalda öz əksini tapıb. Jurnal əvvəl başqa missiya ilə yaradılsa da, əsasən bir dərslik kimi gənclərə ünvanlanan maarif jurnalı olsa da, tədricən tamamilə ədəbiyyat jurnalı oldu. Ədəbiyyat həyatda baş verən hadisələrin, cəmiyyətdəki prosesləri həmişə əks etdirir və jurnal bu ədəbiyyatın göstəricisidir, yəni olanımız budur.

 

JURNAL ƏDƏBİYYATIN MÖVCUD SƏVİYYƏSİNİN GÖSTƏRİCİSİDİR

 

Əlbəttə, bu o demək deyil ki, jurnal aşağı zövqlü insanların səviyyəsinə enməlidir. Amma ümumi göstərici göründüyü kimidir. Qəzetçilikdə təşkilatçılıq işin əsasıdır. Jurnal isə seçimlə, ədəbi-bədii mətnlərin meydana çıxarılması elə məşğuldur. Biz də ədəbiyyatda nə varsa, ondan çıxış edirik, işimiz seçimdir. Represiyya dövründə də ədəbi aləmdə geniş müzakirələr gedirdi və bu da ədəbiyyatda özünü göstərirdi. O zaman Hüseyn Cavid, Əhməd Cavad kimi insanların üzərinə düşüblər, hücumlar olub və bunların hamısı jurnalda da əksini tapıb, həmin dövrü jurnaldan öyrənmək mümkündür. Yaxşı ki, bu mətbu orqanlar olub və ədəbiyyat tariximiz yazılıb. Kommunist tənqidçilərinin amansız hücumları jurnalda əks olunub. 20-30-40, hətta 50-ci illərin sonlarına qədər ədəbiyyat çox sərt ideoloji pressinq və amansız senzura şəraitində yaradılıb. Bununla belə, o illərdə də bir çox yazıçılarımız dövrün amansız, gerçək mənzərəsini verməyə, imkan daxilində müəyyən həqiqətləri deməyə cəhd göstəriblər. Ölkədə hökm sürən mənəvi terror, repressiyalar, başqa cür düşünənləri çörəklə imtahana çəkmək bədii təsvirin diqqətindən kənarda qalsa da, bunları yazmaq yasaq edilsə də, ədəbiyyat həyat salnaməsini yazmağa qismən nail olub. O dövr ədəbiyyatımızın real mənzərəsi, jurnalın həmin illərdəki saylarını nəzərdən keçirdikcə, bütün çalarları ilə göz önündə canlanır.

 

“AZƏRBAYCAN” JURNALININ QIZIL DÖVRÜ HANSI İLLƏRƏ TƏSADÜF EDİR”

 

sualına cavab axtaranlara jurnalın tarixinə diqqətlə nəzər salmağı məsləhət görürəm. Bu sualı mənə verənlərin çoxu Əkrəm Əylisli dövrünü vurğulayacağımı gözləyir. Əslində, jurnalın qızıl dövrü, elə ədəbiyyatımızın qızıl dövrüdür. Ədəbiyyatımızın qızıl dövrü, daha doğrusu, oyanışı, intibahı 60-cı illərdir. Qəribədir ki, təkcə Azərbaycanda deyil, Rusiyada da, Ukraynada da, bir sözlə bütün SSRİ-də, ədəbiyyatda, mədəniyyətin bütün sahələrində, rəssamlıqda bir oyanış baş vermişdi. Bunu Stalinin vəfatından sonra, Xruşşov şəxsiyyətə pərəstişi ifşa etdikdən sonra totalitar rejimin buzlarının əriməsiylə, cəmiyyətdə demokratik meyillərin artmasıyla, sənətin sosrealizmin məngənəsindən qurtulmasıyla əlaqələndirirlər. Bəs axı, Amerika Birləşmiş Ştatlarında, Latın Amerikası ölkələrində, Avropa ölkələrində 60-cı illərdə ədəbiyyat da, sənət də oyanış mərhələsi ilə izah olunur. Bu nüans çox maraqlıdır, bu məni həmişə düşündürüb, hətta bu haqda yazmışam da. Bunun səbəbini dərin qatlarda axtarmaq lazımdır.

 

İSMAYIL ŞIXLI JURNALDA KÖKLÜ DƏYİŞİKLİKLƏR ETDİ

 

“Azərbaycan” jurnalında durulma prosesi, sənət baxımından səviyyəli əsərlərə yaşıl işıq yandırılması İsmayıl Şıxlının dövründən başlayıb. 1976-cı ildə yazıçı, pedoqoq və əsl maarifçi İsmayıl Şıxlı “Azərbaycan” jurnalına gələndə mən tənqid şöbəsinin müdiri idim. Yadımdadır ki, redaksiyanın şkafında onlarla pyes, cild-cild romanlar yatıb qalmışdı, tozlanmışdı. Müəlliflərə vaxtında cavab verilmirdi, redaksiyada ədəbiyyatın avtoritetləri qarşısında bir qorxu hissi var idi. O dövrün ədəbiyyatına, mətbuatına nəzər salsaq, üzdə olan cəmi bir neçə imzanın şahidi olarıq. Gənclərin üzə çıxması, “Azərbaycan” jurnalında çap olunması böyük problem idi. Avtoritet dediklərim yazıçılar jurnalda epopeyalarını çap etdirməklə nömrəni tuturdular və jurnalın da müəyyən olunmuş həcmi var axı. Gənclər də əsasən “Azərbaycan gəncləri”, “Ədəbiyyat” qəzetlərində xırda hekayələrlə kifayətlənməli olurdular. Onlar üçün elə maneələr vardı ki, onlar roman yazmağa heç cəhd göstərmirdilər. Daha sonra “Ulduz” jurnalı yaradıldı və 60-cılar adlandırılan nəsil əvvəlcə həmin jurnaldan keçdilər. 1962-63-cü illərdə Qılman İlkin “Azərbaycan” jurnalında Vaqif Səmədoğlu, Əli Kərim və digərlərinə yer ayırırdı. Amma bu hallara az rast gəlinirdi. Bunu İsmayıl Şıxlı nizama saldı. Onun gördüyü ən böyük iş avtoritetlərə, ad-sana, rütbəyə qoyduğu maneə oldu. İsmayıl Şıxlı üçün əsərin özü vardı. Elə olurdu ki, o, bəzi xalq yazıçılarının dalbadal iki-üç əsərini qaytarırdı. Amma təzyiqlərə görə başı çox ağrıdı və iki ildən çox jurnalda qala bilmədi. Həmin xalq yazıçıları, şairləri təzyiq göstərməyə başladılar.

O vaxt jurnalın işinə Mərkəzi Komitədən də qarışırdılar. Jurnal çap olunmamışdan əvvəl hər nömrəsinin planını, əsərlərin siyahısını Mərkəzi Komitəyə göndərməli olurduq, əsərlərin qarşısına çoxlu suallar düzülürdü və hər dəfə müxtəlif fəndlərlə o sualları sildirirdik. Belə bir şəraitdə İsmayıl Şıxlı Anarın Cəlil Məmmədquluzadə haqqında həqiqəti açıb deyən “Anlamaq dərdi” kimi çox cəsarətli əsərini jurnalda çap etdi. Onu senzuradan keçirmək üçün İsmayıl müəllim özü dəfələrlə Qlavlitin rəhbəriylə görüşdü, hətta səsini qaldırmalı oldu, Mərkəzi Komitəyə müraciət etdi və nəhayət, əsərin çapına icazə aldı. Eləcə də, bir çox başqa əsərlər jurnalda işıq üzü gördü. Kiflənmiş, tozlanmış əsərlərin “Azərbaycan” jurnalında çapının qarşısı alındı. İsmayıl Şıxlının etdikləri Əkrəm Əylisli dövrünün başlanğıcı idi. Artıq yol təmizlənmişdi və Əkrəm Əylisli üçün cığır açılmışdı. Sanki böyük bir buldozer qar yağmış yolları təmizlədi və ardınca Əkrəm Əylisli gəldi. Ümumiyyətlə, 70-80-ci illərdə jurnalın “naxışı gətirirdi”. İsmayıl Şıxlı, ardınca Əkrəm Əylisli, sonra Cabir Novruz və nəhayət, Yusif Səmədoğlu. Adlar özü çox şey deyir.

 

ƏKRƏM ƏYLİSLİ JURNALIN TARİXİNDƏ, ŞÜBHƏSİZ, YAXŞI BİR İZ QOYDU.

 

Durğunluqdan sonra təmizləmə işlərinin aparılması ilə gənclərə meydan açıldı. Həmin dövrdə “orijinaldan tərcümə” rubrikası nə qədər gülməli olsa da, bizim üçün yenilik idi. Bu rubrika hər hansı xarici vətəndaş üçün gülünc görünə bilərdi, çünki tərcümə elə orijinaldan olmalıdır. Amma Azərbaycan ədəbiyyatında, ümumiyyətlə, Azərbaycanda bu, yenilik idi. Adətən xarici ədəbiyyat Azərbaycan dilinə ikinci dildən, əsasən rus dilindən tərcümə olunurdu. Əkrəm isə nisbətən gənc, çevik və yüksək ədəbi zövqlü insan idi. Əkrəm İsmayıl müəllimin yığdığı kollektivdən saxlamaqla bərabər, özünün də etimad göstərdiyi adamları jurnala cəlb elədi. Məni də jurnalda saxladığı üçün bu illər arxasından ona təşəkkürümü bildirirəm. Hətta vəzifəmi məsul katibliyə qaldırdı. Və biz birlikdə işləməyə başladıq. Nadir Cabbarov, Dilsuz Mustafayev, Natiq Səfərov, Məmməd Oruc, İsa İsmayılzadə jurnala gəldi və çox gözəl bir kollektiv yaradıldı. “Azərbaycan” jurnalı kimi qalın, ciddi jurnalları heç kim, heç vaxt tək çıxarmayıb, onu hazırlamaq üçün komanda lazımdır, bir məsləkə xidmət edən əməkdaşlar olmalıdır. İndi görülən işlərdən danışsam, bir qədər yaxşı səslənməz, amma həqiqətən də, çox işlər gördük. Dostoyevski, Eynşteyn haqqında, dünyanın başqa korifey yazıçıları, alimləri, görkəmli siyasətçilər haqqında fərqli baxış bucağı altında yazılar verirdik. Bu, yeni mərhələdə jurnalın yarandığı dövrdəki ilkin missiyasına-maarifləndirməyə qismən də olsa, qayıdış idi. Əkrəm Əylisli deyirdi ki, Azərbaycan ziyalılarının bir hissəsi Bakıda olsa da, böyük qismi rayonlarda, kəndlərdədir və onlar əsasən, ana dilimizdə oxuyurlar. Ona görə həmin ziyalıların dünya ədəbiyyatından, yeni meyllərdən elə də xəbərləri yoxdur. O vaxt rayonlarda hamının evində “Azərbaycan” jurnalı var idi, jurnal 72 min tirajla çıxırdı. Əkrəm deyirdi ki, onların müasir dövrün ziyalısı, savadlı müəllimi olmalarında biz də rol oynamalıyıq, onları da nəzərə almalıyıq.

70 il sovet rejimindən sonra 90-cı illərdə baş verən siyasi proseslər, ideologiyanın yenilənməsi və Qarabağ hadisələri jurnalda, ədəbiyyatda mövzu problemi yaratdı, yazıçılar üçün yeni ağrılı mövzular, eyni zamanda müstəqilliyin sevinci vardı. “Azərbaycan” jurnalı isə ədəbiyyatın müasir göstəricisi kimi öz tarixi missiyasını davam etdirirdi.

Bu proseslərin jurnala təsiri mənfi və müsbət təsirləri vardı. Mənfi o idi ki, elə böyük hadisələr baş vermişdi ki, yəni sosializmdən kapitalizmə keçid elə sürətlə baş verdi ki, kapitalizmin simasını tanımaq mümkün deyildi. Əhali artıq sosializmdən iyrənirdi və həmin ideologiyaya qulluq edən yazıları oxumaq istəmirdi, eyni zamanda yazıçılar daha yazmaq istəmirdilər. Cəmiyyətdə, siyasətdə elə köklü dəyişikliklər baş verdi ki, bunlar ədəbiyyatda birdən-birə dərhal əksini tapa bilməzdi. Zamana ehtiyac vardı. Hadisələr artıq öz simasını tapanda, müəyyən şəkil alanda ədəbiyyat onu görür. Necə ki, böyük dağı görmək üçün kənara çəkilmək lazımdır. Həyatda baş verənlər ədəbiyyatda, xüsusən nəsrda, iri həcmli romanlarda illər keçdikdən sonra əksini, bədii həllini tapır. Heminquey Birinci Dünya Müharibəsindən illər sonra “Əlvida, silah” romanını yazdı, Həmçinin Remarkın əsərləri də elədir. Amma publisistika operativ olaraq prosesin getdiyi dövrdə ona müdaxilə edə bilər.

 

“AZƏRBAYCAN ” JURNALI HEÇ VAXT REYTİNQ ÜÇÜN VURNUXMAYIB

 

“Ulduz” jurnalıyla “Azərbaycan” jurnalı eyni yaradıcılıq birliyinin mətbu orqanları olsa da, fərqli auditoriyalara ünvanlanırlar. Digər jurnal və qəzetlər, hərəsinin ünvanlandığı öz oxucusu var.”Ulduz”, bayaq dediyim kimi, yarandığı dövrdən gənclər üçün nəzərdə tutulmuşdu. Həmin dövrdə bunu yaratmaq asan məsələ deyildi. Zaman keçdikcə jurnal ədəbiyyatımıza böyük töhfələr verdi. Cabir Novruzun dövründə Əkrəm Əylislinin, Anarın, Sabir Əhmədovun, Anarın əsərləri o jurnalda işıq üzü görüb.

“Azərbaycan” jurnalı heç vaxt reytinq üçün vurnuxmayıb. Hər jurnalın öz müəllif heyəti var. Açığını desək, hansı redaktor, redaksiya daha çevik tərpənirsə, sağlam mövqe tutursa, istedadlar da ora axışırlar. Əkrəm Əylislinin də, Yusif Səmədoğlunun vaxtında da hamı bilirdi ki, bu jurnal müasir ədəbiyyata yer ayıran, istedadların qədrini bilən adamındır. Yazıçı uşaqdan da kövrəkdir, harda xoş üz görürsə, o qapıya gedir. Ona görə də Yusif Səmədoğlunun vaxtında “Ulduz” jurnalı daha çox maraqlı yazılar verirdi, sonra Yusif “Azərbaycan” jurnalına gəldikdən sonra həmin müəlliflər bura üz tutdular. Hər jurnalın öz sifəti var. Arada elə jurnallar olur ki, ədəbiyyatdan daha çox cığallıq eləməklə, kimlərəsə sataşmaqla gündəmə gəlir. Bizsə ədəbiyyatla məşğul oluruq, “şəxsiyyətlərlə” işimiz yoxdur. Ədəbiyyat haqqında ciddi söz demək mümkündür, amma lağlağı etmək, şəbədə qoşmaq, qulp qoymaq ədəbiyyatdan uzaqdır. “Alatoran” və bu kimi jurnallarda yazan müəlliflərin çoxunu tanıyıram. “Azərbaycan” jurnalının köhnə nömrələrinə baxsanız, onların ilk yazılarının məhz burda çap olunduğunu görərsiniz. Məsələn, Murad Köhnəqala çox istedadlı adam və şairdir. Lakin hər kəsin öz fikri var, onlar bir yerə yığışıb ədəbiyyatda nəsə eləmək istəyirlərsə də, hələ ciddi nəticə müşahidə olunmur.

Hazırda Azərbaycan ədəbiyyatı cəbhələrə bölünmüş kimi görünür. Ədəbiyyat yaratmaqdansa daha çox təhqirlə, şəxsi intriqalara getməklə məşğul olanlar var. Ancaq “Azərbaycan” jurnalı şəxslərə deyil, yazılara qiymət verir. Yaxşı yazısı olan, buyursun!

Ədəbiyyatda cəbhələrə bölünmə tarixən olub. XIX əsrdə rus ədəbiyyatında hər jurnalın ətrafında öz müəllif qrupu yığışıb. Onlar arasında müəyyən ideoloji yaxınlıq, əməl qohumluğu olub. Azərbaycanda bu cəhət bir o qədər də qabarıq deyil. “Azərbaycan” jurnalı AYB-nin orqanı olduğu üçün hətta ən çətin illərdə müxtəlif təbəqələrə hesablanıb, bütünlükdə Azərbaycanı əhatə edib. Düzdür, elə yazılar olub ki, kimlərisə tənqid etmək məqsədi daşıyıb, sovet ideologiyası mövqeyindən yazılıb. Amma daha çox bitərəf olub, ədəbiyyatın özündən çıxış edib.

 

İSTEDADLI YAZIÇILARIN ƏSƏRLƏRİ LƏNGİMİR, DƏRHAL NÖMRƏYƏ QOYULUR

 

Mən artıq 15 ildir ki, “Azərbaycan” jurnalının baş redaktoruyam, amma elə əvvəllər də jurnalın işində fəal iştirak edən əməkdaşlardan olmuşam. Mənim prinsipim belədir ki, oxuduğun əsərə qərəzsiz yanaşmalısan. Bəziləri AYB-nin rəhbərliyinə ağız büzür, kimisə qəbul etmir, hətta belələrinin də yaxşı yazıları olduqda biz jurnalımızda çap edirik. Əgər yaxşı yazın varsa, buyur. Yəni istedadın qabağında qapılarımız açıqdır, biz heç kimin üzünə qapılarımızı bağlamamışıq. Bəzi müəlliflər deyir ki, yazılarımız, şeirlərimiz yubanır. Cavab olaraq bildirim ki, bizdə istedadlı yazılar ləngimir, hətta olur ki, elə həmin ay işıq üzü görür. Lənkərandan Anar Həbiboğlunun, Tərlan Əbilovun şeirləri gəldikdə, biz onları dərhal elə növbəti nömrəyə qoyuruq. Jurnalı jurnal edən istedadlı yazılardır. İstedadlı adamlara növbə yoxdur.

“Azərbaycan ” jurnalı yanvarın 28-dən 90 yaşına qədəm qoyub. Bir əsrə yaxın tarixi yol keçən, özündə klassiklərdən tutmuş müasir dövrə kimi ədəbiyyata yer verən bu jurnalın yubileyini biz özümüz, şübhəsiz ki, keçirəcəyik. Amma dövlət bu yubileyə nə qədər diqqət ayıracaq, onu deyə bilmərəm. Biz, jurnalın əməkdaşları il boyu yaxşı, bir-birindən maraqlı nömrələr buraxmaqla 90 yaşımızı qeyd edəcək, Azərbaycan xalqının, ədəbi ictimaiyyətin qarşısına alnıaçıq çıxmağa çalışacağıq. Məqsədimizə nə dərəcədə nail olacağıq, bunu gələcək göstərər.

 

 

Pərviz SADIQOV

 

525-ci qəzet.- 2012.- 28 fevral.- S.6.