Xocalı soyqırımının 20-ci ildönümü Gənc Tamaşaçılar Teatrında qeyd olunub

 

Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında anılıb. Teatrda yazıçı-publisist Vaqif Əlixanlının “Hardasan, oğul” əsəri əsasında səhnələşdirilən “Əcəl atı” tamaşası nümayiş etdirilib.

Tamaşadan əvvəl çıxış edən teatrın quruluşçu rejissoru Ağalar İdrisoğlu Xocalı faciəsini xalqımızın başına gətirilən ən qəddar soyqırım aktı adlandıraraq, torpaqlarımız uğrunda tökülən qanların yerdə qalmayacağına əminliyini vurğulayıb. Onun sözlərinə görə, bu əminlik ölkə prezidentinin uğurlu siyasəti ilə sıx vəhdət təşkil edir. Faciə haqqında statistik göstəriciləri xatırladan rejissor soyqırımın mənəvi zərərlərini diqqətə çatdırıb.

Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edildikdən sonra tamaşa nümayiş olunub. Yüksək vətənpərvərlik ruhunda qələmə alınaraq xalqımızın başına gətirilən müsibətləri əks etdirən tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, rejissoru Sərvər Əliyev, rəqslərin və plastik hərəkətlərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Səhnə əsərində rolları əməkdar artistlər Qəmər Məmmədova, Rahib Əliyev, Lətifə Əliyeva, Gülər Nəbiyeva, Vahid Əliyev, aktyorlar Şəfəq Əliyeva, Xalidə Şərifova, Yasəmən Məmmədova, Hüsniyyə Əhmədova, Məhərrəm Musayev, Sərvər Əliyev, Sabir Məlikov, Elşən Çarhanlı, Zenfira Əbdülsəmədova, Natiq Fərzəliyev, Ədalət Əbdülsəmədov, Kərəm Hadızadə, Qədirhüseyn İsmayılov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Vahid Orucoğlu, Fidan Abbasova, Nuriyə Əliyeva canlandırıblar.

Tamaşa kəskin konfliktlər, dramatik məqamlar, maraqlı epizodlar üzərində qurulub. Qorxudulan əhali doğma yurd-yuvalarını qoyub qaçmağa hazırlaşır. Kəndin ağbirçəyi Sədəf qarının insanları geri qaytarmaq istəyi baş tutmur. Sədəf qarıdan başqa heç kimin gözünə görünməyən yəhər-yüyənli əcəl atı sonda kənddə yalqız qalan qarını özü ilə aparır.

Qeyd edək ki, tamaşa Azərbaycan Respublikası Prezidentinin “Xocalı soyqırımının iyirminci ildönümü haqqında” 17 yanvar 2012-ci il tarixli sərəncamına əsasən nümayiş etdirilib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2012.- 29 fevral.- S.7.