“Sönməyən Ulduzlar”ın yeni yaradıcılıq uğuru – “Deyirlər, toy olacaq

 

Azərbaycan Yaradıcılıq Fondunun “Sönməyən Ulduzlar” teatrının hazırladığı “Deyirlər, toy olacaq” adlı ikihissəli lirik komediyanın nümayişi olub. Xalq artisti Hafiz Fətullayevin həm müəllifi, həm də rejissoru olduğu tamaşada xalq artisti Vaqif Əliyev, əməkdar artistlər Rafiq İbrahimov, Şükufə Musayeva, aktyorlar Lətafət Nuriyeva, Tahir Eynullayev, Elmira Hidayətova və Zakir Məmmədov rol alıblar. Tamahkarlıq, xəsislik kimi mənfi sifətlərin ifşa edildiyi əsərdə, eyni zamanda, saf sevginin var-dövlətdən daha dəyərli olduğu göstərilir. Əsərin qəhrəmanlarından olan Ziya və Əsmər kiçik qızları Arzunu ailə qurması üçün heç cür yola gətirə bilmirlər. Bütün gününü kitab oxumaqla keçirən gənc qız bütün kişilərin xəyanətkar, simic, pul hərisi olduğunu düşünür. Bacısının həyat yoldaşı Mətləbin, imkanının yaxşı olmasına baxmayaraq, bacısına çəkdirdiyi əziyyətlər, xəsisliyi onu cana gətirir və gənc qız belə bir kələk qurur ki, guya məşhur milyonçu Darabzadə ilə orta məktəb yoldaşı olublar və onlar hər gün telefonla danışırlar. Buna inanan tamahkar kürəkən onun bacısı Rənanın başına pərvanə kimi fırlanır. Ata-anasının israrlarından təngə gələn Arzu bir gün evlərinə su borusunu təmir etmək üçün gələn gənc çilingərə onunla yalnız kağız üzərində evlənməyi təklif edir. Oğlan bir qədər tərəddüd etdikdən sonra razılaşır və tanışlıq zamanı məlum olur ki, oğlanın da adı Arzudur. Ata-anası ilə təzə nişanlısını tanış edən Arzu bir neçə gündən sonra rəsmən nikaha girir. Bundan xəbər tutan tamahkar kürəkən Mətləb başılovlu qaynatasıgilə gəlir və başlayır əsib kükrəməyə ki, o oğlan bizim ailəyə yaraşmır, heç nəyi yoxdur, kasıbın biridir. Rənaya da bir daha atası evinə gəlməyi qadağan edir. Arzu (oğlan) nişanlısına çox ucuz qiymətə bir üzük alır. Bir gün atasının dostu zərgər Əvəz onlara qonaq gəlir və Arzunun barmağındakı üzüyü görüb heyrətə gəlir. Bu üzükdən dünyada iki dənə olduğunu, özünün də bu üzüyü yalnız kataloqlarda gördüyünü deyir. Arzugil eşitdikərinə inana bilmirlər. Ancaq Əvəz bunun xalis brilyant və çox bahalı bir üzük olduğu fikrinin üzərində qətiyyətlə dayanır. Məsələnin nə yerdə olduğunu bilən Arzu tez barmağını dişləyir və kəbin kəsdirilən günü sənəddə nişanlısının soyadının Darabzadə olduğunu xatırlayır. Həmən dəqiqə anlayır ki, bu həmin məşhur milyonçu Darabzadədir. Arzu bunu Darabzadəyə deyəndə o, əvvəlcə bunu inkar edir. Lakin nişanlısının ağıllı qız olduğunu anlayan Darabzadə sonda hər şeyi ona etiraf edir. Onu çoxdan gördüyünü və bəyəndiyini, tanış olmaq üçün münasib bir məqam axtardığını və ağlına belə bir variant gəldiyini deyir. Lakin Arzu onun sözlərinə qulaq asmır, üzüyü qaytarır, milyonçu Arzu Darabzadəni deyil, kasıb çilingər Arzunu sevdiyini bildirir. Bu oyunla başlayan evlilik həqiqi məhəbbətə çevrilir. Baldızının Darabzadə ilə evləndiyini eşidən tamahkar kürəkən üzünə üz bağlayıb qaynatasıgilə gəlir və başlayır dil tökməyə. Lakin eşidəndə ki, Arzu əri Darabzadədən artıq boşanır, yenə başlayır od püskürməyə. Qızlarının bütün günü kədərli olduğunu, otağına qapanıb ağladığını görən valideynlər bu vəziyyətdən çıxış yolu axtarırlar. Mətbəxtdəki qaz piltəsindən qaz sızdığını duyan Əsmər və Ziya qaz idarəsinə zəng vurub usta çağırırlar. Bir azdan qaz idarəsindən çağırılan adam gəlir və bu dəfə də onların qarşısına Arzu Darabzadə çıxır. Valideynləri bu vəziyyətə sevinirlər. Qızlarını bəhanə ilə Darabzadənin olduğu otağa gəlməyə məcbur edirlər. Darabzadə bir daha Arzuya yalan danışmayacağını deyir və onlar barışırlar.

Sonadək maraqla izlənilməsi və tamaşaçıların alqışları altında yekunlaşması “Sönməyən Ulduzlar”ın yeni səhnə işi uğurlu alındığını qeyd etməyə əsas verir.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 29 fevral.- S.7.