Moskvada Məmməd İsmayılla görüş keçirildi
Bu dəfə
də yola Çanaqqaladan- o qürbətdən, Moskvaya- bu
qürbətə tanınmış rus şairi və tərcüməçisi
Yuriy Kuznetsovun xatirəsinə həsr olunmuş konfransda
iştirak etmək üçün çıxdı. Hər
dəfə bir səfərə hazırlaşanda : “gələn
dəfə yolum...” və bu tamamlanmayan qırıq cümlə
kimi qırıq qəlbindən qıraqdan baxdığı Vətənə
düşəcəyini keçirib.
Moskvanın
yanağını dalayan sazağına, soyuğuna baxıb:
Qış
hayandan gəlirsən?
Unudulduğum
yerdən.
Ötən
ömrun yaşında
Quzey
yaxasında mən.
Gün
bulud arxasında
Qürbət
arxasında mən.
Varmı
verən bir soraq,
Nerdəyəm
mən, nerdəyəm
Yaddaşına
yaxşı bax,
Unutduğun
yerdəyəm- deyə keçirdi qəlbindən bəlkə
də.
Məmməd
İsmayıl taleyinə, yaradıcılığına bir az
bələd olan üçün bunu təxmin etmək o qədər
də çətin deyil.
Amma... Amma unudulmadığı yerdə unudulmaz anlar yaşanacaq və yaşadacaqdı. Bunlar gözləyirdi kədər şairini.
Əvvəlcə Marina Svetayevanın ev muzeyində Rusiya Yazıçılar Birliyinin təşəbbüsü ilə təşkil olunmuş “Vmesto pisma” şeirlər kitabının təqdimatı oldu. Yuri Kuznetsov, Aleksandr Kuşner və Mixail Sinelnikovun tərcüməsində seçilmiş şeir və poemalarından ibarət kitabın təqdimatına tanınmış rus şairləri, ictimai xadimləri ilə yanaşı, Rusiyanın hər tərəfindən gələn, şairi görmək, onunla təmasda olmaq, öz dilindən seirlərini dinləmək istəyənlər vardı.
Çıxış edənlər –Milli Tədqiqatlar Universitetinin doktoru, Moskva hökuməti yanında milli məsələlər üzrə Şuranın üzvü Xurşuda Xamrakulova, tarix elmləri doktoru, Moskva Yazıçılar Birliyinin katibi Lola Zvanoreva, şair- tərcüməçilər G. Kalaşnikov, Sergey Karatov, İnquşetiyadan gəlmiş Məryəm Yandiyeva, Dərbəndli şair-jurnalist Bikəxanım və digərləri onun şeirlərinin cazibəsindən, rəngarəngliyindən, dilinin zənginliyi və xəlqiliyindən danışır və bütün fikirlər bir nöqtədə cəmləşirdi. “Azərbaycan ədəbiyyatının görkəmli şairləri ilə adı birgə çəkiləcək, öz cığırı, izi olan, cəsarət simvolu, həqiqəti, ədaləti əlində qılınc edən şair- Məmməd İsmayıl dühası var-qarşımızda”. Adının qarşısındasa titul və mükafatları olmayan şair!
Növbəti görüşü isə Moskva Millətlər evinin zalında “Ocaq” ictimai-ədəbi cəmiyyəti və Rusiya Yazıçılar Birliyinin Moskva şəbəsinin təşəbbüsü ilə təşkil olunmuşdu. Bu görüşdə Rusiya ziyalıları ilə bərabər, Azərbaycan ziyalıları, diaspor təşkilatlarının nümayəndələri, Rusiyada yazıb-yaradan şairlərimiz, teatr xadimlərimiz toplaşmışdı. Kitab təqdimatından daha çox Məmməd İsmayılın poeziya gecəsinə dönən tədbiri “Ocaq” cəmiyyətinin sədri Tofik Məlikli açdı. O, Mariya Svetayevanın ev muzeyində keçirilən tədbirin aparıcısı Mixalil Sinelnikova sataşaraq: Mişa, mən səndən daha demokrat olacam və çıxışlara sənin kimi 2 dəqiqə reqlament qoymayacağam- dedi. Tofik müəllimin yumorlu atmacasına M.Sinelnikov düzəliş edərək “2 dəqiqə 37 saniyə”- deyə cavab verdi.
Bu səmimi abu- havaya köklənən görüşdə “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin üzvü, şairə Afaq Şıxlıya söz verildi. O, Məmməd İsmayıl yaradıcılığının və şəxsiyyətinin vurğunu olduğunu gizlətmədiyini, onun şeirlərindən ruhlanaraq əlinə qələm aldığını söylədi.
“Məmməd müəllim, indi hamı yazır və yazmaq istəyən üçün qələm çoxdur. Amma hər yazılan şeir deyil. Sizin kimi şeir yazmaq, şair olmaq üçün gərək əl o əl ola, ürək o ürək, ruh da o ruh. Siz Azərbaycan poeziyasının zirvəsində dayanan, o yeri haqq edən şairlərimizdənsiz və mən sizi çox sevirəm”.
Şair Nəsib Nəbioğlu isə, qardaş, mən səni 1977-ci ildən tanıyıram- dedi.
“Deyəsən bu Məmməd adlarında gizli bir sehr var, şairlik bunların adına biçilib. Məmməd Araz, Məmməd Aslan, Məmməd İsmayıl və sair. Bu gün görüşünə nə hədiyyə gətirə bilərdim? Varlı deyiləm ki, sənə maşın bağışlayım. Şairin şairə hədiyyəsi şeir olar”. Nəsib Nəbioğlu ona həsr elədiyi şeiri oxudu.
De kimlərin ahı tutubdu bizi,
Kimin qarğışına keçmişik, Məmməd?
Ağlımızmı çaşıb qərib ölkəni,
Özümüzə Vətən seçmişik, Məmməd?
Qapım yoxdu döyə ağacdələnlər,
O evi-eşiyi bada vermişəm.
Ana ocağını, ata yurdunu,
Özüm öz əlimlə
yada vermişəm...
Nəsib
Nəbioğlunun şeirindən
təsirlənən Məmməd
İsmayıl qalxaraq ona:
“Mən şair deyiləm, atam-qardaşım”
şeiriylə cavab verdi.
Dilimdən çıxanlar təzə-tər
deyil,
Kim aşiq olası
qara qaşıma?!
Hər adı Məhəmməd peyğəmbər deyil,
Adıma
aldanıb dönmə
başıma
Dönmə, pir deyiləm, atam-qardaşım
Mən şair
deyiləm, atam-qardaşım.
Zalı
göz yaşlarına
boğan, Tofik Məliklini qəhərdən danışmağa
qoymayan bu durumda M. İsmayıl “indi mənı də ağladacaqsınız”-dedi.
Sonra gecənin
aparıcısı Tofik
Məlikli Məmməd
İsmayılın redaktoru
olduğu 1988-ci ildə
iki dildə çıxan “Gənclik” jurnalını yada saldı. Sözü jurnalist-publisist
İlham Bədəlbəyliyə
verdi.
“O dövrü yaxşı xatırlayıram. Biz Tofik müəllimlə belə bir dialoq
–söhbət yazmaq və Moskvadan o jurnalda göndərməyi
qərara aldıq.
Məmməd İsmayıla zəng
etdik, o da, yazın göndərin, verərəm- demişdi.
O zaman o dialoqun çap olunması yazana və onu nəşr etdirənə nələrə
başa gələcəyini
təxmin edə bilməzsiniz. Biz Tofik
müəllimlə yazını
jurnalda görəndə
M.İsmayıldan narahat
olmağa başladıq.
Bu cəsarətin və qorxmazlığın
qarşısında baş
əyirəm, sən əvəzolunmaz şair, ziyalı, ictimai xadimsən!”
Tofik Məlikli
adıçəkilən yazının
mövzusuna aydınlıq
gətirərək bildirdi
ki, o zamanlar Bakı neftinin heç bir gəlir gətirmədiyini
deyirdi Qorbaçov hökuməti. Biz də
yazdıq ki, əgər Bakı nefti heç nəyə yaramırsa, o zaman istismarını dayandırsınlar, gələcək
nəsilə lazım
olar və onlar istehsal edərlər. Onu da deyim ki, Məmməd
İsmayılı başqalarından
fərqləndirən onun
ictimai mövqeyidir.
Şairin Ur¸fadan gələn şair dostu Baloğlan Cəlil deyilənlərə əlavə etməyəcəyini söyləyərək özünün yazdığı “Çəkmə” şeirini oxudu.
Saratovdan gələn texniki elmlər doktoru, şair-şeir sərrafı olduğunu dilə gətirən Rafail Qəribovsa, “M. İsmayıl izn versəydı mən də şair olacaqdım-dedi. O zamanlar mən Mühəndislər İnstitutunda oxuyurdum, şeirlərimi Məmməd İsmayıla göstərdim. O isə mənə məsləhət verdi ki, sən şair olsan xalqımız bir mühəndis itirəcək.
“Bu gün şair
olmasam da, poeziya bilicisiyəm- deyə iddia edə bilərəm. O ki, qaldı Məmməd İsmayılın şeirlərinə,
o, rəssam şairdir.
Onun şeirlərini oxuduqca insanın gözü qarşısında dahi rəssam əli ilə çəkilmiş
tablo yaranır. Budur, şair istedadı, ilahi vergisi.
Sonda “73
yaşımda olsam da, hələ də ana həsrəti
var içimdə və məni şair doğan anam, analar üçün
şeir demək istəyirəm”-dedi M.İsmayıl. Ata haqqında isə Ə.Kərimdən, sonra Məmməd Arazın, Xəlil Rzanın şeirlərilə onları
andı. Xocalı faciəsini
yada salıb ona həsr etdiyi
“Bu qan yerdə qalan deyil” – şeirini oxudu.
Görüş boyu zaldakıları qəhərləndirən, Məmməd
İsmayıl, səmimiyyəti,
təpədən-dırnağa Vətəninə-elinə bağlılığı,
qürbət divarları
arasında doğma münasibətdən yaranan
coşquyla şeirlər
deyirdi.
Bunun günahkarı
kimdir- deyib başqasında günah axtarmayaq. Balamızı, evimizi, ailəmizi
sevən kimi sevək Qarabağı.
Hər birimizin içində o sevgi yaşansa və hər birimiz sevdiklərimizdən
tək bir qurban vermək əzmində olsaq, erməni bu sevgimizdən qorxub, özü o torpaqlardan çıxıb gedər.
İnanın buna! Bu gün mənə
yaşatdığınız unudulmaz görüş üçün hər birinizə minnətdaram!”
Taleyi xeyirlə şər dəyişməsi
Vətənlə qürbətin yer
dəyişməsi,
Bir qarış uzunu, bir qarış eni
Qəlbi
qəribsəyən qürbət
vətəni...
Göruş şairin kitabının imzalama mərasimi ilə başa çatdı.
Tünzalə VƏLİQIZI,
“Yeni səs” qəzetinin
baş redaktoru
Moskva
525-ci qəzet.- 2012.- 21 fevral.- S.7.