Zirvədəki ünvan: vətəndaşlıq, alimlik və ziyalılıq səlahiyyəti

 

Keçən əsrin 80-ci illərinin ortalarıydı, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib, SSRİ Dövlər Xarici Turizm Komitəsində məsul bir vəzifədə çalışırdım. Karl Marks (indiki Oxotnıy ryad) prospekti, ev 16-da yerləşən Komitəylə Azərbaycanın Daimi nümayəndəliyinin arası çox uzaq deyildi. Nümayəndəliyə piyada getmək cəmi 10 dəqiqə vaxt aparırdı. Həmin dövrdə daimi nümayəndəliyimizdə yaxın bir dostum işləyirdi – Vaqif Verdiyevlə hələ tələbə ikən tanış olmuşdum. Özümüz tanış olmuşduq, bizi kimsə tanış eləməmişdi. Həmişə zarafatca deyirdi ki, bəlkə babalarımız qohum olublar, familiyalarımız eynidir. Vaqif müəllim mənim xətrimi çox istəyirdi, mütəmadi olaraq zəngləşirdik. Vaxtaşırı görüşüb dərdləşir, bir-birimizin xeyrinə-şərinə yarayırdıq. Mənim heç bir kömək olmadan, öz gücümə, qabiliyyətimə, bacarığıma görə, dayısız-filansız, təkbaşına mötəbər, adlı-sanlı bir təşkilatda işə girməyimə Vaqif müəllim çox sevinirdi. Günlərin birində adəti üzrə mənə zəng elədi: “Nəsib, səni gözləyirəm, gəl, bu gün səni iki həmyerlimizlə tanış eləyəcəm, həm də naharımızı bir yerdə edərik” – dedi.

Mən daimi nümayəndəliyə gəldim. Vaqif müəllimin iş otağında iki nəfərin olduğunu gördüm, şirin-şirin söhbət edirdilər. Vaqif müəllim məni həmyerlilərimizlə tanış etdi. Onlardan biri Elman Araslı, biri isə Tofiq Məlikliydi. Sonralar Elman Araslını bir dəfə də gördüm, yenə də Vaqif müəllimin otağında, deyəsən, Hollandiyadan gəlmişdi və gördüklərindən çox maraqlı söhbətlər edirdi. Mən Elman Araslını bir daha görmədim, sonralar eşitdim ki,Səudiyyə Ərəbistanında işləyir, bir diplomat kimi fəaliyyətini davam etdirir. Amma Tofiq müəllimlə daimi nümayəndəlikdən başlayan tanışlığımız böyük dostluğa çevrilərək, bu gün də davam etməkdədir.

Tofiq müəllimlə yaxından tanışlığım mənə onun şəxsiyyətinə, insanpərvərliyinə və vətənsevərliyinə yaxından bələd olmağa imkan verdi. Onunla hər görüşümdə bu qeyri-adi insanın daxilində mövcud olan səmimiyyətə, səbrə, təmkinə heyran qaldım. Məndə yaranmış heyranlıq tədricən onun şəxsiyyətinə, yaxşı mənada, pərəstiş də yaratdı. Təbii ki, hər bir insan canında, qanında, ruhunda mənsub olduğu millətin, doğulduğu torpağın, böyüdüyü məhlənin, dağın, daşın, çölün, düzün, çəmənin, çayın, bulağın, daha nələrin kodlarını, irsi əlamətlərini daşıyır. Bəlkə də elə bunlara görə Tofiqlə sıx ünsiyyət yarada bildik, bəlkə elə Vətənimizə, doğma Azərbaycanımıza istək, məhəbbət, bağlılıq bizi bir-birimizə daha yaxınlaşdırdı, daha mehriban elədi. İlk tanışlıqdan sonra müxtəlif vaxtlarda Tofiq müəllimlə görüşürdük. Bəzən də elə olurdu ki, müxtəlif tədbirlərdə, toy, yas mərasimlərində təsadüfən rastlaşırdıq.

Tofiq Məlikli Azərbaycanın dünyaya verdiyi parlaq istedadlı alim, ziyalı, ən tanınmış elm adamlardan biridir. Olduqca mədəni, savadlı, yüksək intellektə malik bir insandır. Ana dilini, rus, fransız, türk, ingilis dillərini gözəl bilir. Özünəməxsus xarakteri, əqidəsi olan qeyri-adi bir şəxsiyyətdir. Heç kəsə bənzəmir. Heç kəsə əyilmir.

Görkəmli ədəbiyyatşünas alim, dilçi, şair, tərcüməçi, publisist, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Tofiq Məlikli (Məlikov Tofiq Davud oğlu) 1942-ci il avqustun 31-də Şəmkirdə, adlı-sanlı, soylu-köklü bir ailədə dünyaya göz açıb. Valideynləri əslən Gəncədən olublar. Atası Gəncənin qədim ziyalılarından olan, o bölgədə sayılıb-seçilən Hacı Məliklilər tayfasındandır. Körpəliyi Gəncəbasarın könül açan dağ havasında, büllur çeşmələrin, dağ çaylarının zümzümələri altında keçib. Uşaqlığı ağır günlərə, müharibə illərinə düşüb. Əzab-əziyyətlərə baxmayaraq təhsil almağa, ədəbiyyata, elmə ciddi maraq göstərib. Atası da, anası da həkim olublar. Tofiq yeniyetmə çağlarında ikən ailəsi ilə birlikdə Bakıya köçüb. Orta məktəbi əla qiymətlərlə başa vurub, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olub, oranı qırmızı diplomla bitirib. Tofiq Məlikli Bakıda Azərbaycan Dövlət Universitetində oxuduğu illərdə hazırcavab tələbə kimi tanınıb, müəllimlərinin hörmətini, dostlarının rəğbətini qazanıb. Həmin dövrdə o müxtəlif səpkilərdə kiçik məqalələriylə mətbuatda çıxış edib, Azərbaycan radiosunda reportajlar hazırlayıb, onda yazmaq-yaratmaq həvəsi, eşqi daha da artıb. Təhsilini bitirdikdən sonra bir müddət doğma Bakıda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor işləyib. Hələ ömrünün gənc çağlarında onun qəlbində el-oba qədri bilmək, vətən sevgisini daim uca tutmaq istəyi yaranıb.

T.Məlikli 1966-cı ildə Moskvaya gəlib, SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olub. Moskvada o vaxtlar SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda dünyanın məşhur alimləri, akademikləri dərs deyirdilər. 1968-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirdikdən sonra 1969-76 illərdə həmin institutda kiçik elmi işçi kimi, 1978-91 illərdə isə böyük elmi işçi vəzifəsində çalışıb. 1991-94-cü illərdə Türkiyədə İstanbul universitetinin ədəbiyyat fakültəsinin professoru olub. Orada “Rus dili və ədəbiyyatı” kafedrasını açaraq ona rəhbərlik edib. Hazırda Moskva Dövlət Linqvistika (Dillər) Universitetinin professorudur. Yenə də elmi-pedaqoji fəaliyyətini davam etdirməkdədir. Beynəlxalq Türkoloji və Mədəniyyət Fondunun vitse-prezidentidir. 100-dən çox elmi əsəri ədəbiyyatşünaslığın aktual problemlərinə həsr olunub. Moskvada “Nauka” nəşriyyatında onun iki elmi monoqrafiyası çap edilib: “60cı illərin əvvəli, 70ci illərin sonunda türk poeziyası” , “Nazim Hikmət və Türkiyənin yeni poeziyası” .Oxucular onun tərcüməsində Nazim Hikmətin, Əziz Nesinin, Yaşar Kamalın, Fazil Hüsnü Dağlarcanın və Fakir Bəykurtun əsərləri ilə tanış olublar. Tofiq Məlikli 2006-cı ildə Nobel mükafatı laureatı alan Orxan Pamukun “İstanbul” romanını rus dilinə çevirib. O, dəfələrlə Türkiyə, Fransa, Polşa, Çexiya və İtaliyada elmi ezamiyyətlərdə olub, bir alim, bir dilçi kimi Azərbaycanın adını yüksəklərə qaldırıb.

Görkəmli ədəbiyyatşünas alım Yaşar Qarayev bir məqaləsində yazır: “Tofiq Məliklinin Sovetlər Birliyi, Rusiya və Azərbaycan türkologiya elminə xidmətləri olduqca böyükdür. Onun elmi əsərləri sayəsində biz XX yüzil türk ədəbiyyatı, onun bir çox tanınmış yazıçıları, qədim türklərin ortaq ədəbiyyatıyla tanış olmuşuq”.

Vətəndən uzaqda, Moskvada çox sayda azərbaycanlı tanıyıram, amma Tofiq kimi təəssübkeş, vətənpərvər, yurdsevər, elinə-obasına dərin hisslərlə bağlı adamlarımızın az olduğunu da bilirəm. Vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə yorulmadan çalışmaq deməkdir. Tofiq müəllim hərdənbir bizim kimdənsə, nədənsə incidiyimizi, umu-küsü elədiyimizi biləndə, deyir ki, Vətəndən küsmək olmaz: Səni hansısa siyahıdan silə bilərlər, hansısa tədbirə dəvət etməzlər, amma dilini, soyunu, ruhunu, vətənini əlindən ala bilməzlər!

Qarabağ hadisələri başladığı gündən Tofiq müəllim rahatlıq tapa bilmir. Hərdən mən ona Kəlbəcərdən, dağlarımızın əzəmətindən, əsrarəngiz gözəlliyindən, qeyri-adi insanlarından, onların başına açılan müsibətlərdən danışanda, o mənə qardaş kimi təskinlik verib deyir ki, Kəlbəcər təkcə sənin deyil, o həm də mənimdir, işğal altındakı torpaqlarımızın dərdi hamımızın dərdidir. Amma belə deyib təsəlli versə də, telefonda onun tutulduğunu, səsinin titrədiyini hiss etmişəm. Tofiqdə torpağa, millətə, xalqa, bağlılıq irsidir. Vətəndən uzaqda yaşamaq məcburiyyətində qalsa da, doğma yurda, vətənə, torpağa, millətə bağlılıq, mədəni irsimizə hörmət, milli adət-ənənələrimizə sədaqət, mənəvi dəyərlərimizə əsl oğul münasibəti onun qanındadır. Qıyma-qıyma doğransa da, sevgisindən, istəyindən, əqidəsindən dönəsi deyil Tofiq Məlikli.

Mənə elə gəlir ki, insan mənəviyyatını zənginləşdirən, onun bir fərdi şəxsiyyət kimi yetişdirib kamilləşdirən, formalaşdıran da elə məhz Vətən sevgisidir! Vətəni sevmək onun havasını, suyunu, milləti, onun mədəniyyətini, dinini, dilini, atributlarını və ona aid nə varsa sevmək, sayğı göstərməkdir, hətta kiçik daş parçasını, tikanlı kolunu belə əzizləməkdir! Onu əzizləmək vicdanla, namusla qorumaq deməkdir!

Neyləyək ki, bizim bəxtimizə Vətəni uzaqdan sevmək düşüb. Vətənə məhəbbətimizi yad ölkədə millətimizin, xalqımızın adını ucalara qaldırmaqda görmüşük. Bu ölkədə məskunlaşandan bəri bir ad-san, xətir-hörmət qazanmışıq ki, ona yerli adamlar da qibtə ilə baxır. Əminliklə deyə bilərəm ki, Tofiq bu qərib məmləkətdə yaşayaraq ağlının, zəkasının və zəhmətinin hesabına uzun zaman kəsiyində böyük işlərə, yüksəlişə imza atan nadir şəxsiyyətlərdəndir. Bu imzanı atmaqla həm özünü ucaldıb, həm də vətənini bir daha bu qərib yerdə layiqincə tanıtdırıb. Tofiq öz gücüylə, bacarığıyla əməllərini və arzularını gerçəkləşdirən əvəzsiz bir ziyalımızdır.

Ömrünün 47 ilini Tofiq bu qəribliyin burulğanlarda keçirib, qəribliyin ən ağır yükünü mərdliklə, dəyanətlə, dözümlə daşıyıb, hər çətinliyə qatlaşıb. Bu çətinliklər onu qorxutmayıb, əksinə daha da dəyanətli, əyilməz eləyib. Qəriblikdə yaşamaq heç kəsə asan gəlməsin. Amma yaxşı ki, bu da hər kəsin bəxtinə düşmür. Hər kəs öz taleyini yaşayır, neyləmək olar?! Amma bu təkcə alın yazısıdırmı görəsən?! Bəzən insan həyatda öz sözünü demək, insan kimi yaxşı yaşamaq haqqı olduğunu anlasa da, Vətəndə buna nail ola bilmir. Ona görə də yapışır qürbətin yaxasından, düşür qürbətə baş alıb gedən yolun ağına. Qürbətin soyuq havasında üşüyür, donur, özünü ovundurmaq üçün, başını qatmaq üçün sarılır qələmə. Olanların acığını qələmlə çıxmaq istəyir:

 

Yol alıb çıxıb gedirsən,

Sədləri yıxıb gedirsən,

Yurduna baxıb gedirsən,

Əlin üzülə-üzülə.

 

Zaman səni sıxır, əzir,

Bizdə qismət, bəxt nə gəzir,

Durub baxırsan müntəzir,

Suyun süzülə-süzülə.

 

Haqqımız olub baş-ayaq,

Bu dərdi necə daşıyaq?

Nə vaxta kimi yaşayaq

Belə əzilə-əzilə?

 

20 Yanvar hadisələri zamanı, millətimizin o ağır günlərində Azərbaycanın daimi nümayəndəliyində T.Məliklinin ürək yanğısıyla çalışması, vətənpərvərliyi, bütün həyəcanlı hərəkətləri indiyə kimi gözümün qabağındadır. Çırtma vursaydın, qanı çıxardı. Bu ağır Yanvar günlərində o, vətənpərvər bir eloğlu kimi, elsevər, millətsevər bir azərbaycanlı kimi özünü irəli verdi. Elə həmin gün Moskvada Sovet imperiyasına qarşı etiraz yürüşünü təşkil edənlərdən, həm də onun əsas iştirakçılarından biri məhz Tofiq Məlikli oldu. Tofiq Azərbaycan tarixinin ən faciəli, ən dəhşətli səhifələrindən olan 20 Yanvar qırğını, Xocalı soyqırımı və Azərbaycan xalqının tarix boyu başına gələn müsibətlərdən bəhs edib danışanda onun vətənə necə dərin məhəbbətlə yandığının dönə-dönə şahidi olmuşam. Azərbaycan xalqının başına gələn bütün bu faciələri yaşadığımız ölkənin ictimaiyətinə çatdırmaq üçün o, əlindən gələni əsirgəmir, azərbaycanlıların hüquqlarının bərpa edilməsi, soydaşlarımızın maarifləndirilməsi, Azərbaycanın haqq səsini ucalması üçün bir ziyalı kimi müstəsna işlər görür.

Moskvada, ümumiyyətlə Rusiyada o qədər insanlar tanıyıram ki, dünya malına görə vətənini, öz xalqını, heysiyyətini unudub, yalnız və yalnız öz gün-güzəranını fikirləşir, şəxsi mənafeyini millətin, xalqın mənafeyindən üstün tutur. Amma harda oturub-dururlarsa, ziyalılıqdan, vətənpərvərlikdən dəm vururlar. Belələri bir yox, beş universitet də qurtarsalar, akademik, professor olsalar da, əsla ziyalı ola bilməzlər. Ziyalı olmaq diplomla, təhsillə ölçülmür, yüksək təhsil almaqla, adlı-sanlı, gurultulu təşkilatlarda işləməklə deyil. Ziyalı olmaq vətəninə, millətinə, xalqına sadiq qalmaqla, millət naminə işlər görməkdir. Mən Tofiq müəllim kimi ziyalı dostumla qürur duyuram, fəxr edirəm. Tofiq müəllim ana yurdumuz, doğma vətənimiz Azərbaycan haqqında söz deməyə başlayanda, Qarabağ adını dilinə gətirəndə onun kövrəldiyini, səsinin titrədiyini, qəhərləndiyini dəfələrlə görmüşəm. Onun ürəyindən nisgilli bir gizilti keçdiyini, göyüm-göyüm göynədiyini hiss etmişəm, göz yaşlarının gilələnib axdığını, qarşısındakı vərəqləri islatdığını görmüşəm. Onu belə görəndə mənim də ürəyim sinəmdə yanmağa başlayıb. Özümü güclə ələ ala bilmişəm, məni də qəhər boğub. Bu duyğular, bu göz yaşları, bu qəhər Vətən sevgisi deyil, bəs nədir? Bizi qınayanlar da tapılıb, təskinlik verənlər də. Özümə təsəlli bildiyim isə hələlik qələmə aldığım bu sətirlərdir:

 

Bu qərib ölkədə qəm yeyə-yeyə,

Biri-birimizə həyan olmuşuq.

Bölüşə-bölüşə dərdi, kədəri,

Bu qərib ölkədə üryan olmuşuq.

 

Qarabağın dərdi əridər bizi,

Qovrulub bişərik el həsrətindən.

Sənin yanağından axan o yaşlar,

Süzülür vətənə məhəbbətindən

 

Sarsılma, ay Tofiq, kövrəlmə sən də,

Yoxdur ürəyimdə ta tabım mənim.

Şuşam, Kəlbəcərim gedəndən bəri,

Qəm üstə köklənib rübabım mənim.

 

Sevinə bilmirəm, gülə bilmirəm,

Sevincim quş kimi getdi əlimdən,

Haraya yön alsam, hara üz tutsam,

Qarabağ kəlməsi çıxar dilimdən.

 

Bu nə sirdir, hələ də anlaya bilmirəm, Tofiqin bütün çıxışlarından nə qədər qüssələnsəm, nə qədər qəhərlənsəm də, sonunda könlümə bir təsəlli də axır. Bu təsəlli belə bir həmyerlimizin olmağıdır. Tofiqin hər kəlməsində, sözündə, ifadəsində vətən məhəbbətinin ülviliyi duyulur. Məntiqli, alovlu çıxışlarında bütün Azərbaycanın dərdlərini, Qarabağın özünü görürük. Dünənimiz dirilir, yeddi arxa dönənimizlə üz-üzə gəlirik. Para-para olan, dönə-dönə bölünən o taylı-bu taylı Azərbaycanımıza – Zəngəzura, Dərələyəzə, Göyçəyə, Şuşaya, Ağdama, Qubadlıya, Zəngilana, Kəlbəcərə, Laçına, Cəbrayıla qayıdırıq. Duyğularımız ülviləşir, könlümüz bir az da Şuşalaşır, Kəlbəcərləşir.

 

Ürəyim kədərlə, qəmlə doludur,

Ötüşən illərin arxasındayam!

Siz uzaq olsanız tənha qalaram,

Sizi itirməyin qorxusundayam.

 

Payımıza düşüb bu nalə hardan,

Ney səsi yandırar, kaman ağladar.

Əlimiz vətənə uzalı qalar,

Bu dərd, kədər bizi yaman ağladar.

 

Sən elə sevdin ki Azərbaycanı,

Vətən deyə-deyə yaşadın, Tofiq!

Qəlbində, ruhunda, çiyinlərində,

El-oba dərdini daşıdın, Tofiq!

 

İnsanı bəzən qanadlı quşa bənzədirlər, insan da quş kimi doğma yuvasında, isti ocağında dünyaya göz açır, böyüyür, boy atır, sonra da pərvazlanıb arzularının dalınca qanad açıb uçur. Amma haralara uçsa da, hansı səmtə getsə də, hansı zirvələrə çatsa da, öz isti yuvasına, ata ocağına qayıdacağı anı düşünür. Biz də bu Şimalın soyuq ölkəsindən haçansa vətənə – doğma Azərbaycana dönəcəyimizi dəfələrlə düşünmüşük, götür-qoy eləmişik. Tofiq müəllimlə uzun illər, müəyyən fasilələrlə də olsa, iclaslarda, mərasimlərdə, tədbirlərdə, toplantılarda ünsiyyətdə olmuşam. Dünya azərbaycanlılarının üç qurultayında bərabər iştirak eləmişik, Avropa ölkələrində də bir sıra tədbirlərdə birgə iştirak eləmişik. Yaxşı deyiblər ki, adamı sınamaq istəsən, gərək onunla səfərə çıxasan, yol yoldaşı olasan.Tofiq müəllim bütün sınaqlardan üzüağ, alnıaçıq çıxıb, özünün sədaqətli, etibarlı dost olduğunu çoxdan sübut eləyib.

Tofiq müəllim Azərbaycan dilində təhsil almasına baxmayaraq, rus dilini çox mükəmməl bildiyindən, tez-tez rus poeziyasından, eləcə də müasir rus şairlərinin yaradıcılığından, yeniliklərdən söz salır, hərdən türk şairlərinnin şeirlərini əzbər deyir, müqayisəli təhlillər aparır. Onun hər sözü, hərəkəti, davranışı, adicə iradı bu sahədə böyük bir məktəbdir. T.Məlikli təkcə Azərbaycanda deyil, keçmiş Sovetlər İttifaqının çox yerlərində, başqa xarici ölkələrdə, ən başlıcası isə Türkiyədə Azərbaycanı layiqincə təmsil edən qüdrətli elm adamı kimi tanınır. Tofiq Məlikli haqqında danışarkən Azərbaycan dilindən söz açmamaq mümkün deyil. Xalqımızın milli varlığı olan ana dilimizə əsl oğul münasibəti bəsləməsi, Azərbaycan dilinin qorunub saxlanması, zənginləşməsi naminə göstərdiyi xidmətlər, onun saflığı uğrunda qətiyyətli addımları, bu barədə kəsərli fikirləri, tövsiyələri, bu mövzuda yazdığı əsərlər böyük əhəmiyyət daşıyır.

2003-cü il oktyabr ayının 25-də Moskvada Azərbaycan Yazıçılar Birliyinin Moskva Bölməsi yarandı və bölmənin sədri T.Məlikli seçildı. Bölmə Moskvada yaşayan azərbaycanlı qələm sahiblərini bir araya gətirmək, onların yaradıcılıqları ilə yerli cəmiyyəti yaxından tanış etməklə yanaşı bir sıra yaddaqalan tədbirlər də həyata keçirib. Xalq şairləri Səməd Vurğunun, Rəsul Rzanın 100 illik yubileyləri, xalq yazıçısı Mirzə İbrahimovun 100 illiyi, xalq şairləri Bəxtiyar Vahabzadənin, Məmməd Arazın yaradıcılıq gecələri, xalq yazıçısı Anarın, xalq şairi Fikrət Qocanın yubileyi, Aşıq Ələsgərin 190 illiyi, böyük ədib Cəlil Məmmədquluzadəyə, “Molla Nəsrəddin” jurnalına həsr olunmuş tədbirlər, Moskvada yaşayan şair və yazıçılarımızın yubileyləri, yaradıcılıq gecələri məhz T.Məliklinin rəhbərliyi altında gerçəkləşib. Bu sadaladıqlarım həyata keçirdiyimiz tədbirlərin bir qismidir və danılmaz faktlardır.

Mən bu yazımda, təbii ki, T.Məliklinin bioqrafiyası və fəaliyyətilə bağlı, onun tənqidçi, ədəbiyyatşünas, tərcüməçi kimi gördüyü işlər barədə yığcam məlumat verdim. Əslində, professor Tofiq Məlikli haqqında neçə-neçə kitab yazmaq olar, yazılmalıdır və yəqin ki, yazılacaq da. Tofiqi yaxından tanıyan bir insan kimi bu yazını yazmaq məsuliyyəti mənim çiyinlərimə düşdüyü üçün həm sevinirəm, həm də həyəcan keçirirəm. Axı onunla bağlı – əziz dostum, böyük alim və ziyalı, əsl vətəndaş olan Tofiq Məlikli barədə ürəyimdə çox söz, beynimdə çox fikir var, onların hamısını ifadə etməyə çətinlik çəkirəm. Ancaq sağlıq olsun, hələ irəlidə çox tədbirlər, çox yubileylər var. Fürsət olan kimi Tofiq Məlikli haqqında yeni sözlər demək, yeni yazılar yazmaq niyyətim hər zaman qəlbimdə öz yerini qoruyacaq.

 

Moskva, fevral 2012

 

 

Nəsib NƏBİOĞLU

 

525-ci qəzet.- 2012.- 29 fevral.- S.6.