Rafael Hüseynov: “Öz xalqının və torpağının gələcəyi haqqında düşünən dövlət olaraq hərbi cəhətdən güclü olmalıyıq”

 

Müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, professor Rafael Hüseynovdur.

Rafael müəllim, bir müddət öncə ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri bildirib ki, Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən, Qarabağ münaqişəsinin həllində “Şimali İrlandiyamodeli məqbul variant kimi seçilə bilər. Qeyd edək ki, bu vaxta qədər də bu yöndə ən müxtəlif həll modelləri- “Aland adaları”, “Tatarıstan” modelləri və digər modellər ortaya atılıb. Bu baxımdan, sizcə, bu modellərdən hansı bizim üçün məqbul sayıla bilər?

– Azərbaycan dəfələrlə bəyan edib ki, diplomatik vasitələrlə Dağlıq Qarabağ münaqişəsinin həllində dünya hüquq praktikasında mövcud olan ən müxtəlif variantları müzakirə etməyə hazırdır. Dünyada da modellər çoxdur, oxşar situasiyalar var və bunların hər biri müzakirəyə çıxarıla bilər. Lakin problemin sonyekun həlli üçün istənilən variant seçilərkən Azərbaycanın ali məqsədləri göz önünə alınmalıdır. Azərbaycanın ali məqsədləri nədən ibarətdir?

Azərbaycanın ali məqsədləri ondan ibarətdir ki, onun dünya birliyi tərəfindən tanınmış sərhəd bütövlüyü gözlənilməlidir. Azərbaycanın içərisində ayrıca bir dövlət yarana bilməz. Azərbaycanın hansısa bir parçası Azərbaycandan ayrılaraq ayrıca bir dövlət ola və Azərbaycanın müstəqilliyinə, suverenliyinə, Azərbaycanın mövcud Konstitusiyasına zidd addım atıla bilməz. Yəni, Azərbaycan məsələnin hüquqi müstəvidə həllinin tərəfdarıdır. Konstitusiyamız hansı şəkildə təklif edirsə, o şəkildə həllinin tərəfdarıdır və düşünürəm ki, ən müxtəlif modellər- dünyada mövcud olan modellər də bu müstəvidə, bu hüquqi müstəvidə müzakirə olunacaq və Azərbaycanı qanuni nöqteyi-nəzərindən, dövlət və millət maraqları nöqteyi-nəzərindən təmin edən variant da qəbul olunacaq.

– Ümumiyyətlə, yaxın zamanlarda, yəni, ən azı yaxın bir neçə ay ərzində Qarabağ məsələsinin çözümü istiqamətində irəliləyişlərin olması ehtimal olunandırmı? İlkin sülh razılaşmasının əldə edilməsi və yaxud başqa bir variantın qəbul edilməsi gözləniləndirmi?

Bu münaqişənin davam etdiyi müddətdə elə dövrlər olub ki, məsələnin həllinə həddindən artıq yaxın olmuşuq. Tale elə gətirib ki, lap 90-cı illərin əvvəllərindən mən bu prosesləri çox ardıcıl şəkildə izləməli olmuşam. Yəni, 90-cı illərin əvvəllərində mən “Amerikanın səsi” radiosunun müxbiri idim, hələ millət vəkili olmamışdan xeyli əvvəl, təxminən 10 il müddətində o zaman ölkə prezidenti olan Heydər Əliyevin bütün xarici səfərlərində də, buradakı görüşlərində də, o zamankı xarici işlər naziri Həsən Həsənovun bütün görüşlərində də, səfərlərində də iştirak etmişəm və qeyd edim ki, o görüşlərin, müzakirələrin böyük əksəriyyətində də Dağlıq Qarabağ məsələsi, Ermənistanın Azərbaycana təcavüzü problemi ətrafında müzakirələr gedirdi. Bu əsnada mən təxminən 10 ildən artıq bir müddət ərzində də, ondan sonrakı dövrdə də, artıq millət vəkili olarkən də bu proseslərin bilavasitə içindəyəm. Avropa Şurasında da bu məsələləri daim izləyirik, ardıncayıq, araşdırırıq.

Dəfələrlə elə situasiya yaranıb ki, məsələnin həlli çox yaxında görünüb və ən azı bir irəliləyişə nail olunması üçün çox real ümidlər olub. Və bu ümidlər, sadəcə, arzulara əsaslanmayıb, real işlərə əsaslanıb. Lakin dəyişən situasiyalar, siyasi həyatda və siyasi gedişatda baş verən hansısa qəfil dönüşlər məsələnin həllinə maneələr yaradıb. İndiki halda da mən problemin həllinin çox yaxşı perspektivlərini görürəm və ən əsas cəhət ondan ibarətdir ki, Ermənistan da artıq bizdən nə deməsindən, zahirdə hansı bəyanatlar verməsindən asılı olmayaraq, anlayır ki, məsələnin həllinin uzanması Ermənistan üçün faciənin gündən-günə dərinləşməsi deməkdir. Ermənistan üçün bu məsələnin həlli müddəti uzandıqca, ölkənin dövlətçiliyi üçün də, müstəqilliyi üçün də, vətəndaşların gələcək taleyi üçünçox böyük fəsadların əsasları yaranır və getdikcə dərinə işləyir.

Ermənistanda bunu dövlət səviyyəsində də anlayırlar, siyasətçilər də anlayırlar və geniş kütlələr içərisində də bunu dərk edənlər lap çoxdur. Amma məsələ bundadır ki, Ermənistan bu məsələni həll etməkdə tək qüvvə deyil. Ermənistan ölkənin içərisindən idarə olunan bir qüvvə deyilfaktiki olaraq, Azərbaycan Ermənistanla deyil axı, erməniçiliklə və onu əhatə edən qüvvələrlə üzbəüzdür. Amma buna baxmayaraq, dünyanın böyük dövlətləri də, böyük gücləri də maraqlıdırlar ki, nəhayət, konfliktlər olmasın və düşünürəm ki, hər halda biz məsələyə, gedişata mütləq optimist baxmalıyıq, məsələnin həlli istiqamətindəki bütün diplomatik vasitələrdən istifadə etməliyik və inanıram ki, bu, gec-tez mütləq nəticəyə gətirib çıxaracaq.

Rafael müəllim, proseslər bu cür davam edərsə, münaqişə hərb variantı ilə, yoxsa, ancaq danışıqlar yolu ilə həll olunacaq?

Heç bir variant istisna olunmur. Əlbəttə , dünyanın beynəlxalq təşkilatlarının bizim qarşımızda qoyduğu vəzifəhəm Ermənistan tərəfinin, həm Azərbaycan tərəfinin qarşısında qoyduğu vəzifə, konkret olaraq Avropa Şurasında da götürdüyümüz ən vacib öhdəliklərdən biri budur ki, məsələ sülh yolu ilə həll olunsun, diplomatik vasitələrlə həll olunsun bu, Azərbaycan üçün sərf edəndir, Ermənistan üçün, hər kəs üçün sərf edəndir. Çünki istənilən müharibəböyüklüyündən, kiçikliyindən asılı olmayaraq itki deməkdir, insan faciəsi deməkdir, dağıntılar deməkdir müasir dövrün xüsusiyyətlərini indiki zamanda nəzərə alanda görürük ki, heç bu yalnız iki tərəf arasında olan müharibə deyil.

Bu müharibənin zərbə dalğası var, ondan başqaları da ziyan çəkəcək. Ona görə heç kəs maraqlı deyil ki, müharibə olsun. Əlbəttə, heç kəs deyirəm, bir az da kəskin səslənir. Müharibədə maraqlı olan qüvvələr var ki, bilim, silah satışından, cürbəcür vasitələrdən onlar qazanırlar. Biz bu insanazidd qüvvələri nəzərdə tutmuruq. Normal, ağıllı, hadisələrə realist baxan insanlıq haqqında, cəmiyyət haqqında düşünən normal qüvvələrin, normal dövlətlərin hamısı məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır. Düşünürəm ki, bu istiqamətdə çalışmaq lazımdır , gec-tez bu istiqamətdə məsələ gedəcək həll olunacaq. Amma istənilən halda təcavüz varsa, torpaqlar işğal olunubsa, bunun həlli diplomatik vasitələrlə baş tutmursa, bu, gec-tez istər-istəməz hərb variantına da gətirib çıxara bilər. Çalışmaq lazımdır ki, bu variant olmasın.

Hərb variantını seçərsə Azərbaycanın bu variantı reallaşdırmağa qüdrəti çatacaqmı? Hərb variantına əl atmağa imkan veriləcəkmi?

Müasir dövrdə istənilən hərb variantının qəfildən bir gecənin içərisində qərara gəlməklə reallaşması mümkün olmur. Hərb variantına əl atılırsa, o mütləq ciddi şəkildə müzakirə olunur, yalnız ölkənin içərisində deyil, ölkənin çölündə ən müxtəlif dövlətlərlə. Çünki indiki halda bu konflikti yalnız dediyimiz , dəfələrlə bildirdiyimiz kimi, yalnız Azərbaycan-Ermənistan məsələsi deyil, ən azı ATƏT-in Minsk qrupu varsa, orada o qədər ölkələr varsa, həmsədrlər varsa, onlar hamısı maraqlıdır. Onların da müəyyən mənada rəyi, baxışı, nöqteyi-nəzəri burada məna daşıyır.

Ona görə düşünürəm ki, indiki halda Azərbaycanın kifayət qədər möhkəmlənmiş ordusu var bu ordu da get-gedə qüvvətlənir. Azərbaycanın hərbi potensialı da artır Azərbaycan indiki halda istənilən ona qarşı olan belə lokal təcavüzlərin qarşısını almağa hazırdır, faktiki olaraq bu konflikti həll etmək gücündədir. Lakin dediyim kimi, bu, yalnız bizim öz iradəmizdən asılı olan məsələ deyil. Odur ki, bunun ətrafında ciddi müzakirələr getməlidir. Mən istəməzdim ki, əlbəttə, bu məsələ hərb yolu ilə həll olunsun. Yenə qırğınlar olsun, itkilər olsun, Azərbaycan yenə əlavə bu nöqteyi-nəzərdən zərbələrə məruz qalsın. Amma istənilən halda biz hər zaman dövlət olaraqindiki halda təcavüzə uğramış dövlət olaraq, hətta təcavüzə uğramasaq belə, inkişaf edən, öz xalqının torpağının gələcəyi haqqında düşünən dövlət olaraq hərbi cəhətdən güclü olmalıyıq.

Dövlətin siyasətlərindən, xətlərindən bilirik ki, biz müdafiə qüdrətimizi gün-gündən artırmalıyıq Azərbaycanın hərbi qüdrəti , hərbi gücü il-ildən artır buna daha çox vəsait ayırırıq. Ona görə yox ki, biz kiməsə hücum etmək, kiminsə ərazisinə müdaxilə etmək istəyirik. Yox, ona görə biz hərbi gücümüzü artırmalıyıq ki, müdafiə gücümüzü artırmalıyıq ki, bizə qarşı ola bilən hansısa həmləyə qarşı, Azərbaycanın ərazi bütövlüyünə qarşı törənə biləcək hansısa fəsadlara qarşı həmişə hazır olaq. bu istiqamət daima irəliləməlidir. Düşünürəm ki, Azərbaycan istənilən situasiyada torpağını, ərazisini, dövlətini müdafiə etməyə hazır olmalıdır. Amma bundan daha artıq ardıcıl şəkildə aparılmalıdır ki, məsələ diplomatik vasitələrlə, sülh yolu ilə həll olunsun.

 

 

Kamil Həmzəoğlu

 

525-ci qəzet.- 2012.- 29 fevral.- S.4.