Argentina Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

 

“RƏSMİ BUENOS-AYRES DƏFƏLƏRLƏ MÜNAQİŞƏNİN BMT QƏTNAMƏLƏRİNƏ UYĞUN NİZAMLANMASINA TƏRƏFDAR OLDUĞUNU BİLDİRİB” MÜSAHİBİMİZ AZƏRBAYCANIN ARGENTİNADAKI SƏFİRİ MƏMMƏD ƏHMƏDZADƏDİR 

 

– Cənab səfir, 2011-ci ildə səfirlik tərəfindən hansı işlər aparılıb və 2012-ci il üzrə planlarınız nədən ibarətdir?

– İlk öncə bildirmək istərdim ki, 2011-ci il çoxsaylı qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə yadda qalıb. Habelə, beynəlxalq forumlar çərçivəsində də yüksək səviyyəli görüşlər təşkil edilib ki, bu xüsusda da baş nazir Artur Rasizadə ilə Argentina xarici işlər və etiqad naziri Hektor Timermanının görüşünü qeyd etmək istərdim. İki ölkə arasında gömrük, kənd təsərrüfatı, elm, texnologiyalar sahələri üzrə əməkdaşlığa dair 6 sənəd imzalanmışdır və müxtəlif sahələr üzrə 10-dan çox sənəd isə hazırda razılaşma mərhələsindədir. Azərbaycanın təbliği məqsədilə il ərzində səfirlik tərəfindən Argentinanın aparıcı elmi-araşdırma institutları, beyin mərkəzləri, universitetləri, kitabxanalarında çoxsaylı konfranslar, təqdimatlar, sərgilər təşkil edilmiş, yerli KİV-lərdə, xüsusilə də radio-televiziyada reportajlar yayımlanmış, qəzetlər, jurnallar, elektron mətbuatda çoxsaylı yazılar dərc olunmuş, habelə Argentinada keçirilən dünya miqyaslı tədbirlərdə, xüsusilə də Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasında, YUNESKO tərəfindən Buenos-Ayresin dünya kitab paytaxtı elan edilməsi çərçivəsindəki təşəbbüslərdə iştirak edilib.

Bütün bunlar Argentinanın diqqətinin Azərbaycana cəlb edilməsi istiqamətində mühüm rola malik olmuş və ölkəmizə uzaq Argentinada çoxsaylı dostlar qazandırmışdır. Bu gün artıq Argentina siyasi çevrələri, elmi, analitik mərkəzləri, işgüzar dairələri Azərbaycanın geosiyasi önəmini, beynəlxalq aləmdə artmaqda olan nüfuzunu, geniş iqtisadi imkanlarını və Azərbaycanla əməkdaşlığın hər iki ölkə üçün faydalı ola biləcəyini yaxşı başa düşürlər.

Bütün bunlar da növbəti illərdə Argentina ilə əlaqələrimizdə müsbət irəliləyişlərin davam edəcəyini söyləməyə əsas verir.

Əlbəttə ki, səfirlik tərəfindən 2012-ci il ərzində də istər ikitərəfli əməkdaşlığın gücləndirilməsi, istərsə də ölkəmizin daha geniş formada tanıdılması istiqamətində işlər davam etdiriləcəkdir və bu xüsusda cari ilin əhəmiyyətli hadisələrlə yadda qalacağına böyük ümidlər bəsləyirəm.

– Argentinanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyini necə şərh edərdiniz?

– Argentina Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe iki ölkə arasında imzalanmış siyasi sənədlərdə (Diplomatik münasibətlərin qurulması haqqında protokol və Siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair anlaşma memorandumu) də öz əksini tapıb. Habelə, rəsmi Buenos-Ayres dəfələrlə bu münaqişənin müvafiq BMT qətnamələrinə uyğun, sülh yolu ilə nizamlanmasına tərəfdar olduğunu və ATƏT-in Minsk Qrupunun müvafiq səylərini dəstəklədiyini bildirib.

– Səfirlik Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin Argentina ictimaiyyətinə çatdırılması istiqamətində və erməni icmasının təbliğatına qarşı hansı tədbirlər həyata keçirir?

– Məlumdur ki, İbero-Amerikada (Latın Amerikası, İspaniya və Portuqaliya) ən böyük erməni icması məhz Argentinadadır və uzun illər ərzində Azərbaycan səfirliyinin olmaması şəraitində erməni tərəfi münaqişə barədə birtərəfli məlumatlar verərək ölkənin siyasi çevrələri və ictimaiyyətinə bu məsələ ilə bağlı təsir etmək üçün böyük səy göstərib.

Argentina üçün ərazi bütövlüyü prinsipi prioritetdir və münaqişələrin nizamlanmasına münasibətdə bu ölkənin mövqeyi BMT qətnamələrinə əsaslanır ki, bu da ölkəmizin mövqeyi ilə uyğunluq təşkil edir. Bu səbəblərdən də, erməni tərəfinin Argentinada münaqişə ilə bağlı təbliğatında bu münaqişənin mahiyyətinin və onunla bağlı həqiqətlərin təhrif edilməsindən başqa yolu yoxdur.

Əlbəttə ki, səfirlik münaqişənin əsl mahiyyəti və ədalətli mövqeyimiz barədə Argentinanın siyasi, elmi-analitik dairələrinin və geniş ictimaiyyətinin dolğun məlumatlandırılması istiqamətində çalışır.

Təcrübə göstərir ki, Argentinada Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etdiyi, 1 milyondan çox azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyi və münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası, Baş Assambleyası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərin də ölkəmizin haqlı mövqeyini dəstəklədiyi aydın olduqca Argentinanın siyasi dairələrinin və ictimaiyyətinin mövqeyi bizim xeyrimizə köklü olaraq dəyişir. Habelə, ötən ilin sonlarında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı separatçı rejimin rəhbəri Argentinada olarkən erməni tərəfinin təxribatları qarşısında Argentina hökuməti və qanunvericilik orqanının Azərbaycanın mövqeyinə birmənalı dəstəyini də xatırlatmaq istərdim.

– Azərbaycan və Argentina arasında ticarət əlaqələrini necə qiymətləndirirsiniz?

– Hazırda iki ölkə arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunmaqdadır. 2005-ci ildə 500 min ABŞ dolları həcmində olmuş Azərbaycan-Argentina ticarət dövriyyəsi ötən 6 il ərzində dəfələrlə yüksəlmiş və 2011-ci ildə 36,45 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətdə 25% artım deməkdir. Əgər əvvəlki illərdə iki ölkə arasında ticarət dövriyyəsinin 99% Argentinadan Azərbaycana əsas etibarilə müxtəlif kənd təsərrüfatı, ərzaq, farmaseptika məhsullarının ixracı olmuşdursa, ötən ilin ticarət dövriyyəsinin təxminən 30% Azərbaycandan neft məhsullarının ixracının payına düşmüşdür, dövriyyəsinin təxminən 30% Azərbaycandan neft məhsullarının ixracının payına düşüb.

Azərbaycan Argentinanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olmasına baxmayaraq, iki ölkə arasında hazırkı ticarət dövriyyəsi ölkələrin mövcud potensialına uyğun gəlmir. Habelə, müşahidələrimiz göstərir ki, Azərbaycan və Argentina arasında ticarətin böyük hissəsi üçüncü ölkələr vasitəsilə həyata keçirilir ki, bu da iki ölkənin ticarət dövriyyəsi balansına daxil olmur. Birbaşa iqtisadi əlaqələrin qurulması qısa müddətdə hazırkı ticarət dövriyyəsinin ən azı bir neçə dəfə artmasına gətirib çıxara bilər.

Təhlillərimiz göstərir ki, iki ölkə bir-birini tamamlayan iqtisadiyyatlara malikdir. Azərbaycan Argentinaya enerjidaşıyıcıları, neft-kimya məhsulları, kənd təsərrüfatı üçün müxtəlif gübrələr, Argentina isə Azərbaycana kənd təsərrüfatı və ərzaq emalı, şərabçılıq, əczaçılıq texnologiyaları, neft-qaz və neft-kimya sektoru üçün avadanlıq və hissələr, habelə müxtəlif dənli bitkilər (taxıl, soya, qarğıdalı, günəbaxan və sairə), heyvandarlıq və quşçuluq üçün yem, farmaseptika məhsulları və sairə ixrac edə bilər.

Həmçinin, birbaşa iqtisadi-ticarət əlaqələrinin qurulması Argentina şirkətləri üçün Azərbaycan vasitəsilə Xəzər hövzəsi və Mərkəzi Asiya bazarlarına, Azərbaycan şirkətləri üçün isə Argentina vasitəsilə Cənubi Amerika bazarlarına çıxış əldə etmək imkanı verə bilər.

– İkitərəfli əməkdaşlığın genişlənməsinə yönələn hansı Azərbaycan-Argentina layihələri yaxın vaxtda həyata keçiriləcək?

– Qeyd etdiyim kimi, iqtisadi sahədə əməkdaşlıq üçün geniş perspektivlər var. Əməkdaşlığın genişləndirməsində digər maraqlı sahə birgə beynəlxalq inkişaf layihələrinin həyata keçirilməsi ola bilər. Bundan başqa, mədəniyyət sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş layihəsinin razılaşdırması istiqamətində də işlər davam etdirilir. Artıq Mədəniyyət və Turizm Nazirliyimiz tərəfindən 2013-cü ildə Argentianda Azərbaycan mədəniyyət günlərinin keçirilməsi elan olunmuşdur və bu tədbir Argentinada ölkəmizin tarixi-mədəni irsinin və ənənələrinin təbliği üçün böyük töhfə olacaqdır.

Məlumdur ki, Argentinanı xarakterizə edən amillərdən biri də tanqodur. Tanqo Argentinanın sosial həyatının bir hissəsidir. Hesab edirəm ki, Azərbaycanda Argentina mütəxəssislərinin köməyi ilə tonqo məktəbinin qurulması Argentina mədəniyyətinin də ölkəmizdə təbliği üçün əhəmiyyətli ola bilər. Bildiyimiz kimi, Argentina futbol ölkəsidir və burada çox güclü futbol məktəbləri fəaliyyət göstərir. Hesab edirəm ki, Azərbaycan uşaq futbolu məktəblərinin inkişafında Argentina təcrübəsinin öyrənilməsi və bu xüsusda mübadilələrin keçirilməsi faydalı ola bilər.

Hazırda iki ölkə arasında idman sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş layihəsinin razılaşdırılması üzrəində iş davam edir və həmin sənədin imzalanması həm futbol, həm də idmanın digər sahələrində əməkdaşlıq üçün geniş perspektivlər açacaqdır. Məlum olduğu kimi, 2020-ci il yay olimpiya oyunlarına ev sahibliyi edəcək şəhərin adı 2013-cü ildə məhz Buenos-Ayres şəhərində açqlanacaqdır və Bakı da namizəd şəhərlər arasındadır.

Bu məqam Argentinada Azərbaycanın idman ölkəsi kimi təbliği, xüsusilə də ölkəmizin idmana verdiyi önəmin göstərilməsi üçün də önəmli olacaqdır.

 

 

PƏRVANƏ

 

525-ci qəzet.- 2012.- 29 fevral.- S.5.