Ənənə
ilə müasirliyin bütövlüyü
RƏSSAM
ÜLVİYYƏ HƏMZƏYEVANIN YARADICILIQ PORTRETİ
Əgər
Azərbaycan təsviri sənətinin inkişafında XIX əsrin
ikinci yarısında Şuşada
fəaliyyət göstərən Mir Mövsüm Nəvvab, Usta
Qəmbər Qarabaği və Xurşudbanu Natəvanın
yaradıcılığı duyulası önəm kəsb
edibsə, bir müddət sonra
- əsrlərin
qovşağında bu şərəfli
missiyanı naxçıvanlı İbrahim
Səfi, Əkbər Kazım Muğan və
Bəhruz Kəngərli kimi sənətkarlar
daşımışlar, desək, yanılmarıq. Onların özündə qədim miniatür
sənəti ilə realist-gerçəkçi rəssamlığın
bədii ənənələrinin vəhdətini yaşadan əsərlərindəki milli tanınma nişanına çevrilən
məziyyətlər təəssüf ki,
ölkəmizin XI Ordu tərəfindən
işğalından sonrakı yetmiş
bir illik təzadlı
mərhələdə özünəməxsus təşəkkül
yolu keçsə də, məcburi “sosialist realizmi” prinsipi çərçivəsində fərdi
və fərqli görkəmini demək olar
ki, itirdi. Yalnız rəssamlarımızın çox
az bir qismi
mərkəzi və yerli ideoloqların mənəvi
və maddi təzyiqlərinə baxmayaraq öz
yaradıcılıqlarında milli bədii
qaynaqlarımıza yaradıcı münasibətlərini qoruyub saxlamaqla, qədim ənənələrimizə
müasir görkəm verməyin mümkünlüyünü sərgiləyə
bildilər. Artıq tarixiləşməklə
yanaşı həm də milli təsviri
sənətimizə layiqli töhfə hesab olunan Q.Xalıqov,
S.Salamzadə, Ə.Rzaquliyev, S.Bəhlulzadə,
M.Abdullayev, M.Mircavadov,
T.Mircavadov, Ə.Muradoğlu,
C.Müfidzadə, A.Hacıyev, E.Aslanov, S.Qurbanov, A.Hüseynov və
s. tanınmış fırça
ustalarının ötən illərdə
yaratdıqları indi rəssamlığımızın
çətin və şərəfli yükünü
çiyinlərində daşımalı olan
gənc yaradıcılarımız üçün
də örnək olmaqdadır. Odur ki, Azərbaycan təsviri sənətinin hələ
orta əsrlərdə
formalaşmış şöhrəti bu gün də uğurla davam etdirilməkdədir. Yaxşı
haldır ki, belə
yaradıcılarımız paytaxtla
yanaşı bölgələrimizdə də səmərəli
fəaliyyət göstərməkdədir. Onlardan
biri də Naxçıvanda yaşayan istedadlı fırça ustası,
Azərbaycanın əməkdar rəssamı Ülviyyə Həmzəyevadır...
Onun yaradıcılığı cəmisi
10-12 ili əhatə etsə də kifayət
qədər məhsuldarlığı ilə seçilir.
Naxçıvan universitetinin
incəsənət fakültəsinin məzunu olan
Ülviyyə Həmzəyevanın 2000-2012-ci illərdə
yaratdığı rəngkarlıq və qrafika
əsərlərinin daşıdığı yüksək bədii-estetik
məziyyətlərin məcmusuna yalnız həsəd aparmaq olar. Ən tələbkar
həmkarları və sənətşünaslarla
yanaşı, sənətsevərlər də gənc rəssamın
ictimailəşən birneçə fərdi və
qarışıq sərgidə göstərilən əsərlərinə
baxmaqla buna əmin olublar. Bəs Ülviyyə Həmzəyevanın
yaradıcılığını başqalarından fərqləndirən
bədii-texniki məziyyətlər hansılardır? Onun yaradıcılığının
özünəməxsusluğunu şərtləndirən ənənə
ilə müasirliyin vəhdəti və bütövlüyü necə əldə olunub?
Öncə deyək
ki, rəssam bu
bütövlüyə çox məhsuldar
yaradıcılığını təşkil edən əksər
mövzuların bədii şərhində nail
olub. Onun istər xalqımızın şərəfli qədim
keçmişinə və zəngin mifologiyasına, istərsə
də çağdaş mövzulara
müraciətində həyat hadisələrinə münasibət
mahiyyətcə real-gerçəkçi yanaşmadan
qaynaqlansa da, sonradan yaradıcı düşüncə
süzgəcindən keçirilməklə bütün mənalarda
duyulası dərəcədə yeniləşən bir görkəm almışdır. Ülviyyə
Həmzəyevanın bütünlükdə rəng
yaxılarının qeyri-adi ritmindən “boylanan” bu özünəməxsus
“realizmi” əslində yaradıcı
insanın gördüklərinə yanaşmada
təxəyyülün sərbəstliyi ilə bərabər,
həm də gerçəkçi ifadə vasitələrinin
nəhayətsizliyini sərgiləmək istedadının görüntüsüdür. Bütün bunlarsa
onun müxtəlif illərdə
yaratdığı əsərlərinin bir
araya gətirilməsi
qarşılığında onların bədii şərhinin,
ifadə manerasının bir-birinə yaxınlığı
ilə yanaşı, hamısının bir-birini
tamamlayan duyğulandırıcı ruha köklənməsini şərtləndirib.
Etiraf edək ki, müasir rəssamlıq məkanında ifadə
zənginliyinin təzadlarla dolu bolluğu qarşılığında, hələ
çox gənc olan
yaradıcının bu cür
bədii özünüifadəsi fərdi və yenidir. Elə bunun sayəsində
görüntüyə gətirilən hər bir
fərqli mövzular da
inandırıcı olduğu qədər
də ilğım təəssüratı yaradan
obrazlaşmış biçimdədirlər.
Əlavə edək ki, əsərlərində
gerçəkliyə özünəməxsus
baxışının mövcudluğunu əks etdirən rəssam,
eyni zamanda nümayiş etdirdiyi bədii-texniki sənətkarlığının
bənzərsizliyini özündən əvvəlkiləri
inkar etməkdən daha çox, özünün qurucu və ənənəni
davam etdirmə tendensiyasına tapındığını sərgiləyir.
Bu bədii-texniki məziyyət özünü onun klassik
miniatürə yaradıcı münasibətində, məlum
icra vərdişləri məcmusunun çərçivəsinin
genişləndirilməsində, ifadə vasitələrini mahiyyət
etibarilə dünənlə bu günün vəhdətini
yaratmağa kökləyə bilməsində təsdiqləyib.
Rəssamın əsərdən - əsərə cilalanan cəlbedici
dəst-xəttinin bu günə kimi müasir qalması həm
də onun həll etdiyi bədii vəzifələrin nəticələrinin
hər bir yaradıcının arzuladığı
zamansızlığa qovuşdurulması ilə
sonuclanmasına yönəli olduğundan çox dəyərlidir,
desək, yanılmarıq. Yaxı manerasının oynaq və
sərbəstliyi hər bir əsəri donuqluqdan
çıxarmaqla yanaşı, onların eyni zamanda
dinamikliyini, axıcı cizgilərin insan ağlını ovsunlayan
ritminin heyranedici ahəngdarlığını təmin edib. Qədim
təbrizli sələfləri kimi hər bir əsərində
təzadlı rənglərin harnoniyasına, sayagəlməz
yaxı toplusunun bütövlüyünə nail olan rəssam
son nəticədə tamaşaçıya təqdim olunan
mövzuların düşündürücü təsirliyinə
də yüksələ bilib. Kompozisiyaların ilk
baxışda “qurama” təəssüratını yaradan təzadlı
rənglər məcmusuna diqqətli baxışda onların əslində
sayagəlməz çalarlardan yarandığına əmin
olmaq mümkündür. Əsərlərin
duyğulandırıcı koloritinin kifayət qədər
şux boyalardan təşkil olunduğunu nəzərə
alsaq, onda gənc rəssamın ayrı-ayrı ovqat
daşıyıcısı olan “qurama”-səthləri vahid məcraya
yönəldə bilmək ustalığını da
vurğulamaq lazımdır. Elə bunun nəticəsidir ki,
Ülviyyə Həmzəyevanın
tamaşaçısını bir qayda olaraq heyrət
burulğanına salan əsərləri çox vaxt həm
görünənlərin, həm də gerçəkliyi fərqli
görməyin ifadəsi kimi qəbul olunur. Rəssamın “Həyat
adası”, “Ana məhəbbəti”, “Bürclər”, “Şaman”,
“Yuxu və s. lövhələrini bu mənada
dünyamızı fərqli duymağın, ona bədii
görüntü verməyin obrazlı ifadəsi saymaq olar.
Rəssamın
yaradıcılığında mənzərə digər məlum
janrlara nisbətən az yer tutsa da, bu azlıqda belə onun təbiətə
olan fərdi münasibətini görmək
mümkündür. Onun təbiət motivlərini
özündə əks etdirən əsərlərində təsvirə
gətirilənlərin oxşarlığına səy
nisbidir, hiss olunur ki, o, daha çox onu cəlb edənlərin
sintez şəklində, ümumiləşdirilmiş obraz
görkəmdə təqdimatına meyllidir. Rəssamın
süjeti təkcə gözoxşayan mənzərə
çərçivəsində saxlamayıb, kompozisiyaya həm
də həmin məkanın qərar tutduğu yerin
insanlarından söz açan element və atributları daxil
eyməsi də bunu təsdiqləyir. Bütün bunlarsa
çox vaxt gözümüzdə adiləşən mənzərələrin
inandırıcı və duyğulandırıcı gözəllik
qaynağı kimi qəbulunu şərtləndirir. Müəllifin
Naxçıvan təbiətinə həsr edilmiş
çoxsaylı əsərlərində, eləcə də
“Gürcüstan” adlı mənzərəsində buna
şahidlik etmək mümkündür.
Ülviyyə Həmzəyevanın
yaradıcılığında gördüklərinin
poetik-romantik ovqata bələnmiş fəlsəfi tutumla zənginləşdirməyə
cəhdlərin uğurlu nəticələrini də görmək
mümkündür. “Bəşəriyyət”, “Məkan və
zaman”, “Olum-ölüm”, “Fani dünya”, “Günahkar”, “Həyat
ağacı”, “Baxış”, “İtmiş dünya”, Çərxi-fələk”,
“İtirilmiş həyat” və s. lövhələri bu qəbildəndir.
Əslində rəssam təxəyyülünün nəhayətsizliyini
nümayiş etdirməyə imkan verən belə əsərlər
bir qayda olaraq həm də müəllifin həyata münasibətinin
və intellektinin necəliyindən keçir. Qənaətimizcə
rəssamın adları çəkilən lövhələrdəki
bədii görüntüləri tamaşaçı ilə
“həmsöhbətə” çevirə bilməsi, onun
bilavasitə qarşısına qoyduğu yaradıcı vəzifəyə
nail olmasının ifadəsidir. Doğrudan da rəssamın bədii
təfsirində dünyamıza və onun
ağlı-qaralı hadisələrinə yanaşma hər
bir obyektdəki fəlsəfi tutuma başqalarını
inandırmaqla yanaşı, onları eyni zamanda
düşündürməyə yönəlidir...
Klassik miniatür sənətini
realist-gerçəkçi Avropa rəssamlığı ilə
müqayisədə fərqləndirən və onun
üstünlüyünü sərgiləyən bir
xüsusiyyət də onun tapındığı dəyərlərə
uyğun olaraq rəssamlıq üçün az qala
taleyüklü məsələ sayılan işıq-kölgədən
imtina etməsidir. Bu məsələyə özünəməxsus
münasibət sərgiləyən Ülviyyə Həmzəyeva
məşhur sələfi S.Bəhlulzadə
yaradıcılığında olduğu kimi təsvirin
inandırıcı alınması üçün
işıq-kölgəsiz də keçinməyin
mümkünsüzlüyünə başqalarını
inandırmağa nail olub. Bəzi əsərləri istisna olmaqla,
demək olar ki, rəssam müxtəlif mövzulu əksər
lövhələrində “kölgəsizliyin” uğurlu nəticələrini
nümayiş etdirə bilib. Onun “İlğım”,
“Duyğular”, “Maral”,”Nər”, “Səməni”,” “Vəhdət” və
s. lövhələri dediklərimizin təsdiqi hesab etmək
olar.
Rəssamın uzaq-yaxın
keçmişimizə işıq salan və milli ruhi dəyərlərimizə
həsr edilmiş əsərlərində də digər
yaradıcılıq nümunələrində olduğu kimi
ritmli-ekspressiv yaxıların yaratdığı faktura effektləri
ilə qarşılaşmaq mümkündür. “Cahan Pəhləvan”,
“Muğam”, “Milli rəqs”, “Tarix”, “Van Canavarı”, “Hüseyn
Cavid” və digər lövhələrində bunu
müşahidə etmək olar.
Onun tarixiliyi portretlər vasitəsilə
yaşatmaq istəyi də davamlı
axtarışlarının nəticəsidir. Bu mənada onun
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə
və qardaş türk cümhuriyyətinin
yaradıcısı Atatürkə, Xalq rəssamı Səttar
Bəhlulzadə və akademik İsa Həbibbəyliyə həsr
etdiyi portretlərin adını çəkmək kifayətdir.
Bu portretlər konkret şəxslərlə bağlı
olsalar da, onlarda obrazlaşmış bu şəxsiyyətlərin
yaşadıqları zamanla üzvi əlaqəsi duyulur.
Kompozisiyalara həmin adamların işıqlı əməllərinin
nəticələrinin daxil edilməsi bütünlükdə
əsərlərin tutumunun duyulası dərəcədə zənginləşməsi
ilə sonuclanıb.
Sonda demək istəyirik ki,
respublikanın əməkdar rəssamı Ülviyyə Həmzəyevanın
müxtəlif janrlarda yaratdığı çoxsaylı əsərlər
nəticə etibarilə milli mənəvi dəyərlərimizin
qovşağının ifadəsi olan milli ruhlu sintetik
yaradıcılıq nümunəsi kimi qəbul olunurlar. Görünənlərin
ən önəmlisi rəssamın çox qısa bir
müddətdə öz dəst-xəttini müəyyənləşdirə
bilməsidir. Onun sənətdə artıq fərdi “kölgə”yə
malik olması da çox təzadlı və sərt olan sənət
yollarında artıq öz izini salmasının göstəricisidir.
Heç şübhəsiz bunlar başlanğıc
üçün müsbət hal olmaqla bərabər,
daşıdığı ruhi- mənəvi potensialın
realizə edilməsi üçün təkanverici
yaradıcı məziyyətdir. Bütünlükdə isə,
haqqında söz açdıqlarımız hələ gənc
olan rəssamın davamlı səylərinin əyani və
müsbət nümunəsi sayılmaqla, ötən ildən
rəhbərlik etdiyi Naxçıvan Rəssamlar Birliyinin digər
üzvləri üçün də onları
axtarışlara səsləyən ilhamverici amil ola bilər.
Ziyadxan Əliyev,
Azərbaycan
Respublikasının
əməkdar
incəsənət xadimi
525-ci qəzet .-
2012.- 14 iyul.- S. 21.