“Dilimiz, ədəbiyyatımız
və kimliyimiz uğrunda” Cavad Heyət mübarizəsi
Kateqoriya:
Görkəmli
cərrah, ədəbiyyatşünas alim Cavad Heyətin
“Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda”
monumental əsərinin böyük maraqla mütaliəsini
başa çatdırdım. Kitabda Türk dilinə, Azərbaycan
ədəbiyyatına əhatəli və mükəmməl
bir baxış ifadə olunub. Bu əsərlərin yazılma
tarixindən illər ötsə də onların böyük
hissəsi ilə ilk dəfə tanış olurdum. Əlbəttə,
bu sadəcə tanışlıq yox, bədii əsərdən
duyduğum ötəri bir zövq yox, mötəbər
qaynaqlara söykənmiş faktlara, elmi araşdırmalara,
müəllifin doğru mövqedən, köklü-köməcli
münasibət bildirməsi ilə diqqətimi çəkdi.
Kitaba
“Ön söz əvəzi” yazan doktor Məhəmmədrza Heyət
onun “Türkçülük şüuru”nu
formalaşdıran atası Əli Heyətin millətin azadlıq
ideallarını gerçəkləşdirmək uğrunda
siyasi fəaliyyətindən bəhs etməsi, doktorun ailə
və cəmiyyət içində formalaşması, tibbdə,
ədəbiyyatşünaslıqda inkişafı prosesini bir
ziyalı, dost, məsləkdaş kimi izləməsi
baxımından səciyyəvidir.
Bu təqdimat
həm də ona görə dəyərlidir ki, C.Heyət
Türk-Avropa-Qərb mədəniyyətinə malikliyi, bələdliyi,
bitkin, mükəmməl xarakteri ilə
gözümüzün önündə canlı bir obraz olaraq
dayanır. Bu obraz ona bütövlük verən tərcümeyi-halının
başdan-başa qızıl sətirləri sayılan fakt və
hadisələrin fonunda aydın görünür. Ustadın məktəb
illərindən başlamış, Tehranda, İstanbulda, Parisdə
tibb ixtisasının incəliklərinəcən yiyələnməsi,
vətənində bir sıra yerlərdə cərrahlıq
klinikaları qurması, ümumi cərrahlıqla
yanaşı ürək əməliyyatları aparması, bu sahənin
böyük uğurları tərcümeyi-halının
parlaq səhifəsidir. C.Heyətin Azərbaycan dilini, ədəbiyyatını
tədqiqi sahəsində ərsəyə gətirdiyi
sanballı kitabları, fəxri diplomları, təltifləri,
bütün bunların ucalığında dayanmış
dağ əzəmətli Şəxsiyyəti tanımağa pəncərə
açır. Bu pəncərədən C.Heyətin əsərlərinin
359 adda biblioqrafiyasına göz yetirmək kifayətdir ki, sənətdə
və ədəbiyyatda varlığımızın var
olduğunu görə bilək. Gördüklərimizdən
sonra gəncliyindən qəlbində alovlanan
türkçülük ideyalarının inkişafı
yolunda bir mücadilə həyatı yaşayan cərrah və
ədəbiyyatşünas alimin zəfər dünyasına,
yaradıcılıq yoluna bələd olmaq istəyi qəlbə hakim kəsilir.
Bakı
müxbirinə verdiyi bir müsahibədə “Cərrahlıqla
ədəbiyyatı necə birləşdirə bildiniz?”
sualına doktorun “peşəm cərrahlıqdır, eşqim
isə ədəbiyyat” cavabının arxasında illər
uzunu ağrılar, çətinliklər, zəhmət dolu, həm
də şərəfli bir ömür yolunun
yaşantısını duymaq, dərk etmək elə də
çətin deyil. Doğrudan da ədəbiyyata bunca
aşiqlik, bağlılıq onu millətin kimliyi,
varlığı uğrunda mübarizəyə səfərbər
edə bilərdi.
Məlumdur
ki, hər bir millətin kimliyi, ədəbiyyatı, mədəniyyəti
onun dilindən başlayır. C.Heyət də VII fəsildə əhatə etdiyi əsərlərini
“Dilçilik” bölməsi ilə başlamışdır.
Ana dilinin insanın yetişməsi,
inkişafındakı rolunu müəllif müxtəlif
aspektdən araşdırır, lakin sonda onların hər
birinin bir kökün üstündə rişə atan budaqlar
kimi bağlılığı aydın görünür.
İnsanlar arasında ünsiyyət vasitəsi olan dilin
inkişafına təsir edən amillər, ailədə ana
dilinin uşağın yetişməsindəki rolu, əhəmiyyəti,
bir çox nəzəriyyələrin tədqiqi və müəllifin
də özünün bunlara yanaşma tərzi
dilşünas-alim nəzəriyyəsi, təcrübəsi ilə
araşdırılmış, müqayisəli şəkildə
işıqlandırılmışdır.
Müəllif
insanın ailə və ətraf mühitlə ünsiyyətini,
cəmiyyətdə, beynəlxalq aləmdə münasibətlərin
təməlini təşkil edən canlı vasitənin
qayda-qanunlarını öyrənmək, tədris etmək, nəzəri-metodoloji
fikirlərini dilçi kimi təqdim etməkdən
ötrü bir çox qaynaqlarda, məxəzlərdə
araşdırmalar aparmış, fikirləri incələmiş
və sonradan bu sahədə özünün
yazdığı mükəmməl əsərlərini ortaya
qoymuşdur. Türk dilinə sevgisi, təəssübkeşliyi
ona belə bir faydalı, gərəkli işin məsuliyyətini
anlatmışdır. Ana dilimizin gözəlliyi, şirinliyi
haqqında ustad Şəhriyarın iki misrasına diqqət
yönəltməyi araşdırmalarına bir ahəngdarlıq
verir:
Türkün
dili tək sevgili, istəkli dil olmaz,
Özgə
dili qatsan bu əsil dil əsil olmaz.
C.Heyət
dilçiliklə bağlı xeyli sayda çox gərəkli,
faydalı əsərlər yazmışdır. Bu əsərlər
müqayisəli, fərqli təhlil üsulları, nəzəri-təcrübi
əsasları ilə məntiqi dəyərlərə
tapınır. O, bütün araşdırmalarında
dilşünasların ilkin tədqiqatlarına nəzər
yetirmiş, nəzəriyyələrini
açıqlamış və bunların
qarışığında da öz elmi qənaətlərini
fərqləndirmə mövqeyi ilə meydana çıxarmışdır.
Dilçiliyin inkişafı mərhələsinə yeni
baxışların qanunauyğunluqla tədqiq olunması
qarşıda duran zərurətlərdəndir. Müəllif
qeyd edir ki, tarixdə türk dillərinin təsnifi ilk dəfə
olaraq m. 1072-ci ildə Kaşğarlı Mahmud tərəfindən
aparılmışdır. Onun “Divani-lüğati-türk” əsərində
türk ellərinin yerlərinə görə izahına diqqət
yönəldir. Dilin səsə və sözə görə
müqayisələrini göstərir. Bundan sonra bir sıra dilçilərə
məxsus olan təsnifatların (Rəşid Rəhməti
Arat, Nikolas Pop, Dorfer, Tələt Tekin) işlənməsinə
nəzər yetirir. Türkdilli xalqların
ayrı-ayrılıqda dil və ləhcələrinin qruplar
üzrə bölümünü aparır, səsin işlənmə
yerinə görə mənalarını açır.
Bütün bunlar bir zəncirin həlqəsində dəqiqlik,
incəliklə aparılır.
Dahi Azərbaycan
şairi Nizaminin “Xəmsə”sində türkcə sözləri
seçib araşdırmazdan əvvəl İslam
dünyasında şairin yaradıcılığını
izləyərək ona nəzirələr yazan, əsərlərinə yüksək
dəyər verən sənətkarların fikirlərini
açıqlayır. Müəllif yazır: “Vəhid Dəstgirdi
deyir ki, mən Nizaminin əsərlərini yüz dəfədən
artıq oxudum və hər dəfəsində Xosrovun, Leylinin
ölüm tablolarını oxuyarkən ağladım (Vəhid
Nizamini Səiddən yüksək görüb demişdir ki,
Nizami əxlaq və paklıqda bütün dünya şairləri
arasında təkdir. Onun əsərləridə bir tək
çirkin söz yoxdur. Təmiz eşqin tərifində
Firdovsidən də üstündür)” . Nizaminin həyat
haqqında düşüncələrini, idealını, hər
şeyi Tanrının varlığında görən
“panteist meylli həkim”, ağılın gücünə
inanan bir filosof, şair kimi çox dəqiq və yüksək
dil mədəniyyətinə mənsub ifadələrlə
xarakterizə edir. Və belə bir fikir də vurğulayır
ki, Nizaminin xalq ədəbiyyatına təsiri olduğu kimi,
ağız ədəbiyyatından faydalanması əsərlərinin
əbədilik qazanmasına səbəb olmuşdur.
C.Heyət
“Xəmsə”dəki türkcə sözləri, ifadələri
izləməklə təhlil-müqayisəyə cəlb edir.
Şairin əsərlərinin ruhuna gözəllik, dərin məna
aşılayan ideyanı səlis, qüdrətli tərzdə
səsləndirdiyi misraları bir zərrəbin dəqiqliyi ilə
seçərək oxucunun diqqətinə
çatdırır. Müəllifin aşağıdakı
fikirlərinə nəzər yetirək: “... farsca yazan
şairlərin heç biri türk sözləri, məfhumlarını
Nizami qədər sevgi ilə, sitayişlə işlətməmiş
və atalar sözlərindən onun qədər geniş
faydalanmamışdır. Nizami “türk” sözünü bəzən
həqiqi mənada, lakin çox yerlərdə məcazi mənalarda,
məsələn: paklıq, gözəllik, yüksəklik, qüvvət
simvolu adil, bilici, qorxmaz, cəngavər və qəhrəman mənasında
işlətmişdir... İskəndərin “ağıl, tədbir
və müdrikliyindən danışanda onu Rum börklü
türk adlandırması”, bütünlükdə “Xəmsə”nin
türkçülük ruhunu, xarakterini açır. Müəllifin
gətirdiyi misallardan göründüyü kimi, qədim
türk məsəllərindən qaynaqlanan müdrikanə
atalar sözü bu əsərlərdə qədərincədir.
C.Heyət bununla da filosof şairin
yaradıcılığının türk dilinə, onun
ağız ədəbiyyatına sənətkar bələdliyini
fərqli bir mövqedən araşdırmış,
dilçilik elminin inkişafında müstəsna əhəmiyyətini
göstərmişdir.
C.Heyət
eyni məhəbbətlə Azərbaycanın böyük
şairi ustad Füzulinin dili, söz xəzinəsi ətrafında
maraqlı araşdırma aparmışdır. Şairin əsərlərini
xalqın başa düşəcəyi bir dildə
yazdığını, həm “Şikayətnamə”nin öz
dövründə “satirik nəsrin parlaq nümunəsi” kimi
seçilməsi, həm də “Hədiqətüs-süəda”nın
“ilk romantik nəsrin nümunəsi” olaraq şöhrət
tapması heç şübhəsiz, Füzuli üslubunun, ədəbi
məktəbinin günümüzəcən davam etməsinin
səciyyəsini göstərir. Müəllif şairinin əsərlərinin
dilini bir çox aspektdən araşdıraraq bu gün də
dilimizdə işlətdiyimiz türk sözlərini, eləcə
də Azərbaycan və Türkiyə türkcəsində
işlənən ifadələri “Leyli və Məcnun”, “Bəngü
Badə” əsərləri üzərində
apardığı təhlillərlə diqqətə
çatdırmışdır.
Məlumdur ki, Füzuli əsərlərində farsca və
ərəbcədən alınma sözlər işlətmişdir.
Müəllif şairin yaşadığı dövrü, məkanı
və mühiti xatırlatmaqla bunun da öz
qanunauyğunluğunu belə ifadə etmişdir: “Fars dili əsrlər
boyu Orta Şərqin, xüsusən, türklərin də ədəbi
dili kimi işləndiyi üçün Azərbaycan,
osmanlı, cığatay ədəbiyyatlarında, xüsusən,
şeir və qəzəldə farsca estetik ifadələr bol
işlənmişdir. Füzulinin ədəbi dili də bu
qaydadan müstəsna deyildir. Lakin onun işlətdiyi farsca
sözlər daha çox xalqına, xüsusən, ədəbi
mühitə tanış sözlərdir”. Ərəb mənşəli
sözlərin işlədilməsilə əlaqədar zəruri
tələbləri nəzərə alan müəllifin
aşağıdakı fikirləri maraqlıdır: “Ərəb
dili “Quran” dili olduğu üçün müsəlman
türklərin müqəddəs dili olmuşdur. Bu dildə
olan dini, fəlsəfi sözlər bütün müsəlmanların
dillərinə keçmiş və bu istilahların çoxu
müsəlman xalqları tərəfindən mənimsənilmişdir.
Buna görə də islamı qəbul edən türklər,
farslar və sair xalqların dil və ədəbiyyatlarında
ərəbcə sözlər az-çox məna dəyişikliklərinə
uğramış və bu dillər arasında ortaq sözləri
təşkil etmişdir. Bundan əlavə, Füzulinin
yaşadığı yerlərdə (Kərbəla, Nəcəf
və Bağdad) hakim dil ərəbcə olmuş və
buralarda yaşayan türklər də ərəbcəyə bələd
olduqları üçün Füzulinin işlətdiyi ərəbcə
sözlər heç də qeyri-təbii görünmür”.
Və sonda xalqa tanış olmayan ərəbcə sözlərdən
nümunələr gətirir ki, bunlar da müəllifin tədqiq
etdiyi mövzuya dərindən bələd olmasının
göstəricisidir.
Artıq
bir qərinəyə yaxındır ki, İranda nəşr
olunan “Varlıq” jurnalı Türk dünyasında
türkçülük ruhunun möhtəşəmliyini,
varlığını yaşadan ədəbi-mədəni
abidələr sırasındadır. Onu Cavad Heyətin
övladı da hesab etmək olar. Ən başlıcası ona
görə ki, alimin dünyaya gətirdiyi bu jurnalın həyatında
türkün ədəbi-tarixi mühiti yaşayır. Onun
Türk dilinin, mədəniyyətinin inkişafında
müstəsna əhəmiyyəti olan çox sayda əsərləri
məhz bu jurnalın səhifələrində əks-səda
verib...
Kitabın
“Ədəbiyyatşünaslıq” fəslinə diqqət edəndə
burda xeyli sayda ədəbi-tarixi şəxsiyyətlərin
adlarını gördüm, bu adların
işığında böyük dövrün ədəbi-mədəni
hadisəsi olan əsərlərindəki ecazı duydum. Kimdi
bu şəxsiyyətlər? “Sərvəti-fünun”
yaradıcısı Tofiq Fikrət, ustad Şəhriyar, Saib Təbrizi,
Mövlana Cəlaləddin Rumi, Mehmet Akif, Məhəmməd Əmani,
Mahmud Kaşğarlı, Yunus Əmrə, Almaz
İldırım, Mürtəza Quluxan, Füzuli, Nəvai, Məhəmməd
Əmin Rəsulzadə. Eləcə də “Türkiyə ədəbiyyatı”,
“Mərsiyə ədəbiyyatı”, “XX əsrdə Güney
Azərbaycan ədəbiyyatı”, “Dədə Qorqud kitabı”
kimi böyük mündəricəli əsərlər C.Heyətin
böyük bir dövrün Azərbaycan ədəbiyyatı,
onun olməz ədəbi abidələri ətrafında
möhtəşəm araşdırmalarından xəbər
verir.
C.Heyətini
əsərlərinin ilk özəlliyi onun dəqiq faktlara
malikliyi və çoxməlumatlı olması ilə maraq
doğurur. O, haqqında bəhs açdığı sənətkarı
ədəbi mühiti, bu mühitin cərəyanları, məktəbləri
əhatəsində öyrənərək təhlil edir, hər
birinin parlaq obrazını yaradır. Bu mənada oxucuda rəngarəng təəssürat yaradan Tofiq Fikrətin
həyat və yaradıcılığını maraqlı
bir formada təqdim edir, ədəbi irsinin mahiyyətini,
şairin ruhunu, zəmanəsinin zülmü, istibdadı ilə
barışmazlığını duyaraqdan tədqiq edir.
Şeirlərinin ruhunu müəllifin öz əhvali-ruhiyyəsi
ilə bağlılığını ustalıqla
açır. “Halukun dəftəri” əsərinin xarakterini
açan müəllif yazır: “Fikrətə görə,
insan hər şeyə gücü çatan bir
varlıqdır, hətta “Rabb-i mümkünat”dır. “Bir
gün fənn (texnologiya) bu qara torpağı altın edəcəkdir”.
Bunun üçün iradə və mücadilə
lazımdır. Vətənin qurtuluşu da
insanlığın qurtuluşuna bağlı olduğuna
görə, milləti bəşəriyyətdən
ayırmağa imkan yoxdur. Tofiq Fikrət insanpərvərliyi və
insanlıq dərdlərini türk şeirində ən
yaxşı tərənnüm edən şairlərdəndir”
. Müəllif onun şeirlərində nəsr ahəngini
duymuş, musiqi ahənginin daha güclü olmasını təbiətin
səsi ilə, “yağış damcılarının pəncərələrə
və şüşələrə dəyməsindən
çıxan səs”in yaratdığı ecazla əlaqələndirmişdir.
C.Heyətin
sənətkarı, ümumiyyətlə insanı duymaq hissi,
onu özünəxas xüsusuyyətləri ilə dəyərləndirmək
səriştəsi yetərincə heyrətamizdir. Görün,
ustad Şəhriyarın sənəti ilə şəxsiyyəti
arasındakı vəhdəti necə ifadə edir: “Şəhriyar
bizim üçün bir çıraq idi.
İşığına yığışırdıq.
Şəhriyar müasir dövrün poeziya günəşi
idi. Şüalarından mənəvi qida alırdıq. Şəhriyar
tarixdə yeganə sənətkar idi ki, iki dildə şah əsər
yaratmışdı. Sənət korifeyləri Bahar Şirvani
dörd, Füzuli üç dildə yazıb-yaradıb. Amma
şah əsərləri bir dildə yazılıb. Şəhriyarın
“Fars divanı” da şah əsərdir, “Heydərbabaya
salam”ı da. Şəhriyyar bir şəxsiyyət kimi
çox inamlı, əqidəli, vətənpərvər
insan idi. Əslində o, həm əsl iranlı idi, həm də
əsl azərbaycanlı. İçində boğulduğu məhrumiyyət
və ehtiyac heç vaxt onun dağ qürurunu
qırmamışdı. O, sadə dərviş həyatı
keçirirdi. Adi insanlardan zəkası, təfəkkürü
üstün olsa da, özünü onlardan
ayırmırdı...” “Tehranda və Təbrizdə ustad Şəhriyarı
ağırlama qurultayı” məqaləsində isə C.Heyət
şairin anımı, təqdiri ilə bağlı
keçirilən qurultayın işindən, o məclisdə
dövlət və ədəbiyyat-sənət
adamlarının Şəhriyar
yaradıcılığına verdiyi dəyərdən bəhs
etmişdir. Müəllif qurultay günlərinin ədəbi-mədəni
mənzərəsini əvvəldən axıradək ədəbi
məftunluqla izləmişdir. Ustadın cismani yoxluğu C.Heyəti
həmin günlər qubarlandırmış, ürəyindən
belə bir həsrətin nisgili ötmüşdür:
“Könül belə istəyir ki, bu gün kaş ki, Şəhriyar
sağ olaydı və özünün bu təntənəli
ağırlama və uğurlama günlərində ürəyində
və şeirində arzuladığı günlərin həqiqi
olduğunu görsəydi...”
Şəfəq
NASİR
(Ardı var)
525-ci qəzet.-2012.- 3 iyul.-S.6.