Ana dilim - qürur yerim!

 

Filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəllinin “Ana dili: Azərbaycan dili efirdə” kitabını oxuyarkən

 

Dilin çox mürəkkəb və sirli hadisə olması hamıya bəllidir. İnsanı digər canlılardan fərqləndirən əsas amil dildir. Dilin yaranması müxtəlif mülahizələrə əsaslanır. Bəziləri dil səriştəsini anadangəlmə hesab edir, bəziləri isə dil səriştəsinin anadangəlmə olmadığını, onun koqnitiv fəaliyyətin nəticəsi olduğunu iddia edirlər.

Məqsədimiz dilin nə cür yaranması, yaxud onun haqqında söylənilən fikirləri təhlil etmək deyil. Dilin nə cür yaranmasından asılı olmayaraq, hər bir insan dünyaya  gəldiyi gündən gözünü açdığı ölkəni öz vətəni, həmin anda eşitdiyi dili isə ana dili hesab edir. Bu yerdə ulu öndər H.Əliyevin “Ana dili” haqqında bir kəlamını xatırlamaq yerinə düşər:

“Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir”.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında və digər hallarda mühüm rol oynayır.

Azərbaycanda yaşayan, bu torpaqda boya-başa çatan hər bir ziyalı ana dili haqqında öz sözünü deməyə çalışmışdı.   Və bununla da vətən qarşısında borcunu müəyyən mənada yerinə yetirmişdi.

Azərbaycanın şair və yazıçıları “Ana dili” ni öz əsərlərində kifayət qədər vəsf etmiş və onun haqqında artıq kəlama çevrilən fikirlər söyləmişlər.

Ana dili barədə nəinki şairlər, yazıçılar, eyni zamanda digər ziyalılar da vaxtaşırı öz sözlərini demiş və deyirlər. Belə ziyalılardan biri də tanınmış Azərbaycan dilçisi filol.e.d., professor Fəxrəddin Yadigar oğlu Veysəllidir. Azərbaycan dilinin təmizliyi, cəmiyyətdə tutduğu yeri və nüfuzu uğrunda  Fəxrəddin müəllim həmişə mübarizə aparıb və bu mübarızə 90-cı illərin başlanğıcında Azərbaycan radiosunda “Ana dili” adlı silsilə verilişlərin yaranması ilə nəticələnib. Azərbaycan radiosunda gedən həmin verilişlər dilimizin ünsiyyət vasitəsi kimi işlənməsi problemlərinə həsr olunmuş 50 verilişdən ibarət idi.

Hazırda ana dilimizin təmizliyini qorumaq, müasir elmi konsepsiyalar baxımından tədqiq etmək məqsədilə F.Y.Veysəllinin 90-cı illərdə Azərbaycan radiosunda efirə getmiş “Ana dili” verilişlərinin ssenarilərini bir yerə yığıb təqdim etməsi çox təqdirəlayiq bir işdir.

Bu kitabda müəllif dilimizin işlənməsilə bağlı onu narahat edən bəzi məqamları oxucularla bölüşür.

Birinci məsələ xarici dövlətlərin rəsmi və iş adamları ölkəmizdə fəaliyyətdə olarkən yazılı və şifahi ünsiyyətin ana dilimizdə aparılması məsələsidir. Müəllif ölkə rəhbərliyinin bu məsələyə xüsusi diqqət yetirdiyini vurğulayır  və qeyd edir ki, vəzifəsindən asılı olmayaraq hər bir məmur rəsmi görüşlərdə və ziyafətlərdə təmiz Azərbaycan dilində danışmalıdır.

İkinci mühüm məsələ rəsmi sənədlərin Azərbaycan dilində yazılmasıdır. Fəxrəddin müəllim rəsmi sənədlərin ana dilində yazılmasının tarixi əhəmiyyət daşıdığını faktlarla izah edir və hər bir səlahiyyətli şəxsin bu məsələdə məsuliyyət daşıdığını qeyd edir.

Üçüncü böyük problem KİV-in dilində müşahidə olunan nöqsanlarla bağlıdır. Fəxrəddin müəllim bəzi qəzet, jurnal, radio və televiziya kanallarının dilimizin  saflığı və təmizliyi üçün heç bir iş görməmələrindən, çox vaxt Azərbaycan ədəbi dil normasından kənara çıxmalarından narahatçılıq keçirdiyini qeyd edir.

Dilimizin işlənməsində narahatçılıq doğuran məsələlərdən biri də dialektizmlərin və məhəlli danışıq tərzinin yayılmasıdır. Müəllif yazır ki, vəzifə borcunu yerinə yetirərkən hər bir Azərbaycan vətəndaşı ədəbi dil normasına əməl etməlidir.

Fəxrəddin müəllimi narahat edən növbəti məsələ reklam bazarında dilimizə qarşı olan laqeydlikdir. Müəllif qeyd edir ki, ərzaq və malların üz qabığındakı yazılara xüsusi diqqət verilməli, yad adlardan istifadə olunmamalıdır. O təklif edir ki, xarici şirkətlər ölkəmizə gələndə müvafiq qurumlar müqavilə bağlayarkən dilimizin qayda-qanununa əməl etməyi onlardan tələb etməlidirlər.

Müəllif eyni zamanda Azərbaycan oxucusunu dilimizin tədrisində və təbliğində ortaya çıxan problemlər, habelə dil və mədəniyyət, dil və cəmiyyət kimi məsələlərə də tanış edir və onlara yenidən aydınlıq gətirir.

Kitabda əks olunan bütün məsələlərə bir məqalədə açıqlama gətirmək çətindi. Amma bir neçə verilişlərin təhlilini verməyi lazım bildik.

Kitabda “Ana dili”nin 49 verilişi yer alıb. Kitabın dili sadə və oxunaqlıdır. Onu oxuyarkən sanki müəllif həmin verilişlər barədə bizimlə yenidən öz fikirlərini paylaşır, “Ana dili”nin aktual problemlərini yenidən gündəmə gətirir, artıq həllini tapmış məsələlər barədə sevincini bölüşür.

“Ana dili”nin birinci verilişdə (14. 05. 1989) F.Veysəlli o zamankı Konstitusiyanın 73-cü maddəsini xatırladır ana dilimizin respublikanın dövlət dili kimi qəbul edildiyini vurğulayır. Bu o deməkdir ki, Azərbaycan ərazisində Azərbaycan dili ailədən tutmuş rəsmi iclasların keçirilməsi rəsmi sənədlərin tərtibinə qədər bütün sənədləşmə Azərbaycan dilində olmalıdır. F.Veysəlli 90-cı illərdə Azərbaycan dilinin konstitusiya hüquqlarının heç hər yerdə qorunmadığından narahatçılıq keçirdiyini bildirir. Bundan əlavə, o, dilimizə digər dillərdən keçən, fonetik qrammatik cəhətdən qüsurlu olan sözlərin axınından narahatçılıq keçirdiyini etiraf edir. Veriliş aparıcının məsələyə obyektiv subyektiv şərhi ilə yekunlaşır.

“Ana dili”nin 2-ci verilişində (02.06.1989) BDU-nun Azərbaycan dili kafedrasının müdiri, f.e.d., professor Y.Seyidovla müsahibə verilib. Məlum olduğu kimi, Y.Seyidovun çoxşaxəli elmi-metodik yaradıcılıq fəaliyyətində Azərbaycan dilinin rus məktəblərində tədrisi məsələləri həmişə üstün yer tutub. O, eyni zamanda rus məktəbləri üçün Azərbaycan dili dərsliyinin müəllifidir. F.Y.Veysəllinin Y.Seyidovu ikinci verilişinə dəvət etməsi göründüyü kimi, təsadüfi deyil. Müsahibə zamanı Y.Seyidov ana dilinin işlədilməsi məsələsinin mühüm olduğunu, bunun sadəcə elə-belə danışıq məsələsi deyil, siyasi, ictimai, tarixi əhəmiyyəti olduğunu vurğulayır. O, həmin dövrdə rus məktəblərində Azərbaycan dilinin tədrisinin lazımı səviyyədə olmadığını qeyd edir. (Qeyd etməyi lazım bilirik ki, hazırda rus məktəblərində Azərbaycan dilinin tədrisi artıq yüksək səviyyədədir). Müsahibəni oxuyarkən hər iki alimin (F.V. Y.S nəzərdə tutulur) “Ana dili”nin tədrisinin səriştəsiz adamlar tərəfindən aparıldığı bunun da nəticəsində dilin tədrisində müəyyən qüsurlar olduğu fikrində həmfikir olduqları aşkar olur. Onlar qeyd edirlər ki, dünyanın böyük mütəfəkirləri dəfələrlə sübuta yetirmişlər ki, dil öyrənmə ana dilinə söykənməlidir.

“Ana dili”nin 4-cü verilişi (07.07.1989) reklam bürosunda hazırlanmış lent yazısını dinlətməklə başlayır.

F.Veysəllinin dördüncü verilişində müsahibi f.e.d., professor Türkan Əfəndiyeva olub. Müsahibəni oxuyarkən, Türkan xanımı qeyd olunan məsələlərin narahat etdiyinin şahidi oluruq. Türkan xanım vurğulayır ki, o, yazıda danışıqda dialekt tələffüzünə qarşı olmuş, həmişə ədəbi tələffüz normasını qorumağa çalışmışdır.   Veriliş G.HüseynoğlununAzərbaycan diliadlı məşhur şeirilə yekunlaşır.

“Ana dili”nin 6-cı verilişi (11.09.1989) hazırda da aktual olan bir məsələyə dilimizin öz soykökümüz zəminində tərəqqisi, inkişafı onun bugünkü həyatımızda öz ruhumuza, adətimizə, uyğun işlədilməsinə, Azərbaycan dilində  müraciət formalarına həsr edilmişdir. Müəllif faktlara əsaslanaraq sübut edir ki, xalqımızın dilinə yatan, qədim dövrlərdən bəri tamamilə formalaşmış müraciət formalarımız var biz danışıqda, yaxud yazıda onları işlədə bilərik.

“Ana dili”nin 11-ci verilişi (10.11.1989) mərhum Xalq şairi B.Vahabzadə ilə müsahibəyə həsr edilmişdir. B.Vahabzadə aparıcının: bütün yaradıcılığınız boyu vəsf etdiyiniz ana dili, onun bugünü gələcəyilə bağlı deyə bilərsiniz? sualına şeirlə cavab verir:

 

Sən gözlərə görünməyən bir telsən ki,

Yol açmışan keçmişdən gələcəyə.

Ana yurdum, öz ruhunu keçirirsən

Bu nəsildən o nəsilə,

Bu ürəkdən o ürəyə

(B.Vahabzadə).

 

B.Vahabzadə əlinə qələm aldığı gündən Azərbaycan dilinin qorunması, sadəliyi təmizliyi uğrunda mübarizə apardığını qeyd edir. Xalq şairi Fəxrəddin müəllimi “Ana dili”nin yüksək səviyyədə təbliğınə çalışdığı üçün alqışlayır bu yolda ona uğurlar arzulayır.

“Ana dili”nin 13-cü verilişi (12.01.1990) Respublika Müəllimlərin Təkmilləşdirmə İnstitunun Azərbaycan dili kafedrasının müdiri, f.e.n., Ələddin Əliyevlə müsahibədir. Ələddin müəllim ana dili tədrisinin keyfiyyətini artırmaq yollarından, Respublikamızda yaşayan qeyri-millətlərin dilimizə olan marağından s. məsələlər barəda öz düşüncələrini dinləyicilərlə bölüşür.

“Ana dili”nin 14-cü verilişi (12.03.1990) yanvar hadisələrində şəhid olanların xatirəsini yad etməklə başlayır. Daha sonra aparıcı respublikamızda yaradılmış B.Vahabzadənin rəhbərlik etdiyiAzərbaycan dilimərkəzinin işi barədə oxuculara məlumat verir. Həmin dövrdə Azərbaycan dilinin işlənməsi xüsusiyyətlərini yerində yoxlamaq üçün bir neçə komissiya yaradılmışdı. Bu verilişdə komissiyaların birində iştirak edən mərhum Xalq şairi N.Kəsəmənli ilə müsahibə aparılır. N.Kəsəmənli dilimizin qorunmasının zəruriliyindən komissiyanın işini həyata keçirən zaman rast gəldiyi problemlər barədə aparıcı ilə fikirlərini bölüşür.

“Ana dilinin 17-ci verilişi (08.06.1990) Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu müasir Azərbaycan dili nitq mədəniyyəti şöbəsinin müdiri f.e.d. mərhum Müseyib Məmmədovla müsahibəyə həsr olunub. Müseyib müəllimin həmin verilişə dəvət olunması təsadüfi deyildi. O, Azərbaycan dilçiliyində danışıq mədəniyyəti məsələlərilə müntəzəm məşğul olan alimlərdən idi. Məlumdur ki, dilimizin dövlət dili kimi maneəsiz işlənə bilməsi aktual olduğu kimi, danışıq mədəniyyəti məsələlərinin günün tələbləri səviyyəsində işlənib hazırlanması vahid orfoepiya lüğətin hazırlanmasından asılıdır. Daha açıq, yəni dilimizin ahəngdarlığını qoruyub saxlamaqla hazırkı danışığımızda nəzərəçarpan meyilləri özündə cəmləşdirən sanballı tələffüz normalarının işlənib hazırlanması nəzərdə tutulur.

“Ana dili”nin 19-cu verilişinin  (19.07.1990) qonağı sevimli Xalq şairi Sabir Rüstəmxanlı olmuşdu. Sabir müəllim “Ana dili” verilişinin efirdə olmasını, Fəxrəddin müəllimin aktual mövzularla xeyli miqdarda tamaşaçı kütləsi yığmasını, müzakirəyə çıxarılan mövzuların Azərbaycan dilinin təmizliyi, qorunması, düzgün işlədilməsi yolunda əvəzsiz xidmət kimi dəyərləndirmişdi.

Fəxrəddin müəllim verilişinin efirdə olduğu müddətdə görkəmli elm və incəsənət xadimləri ilə dilimizin dünəni, bugünü və sabahı haqqında müzakirələr aparmış və bərabər çıxış yollarını göstərməyə çalışmışlar.

Yuxarıda da qeyd etdiyimiz kimi, “Ana dili” kitabında əks olunan bütün verilişlərin xülasəsini bir məqalədə əhatə edə bilmərik. Buna baxmayaraq, kitabla tanışlıq bizə F.Y.Veysəllinin öz məqsədinə nail olduğunu deməyə əsas verir. Kitabın redaktoru AMEA-nın müxbir üzvi, filol.e.d., prof., ə.e.x. K.M.Abdullayev, rəyçiləri filol.e.d., prof. A.Y.Məmmədov və filol.e.d., prof. İ.B.Kazımovdur.

 

Sahilə Mustafayeva,

Azərbaycan Dillər Universitetinin

baş müəllimi

 

525-ci qəzet.-2012.-5 iyul.-S.7.