Azərbaycan Milli Mətbuatının 137-ci ildönümü
qeyd edildi
İyulun
22-də Milli Mətbuat
Günü münasibəti ilə Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
(KİVDF) icraçı direktoru Vüqar Səfərli, Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov və
bir qrup media təmsilçisi Fəxri Xiyabana gələrək
öncə müstəqil mətbuatımızın
inkişafında müstəsna xidmətləri olan
ümummilli liderimiz Heydər Əliyevin məzarını
ziyarət edib, önünə çələng qoyublar.
Sonra
qəzet redaktorları, media rəhbərləri və
jurnalistlər Fəxri Xiyabanda Həsən bəy Zərdabinin
qəbrini ziyarət edib, böyük mütəfəkkirin
ruhunu ehtiramla yad ediblər. Həsən bəy Zərdabinin məzarı
başında çıxış edən Fondun
icraçı direktoru Vüqar Səfərli və Mətbuat
Şurasının sədri Əflatun Amaşov “Əkinçi” qəzetinin
yaradıcısı və baş mühərriri Azərbaycan
xalqının tanınmış simalarından olan
böyük maarifpərvər, ziyalı Həsən bəy Zərdabinin
həyat və fəaliyyətindən
danışıblar. Onlar
bildiriblər ki, “Əkinçi” qəzetinin ömrü
çox uzun çəkməsə də o, Azərbaycan Milli
Mətbuatının, Azərbaycan xalqının tarixində,
onun maariflənməsində böyük rol oynayıb.
Vüqar Səfərli bildirib ki, Azərbaycan mətbuatının
keçdiyi 137 illik yol keşməkeşli, əziyyətli,
lakin şərəfli olub: “Azərbaycan ikinci dəfə
müstəqillik əldə etdikdə ölkədə mətbuat
azadlığının təmin olunması istiqamətində
bir sıra addımlar atılıb. 1998-ci ildə Azərbaycan
Prezidenti Heydər Əliyevin sərəncamı ilə ölkədə
senzura tam ləğv olundu. Yəni, “Kütləvi informasiya
vasitələri haqqında” qanun qəbul edilib, Mətbuat
Şurası formalaşdırılıb, Prezident yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu
yaradılıb. Hazırda ölkədə 500-dən artıq
mətbuat orqanı fəaliyyət göstərir ki,
onların da 40-a yaxını gündəlik nəşrlərdir”.
Bundan
sonra tədbir geniş heyətlə “1001 gecə” istirahət
mərkəzində davam etdirilib. Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun (KİVDF) və Azərbaycan Mətbuat
Şurasının birgə təşkilatçılığı
ilə keçirilən tədbirdə
çıxış edən Prezident Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov Azərbaycan mediasının
nümayəndələrini, jurnalistika sahəsində
çalışan bütün mətbuat işçilərini
Milli Mətbuatımızın 137-cı ildönümü
münasibətilə təbrik etmiş, onlara işlərində
uğurlar arzulayıb.
Əli
Həsənov bildirib ki, Azərbaycanda Milli Mətbuat
gününün geniş təntənə ilə qeyd edilməsi
artıq xoş bir ənənəyə çevrilib: “Bu ənənənin əsası
ümummilli lider Heydər Əliyevin Milli Mətbuatımızın
125 illiyinin keçirilməsi haqqında imzadaldığı
müvafiq Fərmanı ilə qoyulub. O vaxtdan qeyd olunan mətbuat
günlərində ölkəmizin ictimai-siyasi həyatının
müxtəlif sahələrində dəyərli
yazıları ilə fərqlənmiş və dövlətçilik
ənənələrimizə xidmət edən media mənsubları
mükafatlandırılıblar”.
Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri
qeyd edib ki, Azərbaycan milli mətbuatı çox
çətin, eyni zamanda, zəngin və şərəfli
inkişaf yolu keçib: “ 1875-ci ildə maarifçi və
publisist Həsən bəy Zərdabi tərəfindən nəşr
olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə
yaxın fəaliyyəti dövründə mütərəqqi
fikirli ziyalıları ətrafında birləşdirib. Qəzetdə
elm, maarif, mədəniyyət, incəsənət və kənd
təsərrüfatının inkişafı ilə
bağlı məqalələr dərc olunmuş, dini
mövhumata və cəhalətə qarşı kəskin
çıxışlar edilib, bu mətbu orqan vasitəsilə
xalqın mədəni tərəqqisi uğrunda mübarizə
aparılıb. Maarifçilik xüsusiyyətləri ilə
seçilən bu qəzet milli mətbuatın müasirləşmə,
məfkurə saflığı, ümummilli məqsədlərin
təbliği, ədəbi dilin zənginləşməsi,
hadisələrin obyektiv işıqlandırılması kimi təməl
yaradıcılıq prinsiplərini təcəssüm etdirən
məktəb səviyyəsinə yüksəlib”.
Mətbuat
Şurasının sədri Əflatun Amaşov da
çıxışında Azərbaycan mətbuatının
keçdiyi şərəfli tarixi yola nəzər salıb, “Əkinçi”
qəzetinin xalqımızın həyatında
oynadığı rolu xüsusi qeyd edib. O deyib ki, Azərbaycan Prezidenti
İlham Əliyevin “Həsən bəy Zərdabinin 170 illik
yubileyinin keçirilməsi haqqında” 2012–ci il 4 iyun tarixli Sərəncamına
uyğun olaraq Zərdab və Gəncədə də tədbirlər
keçirilib və bu istiqamətdə işlər davam etdiriləcək.
Sonra
Mətbuat Şurasının təsis etdiyi “Ali media
mükafatı”nın təqdimetmə mərasimi olub. Mükafatın
birinci dərəcəsinə Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli
layiq görülüb. Ali Media Mükafatının müasir
mətbuatın inkişafına görə olan ikinci dərəsində
isə APA-nın baş direktoru Vüsalə Mahirqızı,
“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin
Şıxlı və “525-ci qəzet”in baş redaktoru Rəşad
Məcid layiq görülüblər. Mükafatın
üçüncü dərəcəsi üzrə 5 media
nümayəndəsi təltif olunub. Bunlar “Yeni Azərbaycan” qəzetinin
baş redaktoru Hikmət Babaoğlu, “Şərq” qəzetinin
baş redaktoru Akif Aşırlı, “Kaspi” qəzetinin baş
redaktoru Natiq Məmmədli, “Kür” qəzetinin baş
redaktoru Əminə Yusifqızı olub.
Tədbir
iştirakçılarını salamlayan Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinə Dövlət Dəstəyi Fondunun
(KİVDF) icraçı direktoru Vüqar Səfərli son illər
ölkəmizdə medianın inkişafı naminə
görülmüş işlərdən danışıb. İcraçı
direktor çıxışında milli mətbuatın
inkişaf taixindən və onun keçdiyi çətin və
şərəfli yoldan söz açıb. Vüqar Səfərli söz azadlığının
qorunması və mətbuatın inkişafının dövlətin
daim diqqət mərkəzində olduğunu deyib: “Bu gün
media işçilərinin bayramıdır. Bu bayram ölkənin hər yerində
qeyd edilir. Bayramın qeyd olunmasının əsas səbəbkarı
Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini təsis
etməsidir”. Milli Mətbuata dövlət
qayğısından
danışan icraçı direktor “Əkinçi” qəzetinin
də maliyyə çətinliyi üzündən nəşrinin
dayandırıldığını xatırladıb: “Maliyyə
qəzetlərə hər zaman lazımdır. Elə bu səbəbdəndir
ki, ölkə başçısının sərəncamı
ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinə Dövlət Dəstəyi
Fondu yaradılıb. Artıq Fond 3 ildir fəaliyyət
göstərir. Bu illər ərzində Fonda dövlət
büdcəsindən artan templə külli miqdarda vəsait
ayrılıb. Ayrılan vəsait hesabına KİV-lərə
maliyyə dəstəyi göstərilmiş, jurnalist peşəkarlığının
artırılması məqsədi ilə treninq və fərdi
yazı müsabiqələri keçirilmişdir”. Vüqar Səfərli
qeyd edib ki, Milli Mətbuatın
137-ci ildönümü ilə əlaqədar
keçirilən jurnalistlərin fərdi yazı müsabiqəsinə
10 istiqamət üzrə ümumilikdə 77 yazı təqdim
olunub və yazılar Fondun 9 ekspertləri tərəfindən
araşdırılaraq qiymətləndirilib: “Ayrı-ayrı
istiqamətlər üzrə ən yüksək balları toplamış 30 yazının müsabiqənin
qalibləri elan edilib”.
Mərasimdə
jurnalistlərə KİVDF-nin mükafatları təqdim
edilib. Sonda Milli Mətbuatımızın 137-ci
ildönümü ilə bağlı “Bakcell” şirkətinin
mükafatları da təqdim olunub. Mükafat alanlar
sırasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov, Fondun
icraçı drektoru Vüqar Səfərli və Mətbuat
Şurasının sədri Əflatun Amaşovda var.
525-ci qəzet.-2012.-24
iyul.-S.4.