“Yarımçıq əlyazma” romanının müəllifi haqqında yarımçıq 

 

Mənbəyi sadə el dilinin dərin hikmətindən yaranmış şifahi xalq ədəbiyyatına söykənən Azərbaycan ədəbiyyatı, tarixi boyu şərqdə öz fəlsəfi dərinliyi, güclü hikməti, poetik qüdrəti, qeyri-sağlam mühitə qarşı kəskin və barışmaz mövqeyi, zaman-zaman yeniləşən ruhu, inkişaf dinamikası, çoxjanrlı ədəbi nümunələri və bütün bunları yaradan nəhəng ədibləri ilə elə bir zirvəyə yüksəlib ki, həmin zirvə dünya ədəbi mühitinin hər tərəfindən parlaqcasına görünür və hətta bu mühitə öz təsir qüvvəsi ilə müəyyən mənada istiqamət yaratmağa da nail ola bilir.

 

Böyük Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin təsirindən yaranan dünya inciləri buna ən münbit aydınlıq gətirə bilən bir danılmaz sübutdur desək, yanılmadığımıza əminlik ifadə etmiş olarıq!

İmadəddin Nəsimi həm dərin fəlsəfi yükü, həm poetik gücü, həm zəngin, yüksək milli ruhu, həm də əyilməz vüqarı ilə, cahanı özünə sığdıran və heç vaxt məsləkindən və əqidəsindən dönməyən, bu gün də bizim qürur yerimiz kimi ruhunu hər birimizin ruhuna hopdurmuş qüdrəti  ilə, dünya poeziya aləmində günəş kimi şölələnən nümunələr yaratmış bir Allah vergisidir!

Oxunduqca, öz lirik-romantik ovqatı ilə ağlı başdan alan, özünün son dərəcə yüksək poetik ekstazı ilə sözü əlçatmaz ənginliyə ucaldan, ucaldığı yüksəklikdən, hələ də onun ətrafında dolanaraq ona çatmağa can atan dünya ədiblərinin yaradıcılığına işıq salan nəhəng Məhəmməd Füzulinin, zaman keçdikcə əntiq əyyarı daha da yüksəlir və daha da şövqlə parlayır!

Mirzə Ələkbər Sabir əsrlərdə bir yetişən (Sabirin Sabirdən başqa hələ ki, əvəzi olmadığı da bir həqiqətdir!) təkrarsız, dərin bir ümmandır! Əlçatmaz bir zirvədir!

 

Və sair...

Burda bir haşiyə çıxmaq istəyirəm:

   Biz, tarix boyu Azərbaycana tamah salmış, bu məmləkəti  işğal etmiş bütün fatehlərin hamısının Qarabağa Azərbaycanın cənnət guşəsi kimi dəyər verdiklərini tarixi sənədlərdən oxuyuruq. Düşünürsən ki, niyə məhz Qarabağa? Axı Azərbaycanın bütün ərazisi gözəldir. Mənim bu sözüm təvazökarlıqdan kənar kimi anlaşılmasın. Bunun həqiqət olduğu hamımıza bəllidir. Gədəbəy, Kəlbəcər, Gəncə, Mingəçevir, Daşkəsən, Göy-göl, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Bakı, Təbriz, İrəvan, Dərbənd, Borçalı və sair. Mənə belə gəlir ki, ona görə Qarabağın adını tuturlar ki, bu təkcə ərazinin gözəlliyi ilə deyil, həm də bu gözəlliklə vəhdət yaradan, bütün Qarabağda doğulan hər bir azərbaycanlının avazı ilə dəyərləndirilir. Mən, “azərbaycanlının” deyirəm. Qarabağda son bir neçə yüzillikdə başqa millətlər də doğulub. “Bəs nə üçün bu avaz yalnız Azərbaycan millətinə məxsusdur?” sualının cavabı çox sadədir. Çünki azərbaycanlılar bu torpağın iqlimində yaranmış, əsrlər boyu havasını udmuş, suyunu içmiş və sayı bəlli olmayan bir tarixin gedişatında formalaşıb bu həddə gəlib çıxmışdır. Bax, fikrimə bu kontekstdən baxanda aydın olur ki, Azərbaycan torpağı, azərbaycanlılar, heç bir mübaliğəsiz, zəngin mənəvi sərvət sahibləridir və digər sahələr kimi dünya ədəbi aləmində də öz yerini məhz bu qüdrətdən alaraq müəyyənləşdirir. İnanın ki, bu qədər sərvətlər sahibi olan biz, bircə cəhətimizdə inqilab edə bilsək; hər birimiz öz yerimizi ağılla müəyyənləşdirə bilsək, dəyər sahiblərimizə layiqincə dəyər verə bilsək və anlasaq ki, bizim varlığımız yalnız cismi bağlılıqla bir-birinə qohum deyil, biz, məhz mənəvi bağlılıqla qan qohumuyuq, onda istər-istəməz bütün cəhətlərdən sürətlə yüksələ biləcək və ədəbiyyat adamlarımız ədəbi aləmdə, incəsənət adamlarımız incəsənət dünyasında, elm adamlarımız elm məkanında, siyasətçilərimiz siyasi meydanda nümunə olduqlarını təsdiqləyə və yüksək sıçrayışla bütün parametrlərdən məhz Nizami, Nəsimi, Füzuli, Sabir zirvəsinə ucala biləcəyik. Təəssüf ki, Tanrı bizə hər şeyi bəxş etdiyi kimi, özümüzün özümüzə sevgimizi əsirgəmiş və bizi bu xüsusda imtahana çəkərək öz anlağımıza buraxmışdır. “Anlamaq dərdi!..” bu barədə ölməz Mirzə Cəlil ömrünün sonuna kimi üsyan dərəcəsinə qədər mübarizə aparmış, anlatmağa çalışmışdır... heyhat!..

Bu gün bütün sahələrdə olduğu kimi, ədəbiyyat sahəsində də yaranmış çox dolğun və münbit mühitdə yeni və çoxlu, meydana yüksək istedadla atıla bilən ədiblərimizin yetişə biləcəyinə heç şübhə yoxdur. Çünki yuxarıda qeyd etdiyim kimi, bu bizə Tanrı vergisidir. Bizim poetik ruhlu xalq olduğumuz, daxili poetikamızdan doğan dilimizin zənginliyi, şirinliyi və ədəbi gücü ilə öz haqqını tapır.

Heç uzağa getmədən yaxın keçmişə nəzər salsaq, M.P.Vaqifin, M.Müşfiqin, H.Cavidin, C.Cabbarlının, S.Vurğunun, R.Rzanın və sairlərin yaratdığı bir-birindən fərqlənən və geniş mövzu dairəsi, fəlsəfi gücü, poetik ruhu ilə seçilən bu poeziya nümunələrinin dediklərimizə sübut olduğu göz qabağındadır. Hələ şifahi xalq ədəbi nümunələrindən qaynaqlanan məhz belə güclü poeziya qüdrəti, öz poetik ruhu ilə nəsrə də sirayət etməklə, Azərbaycan ədəbiyyatında saysız-hesabsız poetik ruhlu nasirlərin yetişməsinə təkan oldu. Azərbaycanda ədəbiyyat yaranandan ta bu günə qədər ədiblərimiz Azərbaycan ədəbiyyatında boşluq yaranmasına imkan vermədilər. Realizmdən romantizmə, romantizmdən modernizmə, postmodernizmə, postpostmodernizmə qədər bir mərhələni aşdılar. Yaranmış bu cərəyanların içində ayrıca bir mərhələ kimi yeniləşmə prosesinə qədəm qoyan 60-cılar ədəbi nümayəndələri isə ədəbiyyata yeni ruh, yeni nəfəs, yeni üslub gətirməklə sonrakı cərəyanlara keçid üçün zəmin yaratdılar.

Bu prosesdə, 1980-ci illərdə ilk yazıları ilə, geniş ədəbi ormanda təzə-tər nəfəsi, ruhu, üslubu, fərqli yazı palitrası ilə diqqəti çəkən Kamal Abdulla imzalı bir yazıçı da boy verməyə başladı ki, onun yaradıcılığı istər şeirlərində, istər nəsr əsərlərində, o cümlədən dramaturgiyasında, hətta publisistik yazılarında da  özünəməxsusluğu ilə seçildi. Onun, /Əvvəl-axır yazılanlar/ (1990), /Yolun əvvəli və axırı/ (1993), /ÜÇ YÜZ AZƏRBAYCANLI/ (2007), esselər topluları; /Gümüş dövrün sirləri/ (2001) tərcümələr kitabı; “Qəribədi, deyilmi?!” (1998), “Kədərli seçmələr” (2002), “Yolun sahibi” (2004) şeirlər kitabları; /Dəvə yağışı/ “Drujba Narodov” jurnalı (¹3. 2006), /Xaron, mərhəmətli xaron/ “Literaturnaya qazeta” (¹27. 5-11. 07. 2006), /Parisin seçimi/ “Literaturnaya qazeta” (¹3. 2009), /Çəngəl çiçəyi/ “Literaturnaya qazeta” (¹34. 1-7 sentyabr, 2010),  /Bir yay axşamı/ “525-ci qəzet” (26 noyabr, 2011) hekayələri və /Hekayələr/ (2008) kitabı və s. çoxşaxəli yaradıcılığı, öz müasirliyi və bənzərsizliyi ilə diqqət mərkəzindədir.

O, dilçilik elmi sahəsində yazdığı, /Azərbaycan dilində sadə cümlə sintaksisinin nəzəri problemləri/ (1983), /Müəllif-əsər-oxucu/ (1985), /Gizli Dədə Qorqud/, /Sirriçində dastan və yaxud gizli Dədə Qorqud-2/ (1999), /Azərbaycan dili sintaksisinin nəzəri problemləri/ (1999), /Bakı Slavyan Universitetində mühazirələr/ (2003), /Azərbaycanca danışaq/ Mişel Malerblə həmmüəlliflikdə, (2008), /Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud/ (2009), /Dilçiliyə səyahət/ (Dilçi olmayanlar üçün dilçilik) (2010), /Azərbaycanca danışaq. Dil və mədəniyyət/ (2010), /AZƏRBAYCANCA DANIŞAQ. Ölkə və onun dili/ (2011), /Məqamlar. (Kamal Abdullanın yaradıcılığı ətrafında yaradıcılıq söhbətləri) (2011), /Azərbaycan dilində sintaktik bütövlər/ (2012) kimi geniş əhatəli, dərin məzmunlu, mühüm əhəmiyyətli, çoxcəhətli elmi əsərləri ilə Azərbaycan dilçilik elminin inkişafına və tədqiqinə böyük xidmətlər göstərib.

Kamal Abdulla araşdırmaları zamanı Dədə Qorqud dövrü kimi çətin və dərin fəlsəfi layları olan bir zənginliyə varid olduqca və daha dərin qatlara getdikcə, həmin dövrün ruhi qidasından aldığı enerji ilə, yaradıcılıq aləminə baş vurduqdan sonra mistikada axtardığı müasirliklə, müasirlikdə axtardığı mistikanın inikasını yarada bildi.

Kamal Abdullanın yaradıcılığında sezilən, ədəbi mühitin içində intişar edən, oyun içində oyun yaratmaq, yuxu içində yuxu görmək, yataraq, yatmamaq, ölərək, ölməmək və s. yaratdığı orijinal ədəbi fənddir. Müəllif bu fəndlə özünə bir mərkəz nöqtəsi qurur. Həmin nöqtədən müəllif, ağla-qara, varla-yox, olumla-ölüm, canla-ruh arasındakı məsafəni müəyyənləşdirir və istədiyi halda həm bu, həm də digər tərəfi müşahidə edə bilir. Bu müşahidələr sözsüz ki, nəhayətdə orta nöqtədə dayanan müəllifin iç dünyasında hər iki tərəfin qovuşma məkanına çevrilir və orada özünə rahatlıq tapa bilir. Nəhayətdə, reallıqla irreallıq arasındakı enerji, canla ruh arasındakı bağlantının qaynaq nöqtəsində birləşir və bu nöqtə Kamal Abdullanın yaratdığı ədəbi zərrədir ki, o zərrə istənilən halda müəllifin ilham mikroskopunda böyüyə və kiçilə bilir. Böyüyərkən hərəkətə keçir, kiçilərkən özünə yığılır və bu da, ədəbi mühitdə, istənilən halda, istənilən formada özünü ifadə edə bilmək hökmünün sahibi olaraq, bir istedadın qüdrətinin nüvəsi kimi özünə yer alır.

Kamal Abdulla yeniliyi sevən yazıçıdır. Bəzən dramaturgiyadan söz düşəndə, ədəbi tənqid, novator yazıçıları klassik kanonlara toxunmamaq tələbi ilə, ənənələrin qorunmasına və klassik formadan kənara çıxılmamasına vadar etməyə çalışır. Klassik formadan kənara çıxan müəlliflərə irad tutulur, bunun yolverilməz olduğu bildirilir. Lakin hesab edirik ki, teatr bütün stereotipləri darmadağın etmək qüdrətinə malik bir məkandır və bu məkanda ölçü-biçi səhnənin öz ruhunun tələbi ilə hesablanır.

Səhnə, qeyri-adiliyi, gözlənilməz dəyişikliyi, ecazkar sehri, heyrətamiz yeniliyi, sərhədsiz əfsunu, eləcə də özünün dərin mahiyyət yükü ilə idrakı, təfəkkürü silkələyən, yerindən oynadan, gah dərin qatlarda çabaladan, gah da dayaz çuxurda yanıltmağa çalışan bir mənzərəni və yaxud maraqlı, zəngin koloritli oyun üslubunu, ölçüsüz gedişatı daha tez tanıyır və daha yaxşı realizə edə bilir. Əslində yarandığı vaxtdan, hərəkətsizliklə, yalnız deklomasiya söyləməklə öz bünövrəsini qoyan teatr sənəti zaman-zaman öz elastik xüsusiyyəti ilə cilddən cildə düşdü və bu günün teatr sənəti artıq ekspromt gedişata daha çox meyl göstərir. Bunun əsas üstün cəhəti odur ki, hər şey gözlənilməzlikdən yaranır və belə vəziyyətin iş mexanizmi sənətkarın oyun imkanlarına da sərbəstlik, genişlik və təbiilik ruhu qatır.

Bir məsələni də unutmamalıyıq ki, artıq uzun illərdir ki, rejissorlar ən böyük klassiklərin belə əsərlərinə kifayət qədər müdaxilə edirlər. Doğrudur, bəzən həqiqətən də bu müdaxilələr əsəri deformasiyaya uğradır və bu doğrudan da yol verilməzdir. Lakin elə müdaxilələr də olur ki, həqiqətən də səmərə verir. Bu isə anlaşılandır. Ona görə də bu günkü dramaturgiya elə incəlik və həssaslıqla, elastik texnologiya ilə yaradılmalıdır ki, orada rejissorun işləmək imkanı genişlənsin və xəmiri istədiyi kimi yoğura bilsin və nəhayət gözəl bir məhsul ortaya çıxarsın. Kamal Abdulla heç vaxt rejissora məhdudiyyət qoymur və yazdığı əsərlərin elastik imkanlarına o qədər arxayındır ki, bilir ki, rejissor o məzmunun içində sərbəst olaraq, müəllif qayəsini açmaq üçün öz təxəyyülünü istədiyi kimi istismar edə biləcək və ona da əmindir ki, əsər heç bir deformasiyaya uğramayacaq. Belə yaradıcılıq, sözün əsl mənasında səmərəli və maraqlı nəticə ilə yekunlaşır. 

Müasir teatr prosesi tələblərinin çərçivələrinə sığışmadığı üçün öz plastikasının gücü ilə absurd teatr poetikasının üst qatına qədər miqyasını böyüdən, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Kamal Abdulla “Unutmağa kimsə yox” (1995), “Ruh” (1997), “Elə bil qorxa-qorxa” (2001), “Bir, iki-bizimki!” (2003), “Casus” (2004) və s. pyeslərinin ovqatında, teatr mühitinə öz ruhu ilə yeni bir əhval, fəlsəfi dərinlik gətirən  müəllif olaraq yerini müəyyənləşdirmişdir. Odur ki, Kamal Abdullanın əsərləri Azərbaycan teatrlarının demək olar ki, əksəriyyətində öz parlaq səhnə təcəssümünü tapa bildi.

Gürcüstan Respublikasınin, Estoniyanın səhnələrində sevilərək tamaşaya qoyulmuşdur. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində hazırlanan iki əsəri, “Elə bil qorxa-qorxa” (rejissor Mahumənzər Hüseynova, 2001)) və “Unutmağa kimsə yox” (rejissor Gümrah Ömər, 2010) böyük tamaşaçı marağına səbəb oldu. Marağa səbəb olan cəhət nə idi? Hər iki əsərdə müəllif, bütün insanların həmişə anlamaq istədiyi real dünya ilə irreal dünya arasındakı məkanın rənglərini, ovqatını və qəribəliklərlə dolu olan sehrini, insan ruhunun mistik qaloqramları ilə real gerçəkliyi arasında vurnuxan hiss, duyğu siqnallarının dinamik çırpıntılarını sanki həqiqətə çevirir və bu həqiqətdə insan özünü tapmağa çalışır.

Orijinal səhnə əsəri olaraq “Elə bil qorxa-qorxa” tamaşasının rejissoru Mahumənzər Hüseynova ən yaxşı rejissor işinə görə mükafata layiq görüldü. Bu mükafat, rejissorun modern yozumu ilə, əsərdəki müasir təxəyyül parametrləri vəhdətinin təltifi idi.

Odur ki, Kamal Abdulla dramaturgiyasına olan maraq, İrəvan teatrının səhnəsində müəllifin növbəti, “Bir, iki-bizimki!” əsərinin, Gümrah Ömərin rejissorluğu ilə, beynəlxalq layihə çərçivəsində, 2013-cü ildə səhnə təcəssümü tapmasını nəzərdə tutur.

Bəzən oxucular, hətta Kamal Abdullanı yaxından tanıyan insanlar belə, Kamal Abdullanın əsərlərinin cox mürəkkəb olduğunu  dilə gətirirlər. Mən bununla heç cürə razılaşmıram. Əksinə, belə hesab edirəm ki, Kamal Abdullanın mövzuları çox sadə hadisələrin içindən dərin qatlara baş vurur və oxucunu da ora dəvət edir. Məsələn, “Elə bil, qorxa-qorxa”. Bu pyesin adına fikir verin. Nə qədər sadədir. Lakin düşünəndə ki, “qorxa-qorxa” sözü varsa, onda bəs niyə “elə bil”?.. Bəli, Kamalın orijinallığı məhz bundadır. “...qorxa-qorxa”nın əvvəlinə əlavə etdiyi “elə bil” kəlməsi oxucunu diksindirir. “Elə bil, qorxa-qorxa... nə?” maraqlıdır.  Və yaxud çox sadə deyim “Bir-iki, bizimki”. Müəllif bu sadə el deyiminin içindəki hadisələrdə insan taleyini elə orijinal nöqtədən aydınlaşdırır, burada, reallıqla irreallığın zərrəciklərini elə cür oynadır, qaynadıb-qarışdırır ki, oxucu və ya tamaşaçı özünü öz ruhsal dünyasında tapır, rahatlaşır, sərinləşir, sakitləşir, süstləşir və canı ilə ruhu arasındakı məsafədən, real dünyası ilə ruh dünyasındakı məhrəmanə bağlılığa qovuşur. Nə qədər gözəl ovqatdır! Və yaxud, “Unutmağa kimsə yox” bu sadə kəlmə nə qədər geniş mövzunu özündə ehtiva edə bilir. Burada insan nə qədər suallarla üz-üzə dayanır və düşündükcə əlçatmaz, ünyetməz məsafələrin yolçusuna çevrilir. Və sair...

Mən Kamal Abdullanı uzun illərdir ki, tanıyıram və onun həm müsbət keyfiyyətlərlə mükəmməl zənginliyə malik olan bir insan kimi, həm də bir vətənpərvər, sadə azərbaycanlı oğlu, böyük alim, nəhəng ədib və teatr xadimi, eyni zamanda ictimai xadim və mütərəqqi ziyalı kimi hər zaman diqqəti özünə cəlb edə bilən (buna məxsusi çalışmasa belə!) qeyri-adi təsir qüvvəsinə malik bir fəlsəfi düşüncə, geniş təfəkkür, dərin ağıl,  müdrik idrak sahibi olaraq ətrafa güclü təsir bağışlayan, çoxşaxəli zəngin elmi biliyi, ədəbi-bədii mükəmməlliyi və poetik ruh qüdrəti ilə  cəmiyyətdə özünün rəng palitrasını yaratmış, son dərəcə özünəməxsus bir aləmdən və dünyadan cəmiyyətə baxan və cəmiyyəti bu baxış nöqtəsinə doğru istiqamətləndirən bir işıqlı şəxsiyyət olduğunun müşahidəçisiyəm. Bu işıqlı insan, özünəməxsus, maraqlı, qeyri-adi üslubu, bənzərsiz koloriti, ruhsal ovqatı, oxucunu saldığı mürəkkəb döngələrdə və çətin keçidlərdə asanlıqla düz yola çıxara bilən, gözlənilməz sadəliyə qovuşduran fəndləri ilə müasir ədəbi mühitin içində fosfor böcəyinin qəribə rəngbərəng işıltısı kimi qaranlıq mühitdə belə daim öz işığı ilə görünür, seçilir və klassik nümunəyə çevrilən bir yolun izini yaradır.

Kamal Abdulla ilk növbədə yaradıcı insandır. Sonra o, dərin ağıl sahibi olan və bilik və bacarığı ilə elmi mükəmməl öyrənən, elmə sözün əsl mənasında yenilik gətirən bir elm adamı anlamında dərk olunması vacib hesab edilən ziyalıdır.

Kamal Abdulla ədəbiyyata da-istər nəsr yaradıcılığında, istərsə də nəzm yaradıcılığında öz romantik ruhunu, lirik ovqatını, kosmopolitik, real və irreal atmosferini oxucunun idrakında yerləşdirmək və onu bu orijinal aləmə salmaq gücü ilə öz ədəbi nəslinin nümayəndələrindən ciddi şəkildə fərqlənir və belə hesab etmək doğru olar ki, bu yazıçı, oxucusunu öz tilsimində sehrləyə bilirsə və bu sehrdə onun təfəkkür, idrak arenasına daxil ola və o arenda sərbəst hərəkət edə bilirsə, bu, artıq yeni dünyada, yeni düşüncənin hakimi olaraq hökm sahibinə çevrilməsinin təzahürüdür. Belə güc, yazıçını həm şəxsiyyətə çevirir, həm oxucunun beynində hər an öz işartısı ilə onun təfəkkürünə təsir etməklə oxucunu öz arxasınca apara bilir. Bu da o deməkdir ki, bu cür yaradıcılıq yolu cəmiyyətin müasir ruhda formalaşmasına və bir ədəbi cərəyanın işığında zülmətin içindən rahat keçə bilməsinə meydan yaradır.

Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin və ayrılıqda teatr sənətinin inkişafına bir sıra bənzərsiz töhfələr vermiş parlaq bir sima olan Kamal Abdullanın teatra olan sevgisi təkcə əsərləri ilə ifadə olunmur. Vaxtilə Mədəniyyət fondunun nəzdində “Sönməyən ulduzlar” adı altında yaratdığı teatr meydanında, sənətdən getmiş və ya küsmüş, unudulmuş qocaman sənətkarların bir növ könlünü oxşamaq, onlarda həyat eşqi yaratmaq, onlara stimul vermək üçün, onları bir yerə toplayıb, elə həmin sənətkarların özünə tamaşalar hazırlatdırır və geniş tamaşaçı kütləsinin qarşısında onlara meydan yaradırdı. Bu iş nə qədər xeyirxah bir missiya idi. Yadımdadır, onların Akademik Milli Dram Teatrının səhnəsində oynadıqları S.Vurğunun “Vaqif” əsərinin tamaşası. Həmin gün bir teatr bayramı miqyasına yüksəlmişdi.

AMEA-nın müxbir üzvi, filologiya elmləri doktoru, professor, ictimai xadim Kamal Abdulla  artıq neçə illərdir ki, Bakı Slavyan Universitetinə rəhbərlik edir. Bu sahədə də, yaradıcılığında olduğu kimi, sadə iş prinsipindən çoxcəhətliliyə doğru inkişaf edən, dərin qatlara qədər yüksələn özünəməxsus yanaşma metodu ilə, zəngin prinsipləri özündə ehtiva edən üsulla tələbələrin peşəkar mütəxəssis kimi yetişmələri üçün sərbəst, rahat, mükəmməl, sağlam, dolğun təhsil almalarına münbit şərait yaratmışdır.

Kamal Abdulla üçün orta hədd yoxdur. O, aşağı həddi isə ümumiyyətlə tanımır və belə düşüncə sahiblərinin cəmiyyətdə yüksək mövqe tutmaması üçün müdam mübarizə aparır və yüksək ağıl sahiblərini də bu yolda həmişə mübarizəyə çağırır.

Uzun illər idi ki, gah şeirlər, gah hekayələr, gah esselər, gah publisistik yazılar, gah dram əsərləri yaradan bu istedadlı Azərbaycan ədibi artıq neçə illərdir ki, “roman” adlı daha geniş ümmana baş vurmuş, o ümmanda şahə qalxan dalğaları, burulğan yaradan fırtınaları çox rahatlıqla keçib, sakit bir sahilə doğru gəlib çatmışdır. Bu sahilə o, özü ilə bir neçə roman gətirib çıxara bilmişdir. “Yarımçıq əlyazma” (2004), “Tarixsiz gündəlik” (2005), “Sehrbazlar dərəsi” (2006), “Unutmağa kimsə yox...” (2011). Bu romanların hamısı yuxarıda sadaladığım janrların dalğasının damcılarından süzülüb gəlirdi.

“Yarımçıq əlyazma” əsəri, bu görkəmli ədibin əsərlərinin içərisindən bütün yaradıcılığı boyu misqal-misqal böyüyən, monumental miqyasa yüksələn böyük sənət incisidir. O, bu əsəri ilə bir neçə xalqın dilində Azərbaycan ədəbiyyatının nümayəndəsi olaraq təmsil olunmaq və sevilmək haqqını qazanıbsa bu qürurverici bir hadisədir. Bununla yalnız və yalnız qürur duymaq lazımdır. Çünki Kamal Abdulla milli şəxsiyyətdir, milli vətəndaşdır, milli alim, yazıçı, şair, dramaturq və milli ədəbiyyatı dünya ədəbiyyatı sırasına qaldıran bir Azərbaycan ədibidir. Bu müəllifin yarımçıq qalmayan və yekunlaşması ilə dünya dillərinə tərcümə olunmaq gücünə malik olduğunu sübut edən “Yarımçıq əlyazma” əsərinin cığırı getdikcə böyüyən bir yola çevrildi. Bu yol, dünyanın həmişə maraq nöqtəsində olan ən mötəbər bir mükafat hesab olunan Nobel mükafatıdır ki, çox az sayda müəllifin əsəri layiq bilindiyi halda, “Yarımçıq əlyazma” əsəri mükafata təqdim olunmaq üçün seçilmə haqqını qazandi. Hətta mükafatı almasa belə seçilmək artıq özü çox böyük göstərici və çox mühüm bir hadisədir. Amma mən inanıram ki, Azərbaycanın sərvəti ilə yaranmış “Nobel” mükafatı, azərbaycanlı müəllifə də qismət olacaq və bu təntənədə bir haqq var. Əsərin səviyyəsi və Nobel qardaşlarının Azərbaycana olan ədalət borcu, bu mükafatın bu il Azərbaycana gəlməsinə  hüquqi hökm verir. Mən bu yerdə, Azərbaycan elminin və bədii yaradıcılıq kəhkəşanının parlaq simalarından olan Kamal Abdullanın elm və yaradıcılıq xidmətlərinin bir qismini əhatə etdiyim məqaləmi yarımçıq saxlayır və əminliklə mükafatın Azərbaycana gələcəyi günü gözləyirəm. Həmin gün məqaləmin ardını elə buradanca davam edəcəyəmə böyük əminlik hissi ilə gözləmə mövqeyinə çəkilirəm.   

 

 

İftixar PİRİYEV      

 

525-ci qəzet.-2012.-21 iyul.-S.18-19.