“Azərbaycanın təhsil tarixi”:
milli təhsil haqqında fundamental əsər
I YAZI
Məlum
olduğu kimi, təhsil naziri, professor Misir Mərdanovun “Azərbaycanın
təhsil tarixi” kitabı ictimaiyyətə təqdim edilib.
Misir
Mərdanovun müəllifi olduğu kitab 3 cilddədir və
kitabların hazırlanmasına ümummilli lider Heydər Əliyevin
tapşırığı ilə başlanılıb. Kitabın
3 cildi hazırdır, 4-cü cildi isə artıq mətbəədə
yığılır. Kitabın birinci cildində 1920-ci ilədək
Azərbaycanın təhsil tarixi ilə bağlı məlumatlar
əks olunub. Kitabın ikinci cildi sovet dövründəki təhsil
tarixi ilə bağlıdır. Kitabın
üçüncü cildində isə Azərbaycanın
müstəqillik illərində ölkəmizin təhsil
tarixi, keçdiyi yollar, görülən işlər barədə
geniş məlumatlar verilib. Təəssüf ki, I cild digərlərindən
az səhifəli və az məlumatlıdır. Çünki
arxivdə o qədər də ciddi məlumatlar tapmaq
mümkün olmayıb. “Təhsil” nəşriyyatı tərəfindən
çap olunan çoxcildlik Azərbaycan təhsilinin çətin
və şərəfli inkişaf yolunu əks etdirən salnamə
kimi səciyyələndirilə bilər. “Azərbaycanın təhsil
tarixi” çoxcildliyi böyüməkdə olan nəslin təhsil
və tərbiyəsi ilə bağlı xalqın min illər
boyu yaratdığı , zamanın, tarixin yaddaşına həkk
etdiyi, milli-mənəvi dəyərlərə
çevrilmiş sərvətin böyük bir hissəsini
özündə ehtiva edir. Nazir kitabda bildirib ki, otuz ildir ki, təhsilin
təşkili və idarə olunması sahəsində
çalışıb. Bu şərəfli yolda
addım-addım irəlilədikcə, təhsilimizin istinad
etdiyi mənəvi dəyərlərə və prinsiplərə
daha dərindən bələd olduqda, məndə Azərbaycanın
təhsil tarixini yazmaq arzusu yarandı: “Yaxşı
yadımdadır, 1998-ci ildə müəllimlərin növbəti
qurultayı üçün məruzə hazırlayarkən
araşdırdığım materiallardan mənə aydın
oldu ki, 1925-ci ildə keçirilən və Ümumazərbaycan
müəllimlərinin birinci qurultayı adlanan qurultay
heç də bu sahədə ilk təcrübə deyil. Sovet
hakimiyyəti qurulana qədər Azərbaycan müəllimlərinin
taleyüklü qərar və qətnamələr qəbul
etmiş üç qurultayı keçirilmişdir. Amma sovet
rejiminə sadiq olan məmurlar, hətta bu sahənin tədqiqatçıları
belə həmin qurultaylar haqqında heç nə
yazmamağı, susmağı üstün tutmuşlar. Azərbaycanın
təhsil tarixində belə qaranlıq məqamların
olması hələ o vaxt məndə dərin təəssüf
hissi oyatdı və bu, xalqımızın təhsil tarixi ilə
bağlı həqiqətləri üzə çıxarmaq
üçün bir təkan oldu. Ulu öndər Heydər Əliyevin
ziyalılara müraciətdə dediyi: “Azərbaycanın təhsili,
məktəbləri sona çatan XX əsrdə çox
böyük nailiyyətlər əldə edib. Əsrin əvvəllərində
Azərbaycanın mütəfəkkir şəxsləri,
maarifçiləri, ziyalıları, müəllimləri
xalqımızı savadsızlıqdan, ətalətdən
çıxarmaq, maarifləndirmək, təhsili inkişaf
etdirmək üçün çox işlər
görmüşlər. Əgər Azərbaycanın təhsil
tarixi yazılsa, şübhəsiz ki, hər mərhələdə
görülən işlər orada əksini tapacaq və
öz qiymətini alacaqdır” - sözləri isə arzumun
gerçəkləşməsinə əlavə stimul verdi.
Elə o vaxtdan mütəxəssislərlə məsləhətləşib
kitab üzərində işləməyə başladım və
buna hər şeydən əvvəl dövlətin təhsil
siyasətini həyata keçirən bir şəxs kimi öz
vəzifə borcum hesab etdim. Təhsil sahəsindəki
çoxillik fəaliyyətim zamanı onu da yəqin etmişəm
ki, milli təhsil quruculuğunda tarixilik, varislik, müasirlik
prinsipinə əsaslanmaqla, yəni ötən əsrlərdə
xalqımızın təhsil sahəsində malik olduğu zəngin
irsi, maarifçi ziyalıların və görkəmli şəxsiyyətlərin
mütərəqqi ideya, fikirlərini öyrənməklə,
onlardan müasir dövrün tələblərinə
uyğun bəhrələnməklə böyük nailiyyətlər
qazanmaq mümkündür. Ona görə də biz, ilkin olaraq
təhsil tariximizi, xalqımızın təlim və tərbiyə
təcrübəsini mükəmməl öyrənməli,
milli qaynaqları üzə çıxarmalıyıq”.
Hakim
Yeni Azərbaycan Partiyasının sədr müavini, icra
katibi, millət vəkili Əli Əhmədovun sözlərinə
görə, Azərbaycanın təhsili bu gün yeni
inkişaf mərhələsinə çatıb. Azərbaycanda
çoxtəhsilli, müasir dünyanın fəal
üzvünə çevriləcək gənclərin
formalaşdığını deyən Əli Əhmədov
bildirib ki, burada Azərbaycan məktəblərinin
böyük rolu var: “Məhz bu zəmində Azərbaycan təhsilinin
öyrənilməsinə, tarixinin
araşdırılmasına ehtiyac var. Çünki tarixin əhəmiyyətli
hissəsi olan təhsil tarixinin araşdırılması sahəsində
müəyyən boşluqlar var. Azərbaycanda ən az tədqiq
olunan sahə təhsil sahəsidir. Bu sahədə ciddi
araşdırmaların aparılmasına ehtiyac duyulur”. M.Mərdanovun
müəllifliyi ilə hazırlanan kitaba yüksək qiymət
verən Ə.Əhmədov qeyd edib ki, bu vəsaitlər sadəcə
bir tədqiqatçının araşdırmaları deyil, bu ən
təcrübəli təhsil idarəedicisinin təhsilə
verdiyi qiymətdir”.
“Azərbaycanın
təhsil tarixi” kitabı barədə fikirlərini bildirən
Milli Məclisin vitse-spikeri Bahar Muradova bu tədqiqatın
aparılmasının tarixə, varisliyə və müasirliyə
əsaslandığını söyləyib: “Azərbaycan təhsilinin
tarixi ilk dəfədir ki, bu cür əhatəli və sistemli
şəkildə oxuculara təqdim olunur. Görkəmli maarif
fədailərinin, mütəfəkkirlərin və
pedaqoqların həyatı, onların xalqın maariflənməsi
yolunda qeyri-bərabər mübarizədə göstərdikləri
dözüm, cəsarət haqqında qısa oçerklər
bu fundamental əsəri daha maraqlı və oxunaqlı edir”.
B.Muradova qeyd edib ki, bu nəşrin hər bir cildində
doğma Vətənini, doğma torpağını sevən
bir insanın qəlb çırpıntıları duyulur. Bu,
kitabın müəllifi Misir müəllimin qəlbinin
çırpıntılarıdır. Təhsil tariximiz üzrə
tədqiqatların aparılmasının üç əsas
prinsipə - tarixilik, varislik və müasirliyə əsaslandığını
diqqətə çatdıran B.Muradova bildirib ki, kitabda təhsil
tarixi, onun keçdiyi yollar real şəkildə əksini
tapıb. Birinci cilddə XIX əsrədək keçən
müddət ərzində Azərbaycan təhsilinin tarixi cəmi
35-40 səhifəlik material təşkil edir. Bunun səbəbi
həmin dövr üçün kifayət qədər arxiv
materiallarının olmamasıdır. Həmin dövrlər
üçün Azərbaycan təhsilinin formalaşması
barədə materiallar xeyli az olub. Lakin buna baxmayaraq, o dövr
üçün əldə olunan bütün materiallar dərin
maraq doğurur: “Çoxcildliyin birinci cildi təhsilimizin ən
qədim dövrlərdən 1920-ci ilin aprel işğalına
qədərki tarixini əhatə edir. Bu böyük zaman ərzində
təhsilimizin keçdiyi bütün mərhələlər
- qədim məktəblərin, mədrəsələrin,
dünyəvi təhsil ocaqlarının yaranması, ilkin dərslik
nümunələrinin meydana gəlməsi və ümumilikdə
Azərbaycan xalqının mənəvi mədəniyyət
tarixində təhsilin yeri bu cilddə olduqca dolğun
işıqlandırılıb. İkinci cilddə 1920-1991-ci
illərdə Azərbaycanda təhsil quruculuğundan, təhsil
sisteminin mahiyyətindən, həmin dövrün təhsil-tərbiyə
ilə bağlı konseptual problemlərindən bəhs edilir.
Həmin illərdə Azərbaycanın iqtisadiyyatı ilə
yanaşı, təhsili, elmi və mədəniyyəti də
böyük inkişaf yolu keçib. Kitabın müvafiq fəsillərində
təhsilin ayrı-ayrı pillələrinin inkişaf tarixi,
bu tarixi yaradan insanlar, həmin dövrün təhsillə
bağlı mühüm dövlət sənədləri,
pedaqoji mətbuat, elmi-pedaqoji kitabxana və Xalq Maarifi Muzeyi barədə
məlumat əksini tapıb. Üçüncü cilddə
müstəqillik illərində Azərbaycanda milli təhsil
sisteminin inkişafından bəhs olunur. Kitabın
ayrı-ayrı fəsillərində Azərbaycanda təhsilin
təşəkkülü, məktəbəqədər,
ümumi, ilk peşə-ixtisas və orta ixtisas təhsili pillələri
üzrə inkişaf amilləri, habelə pedaqoji mətbuatın
inkişaf tendensiyaları əksini tapıb. Doğurdan da Azərbaycan
təhsilinin tarixi ilk dəfədir ki, bu cür əhatəli
və sistemli şəkildə oxuculara təqdim olunur”.
Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anarın fikrincə, “Azərbaycan təhsil
tarixi” adlı 3 cildlik fundamental tədqiqat əsəri təhsil
tariximizlə bağlı elmi araşdırmaların uğurlu
nəticəsi və bu sahədə mühüm nailiyyət
kimi qəbul edilməlidir.
Azərbaycan
Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovun dediyinə
görə, bu dəyərli elmi əsər təhsil
tariximizin şanlı salnaməsi hesab oluna bilər: “Əsərdə
bütövlükdə şərq tarixinin, türkdilli
xalqların tarixinin, müsəlman ölkələri tarixinin,
ədəbiyyatının, mədəniyyətinin, elminin ən
maraqlı məqamları vəhdətdə verildiyindən
daha böyük əhəmiyyət kəsb edir”. Kitabın
böyük zəhmət hesabına başa gəldiyini deyən
Ə.Əmiraslanov nəşrlərdə təhsil tariximizin
obyektiv və ədalətli yazıldığını qeyd
edib: “Mənim üçün xoş olan məqamlardan biri də
odur ki, kitabda tibb təhsili tarixi də geniş şəkildə
əks edilib”.
Bakı
Slavyan Universitetinin rektoru Kamal Abdullanın sözlərinə əsasən,
təhsil naziri Misir Mərdanovun müəllifi olduğu
kitablar təkcə təhsil tarixini əks etdirmir, bütövlükdə
təhsil ensiklopediyasıdır: “Bu, həm şəxsiyyətlərimiz,
həm tariximiz, həm mənəviyyatımızla
bağlı böyük topludur. Güman edirəm ki, Azərbaycan
tələbələri bu kitab vasitəsilə yiyələnməyə
çalışdıqları bugünkü elmimizin
arxasında nələr dayandığını öyrənə
bilərlər.”
Azərbaycan
Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix
İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov nəşrlərdə
təhsil tariximizin hərtərəfli əks olunduğunu vurğulayıb. Y.Mahmudov qeyd edib ki, nəşrin
birinci cildi ona görə əhəmiyyətlidir ki, o ötən
əsrləri əhatə edən təhsilimiz haqqında məlumatlar
verir. Kitabda İrəvanda, Borçalıda, Dərbənddə
təhsillə əlaqədar faktlar öz əksini tapıb.
Azərbaycan
Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri
İnstitutunun direktoru, əməkdar müəllim Vaqif Abbasov
kitabın dilinin oxucular üçün maraqlı olduğunu
bildirib. Onun sözlərinə görə, kitab sərt
oxunaqlı dildə deyil, sadə dildə yazılıb: “Azərbaycan
təhsilinin tarixi bu nəşrlərdə geniş əksini
tapıb. Çoxları Azərbaycan təhsilinin tarixinin əsassız
olaraq ən yaxşı halda XIX əsrin ikinci yarısından
başlandığını qeyd edirlər. Bəlkə də
bu, həmin adamların da nöqsanı deyil. Əslində, Azərbaycan
təhsilinin tarixinin dərin araşdırmalara, sistemli təhlilə,
real faktlara söykənən ümumiləşdirmələrə
və yalnız mövcud olmuş Azərbaycan dövlətləri
tarixi bazasında yox, bütövlükdə Qədim Şərq,
İslam tarixi, orta əsrlər tarixi və müasir dövr
tarixi mənbələri əsasında dərindən öyrənilməyə
ciddi ehtiyacı var idi. Həyatının çox hissəsini
Azərbaycan təhsilinin inkişafına həsr etmiş, bu
gün də təhsil sistemində uğurlu islahatların təşkilatçısı
olan hörmətli təhsil naziri, professor Misir Mərdanovun bu
yaxınlarda işıq üzü görmüş “Azərbaycan
təhsil tarixi” adlı 3 cildlik fundamental tədqiqat əsəri
təhsil tariximizin elmi araşdırmalarının uğurlu nəticəsi,
mühüm nailiyyəti kimi qəbul edilməlidir. Bu dəyərli
elmi əsər təhsil tariximizin şanlı salnaməsi
hesab oluna bilər. Əsərdə bütövlükdə
şərq tarixinin, türkdilli xalqların tarixinin, müsəlman
ölkələri tarixinin, ədəbiyyatının, mədəniyyətinin,
elminin ən maraqlı məqamları vəhdətdə
verildiyindən daha böyük əhəmiyyət kəsb
edir. Xüsusi qeyd etmək istərdim ki, bu əsərin dili
çox sadə və rəvan olduğundan oxucu onu oxumaqdan
yorulmur, ondan ayrılmaq istəmir.
Kitabın I cildi 3 fəsildən ibarətdir. Birinci fəsil
Qədim və Orta əsrlərdə, ikinci fəsil XIX əsrdə,
üçüncü fəsil XX əsrin əvvəllərində
Azərbaycan təhsilinin tarixinə həsr olunub.
Müəllif haqlı olaraq qədim və orta əsrlərdə
Azərbaycanda təlim və tərbiyənin zərdüştlük
dininin əsas kitabı olan “Avesta”ya əsaslandığını
qeyd edir.
“Avesta”dan gətirilmiş aşağıdakı misallar əslində
bu gün də qəbul olunandır və nəzərə
alınmağa layiqdir: “Təlim-tərbiyə
varlığın bünövrəsi kimi mühüm əhəmiyyətə
malikdir. Hər bir şəxs müəllim və
tərbiyəçilərin vasitəsilə yazıb
oxumağı öyrənməli, həm də
özünün sağlamlığına ciddi fikir verməlidir.
Yalnız bu yolla insanlar yüksək məqsədə
çata bilərlər”. “Pis müəllim
şüuru korlar. Sözün mənasını
çatdırmaz, ağlın inkişafını
dayandırar, təlim-tərbiyəni fəsada çevirər.
Nəticədə həyatın təbii
axınına və gözəlliyinə zərər yetirər”.
“Çalışın ki, alim və cahil
arasında fərq qoyasınız. Alimlər
həyatın yol göstəriciləridir”.
Şübhəsiz,
geniş oxucu kütləsi üçün çox
maraqlı faktlardır ki, Azərbaycanın cənubunda yerləşən
qədim Atropatena dövlətində təhsilin ilk
rüşeymləri formalaşırdı. Zadəganların uşaqları ilk təhsilini evdə
alır, 7 yaşından sonra isə məktəbə göndərilirdilər.
Məktəbdə tibb, hesab, coğrafiya, musiqi və
astronomiya elmləri tədris olunurdu. İxtisaslı
kadrlar “saray məktəbində” hazırlanır, burada hakim
sinfin uşaqları 16 yaşından başlayaraq müvafiq
ixtisas təhsili alırdılar. Həmin
dövrdə hərbi məktəblər də fəaliyyət
göstərirdi”.
V.Abbasov
qeyd edib ki, IV əsrdə Qafqaz albanlarının 52 hərfdən
ibarət əlifbasının yaranması və bundan sonra
Albaniyada məktəblərin açılması, bu məktəblərdə
şagirdlərə aylıq təqaüd və gündəlik
yemək verilməsi faktları da təhsil tariximizin qədimliyinə
parlaq nümunədir. Müəllif tarixi mənbələrə
əsaslanaraq göstərir ki, V əsrdə Albaniyada kənd
məktəblərinin mövcud olması “Qəbələ və
Girdiman kimi iri şəhərlərdə müvafiq məktəblərin
varlığına şübhə yeri qoymur.” O,
haqlı olaraq qeyd edir ki, “Azərbaycan türklərinin islam dinini asanlıqla qəbul etməsinin əsas
səbəbi onların ta qədimdən xeyir və göy
tanrısına tapınmaları, tanrıçılıq
dininə etiqad etmələri idi.”
Həmin dövrdə gənclərin tərbiyə
olunması məsələlərinə ciddi önəm
verildiyini vurğulayan müəllif qeyd edir ki, “Hərbi təlim,
cəsurluq, cəngavərlik Azərbaycan türklərinin tərbiyəsində
mühüm yer tuturdu.” “Əsgəri
şücaətlər hər bir türk kişisi
üçün, onun özünün, ailəsinin,
tayfasının şərəf, namus işi idi”. “Azərbaycan türkləri savaşda ölməyi,
şəhid olmağı şərəf bilər, xəstələnər,
ölməkdən utanarmışlar”. “Azərbaycan
türklərində uşaqlar həmişə atalarına
hörmətlə yanaşmış, onların qulluğunda
durmuş, ehtiram göstərmiş, ədəbsiz hərəkətlərə
yol verməmiş, atadan qabaq süfrəyə
oturmamış, onların peşəsini öyrənmiş,
atalarını özlərinə həyat idealı hesab
etmişlər. Ata dünyasını dəyişdikdən
sonra onun ocağı övladlar üçün müqəddəs
hesab olunmuşdur.”
Maraqlı fakt kimi o da göstərilir
ki, o vaxtlar uşaqları həyatı sevən, gözəllikdən
həzz almağı bacaran, estetik zövqə və vətən
əxlaqına malik insanlar kimi tərbiyə etmək məqsədi
ilə dini və milli bayramlardan, müxtəlif oyun və xalq
mahnılarından təsirli tərbiyə vasitəsi kimi
istifadə edilirdi. Belə tərbiyə
üsulu bu gün də geniş istifadə edilir və tərbiyə
prosesində uğurlu nəticələri təmin edən
faktorlardandır.
Müəllif haqlı olaraq
“Quran”ın tərbiyə prosesində mühüm rol
oynadığını da xüsusi
vurğulamışdır:
“Quran”ın gətirdiyi
davranış və ədəb-ərkan qaydaları hər
bir cəmiyyətdə, hər bir dövrdə tərbiyə
işinin məqsədlərini müəyyən edən
qaydalardır. “Quran” yalnız dini kitab
deyil, o, hər şeydən öncə, tərbiyə
kitabıdır. İslamda tərbiyə
anlayışı geniş mənanı ifadə edir. Bu özünəməxsus və orijinal təsəvvür
islamın kainata, insana və həyata baxışlarından
doğaraq, insanın istedadının imkan və qabiliyyətlərinin
tədricən inkişaf etdirilməsini, onun kamillik səviyyəsinə
yüksəlməsini nəzərdə tutur.”
Aşağıdakı fikirlər isə müasir təhsil
sisteminin inkişaf konsepsiyasında birmənalı olaraq nəzərə
alınmalıdır: “Orta əsr Şərq təsəvvürlərinə
görə, təlimlə tərbiyə arasında
qırılmaz, qarşılıqlı əlaqə
mövcuddur: tərbiyəsiz bilik - odunsuz ocaq, biliksiz tərbiyə
- bədənsiz ruh kimidir.” Onu qeyd etmək istərdim ki,
2011-ci ildə Londonda baş verən ixtişaşlardan sonra
Böyük Britaniya hökuməti rəsmi etiraf etdi ki, biz əslində
son 20 ildə tərbiyəsiz gənclik yetişdirmişik. Təlim-tərbiyə prosesində buraxılan səhvlərin
acı nəticələri budur. Müəllif
qeyd edir ki, Azərbaycanda ilk müsəlman məktəbi VIII əsrin
birinci yarısında açılmışdı. Maraqlı məlumat ondan ibarətdir ki, “Müəllimlər
çox diqqətlə seçilirdi. Müəllim
ailəli və yaşlı, ən başlıcası isə
yüksək əxlaqi keyfiyyətlərə malik olmalı,
uşağın psixi xüsusiyyətlərini, fərdi
qabiliyyət və imkanlarını bilməli idi. Valideynlər bu tələblərə uyğun gəlməyən
müəllimlərə öz uşaqlarının təlim-tərbiyəsini
etibar etmirdilər.” Müəllif göstərir
ki, X əsrdə Azərbaycanda mədrəsə təhsilinə
çox böyük önəm verilirdi. Amma
Azərbaycanda mədrəsə təhsilinin sürətli
inkişafı XII əsrə təsadüf edir. O,
haqlı olaraq və bəlkə də ilk dəfə olaraq mədrəsə
təhsili almış dahi şairimiz Nizami Gəncəvini təkcə
böyük şair kimi yox, həm də zəmanəsinin
görkəmli alimi kimi təqdim edir. Qeyd edim ki,
Misir müəllimin bu fikirlərini bir mənalı olaraq qəbul
edir və nizamişünasların bu ideya istiqamətində
daha dərin tədqiqatlar aparmasını məqsədəuyğun
hesab edirəm.
Kitabda xüsusi qeyd edilir ki, XII-XIII əsr
mədrəsələri orta əsrlər dünyasında ilk ali təhsil müəssisələri idi və
burada “tələbələrə əqli, mənəvi və
fiziki keyfiyyətlər kompleks şəkildə
aşılanırdı”. Şərqin
böyük alimi Nəsirəddin Tusi də belə mədrəsələrdən
birində təhsil almışdı. XIII
və XIV əsrlərdə Azərbaycanda əslində elm və
təhsilin birgə inkişafı prosesi
başlanmışdı. Kitabxanalar zənginləşirdi,
klassiklərin əsərləri sürətlə ərəb
dilinə tərcümə olunurdu. XIII əsrdə
yunan filosoflarının ən məşhur əsərlərinin
tərcüməsi başa
çatdırılmışdı. Müəllif
bildirir ki, həmin dövrdə Şamaxıda və Gəncədə
tədris, mütaliə və elmi-tədqiqat mərkəzinə
çevrilmiş kitabxanalar mövcud idi. Artıq
XIV əsrdə bəzi mədrəsələrin nəzdində
rəsədxana, müalicə evləri və elmi kitabxanalar təşkil
edilmişdi. XIII-XIV əsrlərdə
böyük “elm və təhsil ocağı olan “Rəb-e-Rəşidi”
təhsil kompleksi Fəzlullah Rəşidəddinin təşəbbüsü
ilə Təbriz yaxınlığında təşkil
olunmuşdu. Bu kompleksdə 7 min tələbə
təhsil alırdı və onlara 450-dən çox müəllim
dərs deyirdi. Tələbələrin
1000 nəfərdən çoxu azərbaycanlı idi”.
V.Abbasovun sözlərinə əsasən, kitabda qeyd
olunur ki, XV əsrdə Azərbaycanda məktəb və mədrəsələrin,
kitabxanaların sayı artdı və bu yüksəliş XVI
və XVII əsrlərdə də davam etdi. Maraqlıdır
ki, XVII əsrdə Azərbaycanda 1200 ibtidai məktəb və
100 mədrəsə var idi. Orta hesabla hər
məktəbdə 50-100 nəfərə qədər
şagird, hər mədrəsədə isə yüzlərlə
və bəzi hallarda 1000-dən artıq tələbə təhsil
alırdı. 1647-ci ildə Təbrizdə
600 ibtidai məktəb və 47 mədrəsə var idi.
O da maraqlıdır ki, XVIII əsrdə Azərbaycan dili elmdə
daha geniş istifadə olunmağa başlamışdı.
Misir müəllim orta əsrlər Azərbaycan təhsilini təhlil
edərək aşağıdakı doğru nəticəyə
gəlmişdir: “Orta əsrlərdə Azərbaycanda fəaliyyət
göstərən məktəb və mədrəsələr
xalqın o dövrün tələbinə uyğun təhsil
almasında, elmi biliklərə yiyələnməsində
müstəsna xidmətlər göstərməklə
yanaşı, Xaqani Şirvani, Məhsəti Gəncəvi,
Nizami Gəncəvi, Marağalı Əvhədi, İmadəddin
Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd
Füzuli, Qövsi Təbrizi, Saib Təbrizi kimi görkəmli
ziyalılar yetişdirdi”: “Onu da xüsusi vurğulandırmaq
istərdim ki, kitabın birinci cildində Şərqin, o
cümlədən Azərbaycanın klassikləri haqqında
kifayət qədər maraqlı, zəngin, rəsmi mənbələrə
əsaslanan məlumatlar öz əksini tapmışdır.
Müəllif XIX əsr Azərbaycan təhsilinin təhlilinə
keçməzdən əvvəl “Gülüstan” (1813) və
“Türkmənçay” (1828) müqavilələrinə əsasən,
Azərbaycanın ikiyə bölünərək bir hissənin
Rusiyanın, digərinin İranın tərkibinə keçməsini
vurğulamaqla o dövrün təhsil sistemində sonralar
baş vermiş dəyişikliklərin mahiyyətində nələrin
gizləndiyini dəqiqliklə göstərə bilmişdir:
“Azərbaycanda təhsilə dair çar Rusiyasının həyata
keçirdiyi siyasət Qafqazda, xüsusilə, Güney Qafqazda
apardığı siyasətin tərkib hissəsi olmaqla daha sərt
xarakter daşıyırdı. Bu siyasət elə
qurulmuşdu ki, təhsilin əsas məqsədi yerlərdə,
dövlət idarələrində işləyə biləcək
qulluqçular - məmurlar hazırlanmasına xidmətdən
irəli getməsin, imperiya daxilində yaşayan xalqların
milli-mənəvi dəyərləri, adət və ənənəsi,
mədəniyyəti inkişaf etməsin, “çar ataya” sədaqətli
təbəələr tərbiyə edilsin. Müəllif kitabda çar hökumətinin müsəlmanlar
üçün sünnü və şiə məktəbləri
açmaqla nə dərəcədə məkrli siyasət
güddüyünü də açıq-aşkar göstərmişdir.
Bununla belə, məktəblərin
açılması sahəsində görülən işlər
öz müsbət bəhrəsini verməkdə idi və bu
işdə Azərbaycanın müdrik şəxsiyyətləri
böyük rol oynayırdı. Artıq XIX əsrin 30-cu
illərində Azərbaycanda Avropa Rusiyasındakı məhəllə
məktəbləri tipli qəza məktəblərinin ilkin
layihələri meydana gəldi, 1830-1838-ci illərdə Şuşa, Nuxa (Şəki), Bakı, Gəncə,
Naxçıvan və Şamaxıda belə məktəblər
yarandı.
Kitabın I cildinin 101-104-cü səhifələrində
“XIX əsrdə Azərbaycanda açılan məktəblərin
siyahısı”na aid cədvəl verilib və bu cədvəl
o dövrdə Azərbaycanın müxtəlif bölgələrində
açılan müxtəlif tip məktəblərin mənzərəsini
aydın ifadə edir. Bu cədvəldən
aydın olur ki, 1848-1901-ci illərdə Azərbaycanın 6
bölgəsində 11 qız məktəbləri
açılmışdır. O da maraqlıdır ki,
1890-cı ildə Zaqafqaziyada cəmi 750 müsəlman-ruhani məktəbi
var idi ki, onların şagirdlərinin ümumi sayı 10373 nəfər,
o cümlədən qızların sayı 883 nəfər idi.
Kitabın müəllifi
XX əsrin əvvəllərində Azərbaycanda təhsilin
vəziyyətini təhlil edərkən də haqlı olaraq təhsilin
inkişafına mane olan çar siyasətinin mənfi təsirini
aça bilmişdir. Dünyanın sürətli
inkişaf etdiyi, təhsilə və elmə güclü
ehtiyac yarandığı bir dövrdə 1900-cü ildə 12
xüsusi, 9 dövlət ibtidai məktəbi, 1901-ci ildə 8
xüsusi və 4 dövlət ibtidai məktəbinin
bağlanmasının heç bir məntiqi əsası yox
idi.
Dahi Üzəyir bəy Hacıbəylinin
kitabda verilmiş aşağıdakı fikirləri əslində
o dövr təhsilinin problemlərinin miqyasını ifadə
edir: “Bizə türk (Azərbaycan) məktəbləri - milli
məktəblər lazımdır. Mən milli məktəb
ona deyirəm ki, orada bütün elmlər öz ana dilimizdə
tədris olunur. Əcaba, biz, müəllimlər
öz ana dilimizi mükəmməl bilirikmi? Biz yazıqlar hansı məktəbdə öz ana
dilimizdə oxumuşuq? O ki qaldı milli məktəblərimizə,
onların sayı çox azdır. Bu məktəblər
dəxi zəmanəyə müvafiq bir halda deyildir. Kəndlərdəki milli məktəblərimizin vəzifəsi,
əvvəla, ana dilini uşaqlara mümkün qədər
mükəmməl surətdə öyrətməklə bərabər,
rus dilini də ona təlim etdirməkdir. Rus
dilini öyrənmək kəndistan əhalisi
üçün böyük bir müsibətdir.”
Misir müəllim məşhur
maarifçi və ziyalı Həsən bəy (Məlikov) Zərdabinin
o dövrün təhsilinin təşkilində xüsusi xidmətlərini
xüsusi qeyd etmiş, onun şəxsiyyətinin inkişaf
yolunun maraqlı məqamlarını vermişdir. Təsadüfi
deyil ki, Həsən bəy (Məlikov) Zərdabi 1907-ci il
noyabrın 28-də Bakıda ölümündən qabaq bu
sözləri demişdir: “Xalqın maarifinə kömək
edin.”
Kitabda XIX əsrin sonu-XX əsrin əvvəllərində
Azərbaycan təhsilinin vəziyyəti haqqında verilən
məlumatlar bu “vəsiyyətin” reallığa
çevrildiyini göstərir: “Qafqaz Tədris dairəsinin
1900 -cu ilə olan məlumatına görə, Azərbaycanda cəmi
172 ibtidai məktəb fəaliyyət göstərirdi. 1902-ci
ildə Yelizavetpol və Bakı quberniyalarında məktəblərin
sayı 230-a çatdı.” Həmin dövrdə bütün
Qafqazda məktəb yaşlı azərbaycanlı
uşaqların yalnız 7,6 faizi ibtidai təhsilə cəlb
edilmişdi. 1914-cü ildə isə Azərbaycanda artıq
942 məktəb var idi ki, onların da 920-si ibtidai məktəb
idi”.
V.Abbasov
vurğulayıb ki, öz adından və ölkənin qədirbilən
ziyalıları adından “Azərbaycan təhsil tarixi” əsərinin
müəllifi, təhsil naziri, professor Misir Mərdanova
böyük təşəkkürünü bildirir, onu bu
sanballı əsəri ərsəyə gətirməsi
münasibəti ilə təbrik edir: “Bu əsər vasitəsi
ilə mən qədim Şərq, Türk və onun
ayrılmaz hissəsi olan Azərbaycanın təhsil tarixində
bu günə qədər keçilmiş yollara səyahət
etdim, bir elm adamı, eyni zamanda təhsil işçisi olaraq
yaşanmışları təhlil etdim və özüm
üçün çox şeyləri əxz etdim. Həyatının
58 ilini müəllim işləmiş və beş
övladının dördünü müəllim olmağa
istiqamətləndirmiş atama minnətdarlıq hissini bir daha
dilə gətirdim. Qışın qarlı və
çovğunlu, yazın yağışlı, yayın isti,
payızın küləkli günlərində hər gün
on kilometrlərlə yolu piyada gedərək xalqın
balalarına təhsil verən atamın və onun kimi təhsil
tariximizdə öz izini qoyan minlərlə ləyaqətli
müəllimlərin ruhu qarşısında baş əyməyi
mənəvi borcum hesab etdim”.
Sevinc QARAYEVA
525-ci qəzet.-2012.-21 iyul.-S.14-15.