Azərbaycan öncülləri və mətbuat azadlığı problemi Qulu Məhərrəmli
(Əvvəli 21 iyul sayımızda)
Mükəmməl Avropa təhsili
almış, bir neçə xarici dil bilən Ə.Ağaoğlu azad mətbuatı azad və qanunlara əsaslanan cəmiyyətlə
əlaqələndirirdi. O, adıçəkilən birinci
məqaləsində yazırdı:
“gündəlik və
ya dövri mətbuat yalnız o yerdə mümkündür
ki, orada fərdin cəmiyyətə
və ya hakimiyyətə münasibətdə
hüquq və vəzifələri az-çox
dəqiq müəyyən
edilsin, vətəndaşların
əmlakı və azadlığı qanunla qorunsun, bir sözlə
həyat qaydaları sarsılmaz təmələ
əsaslansın; lakin
o yerdə ki, özbaşnalıq və
ya hərc-mərclik, ümumi tənzimləyici
təməl yoxdur, hər şey təsadüfdən və
ya kimlərinsə istəyindən asılıdır,
– orada mətbuata yer yoxdur. Bu sonuncu – idealın ifadəsidir, ideal isə həmişə mövcud
qaydalarla ziddiyyət təşkil edir və təbii ki, ideyanın daşıyıcılarının həyatı və azadlığı yoldan ötən birisinin istəyindən asılı
olan yerdə nə arta bilər,
nə də inkişaf edə bilər. Bu şəraitdə
gənc və əzmkar xalqlar arasında mətbuat gizli xarakter kəsb edir və qələm əhli zəruri hallarda təkamülə deyil, inqilaba xidmət edir və hadisələrin öz təbiətinə görə subversiv olublar.
Uzun müddət istibdadın və qanunsuzluğun tüğyan etdiyi, gizli həyat enerjisinin tükəndiyi xalqlar arasında isə mətbuat ya heç inkişaf
etmir, ya da sürüşkən istiqamət alır; müsəlman xalqlarının
çoxu məhz bu vəziyyətdədir”.
Ümumiyyətlə, müsəlman
şərqində mətbuat
və demokratiya mövzusunda davamlı məqalələr yazamış
Ə.Ağaoğlu bu
problemlərlə bağlı
əsas qənaətlərini
Türkiyədə nəşr
olunmuş “Azad insanlar
ölkəsində” kitabında
əks etdirmişdir.
“Mətbuat ikinci bir dövlət qüvvətindədir” qənaətində
olan görkəmli ictimai xadim, yazıçı və publisist Nəriman Nərimanov yazırdı:
“bir millət özünü tanımayınca
hüququnu düşünməz.Tanımaq
üçün də
milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır. Bunların
da meydana gəlməsi və tərəqqisi bizim üçün hürrüyyətə
bağlıdır”. Hələ
ötən əsrin əvvəllərində “bütün
Zaqafqaziya üçün
Azərbaycan dilində
heç olmasa bircə qəzetin nəşr olunmasını”
vacib sayan N.Nərimanov Rusiya müsəlmanlarına aid məsələlərin
həmin qəzetdə
müzakirəsini görmək
istəyirdi. Bəs müzakirələr necə
olmalıdır sualına
isə N.Nərimanov “Əliqələmli müsəlman
ziyalıları haqqında
bir neçə söz” məqaləsində
belə cavab verirdi: “... mətbuat müəyyən cəmiyyətə
ancaq o zaman yaxşı təsir göstərə bilər
ki, müzakirəyə
qoyulan və bütün cəmiyyətə
aid olan məsələyə
tamamilə qərəzsiz
yanaşsın və qəzetlərdə irəli
sürülən fikirlər
cəmiyyətin kütləsi
üçün aydın
olsun.” Böyük demokrat belə müzakirələri azad mətbuat işinin faydalı missiyası kimi qiymətləndirirdi.
Məhəmməd Əmin Rəsulzadə
və Üzeyir Hacıbəyov fenomeni
Ötən əsrin əvvəllərində
Azərbaycanda istiqlal düşüncəsi dərinləşdikcə,
azadlığın mahiyyəti,
o cümlədən mətbuat
azadlığının fəlsəfəsi
barədə də daha parlaq əsərlər
meydana çıxır.
Bu məqam daha çox Azərbaycan ictimai fikrinin inkişafında böyük
rol oynamış Məhəmməd
Əmin Rəsulzadə
və Üzeyir Hacıbəyovun yaradıcılığında özünü
göstərir. Bu sırada
Ü.Hacıbəyovun “Hürriyyəti-mətbuat”
məqaləsi xüsusi
yer tutur. Böyük publisist burada mətbuat azadlığının əhəmiyyəti
haqqında geniş söz açır və “hürriyyəti-kəlamın”
xalq üçün mənfəətini belə
izah edir: “hürriyəti-kəlamın, yaxud
azadi-mətbuatın ümum
xalq üçün nəfi bundan ibarətdir ki, bunların sayəsində
ümum əhalinin və ya məlum
bir camaatın mübtəla olduğu dərdi şərh edib müalicəsi üçün tədbirlər
axtarmaq mümkündür.
Məsələn, fərz
edəlim ki, hökumət tərəfindən
vəz olunmuş bir nizam və
ya qanun bir vaxt ümum
əhalinin rifah və asayişlə məişət sürməyinə
mane olur. Bu məmaniətə
qarşı ümumi və qəti bir etiraz edib,
rəfini tələb
etmək üçün,
ancaq mətbuatı şafi bir vasitə
ittixaz etmək mümkündür.
Və yaxud, tutalım ki, bir məmur öz zülm və təəddisi ilə bir güruhu
və bir camaatı cana gətirməyə başlayıbdır.
Bu məmurun rəftari-zülmkaranəsini
yerinə yetirib, camaatın xilasına çalışmaq dəxi
yalnız bir mətbuat vasitəsi ilə ola bilər.
Bəs bunun üçündür
ki, mətbuat dəxi bu vasitəlik
vəzifəsini layiqincə
yerinə yetirmək üçün mütləq
hürr və azad olmalıdır”.
Azad mətbuatın sıxışdırılmasına
və senzuraya qarşı çıxan
Üzeyir bəy göstərirdi ki, senzura idarələri bu günə fəqərələrin mətbuata
səbt olunmasını
qoymur, onda məlum olur ki, haman senzuru
təyin etmiş hökumət “öz əhalisinin yaxşı və yaman gün
keçirməsinə heç
bir zaman əhəmiyyət verməyib,
ümum əhali mənafeyini öz əmrinə qurban edir, yəni əhalinin, məmləkətin
qeydinə qalmayıb,
ancaq hökm sürmək, hökmfərma
olmaq və bilaxirə, əhalinin boynuna minmək arzusunda bulunur.” Mətbuat azadlığından
sui-istifadəyə qarşı
çıxan Ü.Hacıbəyov
belə hesab edirdi ki, mətbuatın
vəzifeyi-müqəddəsəsinə ehtiram və əhəmiyyət nəzərilə
baxanlar “hürriyyəti-mətbuat
və azadiyi-kəlamın
mənayi-həqiqisinə layiqincə
vaqif olub, qəzet sütunlarını
öz şəxsi mənfəətinə alət
etmək təşəbbüsündən
hər vaxt intixab etməlidirlər”
Mətbuat azadlığı problemi
böyük mütəfəkkir,
publisist və ictimai xadim, Azərbaycan xalqının
milli – istiqlal düşüncəsinə parlaq
səhifələr yazmış
M.Ə.Rəsulzadənin yaradıcılığında
daha geniş əksini tapmışdır.
Bu problem xüsusən 1911-ci ildə onun “İrani-nov” qəzetində
çap olunmuş “Mətbuat azadlığı”
haqqında məqaləsində
ətraflı şərh
olunmuşdur. “O millət
və məmləkət
xoşbəxtdir ki, mətbuatı azaddır” deyən M.Ə.Rəsulzadəyə
görə, dövrünün
mədəniyyət carçısı
olan mətbuat vəzifəsini o zaman lazımınca yerinə yetirə bilər ki, öz işində
tam azad olsun. Öz məqsədinə çatmaq üçün
mətbuat azad olmalıdır. Böyük
mütəfəkkirin fikrincə,
“mətbuat azadlığı insan azadlığının əsas
sütunudur. Çünki
o, əqlin, təfəkkürün
əsas qüvvəsidir.
Onun varlığı
ağıla və səbrə əsaslanan qüvvədr. Mətbuata təzyiq göstərmək
və ya onu aradan çıxarmaqla
ağlın qüvvəsini
aradan çıxarmağın
fərqi yoxdur. Buradan belə bir nəticə çıxır ki, mətbuat azadlığına
əl qaldırmaq insan azadlığına təcavüz etməkdir. Adamların ağlı və fikri azad
olsa, onların fərdi inkişafı da surətlənər. Azadlığın qarşısını
almaq insanın ağıl və təfəkkürünü əlindən
alıb onu bir maşına, ya cansız alətə çevirmək
deməkdir. Məşhur
ingilis yazıçısı
Milton neçə əsr bundan qabaq demişdi: “Bir yaxşı kitabın aradan çıxarılması, bir
yaxşı adamın
edam olunmasına bərabərdir.
Amma bir mətbuat orqanının qabağını almaq, ya onu aradan
çıxarmaq nalayiq
bir vəziyyətin yaranmasına səbəb ola bilər ki, bu da
yer üzündə həyatın yox olmasından əlavə, mənəvi nəticələr
verər və ağılın
qüvvəsini də
yox edər”.
M.Ə.Rəsulzadəyə görə, siyasi baxışdan əlavə, bir əxlaqi heysiyyət də vardır. Mətbuatın əsarəti
əxlaq pozğunluğu
törədir, əxlaq
gözəlliyi və
yaxşı xüsusiyyətləri
aradan çıxarır,
yalan danışmağı,
oğurluğu, əyrilik
və casusluğu yayır, ədəbi və qələm pozğunluğu meydana çıxarır. Bunun nəticəsində bir dəstə yazar ortaya çıxır ki, onlar öz
şərəf, fikir
və əqidələrini
saxta rütbə qazanmaq üçün
... satmağa hazır
olurlar, zülmü və sitəmi müdafiə edirlər, biçarə milləti avarə və sərgərdən qoyurlar.
Bu da bir sıra qələm fahişələrinin cəmiyyət
içinə girməsinə
səbəb olur. Keçmişdə, necə
ki, demişik, əxlaqsız qadınlar kimi bəzi jurnalistlər də namuslarını satır,
pak əməllərini
murdarlayır, vicdan və namuslarını, abırlarını həyasızlıq
bazarına çıxarıb,
kələfin ucunu əldən verirlər”.
Mətbuat
azadlığına belə yüksək dəyər verməsinin
nəticəsi idi ki, M.Ə.Rəsulzadənin ideoloqu,
yaradıcısı və rəhbərlərindən biri
olduğu Azərbaycan Xalq Cümhuriyyəti tarixin
yaddaşına müsəlman Şərqində ilk demokratik
respublika kimi yazıldı. Damarlarında təmiz qan axan hər
bir azərbaycanlının qürur və iftixar mənbəyinə
çevrilmiş bu respublikada başqa demokratik islahatlarla
yanaşı mətbuat azadlığına da ciddi önəm
verilmiş və ilk dəfə bu sahədəki azadlıqlara
geniş hüquqi təminatlar verən “Mətbuat nizamnaməsi”
qəbul edilmişdir.
525.-2012.-25 iyul.-S.6.