Dilimiz Azərbaycanda və dünyada: problemlər, perspektivlər, təkliflər...
Qazi Universitetinin professoru
Bu
günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı haqqında” sərəncamından xəbər
tutdum. Mən xaricdə yaşayan bir Azərbaycan vətəndaşı
və filoloq-türkoloq olaraq bu xəbərdən çox
sevindim. Həmin sərəncamdan irəli gələn vəzifələri
həyata keçirmək üçün yaradılan
işçi qrupunun rəhbəri, AMEA-nın müxbir
üzvü, İctimai və Humanitar elmlər bölməsinin
akademik-katibi, professor Kamal Abdullanın müsahibəsini də
internet mediasından oxudum. Kamal müəllim müsahibəsində
Azərbaycan dilinin işlənilməsi ilə yanaşı,
Azərbaycan dilçiliyi, tərcümə fəaliyyəti və
terminologiya işlərinin də ümumi vəziyyətinə
dair bir çox önəmli məsələyə toxunaraq
problemə aydınlıq gətirir. O, dövlət
proqramı layihəsinin çox geniş bir tərkib hissəsinə
malik olduğunu da göstərir: elm və təhsil; Azərbaycan
dili informasiya texnologiyalarında; Azərbaycan dili KİV-də;
Azərbaycan dili xaricdə; Azərbaycan dili idarəetmədə.
Kamal müəllim, sözügedən bölmələrlə
bərabər, dilimizin ən müxtəlif dil ortamlarında və
özəlliklə də xaricdə işlənilməsinə
ayrıca olaraq toxunur.
Azərbaycan
dili sadəcə respublikamızda deyil, həm də
dünyanın ən müxtəlif ölkələrində
yaşayan dünya Azərbaycanlıları tərəfindən
də işlədilir. Sözügedən dil dünyanın 50
milyondan artıq bir nüfuzu tərəfindən
danışılır. Ancaq linqvistik qloballaşma olaraq
adlandırıla bilən fenomen və ya bəzi ortaq dillərin
xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə
çevrilməsi bu gün sadəcə Avrasiya türkcələri
və ayrılıqda Azərbaycan dili üçün deyil, hətta
köklü bir dil-danışıq ənənəsinə sahib
olan Fransız dili və ya başqa böyük dillər
üçün də həyəcan təbili
çalmaqdadır. Belə
olmasaydı, Fransada Fransız dilinin qorunması
üçün özəl dövlət qərarları
alınmazdı və Avropanın bəzi ölkələrində
“dil polis”ləri fəaliyyət göstərməzdi. İndi
dilçilər tərəfindən aparılan statistik
hesablamalar XXI yüzilin axırlarında bu gün hələ
mövcud olan 100-dən artıq dilin tarix səhnəsindən
silinəcəyi xəbərini verməkdədir. Ümumiyyətlə,
hər min ildə 70-ə qədər dilin ölü dilə
çevrildiyi söylənilməkdədir. Linqvistik qloballaşma
və “populyar kültür”lərin getdikcə genişlənməsi
sözügedən prosesi sürətləndirməkdədir. Əlbəttə,
bütün bunlar Avropada və dünyanın digər
inkişaf etmiş mərkəzlərində çox
yaxşı bilinir, buna görə də milli dillərin və mədəniyyətlərin
qorunması üçün müvafiq dövlət və
birlik tədbirləri həyata keçirilir. Məsələn,
Avropa İttifaqı ölkələrində “Avropa dil
portfolyosu” (European Language Portfolio) adı ilə əsas etibarilə
2000-ci illərdən etibarən həyata keçirilən
“Avropa dillərinin öyrənilməsinin ortaq çərçivə
proqramı” bunun ən bariz nümunələrindən biridir.
Hal-hazırda Türkiyə Cümhuriyyətinin uyğun tədris
müəssisələri və qurumlarında da sözügedən
proqram çərçivəsində həm türk, həm
də digər Avropa dillərinin öyrənilməsi fəaliyyətləri
həyata keçirilməkdədir. “Avrupa dil portfolyosu”
üç bölmədən ibarətdir: 1. Dil pasportu; 2.
Xarici dil öyrənmə keçmişi və ya
biblioqrafiyası; 3. Dosya və ya xarici dillərin öyrənilməsinə
dair bütün sənədlərin məcmusu. Dil pasportunda hər
hansı bir fərdin xarici dilləri nə dərəcədə
bildiyi ilə əlaqədar müxtəlif biliklər və
texniki məlumatlar verilir. Xarici dilləri öyrənmə
keçmişi və ya biblioqrafiyası bölməsində
bir dili öyrənənin öyrənmə prosesində
özünün bacarıqlarını fərq etməsi və
dəyərləndirə bilməsi faktları göstərilir.
Burada sözün dar mənasında konkret dil öyrənmə
aurası, sözün geniş mənasında isə mədəniyyətlər
arası təcrübələr və müxtəlifliklər
kontekstində bir fərdin yazılı və şifahi
ünsiyyət əsnasında göstərə bildiyi
bacarıqlar haqqında məlumatlar yer alır. Dosyedə isə
dil öyrənən bir şəxsin müxtəlif dillərin
öyrənilməsinə dair aldığı sertfikatı və
diplomları, tərtib edilən plan-prospekt örnəkləri
və məqalələr kimi sənədlər olur.
XX
yüzilin sonlarına qədər xarici dillərin tədrisində
həyata keçirilən başlıca elmi-metodik yönüm
və yöntəmlər dünya praktikasında əsas
etibarilə müxtəlif dillərin qrammatik
qayda-qanunlarının, lüğət tərkibinin və mətnlərinin
öyrədilməsindən ibarət olmuşdur. Ancaq keçən
əsrin sonlarından etibarən getdikcə genişlənən
linqvistik qloballaşma və dünyada bəzi dillərin ortaq
ünsiyyət vasitəsinə çevrilməsi
sözügedən yönüm və yöntəmlərin
artıq modern dil öyrənmə tələblərinə
cavab verə bilmədiyini meydana
çıxartmışdır. Bununla bərabər, bəzi
böyük milli dillərinin ünsiyyət-işlənilmə
sferalarının daralması, bir çox dilin isə yox olma təhlükəsiylə
qarşı-qarşıya qalması da dil öyrənmə
praktikasında ciddi dəyişikliklərin aparılması və
korrektivlərin edilməsi zəruriyyətini çoxdan ortaya
qoymuşdur. Buna bağlı olaraq bütün dünyada,
özəlliklə də
Avropada hər hansı bir xarici dilin öyrənilməsində
yeni tələblər və ya konkret olaraq dil öyrənmə
bacarıqları bu gün əsas meyarlar olaraq
götürülməkdədir. Həmin meyarlar
aşağıdakılardan ibarətdir:
1.
Xarici dildə danışığı dinləmək və
ya həmin dildən hər hansı yazılı və ya
şifahi mətni, söhbəti qulaq asaraq asanlıqla başa
düşmək;
2.
Xarici dildə oxumaq və ya həmin dildən hər hansı
yazılı bir mətni asanlıqla oxuyub başa düşmək;
3.
Xarici dildə danışmaq və ya həmin dildə dialoji,
monoloji və daxili nitqlə öz fikrini ifadə edə bilmək;
4.
Xarici dildə yazmaq və ya həmin dildə öz fikrini
yazılı olaraq ifadə etmək;
5.
Öyrənilən hər hansı bir ortaq xarici dildə,
yuxarıda göstərilənlərlə və eyni zamanda ana
dilində milli dilin qavramlar xəritəsini konseptual olaraq dərk
etməyi və intellektual ifadə
alışqanlığını mühafizə etməklə
bərabər, düşünə
bilmək.
Türk
dillərinin istər ana dili, istərsə də xarici dillər
olaraq böyük Avrasiya coğrafiyasında sadəcə
Avropa mərkəzli linqvistik görüş və fəaliyyətlər
modellərindən hərəkətlə öyrənilməsi
və öyrədilməsinin mümkün olmadığı
da ortaya çıxmışdır. Buna görə indi
artıq “Avropa dil portfolyosu” ilə paralel olaraq bir “Avrasiya dil
portfoliyosu” qavramının da alt qavram sahələri və
kateqoriyaları ilə konseptual olaraq sxemləşdirilməsi
lazımdır. “Avrasiya dil portfolyosu”nun bölmələri
ayrı-ayrı türk dillərinin ingiliscə, rusca, ispanca,
farsca, çincə, fransızca, almanca, ərəbcə kimi
dillərlə bir yerdə danışıldığı
bölgələrə və millətlərarası ünsiyyət
kontekstinə əsasən müəyyənləşdirilməlidir.
Sözügedən dillər dil pasportu, dil öyrənilməsi
keçmişi və dosyası əsasında tərtib
olunacaq bir “Avrasiya dilləri öyrənilməsinin ortaq
çərçivə proqramı” ilə öyrədilməlidir.
Bu proqram tərtib edilərkən Avrasiya coğrafiyasında
yer alan və bir-birinə qohum olan və olmayan dillərin
işlənilmə sferaları; aralarındakı ikidillilik,
üçdillilik, dörddillilik ortamları nəzərə
alınmalıdır. Burada türk dillərinin yaxın və
ən yaxın qohum dillər olaraq türk xalqları
arasındakı tədrisi məsələsi də həmin
dillərin əcnəbilərə öyrədilməsindən
fərqləndirilməlidir. Bütün bunlarun və
bütövlükdə linqvistik qloballaşmanın təsiri
ilə bu gün türkologiyanın gündəminə bir
çox aktual filoloji-linqvistik problemin öyrənilməsi və
yeni araşdırma-öyrənilmə perspektivlərinin
açılımı xüsusları da gəlməkdədir.
Türk ədəbi dillərində yeni yaranan ədəbi dil
normaları, normalaşmaları və
alışqanlıqlarının, e-dil
anlayışının, e-türkcə və e-Azərbaycanca
qavramlarının, tərcümə və ədəbi mətn
uyğunlaşdırmaları proseslərinin, Avrasiyada
rusca-türkcə və türkcə-rusca ikidillilik
ortamlarının öyrənilməsi də həmin
xüsuslardandır. Əlbəttə, bütün bunlar bu
günün və yaxın gələcəyin problemləri və
perspektivləri olaraq dəyərləndirilməlidir.
İndilikdə
isə Azərbaycan dili “Avropa dil portfolyosu” çərçivəsində
sadəcə ölkəmizdə
və xaricdə yaşayan azərbaycanlılara
deyil, Azərbaycana gəlib işləmək istəyən və
ya işləyən, Azərbaycanşünaslıqla maraqlanan əcnəbilərə
də öyrədilməlidir. Daha doğrusu, Azərbaycan
dilinin bir xarici dil olaraq öyrədilməsi işi tədris
planı, proqramı, dərslikləri və müvafiq dərs vəsaitləri
ilə müəssisələşdirilməlidir. Azərbaycanda
yaşayan və türk əsilli və ya əslən Azərbaycanlı
olmayan Azərbaycan vətəndaşları da Azərbaycan
dilini bilməlidir. Əcnəbilərə və xaricdə
yaşayan Azərbaycanlılara Azərbaycan dilini öyrətmək
üçün qısa adıyla ADÖM (Azərbaycan dilinin
öyrənilmə mərkəzi) olan Dil Öyrətmə Mərkəzləri
qurulmalıdır. Həmin mərkəzlər AMEA-nın
Dilçilik İnstitutunda, universitetlərimizdə,
dünyanın Azərbaycanlılar yaşayan digər bölgələrində
və böyük şəhərlərində qurula bilər.
Bu
gün Azərbaycan dili bu və ya digər şəkildə
dünyanın böyük şəhərlərində
öyrənilir, müxtəlif yerlərdə Azərbaycan mərkəzləri,
evləri, məktəbləri, sivil qurum və
quruluşları açılır. Azərbaycan dilini öyrənmək
üçün xarici dillərdə dərsliklər yazılır.
Bunlardan birini də AMEA-nın
müxbir üzvü, yuxarıda göstərilən işçi qrupunun rəhbəri
Kamal Abdullayev Mişel Malberblə (Parlons Azerbaidjanais. Langue et
culture, Fransa, Paris, L, Harmattan, 2008) birlikdə
yazmışdır. Bunlar dilimizin dünyada öyrənilməsində
başlanğıc üçün çox böyük
nailiyyətlərdir.
Azərbaycan
dilini və mədəniyyətini öyrənməyə indi
bütün dünyada böyük maraq vardır. Çünki
Azərbaycan bütün infrastruktur göstəriciləri ilə
dünyanın və bölgənin inkişaf edən modern bir
dövlətinə çevrilmişdir. Sözügedən
dilin əcnəbilərə və xaricdə yaşayan Azərbaycanlılara
öyrədilməsi milli, xarici və ortaq dil öyrətmə
sahəsində müasir dünyanın pedaqoji-metodik təcrübəsindən
faydalanılaraq həyata keçirilməlidir. Azərbaycan
dilinin istər xaricdə öyrənilməsində, istərsə
də əcnəbilərə öyrədilməsində,
AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru,
professor Kamal Abdullayevin sözügedən müsahibəsində
göstərdiyi kimi, ilk öncə Azərbaycanşünaslıqdan
hərəkət edilməlidir.
Milli
dilin əcnəbilərə və öz soydaşlarına
öyrədilməsi sahəsində qardaş Türkiyə
Cümhuriyyətinin çox zəngin bir təcrübəsi
vardır. Türkiyədə ilk Dil Öyrətmə Mərkəzi
və ya qısa adıyla TÖMER, 1984-cü ildə Ankara
Universitetində qurulmuş və sonra sadəcə Türkiyədə
deyil, bütün dünyada önəmli bir linqvistik məktəbə
çevrilmişdir. TÖMER əcnəbilərə və
xaricdə yaşayan türklərə türk dilini öyrətmək
məqsədilə qurulmuş, ancaq başqa xarici dillərin
öyrədilməsi sahəsində də önəmli təcrübələr
qazanılmışdır. TÖMER-in adının
açılımı belədir: Türkçe Dil
Öğretimi Araştırma ve Uygulama Merkezi. Yəni türk
dilinin öyrədilməsi, araşdırılması və tətbiq
olunması mərkəzi. Sadəcə adın
açılımı çox şeydən xəbər
verir. Burada türk dili sadəcə öyrədilmir, həm də
araşdırılır və onun ən müxtəlif dil
ortamlarındakı işlənilmə sferaları bütün
yönləriylə çox geniş bir linqvistik tədqiqat
obyektinə çevrilir. İndiyə qədər TÖMER
türk dilinin öyrədilməsi, araşdırılması
və tətbiq olunması sahəsində çox
böyük uğurlar əldə etmişdir. Məsələn,
artıq Türkiyə türkcəsini hər hansı bir adam
kompüter proqramlarıyla da öyrənə bilər.
Türk dilində millətlərarası səviyyədə
TOFL (Türkcə bilmə imtahanı) imtahanları
keçirilməkdədir. V. Radlovun “Türklərin şifahi
xalq ədəbiyyatı örnəkləri” adlı əsəri
TÖMER-də alman dilindən Türk dilinə
çevrilmişdir.
Yuxarıda
ADÖM-dən bəhs edildi. Biz, Azərbaycanın və
qloballaşan dünyanın şərtlərini nəzərə
almaqla, Azərbaycan Dilinin Öyrənilmə Mərkəzinin
TÖMER kimi alternativ bir quruluş olaraq yaradılmasını
təklif edirik.
1980-ci
illərdə səkkizinci cumhurbaşqanı mərhum Turqut
Özalın baş bakanlığı zamanı Türkiyə
dünyaya açıldı. O zamanlar Türkiyə
bütün göstəriciləri ilə dünyada bir cazibə
mərkəzinə çevrildi. Xarici ölkələrdən
iş adamları, müxtəlif peşə sahibləri, tələbələr,
turistlər və s. Türkiyəyə axın etdilər.
Türkiyədən də iş adamları, müxtəlif sənət
və peşə sahibləri xarici ölkələrə
getdi. Türkiyənin inşaat və turizm sektorları
çox qabaqcıl mövqelərə çıxdı. Beləliklə,
dünyada Türkiyə türkcəsini öyrənmək
ehtiyacı yarandı və buna müvafiq olaraq TÖMER meydana
çıxdı. İndi eyni sözləri bir az başqa bir
şəkildə və ya qloballaşan dünyanın bu
günkü şərtlərinə uyğun olaraq Azərbaycan
haqqında da demək olar. Azərbaycan da sürətlə
inkişaf edən bir ölkə kimi dünyaya
açılmışdır. Bundan başqa, son illərdə
Azərbaycan diaspor və lobbiçilik hərəkatı
bütün dünyada getdikcə genişlənməkdədir.
Bütün bunlara bağlı olaraq, azərbaycan dilinin həm
xaricdə yaşayan Azərbaycanlılara, həm də əcnəbilərə
və ya birincilərə milli, ikincilərə isə xarici
dil səviyyələrində öyrədilməsi işi
gündəmə gəlmişdir.
Dilimizin
bir xarici dil kimi əcnəbilərə öyrədilməsi
işi onun həm linqvistik və kulturoloji yönləriylə
müxtəlif işlənilmə sferalarının dəqiq
müəyyənləşdirilməsi, həm də normativ
bir stolüstü elmi qrammatikasının hazırlanması
baxımından çox böyük nəzəri və
praktik imkanlar verməkdədir. Məhz dilimizin əcnəbilərə
öyrədilməsi əsnasında indiyə qədər onun
təlimi və tədrisi prosesində yol verilmiş müxtəlif
çatışmazlıqları və ya
tutarsızlıqları dəqiq olaraq daha yaxşı təsbit
etmək mümkün olar. Çünki dilimizin əcnəbilərə
öyrədilməsi prosesində başqa bir unikal dil xəritəsinə,
konseptual leksikona və dil-işlənilmə quruluşuna sahib
olan birisinin dərk etmə sistemi dilimizin elmi-linqvistik
açıqlanmasına dair mövcud
çatışmazlıqları və ya
tutarsızlıqları qəbul etmir. Bu, bir növ milli dilə
dair bilginin, konseptual məzmunun və ya elmi-linqvistik
açıqlanmanın dil öyrətmə prosesində test
edilməsi kimi bir şeydir. Təsəvvür edin ki, Azərbaycan
dili auditoriyada əcnəbilərə birbaşa olaraq müəyyən
qrammatik qaydaların və leksik vahidlərin əzbərlənməsindən
hərəkətlə klassik formada öyrədilmir. O, əcnəbilərə
dil-danışıq ortamlarına və diskursiv şərtlərə
bağlı olaraq və ya yeni linqvistik metodlarla öyrədilir.
Ancaq burada müəyyən qrammatik forma və
quruluşların sıralarının, modellərinin, sxemlərinin
və cədvəllərinin
çox vaxt açıq bir şəkildə göstərilməsi
də lazım gəlir. Məsələn, şəkilçilərin
hansı növlərinin olduğu; söz birləşmələri,
söz qrupları, sadə və mürəkkəb cümlələr
və mürəkkəb sintaktik bütövlərin sərhədlərinin
bir-birindən hansı faktorlarla ayrıldığı və
s.
Bizim
bu gün də hələ işlədilən və əksəriyyəti
Sovet dövründə yazılan klassik qrammatika
kitablarımızda, əsasən, sözdüzəldici və
ya leksik, sözdəyişdirici və ya qrammatik şəkilçilərdən
söhbət gedir. Halbuki türk dillərində və Azərbaycan
dilində bir də artıq təsbit olunmuş formadüzəldici
və ya leksik-qrammatik şəkilçilər də
vardır. Həmin şəkilçilərin çox vaxt
sözdəyişdirici şəkilçilərin içərisində
səciyyələndirildiyi müşahidə edilir. Ancaq bunlar
həm artırıldığı sözə “yan anlam” qazandırır,
həm də sözlər arasında müəyyən
qrammatik münasibətlər quraraq sözdüzəldici və
sözdəyişdirici şəkilçilərdən fərqlənir.
Məsələn, felin növ kateqoriyasının morfoloji əlamətləri,
feli-sifət və feli-bağlama şəkilçiləri və
s. Bəs sözügedən şəkilçiləri tədris
prosesində ayrıca təsnifləndirərək öyrətmək
lazım gəlmirmi?!
Sözügedən
kitablarda mürəkkəb cümləyə dair “tabesiz və
tabeli mürəkkəb cümlələr”,
“qarışıq tipli tabeli və tabesiz mürəkkəb
cümlələr”, “bağlayıcısız mürəkkəb
cümlələr” və s. adlandırmaları yer
alır. “Mübtəda budaq
cümləli tabeli mürəkkəb cümlə”, “xəbər
budaq cümləli tabeli mürəkkəb cümlə”, “yer
budaq cümləli tabeli mürəkkəb cümlə” və
s. təsnifləndirmələr dərsliklərimizdə hələ
də davam edir. Halbuki, tabesiz
mürəkkəb cümlələrin və ya qarışıq
tipli tabeli və tabesiz mürəkkəb cümlələrin
ayrı-ayrı mürəkkəb cümlə
quruluşları deyil, mürəkkəb sintaktik bütövlər
olduğu dilçilik elmində artıq sübut olunmuşdur.
Yuxarıda göstərilən ikinci adlandırmada isə
“cümlə” sözü iki dəfə təkrar olunur və
“cümləli cümlə” kimi rus dilindən
alınmış qəribə bir kalka ortaya
çıxır. Buna görə də Azərbaycan
dilçiliyində və təhsil sistemimizdə linqvistik
kateqoriyalara aid aparılan yeni araşdırmaların nəticələri
ümumiləşdirilərək və “metodik süzgəc”dən
keçirilərək dərsliklərimizdə əks
olunmalıdır.
Beləliklə,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
“Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı haqqında” sərəncamı ölkəmizin
dilçiləri qarşısında çox böyük vəzifələr
qoyur. Bunlardan biri Azərbaycanşünaslığa, müasir
dilçilik elminin son nailiyyətlərinə əsaslanılaraq
kreativ və konseptual-linqvistik metodlarla Azərbaycan dilinin yeni
bir elmi qrammatikasının yazılmasından ibarətdir.
Mehman Musaoğlu
525.-2012.-26 iyul.-S.4.