“Şeyx Sənan”: tarix, yoxsa əfsanə?!
Azərbaycan romantizminin şah əsəri olan “Şeyx Sənan”
faciəsini H.Cavid 1914-cü ildə, Birinci Cahan savaşı
başlanan vaxt – 32 yaşında yazıb. O, kamil poeziya nümunəsi,
yetkin bir dramaturji əsərdir. Dünyanın
qarışdığı bir vaxtda, “bağlarının
qırıldığı” (U.Şekspir) çətin zəmanədə
H.Cavid eşq və etiqad
problemini mərkəzə gətirir, müəmmalarla dolu
Şeyx Sənan mövzusuna üz tutur. İndi də ədəbiyyatşünaslıq
qarşısında belə bir müəmma dayanır:
Şeyx Sənan mövzusu tarixdir, əfsanədir, yoxsa sufizm?
Ona görə də bu əsərdən danışan hər
kəs iki problemi həll etməlidir:
1) Şeyx Sənan mövzusu nə idi; 2) Hüseyn Cavid
onu hansı planda həll edib?
“Şeyx Sənan” barəsində müəllifin öz
sağlığında söylənilmiş bəzi
mülahizələrə nəzər salmadan bu mahiyyətli
suallara doğru-düzgün cavab vermək çətindir. Qeyd edək
ki, bu dövrdə dram əsərləri barəsində əsasən
onlar səhnədə oynanıldığı zaman məqalə
və resenziyalar yazılırdı. “Şeyx
Sənan” barəsində də ilk məqalələrdən
birini 1921-ci ildə “Kommunist” qəzetində “Cim” – Cəfər
Cabbarlı yazmışdı. O dövrdə artıq
“Solğun çiçəklər”, “Aydın”, “Oqtay
Eloğlu” kimi əsərləri ilə məşhur dramaturq
nüfuzu qazanmış C.Cabbarlı “Şeyx Sənan”ın həm
müsbət, həm də mənfi cəhətlərini
göstərirdi: “Nə qədər “İblis” biri-biri ilə
bir o qədər də rabitəsi olmayan ayrı-ayrı vaqiələrdən
ibarət olsa da, o qədər “Şeyx Sənan”ın
bütün vaqiələri arasında sıxı bir irtibat
vardır. Həm də əsərdə gözəl tiplər
və bir çox həyəcani-bədiyyəyə səbəbiyyət
verici mənzərələr vardır ki, bunun üzərinə
möhtərəm ədibimizi iş bu müvəffəqiyyəti
üçün səmimi qəlbdən alqışlamaqla bərabər,
əsərin bir nöqtəsinə şairimizin nəzər-diqqətini
cəlb etmək istiyoruz...”
“Şeyx Sənan” əsərinin 20-ci illərdə tənqidin
marağına səbəb olması, bəlkə də faciənin
bədii sənətkarlıq baxımından yüksək
olması deyil, daha çox bunun guya din əleyhinə
yazılması idi. Romantizmi qəbul etməyən, romantik
faciədə sənətkarın estetik idealını
başa düşməyən tənqid onu ateizm nöqteyi-nəzərindən
“dəyərləndirirdi”. Dövrün tənqidçisi
Xəlil İbrahim C.Cabbarlıya cavab təriqi ilə
yazdığı “Şeyx Sənan” (Möhtərəm “Cim”ə
cavab) adlı geniş məqaləsində (“Kommunist” 17, 21, 23
noyabr 1921, 28 oktyabr, 3 dekabr 1924) yazıb: “Şeyx Sənan” əsərinə
əsas etibarilə fəlsəfə nöqteyi-nəzərindən
baxılmalıdır. Fəlsəfəsi isə
iki mühüm nöqtədən ibarətdir. Mövhumata qarşı inqilab və təcəddüd”. Hüseyn Cavid bir sənətkar
kimi həmişə diqqət mərkəzində olmuşdur.
O dövrün, yəni, 20-ci illərin tənqidi Cavidin mənzum
dramlarını qəbul edə bilmirdi, onu şair hesab edirdilər.
M.H. imzalı müəllif “Zəhmət” qəzetinin 5
iyun 1922-ci il tarixli sayında yazırdı: “Nə isə bənam
şairimiz Hüseyn Cavidin yazdığı əsərləri
get-gedə həyatdan uzaq olmağa başlamışdır. Zatən Cavidin Qafqaziyada sevimli və hörmətli
şair olduğunu inkar etməyiriz. Fəqər bunu da
gizlətməyəlim ki, Hüseyn Cavidin gərəksə
“İblis”, gərəksə “Afət”imi
və yaxud “Uçurum”u, “Şeyx Sənan”ı xəllatinə
yaraşar bir əsər olmayırlar. Bu əsərlərin
bu qədər zəif və səhnə üçün
natamam olmaqları Hüseyn Cavidə yalnız şair
olmağını tövsiyə etməzmi? Əlbət ki, edərsə bəlkə də
türk ədəbiyyatında parlaq bir mövqe tutması
üçün fəqət bir şair olub qalmasını əvvəldən
tələb edir.” XX əsrin məşhur tənqidçisi
Kazımoğlu (Seyid Hüseyn) bu tənqidə cavab olaraq “Ədəbi
mübahisələr” məqaləsini yazır: (“Kommunist” 6
iyun, 1922) C.Cabbarlı da 20-ci illərdə H.Cavid haqqında “Ədəbi
mübahisələr” adlı (“Zəhmət” qəz. 19-20,
23-25-28 iyun) silsilə məqalələrini yazıb H.Cavidin ədəbi-tarixi
mövqeyini müəyyənləşdirir.
Bu
konseptual əsərində C.Cabbarlı “Şeyx Sənan”ı
müdafiə edib yazır: “Sənan” yeni də olmasa, hər
halda ötədən bəri söylənilmiş bir çox
əhəmiyyətli əsaslı fikirləri toplayıb yeni
kimi meydana çıxarır. O dinlərin bir ixtilaf
qaynağı, mənbəyi
olduğunu iddia edir. Allah da, Kəbə də, həp
gözəllik, sevgi olduğunu anladır, əlavə islam
ruhanilərinin və xristian papalarının fəsadlarını
və bunların nəticələrini meydana
çıxarır və yeri gəldikcə daha bir taqım
ibrətamiz fikirlər ifadə edir”. Artıq
qeyd etdik ki, “Şeyx Sənan” 20-ci illərdə ədəbi-tarixi
prosesin mərkəzində idi və onun ətrafında
dövrün ədəbi mübahisələri gedirdi. Dövr H.Cavidi həzm edə bilmir, H.Cavid yeni-proletar
ədəbiyyatının sifarişlərini qəbul etmir,
onun səviyyəsinə enmək istəmirdi. Bu baxımdan “Şeyx Sənan”la bağlı
iki mühüm yazını da nəzərdən keçirməliyik.
1924-cü ilin dekabrında Əli Bayramov klubunda Həbib
Cəbiyevin sədrliyi ilə “Şeyx Sənan”ın ədəbi-ictimai
mühakiməsi keçirilib. Bir aydan çox
çəkən mühakimədə C.Cabbarlı prokuror sifəti
ilə çıxış edib. Mühakimənin qərarında
(“Kommunist” 16.01.1925) deyilir: “Şeyx Sənan” hazırkı
ictimai tərbiyə nöqteyi-nəzərindən cəmiyyət
üçün zərərlidir”. Qeyd edək
ki, 20-ci illərdə belə ədəbi məhkəmələr
təkcə H.Cavidin əsərləri ilə bağlı
keçirilmirdi. Elə C.Cabbarlının
“Sevil” əsəri, “Aydın” əsərinin qəhrəmanı
Gültəkin obrazı ilə bağlı ədəbi
mühakimələr keçirilmişdir. Bu
xüsusi bir araşdırmanın mövzusudur. Hər
halda sonu 1937-nin repressiyalarına gətirib çıxaran belə “müzakirələr”
20-ci illərin amansız
simasını – diktatura rejiminin tarixi perspektivsizliyini
göstərən anormal proses idi.
C.Cabbarlı “Sənan kimdir?” – sualına belə ədalətsiz,
fəqət cəmiyyətə
xoş gələn cavab verir: “Sənanı yaşının
məsuliyyət daşıya biləcəyi bir
çağında, 30 yaşında ağıllı, fəqət
öz cinsiyyət duyğularına adi, bayağı bir erkək
şəhvət və ehtiraslarına tapqın, eyni zamanda,
gözəl və xoş sima bir tələbə
görürük”. Bu yanlış və ziddiyyətli fikrində
C.Cabbarlı
Şeyx Sənanı bir qadın
düşkünü, öz müridi Şeyx Kəbirin
qızı Zəhranı aldatmış xəyanətkar bir
yalançı kimi qələmə verir. Halbuki,
bu belə deyil. Pyesdə Şeyx Kəbirin
Səni
alçaldan ehtiras olacaq
–
Hankı şeydir səbəb fəlakətimə?
– Ah, o
yalnız qadındır, iştə qadın!
– sözlərini də məhz bununla əlaqələndirir.
Bilməzlikdənmi, bilərəkdənmi
romantik faciənin mahiyyətini düzgün izah etmir. O,
hətta Şeyx Sənanın Şeyx Kəbirə söylədiyi
Mən
otuz il dünyada zahidvar
Bilmədim
qız –qadın nədir zinhar
Nə qədər
məndə varsa hassü-həyat
Ehtirasatə
düşmənim... heyhat!
sözlərini də Şeyx Kəbrə söylənilmiş ikinci
yalan adlandırır. Halbuki 30 yaşlı gənc
şeyx öz ülviyyətini bəyan edir. Yaşar
Qarayevin sözləri ilə desək, C.Cabbarlı romantik faciəyə
realizm meyarları ilə yanaşır: “Kəbəyə
qarşı and içib yola çıxmış Sənan
bütün dini-imanını, məsləkini, əqidəsini,
əməlini, diləyini, idealını, məqsədini, hər
bir şeyini böyük bir rəzalətlə bir
qadının ayaqlarına sərib: – Mən təslim – deyə
bayrağını endirir, silahını təslim edir.
Şimdi soruram sizdən: Böylə bir adam
ictimai həyat üçün yararlı bir adamdırmı?”
(s.141). Əlbəttə ittihamçı sifəti
ilə çıxış edən böyük dramaturq zəmanəsinin
zövqünə uyğun hərəkət edib, vulqar sosioloji
mövqelərdə dayanırdı. O, əsərin sufi
qatına da məhəl qoymur, Xumar kimi qeybdən gəlmiş
bir obrazı ehtiraslarının qulu hesab edir. C.Cabbarlının sinfi,
sosioloji ittihamlarla dolu çıxışında maraqlı
bir məqam var: “Xumar nə mələkdir, nə əməldir,
nə də məsləkdir. Sadə bir
qadındır. Yox, əgər Sənan
göydəki mələklərin dilində
danışırsa, onu biz bilmirik. Bəlkə orada
uçurum fəzilətə deyirlər, ya məfkurəyə,
kim bilir” (s.149). Belə məlum olur ki,
C.Cabbarlı “Şeyx Sənan” əsərini əslində
çox yaxşı başa düşürmüş... Buna
baxmayaraq C.Cabbarlı “Şeyx Sənan”ın qəhrəmanından
onda olmayan bir şeyi tələb edir, tapmayanda ona ittiham oxuyur:
“Sən, Sənan həqiqi bir inqilabçı olsaydın,
xalqın ruhunu düşünər, onun ilə öz dilində
danışardın”(s.152). Belə yerdə deyirlər: fəzilət
məlum.
20-ci illərdə “Şeyx Sənan” haqqında mükəmməl
məqalələrdən birini Azərbaycan ədəbiyyatşünaslığında
cavidşünaslığın əsasını qoymuş Hənəfi
Zeynallı yazmışdır. Onun “Şeyx Sənan haqqında
mülahizələrim” adlı
silsilə məqalələri “Maarif və mədəniyyət”
jurnalının 1926-cı il ¹12, s. 47-49, 1927-ci il ¹ 1-2, s. 50-53,
¹3, s. 44-46, ¹ 4-5, s. 68-69. saylarında
çap olunub. 20-ci illərin vulqar-sosioloji meyarlarından bəzən
xilas ola bilməsə də H.Zeynallı
H.Cavidin ədəbi-tarixi mövqeyinə və bədii-fəlsəfi
irsinə, əsasən, düzgün qiymət verirdi.
Maraqlıdır ki, H.Zeynallı ixtisasca əsasən
folklorçu olmasına baxmayaraq, xüsusilə dramatik əsərlərin
təhlilinə teatrdan – səhnədən gəlir. Burada da o, “Bu əsərin
müvəffəqiyyəti nədə idi? sualını verir, onu “Bu suala cavab vermək
üçün o zamankı səhnəmizə diqqət
buyurmalı...” kimi cavablandırır. Beləliklə
H.Zeynallı “dramın taleyi səhnədən
asılıdır” həqiqətini əsas tutaraq, hər bir əsəri,
o cümlədən H.Cavidin “Şeyx Sənan” faciəsinə bu yöndən yanaşırdı. H.Zeynallıya
görə onun zəmanəsində “iki dürlü
tamaşaçı meydana gəlmişdi... bir qismi ədəbiyyat
və bədiyyatdan anlamaz, səhnə ilə toyxana
arasında fərqi bilməz, “artist” ilə “arsız”ın bir
mənada olduğunu iddia edər...” (s.87) Onun fikrincə belə bir dövrdə
“Şeyx Sənan” yaranır və ədəbiyyata bir yenilik gətirir.
“Xalqın ruhunda yaşanmış, xalqın
duyğuları ilə bəslənmiş” bu əsər
“tamaşaçılarda bir intibah oyatdı”.
H.Zeynallı “Şeyx Sənan” mövzusuna müraciəti
H.Cavidin taleyi ilə əlaqələndirir. AMEA-nın müxbir
üzvü, professor Yaşar Qarayev
yazmışdır: “Hüseyn Cavid yaradıcılığa
şeirlə başlamışdır. Cavidi sənət məbədinə
dəvət edən bədii məramı, “Salik” təxəllüsü
yeniyetmə bir gənci şairə – “cünuna” çevirən
eşqi və iztirabı ifadə etmək baxımından ilk
qələm təcrübələrindən olan bir şeir
parçası çox səciyyəvidir:
Könlüm
quşu geyib genə matəm libasını,
Avaz edibdi
nəğmeyi – möhnət fəzasını...
Oldu bəlayi
– millətə hər kəs ki, mübtəla
Dilxun
olubdu Saliki biçarə bərməla,
Millət
qəmilə az qalır axır cünun
ola
Hər dəm
odur ki, ney tək ucalda sədasını.
H.Cavidin
18 yanvar 1906-cı ildə “İrşad” qəzetində çap etdirdiyi bu şeirdən
məlum olur ki, onun ilk təxəllüsü “Salik” yəni
sufi olmuşdur. H.Rasizadə “Cavid” təxəllüsünü
1909-cu ildə qəbul etmişdir. “Salik” təxəllüsünü
qəbul edəndə H.Cavidin 24, “Cavid” təxəllüsünü
qəbul edəndə isə 27 yaşı var idi.
Başqa bir mühüm faktı öz məqaləsində
H.Zeynallı belə qeyd edir: “On dörd yaşında
“Gülçin” təxəllüs ilə yazmaqda olduğu sinəzənlər o qədər məscid
və təkyə xadimlərinə xoş gəlibmiş ki,
“Racini buraxaraq Hüseyn Cavidin mərsiyə və sinəzənlərini
istərlərmiş” (s.86). Bu faktları təsadüfi qeyd
etmirik, həm Salik təxəllüsü, həm də
yeniyetmə ikən yazdığı mərsiyə və sinəzənlərin
təkyələrdə – sufi ocaqlarında məşhur mərsiyə
şairi Racidən üstün tutulması H.Cavidin sufi – təsəvvüf
şairi olmasına dəlalət edir ki, bu da onun Şeyx Sənan
mövzusuna müraciətini aydınlaşdırır.
H.Zeynallı
“Şeyx Sənan”ın yaranmasına işıq salan
maraqlı faktlar gətirir: birincisi budur ki, H.Cavid 1905-ci ildə
İstanbulda sufi şeirlər yazan filosof Rza Tofiqdən dərs
almışdı; İkincisi budur ki, Ü.Hacıbəylinin
1908-ci ildə yazdığı
“Şeyx Sənan” operası ilə tanış idi;
Üçüncüsü budur ki, ortada M.B.Hacınskinin rus
dilində çap olunmuş “Şeyx Sənan əfsanəsi”
kitabçası var idi; Dördüncüsü budur ki,
böyük sufi Fəridəddin Əttarın “Məcalisül-üşşaq”
əsərindəki iyirminci məclis
– “Zikri – Həzrət-Şeyx Sənan Əleyhüllrəhmə”
ilə tanış idi. Və nəhayət bir xatirənin də
yaddaşını vərəqləyək: Rza Təhmasib
yazıb: “Cavid özünün ilk mənzum dram əsəri
“Şeyx Sənan”ın
ayrı-ayrı səhnələrini hələ
1912-1913-cü illərdə mənə oxumuşdu. Yadımdadır, Cavid “Şeytanbazar”da bir mənzil
tutmuşdu. Oradan Şeyx Sənan
dağı aydın görünürdü. Cavid, Əziz Şərif və mən bir neçə
dəfə həmin dağa gəzməyə getmişdik.
Cavid burada Şeyx Sənana istinad edilən qəbrin
yanında xeyli dayanar, riqqətlə ona baxardı. Sonra başa düşdüm ki, o, ruhən və
fikrən bu yerlərə yaxın olmağa bir ehtiyac
duyurmuş”. Bütün bunlar H.Cavidin sufizm mövzusu əsasında
romantik faciə yazdığını sübut edir.
H.Zeynallı F.Əttarın “yarı əfsanəvi, yarı
mütəsəvvüfanə yazılmış” mənzuməsinin məzmununu
da şərh edir, (s.94) müqayisələr aparıb
sübuta çalışır ki, heç də bəzilərinin
deyəcəyi kimi H.Cavid F.Əttarın əsərini drama
halına salmamışdır: “Cavidin yaratdığı
“Şeyx Sənan” ilə Əttarın yaratdığı
arasında dağlar qədər fərq vardır... Hüseyn Cavidin yaratdığı Sənan 30
yaşlarında bulunan bir gənc alimdir. Bu
yaşlara qədər Turandan gəlib İranda təhsil
görmüş və Ərəbistanda kəmalət əldə
etmək üçün gəlmiş Sənan tamamilə
hücrənişin, küncə qısılanlardan deyildi.
Bunun eşq aləmindən də bir qədər
xəbəri vardır” (s.96). H.Zeynallı belə nəticəyə
gəlir ki, 1) Şeyx Sənan mövzusu ilə Cavidin tərbiyəsi
və təbiəti arasında bir əlaqə var; 2) bu pyes
Türk ədəbiyyatında görünməmiş hadisədir;
3) bu əsər psixoloji cəhətdən “üləmai-din”
arasındakı “şüphə” ilə “vəsvəsə”
meydana gəldiyini təbii həyat qarşısında dinin
sönüklüyünü əks etdirir; 4) siyasi cəhətdən...
səhnələri Ərəbistanda açır... “Şeyx Sənan”ın “maya”sını Turandan
alır və nəhayət; 5) yenilik... sevgi təbii bioloji bir
fakt olduğu üçün onu heç bir din, heç bir
milliyyətlə əlaqəsi olmadığını
göstərir.
Öz dövrünün kontekstində yanaşsaq (əslində
elə belə də yanaşmalıyıq!) H.Zeynallının
“Şeyx Sənan” haqqında mülahizələri doğru, hətta
perspektivlidir.
Öncədən qeyd etmişik ki, bu əsərin əsas
fəlsəfi problemi eşq və etiqad məsələsidir. Romantik faciənin
əsas konflikti də eşq və etiqad arasındadır.
Dramatik konfliktin tərəfi olaraq eşq olduqca
güclüdür. Çünki etiqadın
arxasında din, Peyğəmbər, eşqin arxasında isə
Allah özü dayanır. Şeyx Sənan
Məkkədən çıxıb Xumara doğru – onu Allaha
qovuşduracaq sevgi mənbəyinə sarı gedir.
Əlbəttə, vulqar – sosiologizmin tüğyan etdiyi
20-30-cu illərdə tarixi və bədii-fəlsəfi həqiqətləri
obyektivcəsinə ortaya qoymaq olduqca çətin idi. H.Cavidin,
xüsusilə “Şeyx Sənan”ın həqiqi ədəbi
tarixi dərki, 1956-cı ildə ümumən repressiya
qurbanlarına siyasi qiymət verildikdən sonra – 60-cı illərdə
başlandı. Akademik M.Cəfərin
“Hüseyn Cavid” (1960) monoqrafiyasından, küllən Azərbaycan
romantizmi haqqında tədqiqatlarından sonra H.Cavidin əsərləri
romantizm estetikası baxımından tədqiq və təhlilə
cəlb edildi. Akademik M.Cəfər yazırdı: “Cavidin
dramları əsas etibarı ilə xarakterlər
dramıdır. Lakin bu xarakter dramlarını bir-birindən kəskin
surətdə fərqləndirən spesifik dram xüsusiyyətləri
də vardır... Məsələn, “Şeyx Sənan”
faciədir. Burada qəhrəmanın taleyi
fəlakətlə nəticələnir. ... “Şeyx Sənan” fəlsəfi dram olmaqla bərabər,
daha çox məhəbbət dramıdır”. Bu sətirlərin müəllifi özünün
“Füzuli düşünür” (1959) kitabında “Füzuli
sevir, Füzuli düşünür deməkdir” – yazır.
H.Cavidin “Şeyx Sənan” romantik faciəsindəki
məhəbbət də Füzuli
yaradıcılığındakı məhəbbət kimi
sufiyanə – mistik məhəbbətdir. Azərbaycan
dramaturgiyasının görkəmli tədqiqatçısı,
Antik və qədim Roma ədəbiyyatının mahir bilicisi Əli
Sultanlı 1969-cu
ildə “Hüseyn Cavidin faciələri” məqaləsini
çap etdirir (“Azərbaycan” jurnalı ¹7). Bu
H.Cavid yaradıcılığına münasibətin
ikinci-yeni mərhələsinin davamı idi. Ə.Sultanlı
“Şeyx Sənan”dan bəhs edərək yazırdı:
“Şeyx Sənan” xalq əfsanəsidir. İndi də Tbilisidə
Kür kənarında
“Şeyx Sənan dağı” adlı dağ var.
Lakin əfsanənin xalq içərisində indi də
yaşadığını sübut edəcək bir əlamət
yoxdur. Bu mövzuda Ü.Hacıbəyov “Şeyx Sənan”
(1908) adlı opera, Mehdi bəy
Hacınski isə rus dilində “Şeyx Sənan əfsanəsi” adlı bir risalə
yazmışdır. Bu mənbələrin ən
qədimi isə Şeyx Fəridəddin Əttarın “Məcalüs-üşşaq”
və “Məntiq-üt-teyf” əsərləridir.
H.Cavid Şeyx Əttardan ziyadə yerli əfsanəyə
əsaslanmışdır”. Ə.Sultanlı
əsərin konfliktini də düzgün təyin edir: “qəlbi
və insani duyğuları Şeyx Sənanı ibadətmi, məhəbbətmi
məsələsini həll etməyə
çağırır. İbadət admı öz təbiətinin
tələblərinə qarşı çıxmağa
aparırsa məhəbbət həmin tələblərə cavab
verir”. Ə.Sultanlı Şeyx Sənanı
H.Cavidin və XX əsr ədəbiyyatımızın ən
qüvvətli obrazı hesab edir. Lakin əsərin
sonluğunu sufizmlə əlaqələndirmir. Dərvişi mistik surət adlandırsa da öz
dövrünün ideologiyasına uyğun olaraq əsəri həyatiləşdirməyə
çalışır. Hətta məqaləsinin əvvəlində
yazırdı: “Bəzən də yazıçı realist səhnələr
yaradırdı. 1920-ci ilə qədər onun
bir sıra əsərlərində romantizmlə realizm birləşir.
Dramaturq bəzən romantizmdən realizmə
keçirdi”. Əlbəttə ki,
böyük alimin bu qənaəti mübahisəli və
ziddiyyətlidir. Ümumiyyətlə sovet dövründə
alimlərimiz bəzən romantikləri vulqar sosioloji zərbələrdən
qorumaq üçün onların guya realizmə, A.Şaiqin hətta
sosializm realizminə yaxınlaşdığını iddia
edirdilər.
Digər
böyük ədəbiyyatşünas “Hüseyn Cavidin
romantizmi” (1975) monoqrafiyasının müəllifi Məsud Əlioğlu
“Eşq və ülviyyət” adlı maraqlı məqaləsində
(“Ədəbiyyat və incəsənət” qəz., 29 mart
1969) diqqətəlayiq nəticələrə gəlir. M.Əlioğlu sufizmin mahiyyətini ziddiyyətli tərzdə
izah etsə də, “Şeyx Sənan”ın sufizmlə
bağlılığını da qəbul edirdi. “Sənan” sufilik məzhəbinə öz xoşu ilə
bağlanmışdır; əqlinə, daxili mənəvi tələbatına
uyğun saydığı bu fikri cərəyanı
könüllü surətdə qəbul etmişdir”.
Bununla belə M.Əlioğlu bu fikirdədir ki, Şeyx Sənan
bir sufi mürşid olaraq əsərin ikinci pərdəsində
mövqeyini tədricən itirir:
yerini təbiətin canlı gözəlliklərinə
bağlanan, coşqun, həyatsevər aşiqə təslim
edir”. Bu baxımdan Xumarı ideal gözəlliyin təcəssümü...
“ideal eşqin təzahürü” kimi dəyərləndirilir.
Mütləq, ilahi eşqi Xumar simasında tapdıqdan sonra Sənanın
mənəvi-ruhi həyatında üçüncü bir
dövr başlanır: “Məcnunluq dövrü!” Sənanın eşqi də Məcnunun eşqi kimi
adi deyil, bu “nuri – həqq”dən mayalanmış bir eşqdir.
Bunu Şeyx Sənan özü də əsərdə dərk
və etiraf edir:
Gediniz,
arqadaşlarım... Gediniz!
Başqa bir şeyxə iqtida ediniz.
İştə
bən maili – vüsal oldum
Aradım
nuri – həqqi, ta buldum
Seyr edib
kainatı həp yorulun
Arayın,
siz də nuri – həqqi bulu
Unutun həp
zavallı Sənanı,
Unutun siz sərsəm insanı.
(II c. s.
199-200)
“Tənhalıq ən böyük həqiqətdir!” – M.Əlioğlunun gəldiyi,
daha doğrusu qəbul etdiyi sufi həqiqətlərdən
biri belədir. “Fəda olmaq yaşamaqdan gözəldir”
– Xumarı da tənqidçi bu düsturla səciyyələndirir.
Əsərdə Dərvişin “dəli” kimi verilməsini isə
M.Əlioğlu “fəal idrakın, axtarıcı və real əqlin donuq təfəkkürlərə,
passiv və məhdud fikirləri üstün gəlməsi
prosesi kimi mənalandırmışdı”. Fikrimizcə, Dərviş əsərdə
ən dolğun sufi obraz, sufizmin simvoludur. Onu da Sənan qiymətləndirir:
Dəlilik
başqa bir fəzilətdir
Dinsiz olmaq da bir təriqətdir.
H.Cavid haqqında hələ “Faciə və qəhrəman”
kitabında maraqlı mülahizələr söyləmiş
Yaşar Qarayevin də bir neçə qənaətinə nəzər
salmaq vacibdir.
O yazıb: “Şeyx Sənan” eşqin qüdsiyyəti
haqqında mahnı, lirik, şairanə bir nəğmə
idi... “Şeyx Sənan” eşqin dini etiqad üzərində
təntənəsi idi, mövhumat və xurafatda, əqidə
və zehniyyətdə olan puçluğun, quruluğun və
saxtalığın üzərində qələbəsi
idi”8. Bütün bu mülahizələr
Şeyx Sənanın mütləq, ilahi eşqə mübtəla
olmuş mistik bir aşiq kimi səciyyələndirsə də
onu tam mənası ilə aça bilmir. Tədqiqatçılar
onu həm tarixi şəxsiyyət, həm əfsanəvi
aşiq, həm də H.Cavidin yaratdığı qəhrəman
kimi səciyyələndirirlər.
1967-ci ildə ədəbiyyatşünas Zahid Əkbərov
“Hüseyn Cavidin “Şeyx Sənan” faciəsi mövzusunda namizədlik
dissertasiyası müdafiə etdi. Onun eyni adlı monoqrafiyası
düz on il sonra – 1977-ci ildə “Elm” nəşriyyatında
çap olunub. Bu dəyərli tədqiqatında Z.Əkbərov
“Şeyx Sənan” dastanının ilk mənbələri və
“Şeyx Sənan” mövzusunun yayılma dairəsi” adlı
birinci fəsil müəyyənləşdirir və
özünə qədərki tədqiqatlara istinadən
maraqlı nəticələrə gəlirdi. Məsələn,
o, İran alimi Manuçehr Mortəzəvinin belə bir fikrini
misal gətirir: “Həmin dastanı o böyük şairin yüksək xəyalının
və ümumiyyətlə zehni təəssüratının
məhsulu hesab etmək lazımdır”. Yəni M.Mörtəzəvi
deyir ki, “Şeyx Sənan” hekayəti böyük sufi şair Fəridəddin Əttarın
xəyali uydurmasıdır. Digər İran alimi Əbdüləmir
Səlimi isə belə deyir: “Ola bilər ki, Şeyx Sənanda
məqsəd şairin
özüdür”. “Şeyx Sənan”
hekayəsi F.Əttarın 1187-ci ildə yazdığı “Məntiq-üt-teyf”
poemasında yer alıb. Zahid Əkbərov deyir ki, Əttar Şeyx Sənan
mövzusunda yazan ilk müəllif deyil (s.4).
“Şeyx Sənan” dastanı isə şübhəsiz
folklor motivləri əsasında yaranmış, onun ərəb
və fars variantları var. Zahid müəllim də bu qənaətdədir
ki, “Şeyx Sənanın əfsanəvi və ya tarixi şəxsiyyət
olduğunu müəyyənləşdirmək zəruridir”
(s.4).
Z.Əkbərovun tədqiqatında müxtəlif
versiyalar nəzərdən keçirilir. Məsələn, bəzi
(Azərbaycan, fars, rus, fransız) alimlərə
görə Şeyx Sənan əfsanəvi bir şəxsin
adıdır. Bir sıra alimlər, bədii əsərlər
və mənbələr Şeyx Sənanı tarixi şəxsiyyət
olaraq təsvir edirlər. Hüseyn
Bayqaranın fikrincə Şeyx Sənan Fəridəddin Əttarın
mürşidi olmuşdur. Z.Əkbərov bir sıra
Şərq qamus və lüğətlərinə
(Şamsolloğat; kəşfolloğat və s.) əsaslanaraq
qeyd edir ki, Sənan Şamda bir şəhərin, bir də
yeddi yüz müridi
olan bir şeyxin adıdır. Burada türk
şairi Külşehrinin (XIII-XIV əsrlər)
Vardı
Sənan şəhərində bir ulu
Könül
dərya və içi dürlər dolu – misralarına əsaslanan
alim belə qənaətə gəlir: “Tarixi bir şəxsiyyət
kimi alınarsa
Şeyx Sənanın Sənan şəhərindən
çıxmasını iddia edənlərə müəyyən
şərtlə haqq qazandırmaq olar” (s.8). Əsərinin bir
yerində bir sıra mənbələr, xüsusən də
Xaqani və Səid Nəfisiyə istinadən “Şeyx Sənan
və İbn Səqqa ayrı-ayrı şəxsiyyətlər
deyil” – deyən (s.13) Z.Əkbərov növbəti səhifədə
belə qərara gəlir ki, “Əslində ərəb
tarixçilərinin əsərlərində sırf Şeyx
Sənan adlı tarixi bir sima
axtarmaq əbəs yerə vaxt itirməkdən başqa bir
şey deyildir” (s. 14).
Əldə
olan faktlar belə nəticə çıxarmağa imkan verir
ki, H.Cavid Şeyx Sənan haqqındakı dastandan,
xüsusən onun Qafqaz, Tiflis versiyasından həm də
F.Əttarın bütün dünyada məşhur sufi əsəri
olan “Məntiqüt-teyr” (Quşların mükaliməsi) əsərində
ən gözəl hekayət olan – “Şeyx Sənan” hekayəsindən
istifadə etmişdir. H.Cavidin “Şeyx Sənan”ının
sufi-mistik planı şübhəsiz ki, F.Əttarın əsərinin
məxəz rolu oynaması ilə bağlı idi.
Böyük
ədib C.Məmmədquluzadə “Xatiratım” əsərində
yazıb: “Son vaxtlar mən Tiflisdə gürcü məhəlləsində
“Şeyx Sənan” küçəsində olurdum. Rusca həmin küçənin adı Davud
küçəsi idi. Çünki
xaçpərəstlər istilahında müqəddəs
Davud – Şeyx Sənan deməkdir. Bizim məhəllə
dağ ətəyində idi və bizdən yuxarı
dağın şəhərə enən tərəfində
müqəddəs Davudun məbədgahı da var idi. Şeyx Sənanın gürcü qızına
aşiq olduğu yer həmin yerdir”.
Bu istiqamətdə mətləb və mülahizələri
xeyli sayda dolğun faktlarla uzatmaq, H.Cavidin “Şeyx Sənan”
romantik faciəsi, xüsusən də müəmmalı və
xeyli ziddiyyətli Şeyx Sənan obrazı ilə
bağlı mülahizələri genişləndirmək olar. Lakin bütün zamanlarda və
bütün ədəbi-bədii cərəyanlarda olduğu
kimi indi də əsas suallara H.Cavidin “Şeyx Sənan” faciəsinin
özü, onun mətni və ideya məfkurəvi istiqaməti
daha doğru cavab verəcək. Ona görə də “Şeyx
Sənan” faciəsinin özünə müraciət edək...
Şeyx Sənan kimdir? Əvvəla onu qeyd edək
ki, əsərdə hadisələrin baş verdiyi dövr –
tarix göstərilmir. Lakin başa düşmək olur
ki, bu islam dininin sürətlə
yayıldığı bir dövr, təxminən VIII-IX əsrlərdir.
İslamı yaymağa gedən Şeyx Hadinin sözləri də
bu faktı təsdiqləyir:
Kəbədən biz o gün ki, ayrıldıq
Vəzü
təbliğə başladıq artıq
Gəzdik
az-çox Yəmən diyarında,
Azacıq
sonra atladıq Hundə
Edərək
hər tərəfdə nitq irad
Xəlqi
dəvətlə eylədik irşad
Eyləyib
ərzü-ehtiramü səlam
Bizi
alqışlıyordu həp islam.
Başqa
dinlərdə bir çoq insanlar
Həp
sorar, həp ordadı bürhanlar
Çünki
pək güc deyildi ilzami
Həp qəbul etdi dini islami.
(II c.
s.228)
Beləliklə
də, xüsusi fakta, dəlil və sübuta ehtiyac qalmır
ki, əsərdəki hadisələrin VIIII əsrdə –
tarixi baxımdan 500 il davam
etmiş Abbasilərin hakimiyyətinin ilk əsrində baş
verdiyini təxmin edəsən.
Bir çox müəmmalı bədii – fəlsəfi
qatları olan əsərdə mübahisəsiz aydın olan qəhrəmanın
kimliyidir.
Mürşidi Şeyx Kəbir onun barəsində deyir:
Səni
annən doğurdu Turanda
Yaşadın
bir zaman da İranda
Kəsbi
irfan için, fəzilət için
Sonra
İranı tərk edib gəldim,
Ərəbistanı ixtiyar etdin.
Lakin ən
son yerin, zəki Sənan!
Olacaq son
nəfəsdə Gürcüstan!
Qapılıb
hissə olmasan gümrah,
Olacaq məqbərin ziyaratgah.
(II c.
s.143)
Bu təkcə Sənanın bir Turanlı – bir türk
olmasından xəbər vermək deyil. Burada Şeyx Kəbir
Şeyx Sənanın
taleyindən xəbər verir, özü də
müəyyən şərtlər irəli sürür. Şeyx Sənanın “Hanki şeydir səbəb fəlakətimə?”
Sualına cavab olaraq Şeyx Kəbir Şeyx Sənana
onu amansız bir uçurum gözlədiyini söyləyir və
“Səni alçaldan ehtiras olacaq” – deyir. Cavabında
Şeyx Sənan öz mürşidinə deyir:
Bən
otuz yıl cihanda zahidvar
Bilmədim
qız-qadın nədir zinhar
Nə qədər
bəndə varsa hissü həyat
Ehtirasatə
düşmənəm... heyhat!
Bana biganə,
zövqü-nəfsani
Sevdiyim
yalnız eşqi-ruhani...
Daha
könlümdə qeyri eşqə, inan,
Yer bulunmaz, xayır, xayır.
(II c.
s.144)
Fəqət bu qeyri-adi eşq Sənandan asılı
deyil. Bu eşqi-ilahidir. Xumar xəyal səhnəsinə
gələndə hətta Şeyx Kəbir kimi ulu bir
mürşid “Allah – allah nədir bu əfsanə?!”
– deyə təəccüb içində
şaşırır.
Xumarın xəyalı Şeyx Sənanı real aləmdən
qoparır, o Şeyx Kəbir demişkən həqiqətən
bir əfsanələr dünyasına daxil olur.
Şeyx Sənanın ətrafına toplaşanlar,
“Yalnız borcumuz itaətdir?” deyən Şeyx Sədra hər
şeydən öncə dinin sədaqətli, imanlı təbliğatçılarıdır. Şeyx Sənanın
bir xarakter kimi gücü həm etiqadında, həm də
sevgisində kamil olmasıdır. Sənan
böyük din xadimidir, mürşidin – Şeyx Kəbirin vəfatından
sonra şeyxlər onu özlərinə rəhbər
seçirlər. Şeyx Sənanın
dünyagörüşünü açan misralara nəzər
salaq:
Arqadaşlar!
Şu parlayan günəşin,
Feyzi birdir cihanda hər kəs için.
Türk, hindu, ərəb, əcəm bilməz
Nuru hər
yanda artar, əksilməz
Mənəvi
bir günəş də var: nəvvar –
O da islam dinidir parlar.
(II c. s.
158)
Adama elə
gəlir ki, belə bir etiqad sahibini heç kim
yolundan döndərə bilməz. Lakin “nuri – həqqi” –
Xumarı gördükdən sonra başını
qaldırıb qadına baxmayan, dindən başqa heç bir
gözəlliyə etina etməyən Şeyx Sənan deyir:
Vətənim,
cümlə niyyətim, Kəbəm
Şimdi yalnız odur, o, vaz keçəməm.
Yeri gəlmişkən qeyd edək ki, Xumar da adi qız
deyil, ilahi bir gözəllik təcəssümüdür,
nağıl və dastanlarımızda igidlərə, haqq
aşiqlərinə buta verilən gözəllər kimi, o da
xəyal aləmindən enib Şeyx Sənanı məftun
edir. Serqo onun
haqqında deyir:
Qız
deyil bir bəladır iştə Xumar
O, bir atəş
ki, həp cihanı yaqar.
Bütün bunlarla bərabər Xumar həm də
“hüsni – müstəsna” (Simon) səviyyəsindədir. Xumar bir təsadüf
deyil, o tapılmış da deyil, o, Tanrı tərəfindən
göndərilmiş xilqətdir. Şeyx Sənan
onda tanrı nurunu görür və təbii ki, bu nura
vurulmamaq mümkün deyil. Məsələ
burasındadır ki, Xumar da Şeyx Sənanın simasında
həmin nuru görür və qiymətləndirir:
Əvət,
ən möhtərəm, nəcib insanın
Hələ
dursun kəmali, mərifəti
Onda var
sanki evliya sifəti
(II c. s.207).
Gürcüstanlı
gənc türk Özdəmir Şeyx Sənanına deyəndə
ki, “Qızı istərsiniz, alıb gedəlim // Həm də
kim qarşı çıxsa məhv edəlim”.
Şeyx ona belə cavab verir: “Özdəmir!
Parça-parça doğransam // Yenə bir böylə
haqsız iş yapmam”. Deməli məqsəd
(eynilə Füzulinin “Leyli və Məcnun”unda olduğu kimi!)
hansı yolla olursa-olsun mütləq Xumara qovuşmaq deyil.
Şeyx Sənan “Onun eşqilə bən ki dərbədərim
// Hər nə əmr etsəniz qəbul edərim” deyə
Xumardan ötrü boynundan xaç asır, şərab
içir, iki il donuz otarır, hətta
müqəddəs Quranı yandırmağa belə
hazırdır. Çünki burada məqsəd
Xumarı almaq yox, “hüsni-vüsal” olmaq, “nuri-həqqi
bulmaq”dır. Bununla belə əsərin sufi planı Dərviş
obrazı ilə bağlıdır. Görkəmli aktyor,
SSRİ xalq artisti Sidqi Ruhulla xatirələrindən birində
bu obraz barəsində yazıb: “H.Cavidin “Şeyx Sənan” faciəsinin
tamaşasında mən həmişə Dərviş rolunu
ifa edirdim... Mərhum H.Cavid həmişə mənə
deyərdi “Qardaşım Sidqi! Bu əsərdəki
Dərviş mən özüməm. Unutmayın
ki, Siz məni oynayırsınız!” Bu
sözlər mənim “Şeyx Sənan”dakı Dərviş
rolu üzərində daha dərindən, ciddi və diqqətlə
işləməyimə və müvəffəqiyyət
qazanmağıma səbəb oldu”. (Sitat
Zahid Əkbərovun “Hüseyn Cavidin “Şeyx Sənan” faciəsi”
(1977) kitabından verilir (s.61-62). Beləliklə, Dərviş
nəinki əsərin sufi planını həm
də H.Cavidin estetik idealını əks etdirir. Kimdir Dərviş və o nə istəyir? Əsərdə
bu suallara aydın və əhatəli cavab var. Şeyx Sənan
ondan soruşanda ki, sən kimsən, hansı dinə qailsən,
hansı fikrə xadimsən Dərviş belə cavab verir:
Saqın,
hiç sorma! Bir divanəyim bən
Dəmadəm
çırpınır pərvanəyim bən
Babam heyrət,
anamdır şübhə... Əsla
Bilinməz
bən kimim, ey şeyxi-vala!
Fəqət, pəjmürdə bir səyyahi zarim.
Şəriətdən,
təriqətdən kənarim,
Həqiqət
istərim, yalnız həqiqət!
Yetər
artıq şəriət, ya təriqət
Qulaq verməm
mən ancaq bir xitabə
Pərəstiş
eyləməm hiç bir kitabə
Əvət,
Quran, Zəbur, İncilü Tövrat
Birər
röya ki, zor təfsiri, heyhat!
Birər
röya bütün əlvahi – aləm
Birər əfsanə
cənnət, ya cəhənnəm
Əgər
fövqəlbəşər olmaq dilərsən
Kənar
ol daima cinsi bəşərdən
(II c. s.172).
Şeyx Sənan Dərvişi yüksək qiymətləndirir,
ona “Aman ey piri – mürşid, mərhəmət qıl” – deyə
müraciət edir, onu “ruhi müstəsna” adlandırır. Ətrafındakı şeyxlər
Sənana “sən böyük bir şeyx, o bir dəli dərviş”
söyləyəndə Şeyx Sənan onlara belə cavab
verir:
Dəlilik
başqa bir fəzilətdir,
Dinsiz olmaq da bir təriqətdir.
Dəlidir,
sözlərində məna var
Sərsəridir başında sevda var.
O deyil gərçi
zahirən Mənsur
Həp “ənəlhəq” diyor da
çırpınıyor (II c. s.178).
Əlbəttə,
şeirdə böyük sufi Mənsur Həllacın
adının çəkilməsi heç də təsadüfi
deyil, romantik faciə olan “Şeyx Sənan”ın qüvvətli
sufi məcraya malik olduğunu təsdiq edən amaldır.
“Şeyx
Sənan”ın ən ardıcıl tədqiqatçısı
Zahid Əkbərov öz monoqrafiyasında yazıb: “Şeyx Sənan”
həm də müəyyən idealları, fikirləri əks
etdirən romantik bir şəxsiyyətdir. O müasir həyatdan
alınan bir tip olmayıb, müəyyən dərəcədə
şərti bir obrazdır. Sənan simasında
öz bədii ifadəsini tapan həqiqət, klassik Azərbaycan
şerində, mütəfəkkir sənətkarlarımızın
yaradıcılığında dini hökmlərə və fəlsəfi
idealizmə zidd görüşlərini yeni orijinal bir ifadəsidir.
Bu görüşlər həm də “Şeyx Sənan”
müəllifinin özünəməxsus olan
görüşlər, qənaətlərdir” (s.47).
Təbii ki, Zahid müəllim 60-cı illərdə
sovet ideologiyasının hər cür Şərq təmayülünü
sıxışdırdığı, dinin və hər
cür təriqətin idealizm kimi edildiyi bir dövrdə
“Şeyx Sənan”ı sufizm kontekstində təhlil edə bilməzdi. Xumar obrazı
barəsində o, yazır ki, “Xumarın faciəsinə
başlıca səbəb dini təəssübkeşlik,
xristianlıq və ona əsaslanan ailə münasibətləridir”.
Əlbəttə, əsərdə Xumar da eşq və etiqad
qarşıdurmasında eşqin – Sənanın tərəfinə
keçir:
Əfv et, qüsura baxma, aman!
Səndədir
könlüm, ah səndə... inan!
Pək
müqəddəsdir iştə bəncə sənin,
Hər şeyin, həp təriqətin, dinin.
Tədqiqatçı
yazıb: “Xumarın dini və məsləki eşq, Şeyx Sənana
olan məhəbbətidir.
Xumara xas olan ümdə cəhətlərdən biri onun
dramatizmidir.
O, əsərin sözsüz səhnəsində belə
olduqca mənalı və gözəldir... O zahirən sakitdir”
(s.51). Əsərdə Zəhra, Əzra və
Nina kimi qadın surətləri də öz fərdi xarakterləri
ilə yadda qalır.
Qeydlər göstərir ki,
Şeyx Sənan mövzusu təkcə böyük romantik və
filosof Hüseyn Cavid yox, orta çağlardan üzü bəri
həm ədəbiyyatımızı, həm də mütəfəkkirlərimizi
düşündürən mövzu olub. Yazımızın
başlığına çıxardığımız
suala cavab verməliyik: “Şeyx Sənanın tarixi şəxsiyyət
olması mübahisəlidir. “Şeyx Sənan” əfsanəsi
reallıqdır. F.Əttarın “Məntiq üt – teyr”
traktatındakı “Şeyx Sənan” hekayəti bədii-fəlsəfi həqiqətdir.
Biz belə qənaətə gəlirik ki,
H.Cavidin Şeyx Sənan şəhərindən də
çoxlu müridləri (700) olan mürşid Şeyx Sənandan
da, F.Əttarın “Şeyx Sənan” hekayətindən də xəbəri
var idi. Lakin böyük romantik şair
H.Cavid onu sufizmin gözəlliyinin sonuncu nur
çırağı – bir əli Mənsur Həllac Miyanəçi,
bir əli sonrakı türk şerində olan Füzulinin nəfəsi
ilə işləmişdir. Bu baxımdan H.Cavidin söz
sənəti hələlik bütün bədii-fəlsəfi gözəlliyi
ilə açılıb ortaya qoyulmamışdır. Bu
sözləri yazarkən böyük Məmməd Cəfərə
və “Cavidnamə” müəllifi Azər Turana dərin
ehtiramımızı bildiririk.
“Şeyx
Sənan” Azərbaycan romantizminin əbədi sevgi – mütləq
sevgi, ilahi eşq haqqında mistik bədii-fəlsəfi abidəsidir.
Nəziymə AXUNDOVA,
Filologiya üzrə fəlsəfə
doktoru,
Dosent
525-ci qəzet.-2012.-26 iyul.-S.6.