Elçin İsgəndərzadənin “Qürbət hücrəsində” nələr var... 

 

...Hər açılan səhər özünü yenidən doğulmuş kimi dərddən-sərdən uzaq hiss etməyə çalışsan da, bir də baxırsan, QƏM səndən əvvəl oyanıb. Dağı arana daşıyırsan, aranı dağa. Birdən yadına düşür ki, professor, şair Elçin İsgəndərzadənin elektron poçtla göndərdiyi “Qürbət hücrəsində” adlı kitabı hələ oxumamısan. Oxusan, bəlkə bu qara fikirlərdən də qurtulmuş olarsan. Başlayırsan oxumağa, bəzi şeirləri sənə tanış olsa da sanki indi daha yaxşı hiss edirsən onları. Ayrı bir zövqlə oxuyursan və bir də görürsən, bu şeirlərin havasına düşmüsən. Bu şeirlər kefdən-damaqdan yazılmayıb. Amma dərdi onlarla daha gözəl çəkməyə başlayırsan.

 

Qarabağlı qaçqın Məmmədə

yaman oxşayır fələstinli Xalid

Onun da gözlərində bir cüt Xarıbülbül

Qan içində ölümə gülümsəyir elə bil...

(“Fələstinli Xalidin havası”)

birdənümidli misralar”a rast gəlirsən:

...Buludlar ağappaq ümiddi

dəniz masmavi ümid

hər səhər pəncərəni açıb

günəşi salamla-

içini gəmirən bütün dərdlərini unut...

ümidlə yaşamaqdı

röyalarımızı xeyirə yozmaq

rəsm çəkmək,

nəğmə oxumaq,

sevgi şeirləri yazmaq...

 

Bu işıqlı şeirdən bir gözəl bənzətmədən sanki başın üstə çökmüş qara duman yoxa çıxır. Düşünürsən ki, ümidlə, inamla çox şeyin öhdəsindən gəlmək olar. Amma içində haray-həşir salıb özünü öldürməklə əldə edəcəksən ki...

Düzü çoxdandı Elçin müəllimin bir şeiri tutub məni – “Qanlı şeir”i.

 

Ağlamağa var ki,

gülməyə var, dostum.

Bu fani dünyadan küsüb

Ölməyə var, dostum.

Oğul odu qarabağlı ola

Özü qərib şair,

Sinəsi dağlı ola...

günlərin bir günü

Gedib çıxa Dördyola

Qabaq Ağdam,

Qənşər Şuşa.

Ürək qanlı bir çiçək

Könül sınıq bir şüşə.

Ümidin qolları bağlı

Bütün yolları bağlı.

Bir durnaya qoşulub

Uçub qəfəsindən ağlı .

Yol uzanır göy üzünə

Yol uzanır sağa-sola.

Sən niyə ağlayırsan ,

Könlümü dağlayırsan-

Dərd budu, budu, bala!

Qara torpağa diz çöküb

Bir bəxt ağacı əkib,

Ruhumu çarmıxa çəkib

Dördyol ayrıcında qaldım

Tanrıma asi olmadım

Öz könlümdən qisas aldım.

 

Bu şeiri neyləsəm, yarı bölə bilmirəm bütöv yazılır. Elə bilirəm şairin qanı ilə yazılıb. Hələ bu kitabdan xəbərsiz təkcə elə bu şeirlə bağlı çoxdandı içimdə bir yazı yazılır. Təsadüf elə gətirdi ki, bu yazının yazılan vaxtı gəlib düşdü düz Ağdamın işğal olunduğu iyul ayına. Şuşalı, Ağdamlı, cümlə qarabağlıAzərbaycanlı olan Elçin İsgəndərzadə düşünürəm ki, bəlkə şair olmasaydı ürəyindən bu qədər qisas almazdı. Amma bədbəxtlikdən (Məncə şairlə xoşbəxtlik məfhumu heç uyğun gəlmir) şair doğulub ona görə dünyanı qarış-qarış gəzib dolaşsa da şairin təbirincə desək, qürbətin işıqları uzaqdan qədər gözəl olsa da o, hər baxdığı aynada özünü öz dərdi ilə birgə görür. Dünyanın heç bir neməti şairin yaxasını DƏRDİN əlindən almağa qadir deyil. Bəzən biz başqasının həyatının ancaq zahiri tərəflərini görə bilir ancaq  içindəki tufandan xəbərimiz olmur... Halbuki şair:

 

...Bu gün çəkdiyim hər ahın üstündə

Puçur-puçur qanlı şeh damlaları

Qəbrimə sızan göz yaşların kimi

İşıldayır Ay işığında..

deyə, görün necə bir ah çəkir...

 

Həsrətdən içində qovrula-qovrula yaşamağa məhkum olan bu qələm insanı sonra da yana-yana belə söyləyir.

 

Usandım, ah usandım

Qrafoman şairlərin

Xarıbülbül şəklinə

Göz yaşları tökə-tökə

Yazdıqları yalançı dualardan.

 

bu yalançı, boğazdan yuxarı Vətən deyə dad döyən, amma fürsət düşəndə Vətən övladının gözünü tökən adamlara baxdıqca:

 

Hər səhər, hər səhər

Pəncərəmdə sökülüncə dan

Qürbətə uçurtdum şeirlərimi

 

deyir.

Hər kəsin şeirə öz münasibəti, ayrıca zövqü var. Mənim üçün şeir söyüşdü, qarğış... şeir üstünə şeh damlaları düzülmüş qırmızı bir çiçəkdi. Əslində bu şeh damlalarından daha çox şairin könül yarasından süzülüb gələn  qan damlalarına bənzəyir.

 

Gör nələrə könül verdim,

Bu dünyada yalan, gerçək.

Qar altında yalın ayaq-

Qar üstündə qanlı çiçək...

 

E.İsgəndərzadənin şeirləri bu fikri təsdiq edir. mən bu bənddə özümü gördüm...

 

Elçin müəllimin şeirlərində poetik dil çox gözəldi. Bir oxucu kimi deyərdim ki, bu təkcə doğmalıqla bağlı deyil. Necə ki, bizim o qədər sevilməyə layiq olmayan doğmalarımız var ki... Yəni şairin haralı, hansı təbəqədən olmasına yox onun yazdıqlarına baxır oxucu.

 

İki topa dağ bulud,

Qara bulud, bulud,

  ya

Ay külək, qara külək,

Dli, avara külək

Dəniz sənin nəyindi?

 

yaxud da

 

...Qərib qapı,

 qırmızı çiçək,

 mübarək Ay

bir həsrət yuvasına dönmüş

sevdalı ürək...

Bu daAyrılıq ebrüsüşeirindən:

Mən sənin yanağında

Şeh damlaları gördüm

Ayrılıq günlərində

Sənə bir şeir hördüm.

Ümid ebrüsüşeirində

Hər şeyin başı sözdü

Şair sözə əmanət

 

deyən şair Allahın ona bir lütf kimi bəxş elədiyi belə poetik deyimlərə    əmanət olur.

Elçin müəlliminQürbət hücrəsindəadlı kitabında akademik Xudu Məmmədovun işıqlı xatirəsinə həsr olunmuş “Bu qala bizim qala”, böyük ustad Çingiz Ağa Torekul oğlunun xatirəsinəTuran savaşçısının nəğmələri”, mərhum şairimiz Şahmar Əkbərzadənin 70 illiyinə yazılmışŞahmar şikəstəsiadlı poemaları yer alıb. Bundan başqa kitabaAdil Mirseyidin palitrasıadlı poema-yeddi etüd, “Mavi Mərmərə” (poema-Rekviyem), “Biganəlik iqlimi” (fraqmentlərlə poema), “Oğlum Əliyə dualar”(poema), şairin ömür-gün yoldaşına ithaf etdiyiEşqadlı (simfonik muğam-poema) kimi səmimi, ürəkdən gələn bir səslə qələmə alınan əsərləri daxil edilib.

Oğlum Əliyə dualarpoemasından bu parça diqqətimi çəkdi:

 

...Qara, sarı, dərili

   uşaqlar var dünyada

burdan çox-çox uzaqda

Fələstində, Anqolada,

Vyetnamda, İraqda

Günəş gözlü uşaqlar var dünyada

Başlarından əskik olmaz qan-qada.

 

Yəqin Elçin müəllim kimi bu gün hər bir söz adamının könlünü ağrıdır, qəlbini sızladır dünyanın hər yerindən olan bu müharibə uşaqlarının taleyi... Elə ona görəAnalar namaz üstə məmləkət deyib ağlar”. Mən şahidəmdeyən şair ömrüQəbirlə çiçək arasındamücadilə aparır.

E.İsgəndərzadə çox sevdiyi mərhum şair Şahmar Əkbərzadəyə həsr etdiyiŞahmar şikəstəsiadlı poemasında bu həqiqəti canlandırır.

 

Şairlərin ürəyi

Nar gülü, nar çiçəyi

Şairlərin taleyi

Bir-birinə bənzəyir.

Mən sənin həsrətini,

Sənin dəyanətini,

sənin əmanətin

gəzdirirəm sinəmdə.

 

...Hələ çox-çox uzaqlardan DƏRDİMİZ nəsilbənəsil yol gəlməkdə davam edir. Ona görə Elçin müəllim “Mən dərdin oğluyam” söyləyir balasına.

Beləcə E.İsgəndərzadənin özünün rəhbərlik etdiyi “Vektor” elm nəşriyyatında çap olunmuş, redaktoru filologiya üzrə fəlsəfə doktoru Arif Əmrahoğlu olan “Qürbət hücrəsində” adlı şeirlər və poemalardan ibarət olan bu kitab oxucuya çox mənaları əxz edir. Ta uzaq keçmişimizdən bu günümüzə ayna tutur. Hər kəlmənin, hər sözün başında türk oğlunun dəyanətindən bəhs olunur. Elə bu dəyənət, bu ümidlə yaşayan türk övladı özünə inanır ki, bu gün Qarabağımızın başı üzərindən yağı düşmənin nəfəsini gün gələcək ki, həmişəlik kəsməyə nail olacaq, inşallah!

 

 

Mina RƏŞİD

 

525.-2012.-26 iyul.-S.7.