Professor Nəsir Əhmədli:
“Qərara gəldim ki, jurnalist olacağam, özü də Həsən
bəyin yolu ilə gedəcəyəm”
Nəsir
müəllim, bu yaxınlarda Ali Media mükafatına layiq
görüldünüz. Mükafatın təqdimat mərasimində
deyildiyi kimi, bu, həqiqətənmi çoxillik fəaliyyətinizin
bəhrəsidir?
– Bu
il mənim üçün ikiqat əhəmiyyətlidir. Birincisi, Həsən bəy
Zərdabinin 170 illiyidir. İkincisi, mənim 70 illiyimdir. Mətbuatımızın
ulu babasından düz 100 yaş kiçiyəm. Məndə
jurnalistikaya həvəs oyadan məhz Həsən bəy olub.
Mükafatın təqdimetmə mərasimində də qeyd
etdiyim kimi, o vaxt orta məktəbdə, 9-cu sinifdə oxuyanda
kitabxanadan bir kitab götürdüm. Müəllifi Zakir Məmmədov
olan əsər Həsən bəy Zərdabi haqqında idi. Nəşri
oxuyandan sonra qəti qərara gəldim ki, jurnalist olacağam,
özü də Həsən bəyin yolu ilə gedəcəyəm...
– Söhbət
düşmüşkən, bizi uşaqlıq və gənclik
illərinizə aparın bir az...
–
Uşaqlığım müharibə dövrünə
düşüb. 1942-ci ildə anadan olmuşam, sənəddə
isə 1943-cü il göstərilib. Yubileyim bir il davam edəcək
hələ (gülür). Anadan olanda atam və qardaşım
cəbhədə olub. Müharibənin doğurduğu
aclıq və səfalət dövrünü
keçirmişəm. Ona görə yerə bir tikə
çörəyin düşdüyünü görəndə
əlim-ayağım əsir, gözümün qabağına
həmin acı günlər gəlir. Anam necə əziyyət
çəkirdi, bizi böyütmək üçün min əzaba
qatlaşırdı – hamı sanki kino lenti kimi canlanır. Məktəbə
getməyim bir ayrı əhvalatdır. Boyum çox balaca
olduğundan birinci sinfə qəbul etmək istəmirdilər.
Deyirdilər, çovğunda qarın içində itib qalar.
Noyabradək boş-boşuna, sənədsiz-sübutsuz gedib-gəlirdim.
Jurnala adımı yazmırdılar. Gördülər, əl
çəkmirəm, bəhanə gətirdilər ki, artıq
gecdi, uşaqlar hərfləri öyrənib. Sərbəst
yazıb-oxumağı bacardığımı dedim. Hətta
Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ni əzbərdən
söylədim. Evdə bacım, qardaşım öyrədirdi,
ordan-burdan kitablar tapıb oxuyurdum. Məcbur qalıb
götürdülər. 10 il qabaqcıl şagirdlərdən
oldum. Ən çox oxuduğum fənn riyaziyyat idi. Müəllimim
eşidəndə ki, jurnalistikaya meylliyəm, məndən
küsmüşdü. Hər dəfə görəndə
deyirdi: riyaziyyata qarşı satqınlıq eləmisən
(gülür) .
–
Riyaziyyatı jurnalistikaya qurban verib, gələk seçiminizə...
– Hə,
elə gəldik də. O vaxtdan rayon qəzeti üçün
xəbərlər yazmağa başladım. Yazırdım,
göndərirdim, dərc olunurdu, sevinirdim. Bir-iki manat qonorar da
alırdım. Orta məktəbi bitirdiyim il Moskvadan qərar
çıxdı ki, hökmən iki il staj lazımdı. Bu səbəbdən
jurnalistikaya qəbul oluna bilmədim. İlk olaraq sənədlərimi
Vasim Məmmədəliyevlə birgə ərəb
filologiyasına vermişdim. Yeri gəlmişkən, hər
ikimiz məktibi 1959-cu ildə bitirmişik. Bal topladım, amma
yetərli deyildi deyə qəbul ola bilmədim. Sonra staj
üçün kəndimizdəki kolxozda
çalışdım. Tələbə bileti daşımaq
sevincini düz yeddi il sonra yaşadım. Bunun üç ili əsgərliyin
payına düşür. Amma ötən müddət
üçün peşman deyildim, çünki o mərhələdə
qazandığım bilik və təcrübə indi də
köməyimə çatır. Əsgərliyimi Almaniyada
keçirmişdim. Qarşıma rus dilini mükəmməl
öyrənmək məqsədi qoymuşdum – öyrəndim.
Hətta ondan bir az aşağı səviyyədə alman
dilini də mənimsədim. Hərbi xidmətə yollanmazdan öncə
bir müddət Bakıda zavodda fəhlə də işləmişdim.
Nəhayət, 1966-cı ildə yenidən sənədlərimi
universitetə verdim və yüksək balla qəbul olundum.
Ustadım Şirməmməd
müəllimlə tanışlığım elə qəbul
imtahanından başladı. Gəldi suallarıma baxdı.
Hazırlaşmamış cavab verə bilib-bilməyəcəyimi
öyrəndi. Hazır olduğumu dedim. Suallardan biri
“Puşkinin ölümünə Şərq poeması” idi.
Şirməmməd müəllim əsərin hansı dildə
yazıldığını soruşdu. Dedim farsca. Azərbaycan
dilinə kimlərin tərcümə etdiyini də sordu.
Adlarını sadalaya-sadalaya (Mikayıl Müşfiq, Cəfər
Xəndan və s.) həmin tərcümələrdən
bir-iki misra söyləyirdim.
Digər
sual Süleyman Rüstəmin
yaradıcılığındakı cənub mövzusu ilə
bağlı idi, indiyədək yaralı yerimizdir. Təbii ki,
ötən əsrin 60-cı illərinin ab-havası duyulurdu. Əsər
qıraqda qaldı, Şirməmməd müəllim
başlıca məqamı soruşdu. Əsas məsələnin
əvvəl-axır birləşməyimizdə olduğu
cavabını verdim. Famil müəllimə əvvəl
aldığım “5”i yenidən köçürməsini
dedi. Beləcə tələbə həyatım
başladı.
Qəbuldan
öncə həyat təcrübəsinə yiyələndiyim
üçün oxumaq asan gəldi. Birinci ustadım Həsən
bəy Zərdabi idisə tələbəlik illərindən
etibarən ikincisi Şirməmməd müəllim oldu.
Bir epizod
danışım, Şirməmməd müəllim o vaxt
partiya sovet mətbuatından dərs deyirdi. Dərsini həmişə
oxuyurdum, amma heç vaxt məndən dərs soruşmurdu. Bir
dəfə hazırlaşa bilmədim. Həm də arxayın
idim ki, soruşmayacaq. Zəngə təxminən on dəqiqə
qalmış çağırdı. İndiyədək
heç dərs danışmadığımı dedi.
Özümü sındırmadan qabağa çıxdım.
Mövzu nə isə “Pravda” qəzeti ilə bağlı idi.
Başladım, Lenindən sitatlar gətirməyə. “Müəyyən
hadisəni öyrənmək üçün, həmin tarixi
şəraiti bilmək lazımdır” deyə dillənmişdim
ki, “uşaqlar baxın, dərsi belə öyrənmək
lazımdır” dedi.
– Şirməmməd müəllimdən,
söz düşmüşkən, Mətbuat
Şurasının təsis etdiyi Ali Media mükafatının
ilk sahibi, mediamızın ağsaqqalı, Sizin və bizim
müəllimiz Şirməmməd Hüseynovdur.
Mükafatın sonrakı sahibi hansı hissləri
keçirir?
– Şirməmməd
müəllimin mənim üstümdə haqqı
böyükdü. 1966-cı ildən bu günə qədər
ardınca gedirəm. Demək olar, bütün elmi fəaliyyətimdə
onunla daban-dabanayam. “Təfəkkür” Universitetində
jurnalistika kafedrasının müdiri idi, özündən
sonra yerinə məni qoydu. Zarafatca bu barədə
“yaxşı ki, atın yerinə at bağladılar....” deyir.
Tələbəlik
illərində Şirməmməd müəllim xarici ölkələrin
fəhlə və kommunist mətbuatı adlı fənni də
tədris edirdi. Dərsdə tələbələri sanki
bugünümüzə, müstəqilliyimizə
hazırlayırdı. Təsəvvür edin, 60-cı illərdə
bizə müstəqillik dərsi keçirdi. Şirməmməd
müəllim həm də o vaxtkı yazılarımın bir
növ, sığortaçısı olub. Senzura buraxmayanda
giriş sözü kimi “burjua cəmiyyətlərində
jurnalistlərin başına oyun açırlar” – cümləsini
verirdik və arxasınca çatdırmaq istədiklərimizi
yazırdıq. Başqa cür mümkün deyildi. Beş ildə
ancaq “5” qiyməti almışam. Diplom müdafiəmi də əla
nəticə ilə bitirdim. Amma dövlət imtahanında bir
az gənclik ab-havası, az-maz da prinsipiallığım
başıma bəla oldu. Elmi kommunizm kafedrasının
müdiri rəhmətlik Həsən müəllim var idi – Həsən
Şirəliyev. Məndən imtahanı o
götürürdü. Bilet çəkdim, birinci suala
kommunizmin tərifi düşmüşdü. Dedim, cavabı
bilmirəm. Həsən müəllim təəccübləndi.
Əla qiymətlərlə oxuyan tələbənin bu cür
asan sualın cavabını nə üçün bilmədiyini
soruşdu. Dedim, – bilirəm, amma necə söyləyim ki,
kommunizm maddi nemətlər bolluğu aşıb daşacaq
sinifli cəmiyyətdir?! O biri suallara da “bilmirəm”
cavabını verdim. Hətta “2” yazmaq istəyirdilər.
Şirməmməd müəllimin müdaxiləsindən
sonra “4” aldım. Beləcə, qırmızı diplomdan məhrum
oldum.
– Beləliklə, işgüzar
mühitə atıldınız?..
– Sonra Azərbaycan
Televiziyasına təyinat verdilər. Həmin vaxt komitə
adlanırdı. Orada “Tikinti, nəqliyyat, rabitə”
redaksiyası var idi. Öz evim olmaya-olmaya başladım
ölkədə tikinti sahəsinin inkişafından, insanlara
ev verilməsindən danışmağa. Başqa cür
mümkün də deyildi. Bu minvalla komitədə dörd il
işlədim. Sonra fakultədə yer boşaldı və
Şirməmməd müəllim məni ora dəvət etdi.
Gəldim və başladım işləməyə. 1981-ci
ildə Tiflis Universitetində namizədlik
dissertasiyasını müdafiə etdim. Mövzum da Şirməmməd
müəllimdən gəlmişdi: “Xarici publisistika və Azərbaycan”.
Üstüörtülü şəkildə burjua mətbuatı
ilə Azərbaycan mətbuatı arasında müqayisələr
aparırdım.
Doktorluq
işi yazmağa başayanda artıq vəziyyət dəyişmişdi
– 20 Yanvar, Qarabağ hadisələri, meydan hadisələri.
İşim də yarımçıq qaldı. Ona bir də
2007-ci ildə qayıtdı və həmin ilin yanvarında
vaxt itirməmək üçün rus dilində
yazdığım doktorluq işimi müdafiə etdim. Bundan əvvəl
isə 2004-cü ildə BDU-da Beynəlxalq Jurnalistika
kafedrası yaranmışdı. 6 ay kafedra müdiri olmuşdum.
Sonra seçki keçirildi və Həmid müəllim qalib
gəldi. Onu təbrik etdim, hətta qonaqlıq da verdim. Məncə,
yaxşı oldu, çünki kafedra müdiri seçilsəydim,
başqa işlərə vaxtım qalmayacaqdı. Oturub
dissertasiyamı yazdım. Belə, sonrası da məlumdur...
– Nəsir
müəllim, uzun zamandır jurnalistika fakültəsində
dərs deyən bir pedaqoq kimi o
dövrkü tələbələrlə indikilər
arasında bir qədər müqayisə
aparmağınızı istərdik.
– Bizim nəsil
iki müxtəlif sistemdə yaşayıb – müstəqillik üçün
mübarizə və müstəqillik mərhələlərində.
Sovet dövrünün də öz müsbət cəhətləri
vardı, amma çatışmayan cəhətləri daha
çox idi. Söhbət fikir, ideya azadlığı və
sair bu kimi dəyərlərdən gedir. Amma vahid standart tətbiq
edilirdi – jurnalistika fakültəsinə gələn uşaqlar
qabiliyyət imtahanı verir, üç tur keçirdilər.
İndi bununla bağlı bir sıra fikirlər səslənir,
bəzi adamlar razılaşırlar, bəziləri istəmirlər.
Belə düşünürəm ki, jurnalistikada qabiliyyət
imtahanı olmalıdır. Bəzən dostlarımızdan da
fikrimə narazılar olur. Məsələn, biri elə Zeynal
Məmmədli. Zeynal müəllim deyir ki, 17-18 yaşlı
uşaqlardan hansı jurnalistik fəaliyyəti gözləmək
olar. Məsələ burasındadır ki, xariqələr, sənət
əsərləri yaratmalarını istəmirik, belə deyək,
pislər içərisindən yaxşısını
seçirik. Belə izah verim: əyninizə paltar tikdirəndə,
dərzi ilk növbədə parçanı seçir, daha
sonra gözəl əlbisə tikir. Yaradıcılıq
emalatxanasında abituriyentlər bizim məhsulumuzdur. Onlara
jurnalistika fakültəsində cümlə qurmaq öyrədilməməlidir.
Müəyyən istedada, dünyagörüşünnə
malik tələbələr daha da təkmilləşdirilməli,
cilalanmalıdır.
Yaxşı uşaq qəbul olub, pis qurtarırsa,
günah bizimdir. Həvəssiz, təsadüfi uşaqlara
görə məsuliyyəti niyə daşımalıyıq
ki? Quyuya su tökməklə quyu dolmaz axı. Bir məsələ
də var ki, indiki dövrdə müəllimlər öz üzərilərində
daha çox işləməlidirlər. Çünki
komputerin bir düyməsi ilə tələbə nə var, nə
yox – hamsını öyrənmək imkanındadır.
– İndiki tələbələrdən
razısınızmı?
– Birmənalı
cavab vermək olmaz. Onlardan heç vaxt narazı ola bilmərik.
İstənilən halda gəlibsə, onu öyrətməliyik.
Amma indi müəyyən problemlər var, xüsusən də
tələbələrin təcrübəsi ilə
bağlı. Redaksiyalar bunun üçün pul istəyir. Məsələni
nizama salmaq məqsədilə vahid mexanizm
yaradılmalıdır.
– Jurnalist tələbələrdən
danışdıq, bir az da indiki jurnalistlərdən söhbət
açaq. Siz dediniz ki, biz azadlıqla mübarizə və
müstəqillik dövründə yaşamışıq. O
dövrdə müstəqillik üçün mübarizə
aparanda arzuladığınız azadlıq bu idimi?
– Müəyyən
mənada bəli. Əsas faktdır, fakt isə odur ki, Azərbaycan
müstəqildir. Tarix boyu bunu arzulamışıq. Xüsusən
də biz 60-cı illərin gəncləri. İki arzumuz olub –
Azərbaycan bütöv olsun, Azərbaycan müstəqil
olsun. Şükür Allaha, birinə nail olmuşuq. Əminəm
ki, ikinciyə də nail olacağıq. Jurnalistikanı və
jurnalistlərin müqayisəsini götürsək, bir var,
jurnalist təhsili olanlar, bir də var, jurnalistikaya aidiyyatı
olmayan təsadüfi adamlar.
İkincilər jurnalistikamızın ən böyük
problemidir. Amma məsələ belə qalmayacaq. Zaman
özü hər şeyi yoluna qoyacaq – pisi, yaxşını
saf-çürük edəcək.
Xarici ölkələrin əksəriyyəti bu prosesi
keçib.
– Ənənəvi medianın yeni
media ilə uzlaşması ilə bağlı nə deyə
bilərsiniz?
–Bu məsələdə
ilk növbədə qəzetin nəyə xidmət etdiyi
müəyyənləşməlidir. Gərək onu
açmamışdan öncə, birinci bunu müəyyənləşdirəsən.
Bir dəfə bir nəfər mənə yaxınlaşıb
dedi ki, “Simurq” adlı qəzet açmaq istəyir. Sual verdim
ki, 100-cü nömrədə hansı yazılar olacaq? Xeyli təəccübləndi.
Sözümün canı o idi ki, hər şey planlı şəkildə,
konkret məqsədlərlə icra olunmalıdır. İndi
hamı jurnalistikanın əsas üç funksiyasından
danışr: maarifləndirmək, məlumatlandırmaq, əyləndirmək.
Amma hesab edirəm ki, bunlar törəmə funksiyalardı.
Hazırda Azərbaycan jurnalistikasının əsas
funksiyası milli birliyə nail olmaq, ölkənin müstəqilliyini
qorumaq, ərazi bütövlüyümüzü təmin etmək
olmalıdır. Amma çox təəssüf ki, buna diqqət
edən yoxdu. Milli inkişaf konsepsiyası yoxdu. Biz bu saat Qərb
təcrübəsini götürürük, amma
unutmamalıyıq ki, Azərbaycan Almaniya və Amerika deyil.
Fransa da deyil. Onların müsbət cəhətlərini
götürməliyik. Bilməliyik ki, türkük, islam dininə
mənsubuq və müasirliyə doğru gedirik. Əli bəy
Hüseynzadənin məşhur “üçəm düsturu”.
Jurnalistlərimiz də bunu unutmamalıdırlar. Bunlar
hamısı ümumilikdə Azərbaycanın
inkişafına xidmət etməlidir.
Türkçülüyümüz, islam qanunları (burada
Quran ayələrindən gələn islami qaydaları nəzərdə
tuturam, yalançı dindarların uydurmalarını yox)
müasir ab-havanı əsas götürməliyik.
– İnternetin həyatımıza
daxil olması ilə vətəndaş jurnalistikası
geniş vüsət alıb. Bunun ən böyük nümunəsi
isə internedə bloqlardı. Zaman-zaman “bloggerlər jurnalist ola bilər, ya
yox” sualı ətrafında müzakirələr gedir. Bu barədə
nə düşünürsünüz?
– Bəlkə
bloggerlərdən də tək-tük jurnalistika
yönümlü insanlar çıxa bilər. Ümumilikdə
isə bloggerliyin jurnalistika ilə eyniləşdirilməsinin
tərəfadarı deyiləm. Onsuz da istedadlı blogger zamanla
daha da püxtələşəcək və online
jurnalistikaya keçəcək. Amma dediyim kimi, bu yüz nəfərdən
birində ola, ya olmaya.
–
Online jurnalistikadan söz düşmüşkən, yeni media
alətlərindən də danışaq. Bunlardan biri Sizin də
çox aktiv olduğunuz
Facebook-du. Bu barədə nə
düşünürsünüz? Sosial şəbəkələrin
jurnalistikaya təsiri ilə bağlı fikirləriniz
maraqlı olardı.
–Sosial
şəbəkələr sosiallaşmaq, informasiya mübadiləsi,
müzakirə və diskussiyaların aparılması
baxımından çox əhəmiyyətlidir. Bir zamanlar adi məqalə
üçün burdan Moskvaya getməliydim. İndi oturursan,
sanki dünya əlinin altındadır. Düzdü, necə
deyərlər, sel gələndə özü ilə
tör-töküntü də gətirir. Amma bunlar
hamısı keçib gedəcək, durulma prosesindən sonra
hər şey yerinə oturacaq.
525-ci qəzet.-2012.-27 iyul.-S.4.