Zülfüqar bəy Hacıbəyov arxivinin təsviri” arxivşünaslığa dəyərli töhfə kimi

 

Əli MƏMMƏDBAĞIROĞLU,

Füzuli adına Əlyazmalar

İnstitutunun elmi katibi

 

Mənbəşünas, tarixçi alim Esmira Cavadovanın yenicə nəşr olunmuş “Zülfüqar bəy Hacıbəyov arxivinin təsviri” (Bakı: Elm və təhsil, 2012) adlı kitabı nəinki musiqiçilərin, sənət adamlarının, eyni zamanda adi oxucuların da diqqətindən kənarda qala bilməz. Kitab bəstəkar Zülfüqar bəy Hacıbəyovun şəxsi arxiv materialları əsasında tərtib olunub. Qeyd edim ki, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu xəzinəsində xalqımızın 32 ən görkəmli şair, alim, mədəniyyət xadiminin şəxsi arxivi qorunub saxlanılır və bu şəxsi arxiv materialları tədqiqatçılar tərəfindən araşdırılaraq nəşr olunmaqla, bu gün elmi ictimaiyyətin, geniş oxucu auditoriyasının ixtiyarına verilir. Bu sırada olanlardan biri də Zülfüqar bəy Hacıbəyovun (1884-1950) şəxsi arxividir ki, burada bəstəkarın həyat və fəaliyyətinin1894-1950-ci illərini əhatə edən sənədləri tanınmış musiqiçinin ömür-gün yoldaşı Böyükxanım Hacıbəyova 1965-ci il mart ayının 3-də Əlyazmalar İnstitutuna təhvil verib.

Tarix üzrə fəlsəfə doktoru E.Cavadova Z.Hacıbəyov arxivinin materiallarını nəzərdən keçirərək, onların izahlı təsvirini tərtib edib və təsvir olunan materialları aşağıdakı ardıcıllıqla qruplaşdırıb:

Z.Hacıbəyovun tərcümeyi-halı; Not əlyazmaları – buraya müəllifin səhnə əsərləri, operaları, operettaları, marş və nəğmələri, müxtəlif mahnı və melodiyaları, natamam partitura və klavirlərinin not əlyazmaları daxildir; Əlyazma və makina çapları; Müxtəlif şəxslərin Z.Hacıbəyova və onun müxtəlif şəxslərə ünvanlanmış məktubları, teleqramları, ərizələri;  Şəxsiyyətinə aid sənədlər; Foto sənədləri; Sonradan Z.Hacıbəyovun şəxsi fonduna daxil olmuş müxtəlif səpkili materiallar – bəstəkarın əlyazma şəklində olan əsərləri, makina çapları, çap olunmuş əsərləri və notlar, proqram və afişalar, musiqi, ədəbiyyat və tarixə aid görkəmli şəxslərin Azərbaycan, rus və fars dillərində olan çap əsərləri, bir neçə qəzet və jurnal nüsxələri daxildir.

Tərtibçi kitabın birinci bölümündə bəstəkarın tərcümeyi-halı ilə bağlı 30 vərəqlik materialın təsvirini verdikdən sonra, ikinci bölümdə nota alınmış “Aşıq Qərib” operasının səhnələşdirilmiş librettosu, partiturası, klaviri, “Məlikməmməd” operasının partiturası, “Türk el nəğmələri” (burada böyük ölçülü not vərəqlərində qara mürəkkəblə 33 adda türk el nəğmələrinin adları və notu verilmişdir) toplusunun əlyazması, “Nüşabə” operasının klaviri, partiturası, səsli orkestrovkası, “Üç aşıq” operasının klaviri, “Evliykən subay” operettasının səsli orkestrovkası, “Adsız musiqili komediya” əsərinin not parçaları, Azərbaycan diviziyasının qızıl əsgərləri üçün nəzərdə tutulmuş marş və nəğmələr, “Vətən ordusu”, “Döyüş marşı”, “İsmayıl nəğməsi”, “Mahnı”, “Məktəb nəğmələri”, “Mən ağlaram, o gülər” mahnılarının partiturası və klaviri, Azərbaycan el mahnılarından “Ninni köylü nəğməsi”, “Lənəlli talış nəğməsi”, “Köylü qızın nəğməsi”, “Qalada yatmış idim”, “Dağlarda çiçək”, “A bəy, sənin toyun mübarək olsun”, “Nəzir eyləmişəm, sən kimi bir yarım olaydı”, “Saçın ucun hörməzlər”, “Qalalıyam”, “Həştərxana gedən”, “Göydəki göy buludlar”, “Gəl-gəl a yaz günləri, ilin əziz günləri”, “El nəğməsi – Şəfəq souklürkən” (marş), “Üşüdüm, ha üşüdüm”, “Üçtelli durna” adlı el mahnılarına bəstələnmiş musiqilərin notu və sözlərinin, eyni zamanda “Ümidini üzmə məndən” mahnısının fortepiano üçün notu və mətni, “Musiqi dərsliyi üçün tərtib olunmuş notlar və qeydlər”, “Not haqqında bilgilərin izahı”, “Ləzginka” və “Şərq xalq nəğmə və rəqsləri” adlı əsərlərinə yazdığı notların paleoqrafik-təsviri məlumatı verilmişdir.

Kitabın üçüncü bölümündə Z.Hacıbəyovun əlyazma və makinada çap olunan əsərlərinin mətnləri haqqında təsvirlər yer almışdır. Burada “Azərbaycan təsnifləri və el nəğmələri” adlanan birinci təsvirdə bayatı, mahnı və nəğmələrin bəstəkarın özü tərəfindən toplanması barədə qeyd olunmuş və 18 adda əsərin siyahısı verilmişdir. Daha sonra “Biçarə Xavər” musiqili dram əsərinin librettosu, “Qız Qalası” baletinin librettosu və notu, “Yarış”, “Məşədi Xudunun məişət həyatı”, “Məlikməmməd”, “On bir  yaşında gəlin”, “Adsız musiqili komediya”, “Onda elə, indi belə” kimi opera və musiqili komediya əsərlərinin libretto və mətnlərinin paleoqrafik göstəriciləri qeyd edilmişdir.

Bu bölümə Z.Hacıbəyovun libretto yazıb, musiqi bəstələdiyi səhnə əsərlərilə yanaşı, “Evlənirəm”, “İki dost, iki düşmən” adlı pyeslər, həmçinin  “Xalq hekayə və masallar, əfsanə və nağılları” başlığı altında özünün topladığı “İran nağılları”, “Mahmud Qəznəvi”, “Üç əyyar”, “Loğman”, “Məzhəkə” adlı hekayələr haqqında təsviri məlumat da daxil edilmişdir. Görünür, bəstəkarın xalq ədəbiyyatına aid bu əsərləri toplaması yazacağı musiqi əsərlərinin librettolarında istifadə etmək məqsədi olmuşdur. Hər halda yuxarıda adları çəkilən folklor ədəbiyyatımıza aid bu əsərlər tarixən qələmə alınmış yazılı folklor əsərləri kimi folklorşünasların da diqqətindən kənarda qalmamalıdır.

Bölümün sonunda təsviri verilmiş bir material xüsusilə diqqəti cəlb edir. Təsvir-material “Zülfüqar və Üzeyir Hacıbəyov qardaşlarının Xan qızı Xurşidbanu Natəvanla görüşü” adlanır. Görüş haqqında xatirəni Z.Hacıbəyov qələmə almış, Ü.Hacıbəyov isə imza ataraq təsdiq etmişdir. Bir vərəqdən ibarət bu əlyazmanın məzmunu Hacıbəyov qardaşlarının Qori Müəllimlər Seminariyasında oxumağa gedərkən Xurşidbanu Natəvanla görüşüb, xeyir-dua almaları və Xan qızının iki qardaşın qulağına özünün köçürüb hazırladığı  Qurandan bir ayə oxuduqdan sonra həmin Quranın altından keçirib, hərəsinin əlinə bir tikə çörək verməsindən bəhs edir.

Kitabın dördüncü bölümünə Z.Hacıbəyova gələn və bəstəkarın göndərdiyi məktub, teleqram və s. sənədlərin təsviri məlumatı daxil edilmişdir. Burada Z.Hacıbəyova Niyazi və Həcər xanımın “Aşıq Qərib” operasının premyerası münasibəti ilə göndərdiyi teleqram, Aşqabadda fəaliyyət göstərən Azərbaycan Dram Teatrının müdiriyyəti və kollektivinin onları təbrik etdiyinə görə bəstəkara öz təşəkkürünü bildirməsi haqqında, bəstəkara Əməkdar İncəsənət Xadimi fəxri adının verilməsi ilə əlaqədar təbrik məktubu, 1918-ci ildə İrana getməsi ilə bağlı verilmiş buraxılış vərəqəsi, bəstəkarın musiqi əsərlərinə və radiodakı çox sevilən “Muğam gecəsi” verilişinin efirə getməsinə görə tamaşaçılardan alınan təşəkkür məktublarının və digər sənədlərin təsviri verilmişdir. Sənədlər arasında Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının teatrla əlaqədar ehtiyac duyulan nəyə görəsə, hakimiyyət dairələrinə göndərdikləri ərizələr də saxlanılır.

“Z.Hacıbəyov şəxsiyyətinə aid sənədlər” adlanan 5-ci bölümdə bəstəkarın adına yazılmış müxtəlif sənədlər – “Azərbaycanı öyrənən və tədqiq edən cəmiyyət”in üzvü, Azərbaycan SSR Bəstəkarlar İttifaqının üzvü, orden və medallarla təltif olunması haqqında vəsiqələr; iki həftə yoxlama müddəti ilə Bakı prokurorluğunda 2-ci katib vəzifəsinə, Maliyyə İşləri İdarəsində tərcüməçi vəzifəsinə işə qəbul olunması haqqında əmr; torpaq məsələsi və rayonlardan müğənniləri toplayıb Azkonsert Birliyinə dəvət edilməsilə əlaqədar ezamiyyə vərəqələri, mandat; ayrı-ayrı idarələrdə işləməsi barədə arayışlar; çoxlu sayda dövlət və qeyri dövlət tədbirlərində, tanınmış şəxslərin yubileylərində iştirak etməsi haqqında dəvətnamələr və sair sənədlərin təsviri məlumatı verilmişdir.

Z.Hacıbəyovun üzvü olduğu “Azərbaycanı öyrənən və tədqiq edən cəmiyyət”in (Cəmiyyət yaranan zaman “Azərbaycanı Öyrənən və Tətəbbö Cəmiyyəti” adlanmışdır – Ə.M.) Azərbaycan xalqının yazılı irsinin qorunub saxlanılmasında xidməti olduqca böyük olmuşdur. XX əsrin birinci yarısında Azərbaycan əlyazmalarına qarşı xüsusi qəddarlıq müşahidə edilmiş, Azərbaycanda və İranda onların böyük  bir hissəsi müxtəlif bəhanələrlə məhv edilmişdir. O zaman Bakıda əlyazmalar və ərəb qrafikasında yazılmış başqa mənbələr feodalizmin və kapitalizmin qalığı adı altında yandırılmış, XIII-XIX yüzilliklər ərzində yazılmış və toplanmış yazılı abidələrin əksər hissəsi tar-mar edilmişdir. 1924-cü ildə xalqın yazılı irsinin şüarçılıqla sıradan çıxarıldığını görən dövrün tanınmış ziyalılarının (Z.Hacıbəyov da o sırada olmaqla) təşəbbüsü ilə I Ümumazərbaycan Ölkəşünaslıq Qurultayında əlyazma kitablarının, sənədlərin və əski çap kitablarının bir yerə toplanması və ayrıca kitabxanada saxlanması haqqında qərar qəbul edilmişdir. Toplanmış yazılı irs Z.Hacıbəvovun da üzvü olduğu, Azərbaycanı Öyrənmə və Tətəbbö Cəmiyyətinə məxsus kitabxanada mühafizə edilməyə başlanmış, daha sonralar isə həmin irs Elmlər Akademiyasının müxtəlif institutlarında müvəqqəti olaraq saxlanılmışdır. Bu gün Məhəmməd Füzuli adına  Əlyazmalar İnstitutunda (1950-1981-ci illərdə Respublika Əlyazmalar Fondu adlanmışdır) toplanmış əlyazma və digər yazılı irsin böyük hissəsinin qurtuluşu, məhz  ötən yüzilliyin 20-ci illərində, yuxarıdakı təşəbbüslə çıxış edib qərar qəbul edən, Z.Hacıbəyov da daxil olmaqla bir qrup müqtədir ziyalılarımızın səyi ilə mümkün olmuşdur.

Altıncı bölüm “Foto sənədlər” adlanır. Burada kitabın tərtibçisi Z.Hacıbəyovun tək, ailə üzvləri ilə, tanışları ilə, anası Şirin xanımla, bir qrup ziyalı ilə, həmçinin qohumlar və dostlarından – əmisi Hacı bəy, A.Bədəlbəy Ağdamski, H.Ərəblinskinin ayrılıqda və həmçinin İsmailiyyə binasının qarşısında Azərbaycan xalqının sevimli aktyoru H.Ərəblinskinin dəfn mərasimindən çəkilmiş foto surətlər haqqında oxucuları bilgiləndirir.

Nəhayət, “Zülfüqar bəy Hacıbəyov arxivinin təsviri” kitabının son hissəsində bəstəkarın şəxsi fonduna sonradan daxil olmuş müxtəlif səpkili materilların paleoqrafik təsviri verilmişdir. Bu bölümdə müəyyən materiallar bəstəkarın birbaşa musiqi sahəsindəki fəaliyyəti ilə bağlı olsa da, digər bir qism materiallar Z.Hacıbəyovun, ola bilər ki, maraq dairəsi ilə əlaqəli olaraq, şəxsi arxivinə düşmüşdür. Onun oxuduğu qəzet və jurnallar, 6 vərəqdən ibarət Molla Nəsrəddin lətifələri, Mir Möhsün Nəvvab və başqa şairlərin qəzəllərinin əlyazması, Nəvvabın “Kitabi-kəşkül-həqiqə” əsəri, Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Məşədi İbad”, “Arşın malalan” və digər operettalarından parçalar, R.Şövqi və Ə.M.Atayevin “Sevgi bir olar”, S.M.Qənizadənin “Axşam səbri xeyir olur” pyesləri, ədəbiyyat nəzəriyyəsinə aid dərslik, M.F.Axundzadənin həyat və fəaliyyəti haqqında 70 səhifəlik yazı və digər çoxlu sayda materialların olmasını bildirən məlumatları tərtibçi oxucuların diqqətə çatdırır.

“Zülfüqar bəy Hacıbəyov arxivinin təsviri” kitabı AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazma əsərləri, əski çap kitabları, tarixi-arxeoqrafik sənədlər, şəxsi arxiv materiallarının kataloqlaşdırılması istiqamətində görülmüş qiymətli tədqiqatlardan biridir. Bu cür nəşrlərə çağdaş zamanda daha çox ehtiyac duyulur. Çünki arxiv materiallarının nəşri geniş oxucu auditoriyasının  müəllifin şəxsi həyatı və yaradıcılığı ilə ətraflı tanış olmasına səbəb olur və bəzi məsələlərlə bağlı daha dəqiq fikir irəli sürməyə imkan yaradır. Elə hesab edirik ki, mənbəşünas alim Esmira Cavadova bəstəkarın şəxsi arxiv materiallarını böyük zəhmət sərf etməklə, hər bir arxiv materialını aid olduğu bölməyə uyğun qruplaşdırmış və Azərbaycan musiqi tarixində müəllifi olduğu “Aşıq Qərib” və onlarla musiqi əsəri ilə özünəməxsus yer tutan Zülfüqar bəy Hacıbəyovun fəaliyyətini sənədlər əsasında daha dolğun işıqlandırmışdır.    

 

 

525-ci qəzet.-2012.-28 iyul.-S.16.