Unudulmaz “Səhər görüşləri”

 

Televiziyada bir neçə veriliş onun adı ilə bağlıdır: “Səhər görüşləri”, “Dalğa”, “Gəlin birlikdə gülək”, “Gəzdim Azərbaycanı”, “Günaydın”, “Ocaq başı”. Həmsöhbətimiz əməkdar incəsənət xadimi, “Humay”, “Qızıl Dərviş” mükafatları laureatı Məhərrəm Bədirzadə milli televiziyada ilk səhər proqramı “Səhər görüşləri”ni yada salır.

 

Səhər-səhər tamaşaçı süfrə başında maraqlı proqram izləmək arzusunda idi

 

1956-cı il fevralın 14-də yaranan Azərbaycan televiziyasında proqramlar, verilişlər, tamaşalar, informasiyalar və xəbər buraxılışlarının dinamik olaraq bir-birini əvəzlədiyi, televiziyanın öz rəngli təsvirinə nail olduğu vaxtda milli teleməkanda səhər proqramının yaranmasına ciddi zərurət hiss olunurdu.

Televiziyanın o vaxtkı sədri professor Qurban Yusifzadənin təşəbbüsü ilə xüsusi yaradıcı qruplar təşkil edildi və 1976-cı il aprelin 4-də “Səhər görüşləri” ilk dəfə tamaşaçıların görüşünə gəldi. Hər bazar günü 45 dəqiqə – 1 saat müddətində efirə gedən verilişin məramı ağır iş həftəsinin sonunda tamaşaçıların istirahətini təmin etmək idi. Səhər proqramı insanları yalnız əyləndirmirdi, həm də maarifləndirir və düşündürürdü.

Verilişi ardıcıl olaraq, rejissor Əbdülhüseyn Məcidov, baş rejissor Bünyad Məmmədov, baş rejissor Vasif Babayev, gənc rejissor Məhərrəm Bədirzadə hazırlamalıydı. Belə bir bölgünün aparılmasında məqsəd sonda hansı rejissorun proqramı daha uğurlu hazırladığını müəyyənləşdirmək idi.

Birinci verilişdə SSRİ Xalq artisti Zeynəb Xanlarova mahnı ifa etdi, Əminə Yusifqızı şeir söylədi, royal arxasında oturub mahnı ifa elədi, “Çinar” rəqs ansamblı isə iki musiqi nömrəsi ilə çıxış etdi, əvəzolunmaz mərhum aktyorlarımız – Nəsibə Zeynalova ilə Hacıbaba Bağırov da qonaq oldular. Aprelin 4-ü “Geoloqlar günü” olduğundan, verilişdə bir geoloq da çıxış etdi. İlk buraxılışa konsert nömrələrinin qədərindən artıq daxil edilməsi sədri çox narazı saldı. Çünki proqramın təkcə musiqidən ibarət olması nəzərdə tutulmamışdı. Həyəcan təbili çalındı. Məhərrəm Bədirzadənin rejissorluğu ilə hazırlanan ikinci veriliş uğurlu alındı.

 

“Səhər görüşləri”nin yayım vaxtı Bakı küçələrində avtomobil gözə dəymirdi

 

Verilişin yaradıcı heyəti çalışırdı ki, respublikada tanınmış müğənnilər, aktyorlar, məşhur insanlar (yumorist yazıçılar – Seyfəddin Dağlı, Cahangir Aslanoğlu, Salam Qədirzadə, Rüfət Əhmədzadə, Rüfət Cəbioğlu, Məhərrəm Əlizadə, yazıçı-dramaturq Firudin Ağayev) proqramda yer alsınlar. Verilişin quruluşunu və ideyasını bir sıra proqramların, telelayihələrin müəllifi Firudin Ağayev vermişdi. Televiziyada onun ilk böyük işi də məhz bu proqramla bağlıdır. Məhərrəm Bədirzadə və Firudin Ağayevin birgə zəhmətilə “Səhər görüşləri” bir neçə il bazar günü izləyicilərin görüşünə gəldi. 9.15-də, proqramın həcmi böyük olanda isə 9.10-da efirə çıxan “Səhər görüşləri”ndə ayrı-ayrı aktyorların ifasında yumor parçaları, müxtəlif görüntülər, günün tələbindən irəli gələn materiallar verilirdi. Təsadüfi deyildi ki, respublikanın həyatında baş verən əlamətdar hadisələr tamaşaçıların maraqla izlədikləri məhz “Səhər görüşləri”ndə işıqlandırılardı. Bunun da adi bir səbəbi vardı – bu proqramın izləyiciləri sayca böyük orduya bərabər idi. “Səhər görüşləri”nin yayım vaxtı Bakı küçələrində avtomobil gözə dəymirdi – bağa gedən ya tez gedirdi, ya da bunu “Səhər görüşləri” proqramından sonraya saxlayırdı. Maraqlı yumorlar, musiqi parçaları, mahnıların premyerası bu verilişin payına düşürdü.

 

Verilişin tapıntıları da az olmayıb

 

Mərhum sənətkarımız Məmmədbağır Bağırzadə xalq arasında populyar olsa da, ekranda ilk dəfə bu verilişdə görünüb – özü də bəstələri hələ də dillər əzbəri olan Ələkbər Tağıyevin “Azərbaycan oğluyam” mahnısı ilə. “Səhər görüşləri” o qədər populyar idi ki, səhərlər tarlada işləyən zəhmətkeşlər verilişin axşam da verilməsini istəyirdilər ki, izləyə bilsinlər.

“Telerentgen” rubrikasında aramızda olan əliəyriləri, antipotları telerentgenə salıb, tərbiyələndirirdilər. Ən mühüm informasiyalar tamaşaçılara bu verilişdə çatdırılırdı.

Aktyorlarla məşq, kadrların çəkilişi zamanı yaranan çətinliyin öhdəsindən gəlmək üçün bura cəlb olunan rejissorlardan ilk növbədə operativlik və zövq tələb edilirdi. Rejissor tamaşaçıları öz zövqünə uyğunlaşdırmamalı, mütləq auditoriyanı nəzərə almalıydı. O, həm də yüksək səviyyədə məlumatlı insan olmalıydı.

Operatorun əsas vəzifəsi işıqlandırmanı düzgün, yaxşı qurmaq, peşəkar, maraqlı kadrlar vermək idi. “Səhər görüşləri”ndə operatorun əməyi birə-on artırdı. Studiyanın tərtibatında rəssam əvvəlcədən hər şeyi qurur, ilə, fəsilə, mövsümə diqqət edilirdi. İldə bir dəfə tərtibat dəyişdirilirdi. Hər fəsilə, onun ab-havasına uyğun olaraq, elementlər yenisi ilə əvəzlənirdi.

Aparıcıların geyim məsələsinə də xüsusi diqqət yetirilirdi. Zövq başlıca şərt idi. “Səhər görüşləri”nin ilk aparıcıları Xalq artistləri Leyla Bədirbəyli və Lütfi Məmmədbəyov olub. Sonradan onları Ofelya Sənani və Davud Əhmədov əvəz ediblər.

Lütfəli Abdullayev və Bəşir Səfəroğludan başqa, (“Səhər görüşləri” başlayanda hər ikisi dünyasını dəyişmişdi) respublikanın ən tanınmış aktyorları: Əliağa Ağayev, Hacıbaba Bağırov, Nəsibə Zeynalova, Səyavuş Aslan, Hüseynağa Sadıqov, Fazil Salayev, Səməndər Rzayev, Həsənağa Turabov, Ramiz Əzizbəyli, Yaşar Nuri, İlham Namiq Kamal, Telman Adıgözəlov və başqaları verilişə dəvət olunar, onlara uyğun rollar yazılardı.

Musiqi tərtibatı da mövsümə uyğun tərtib edilirdi ki, maraqlı olsun. Ara müğənnilər efirə buraxılmırdı. O dövrdə verilişə daha çox Zeynəb Xanlarova, Şövkət Ələkbərova, İlhamə Quliyeva, Flora Kərimova, Akif İslamzadə, Məmmədbağır Bağırzadə, Hüseynağa Hadıyev, Elmira Rəhimova, Rübabə Muradova və başqa tanınmış müğənnilər və xanəndələr dəvət olunurdu. “Səhər görüşləri”ndə bəyənilən, xoş əhval-ruhiyyə yaradan musiqilər, süjetlər verilirdi, musiqinin mövzuya uyarlılığına həmişə diqqət edilirdi. Tamaşaçıya hörmət nəzərə alınır, proqramın rəngarəngliyinə ciddi fikir verilirdi.

 

İlk dəfə parodiya janrı bu verilişdə dəbə minib

 

Elə aktyorlar var idi ki, həm də yaxşı oxuyurdular. Məsələn: Yaşar Nuri, Ramiz Əzizbəyli, Hacıbaba Bağırov mahnı oxuyurdular. Parodiyaçı aktyorlar ayrı-ayrı müğənnilərin repertuarından mahnılar seçib parodiya edirdilər. Maraqlı rubrikalar hazırlanır, məşhur “Mozalan” satirik jurnalının yaradıcı heyəti dəvət olunaraq, onların təqdimatında veriliş film şəklində tamaşaçılara təqdim edilirdi.

 

Yuri Nikulin bu verilişdə azərbaycanca bir-iki kəlmə də öyrənmişdi

 

Azərbaycana gələn Yuri Nikulin “Səhər görüşləri”nin də qonağı olmuş, verilişin rejissoru Məhərrəm Bədirzadə ona azərbaycanca br-iki kəlmə də öyrətmişdi. Müxtəlif vaxtlarda ölməz sənətkarımız Müslüm Maqomayev, rus estradasının ulduzu Larisa Dolina və digər məşhurlar proqramdan tamaşaçılara “Sabahınız xeyir!” demişlər.

Verilişdə rejissorlar Şahin Əlibəyli, Ələkbər Kazımovski, Hafiz Fətullayev işləyiblər. Məhərrəm Bədirzadə verilişə üç il tək rejissorluq edib. Sonradan iş bir neçə rejissor arasında bölünüb.

9 il efir ömrü yaşayan “Səhər görüşləri”ndə ana xətti sırf yaradıcılıq təşkil edirdi. 54 yaşlı Azərbaycan televiziyası tarixində bu səviyyədə populyar veriliş olmayıb. “Səhər görüşləri”ndə ekrana çıxan aktyor iki gün ərzində respublika miqyasında tanınırdı.

“Səhər görüşləri”nin televiziya tarixində, eləcə də, müəyyən şəxslərin həyatında böyük xidməti olub. “Səhər görüşləri” ilə milli televiziyada səhər proqramlarının əsası qoyuldu. Daha sonralar yaranan səhər verilişləri onlar üçün özül rolunu oynayan “Səhər görüşləri”ndən yararlandılar. Neçə-neçə ədəbiyyat adamının, incəsənət xadiminin sənət yolu bu verilişdən keçdi. Bu günə kimi xatirələrdə yaşayan sənət nümunələri tamaşaçıların yaddaşına məhz bu görüşlərdən həkk olundu.

 

 

SƏADƏT

 

525-ci qəzet.-2012.-28 iyul.-S.17.