Seyran Səxavət:
“Etiraf etmək hər kişinin işi deyil”
Sözün
missiyası insanı dəyişdirmək, daha kamil, daha
üstün mərtəbəyə qaldırmaqdır. Urvatdan
düşməyən söz isə yazıçının
vizit kartıdır. Hər zaman, hər şəraitdə
orijinallığını, əsilliyini qoruyub saxlayan və
sözünə bərabər olan kişilərdən biridir
Seyran Səxavət. Yazıçı Seyran Səxavətlə
söhbətləşmək sözün işıqlı, həyalı
yerinə, ilkinliyinə qayıtmaqdır.
– Sizə görə həyatda ən
asan və ən çətin şey nədir?
– Mənim
üçün dünyada ən asan şey doğulmaqdır.
Çünki burda mənim heç bir iştirakım
olmayıb. Yəqin ki, ən çətin şey də
ölmək olar, inşallah.
– Ucqar bir kənddə
yaşamağa məcbur olsaydınız,
dolanışığınızı necə
çıxarardınız?
–
İnsan məcburdu ki, özünü saxlasın, yəni
heç kəs könüllü surətdə ölmək
fikrində, iddiasında olmur. Mənim üçün o ucqar
kənd mücərrəd bir şeydir. Amma yəqin o şəraitə
uyğun bir şey fikirləşərdim və
yaşamağa, təbii ki, davam edərdim. Çünki
yaşamaq, bütün çətinliklərə baxmayaraq, o
qədər gözəldi ki, insanın yeganə işi,
peşəsi, vəzifəsi elə yaşamaqdır.
– Keçdiyiniz ömür yoluna
baxanda ən çox nəyə üzülür, nəyə
sevinirsiniz?
–
Onları sadalasam, çox uzun bir siyahı alınar. Mən
daha çox sevinmişəm, düzdür,
üzüldüyüm anlar da olub. Bəzən elə
üzüldüyüm, yəni əziyyət çəkdiyim
anlar olub ki, bütün o sevinc, fərəh hamısı elə
bil ki, köklü-köməcli çıxıb, elə bil
ki, quruyub, elə bil ki, bir də bitməz, cücərməz...
– Valideyn və müəllimlərdən
başqa, özünüzü kimlərə borclu bilirsiniz?
–
Ümumiyyətlə, mən özümü heç kimə
borclu bilmirəm. Bir Allaha borclu bilirəm ki, onun izni ilə
dünyaya gəlmişəm. O sözü o qədər
işlədiblər ki, adam heç o sözə ilişib nəsə
demək istəmir. Vətən qarşısında borc,
valideyn qarşısında borc, övlad qarşısında
borc, dost qarşısında, tanış qarşısında
borc... Bütün bu deyilənlərə inansaq, belə
çıxır ki, insan elə doğulduğu gündən
ölənə qədər xirtdəyəcən borc
içində yaşayıb. Bu, absurd bir şeydir, uydurma bir
şeydir. Sadəcə, adam balası kimi yaşayırsan,
insafnan, nəfssiz yaşayırsan və hər şey onun
içində öz həllini tapır. Yoxsa, onların
hamısını bir-bir xırdalasan, borcları fikirləşsən
adam dəli olar. Sadəcə olaraq, namusnan, qeyrətnən, nəfssiz
yaşayanda bunun içində hər şey gedir,
bütün borclar bunun içində gedir, əriyir, bu və
ya başqa şəkildə borclar qaytarılır.
–
Uğrunda hər şeydən keçə biləcəyiniz
varlığın adı?
– Bu bir
psixoloji momentdir. Gərək o moment gəlsin. Ancaq orda qərar
vermək olar, orda ancaq nəsə addım atmaq olar. Yəni bu
bir az konkret ovqat tələb eləyir, konkret vəziyyət tələb
eləyir. Çünki elə şeylər var ki, o yolda adam
canından, qanından, hər şeyindən, hər şeyindən
keçə bilər.
– Özünüzü hansı
peşədə daha yaxşı ifadə edə bilərdiniz?
İndiki işinizdən razısınızmı?
– Mən
Allahın, yəqin ki, istəkli bəndələrindən
olmuşam, ona görə ki, mənə az-çox istedad verib
və mən yazı-pozu ilə məşğulam. Əgər
bu olmasaydı, yəqin ki, əlimdən heç bir şey gəlməzdi.
Uzaqbaşı, rəssamlıqla məşğul olardım,
düzdür o sahədə qabiliyyətim sıfırdan da
aşağıdır... O da olmasaydı, qarabağlıyam, səsim
var, oxumaqla özümü ifadə eləyərdim. Yəni
insanın özünüifadə vasitələri həddindən
artıq zəngindir. Sadəcə olaraq, ona tuşlanmaq, ona tənzimlənmək
lazımdır. Amma o da taleyin işidir, yəni bəzən
ona tuşlanmaqnan, istəməynən də olmur...
– Üzr istəmək sizə
ağır gəlmir ki?
– Qətiyyən.
Əgər mənim bir işdə günahım varsa, təbii
ki, olur, hamı kimi, üzr istəyəndə mənə elə
yüngüllük gəlir ki, elə bilirəm, nəbilim,
bir müqəddəs ziyarətgahdayam, bir müqəddəs
ziyarətgahdan qayıtmışam. İnanın, mən bunu
çox səmimi deyirəm. Üzr istəməyin içində
həm də bir etiraf var – səhvini etiraf. Etiraf eləmək
də, başqa cür çıxmasın, çıxsa da
olar, hər kişinin işi deyil. Ona gərək gücün
ola. O güc də nədi, səmimiyyətdir. Səmimiyyətin
olmasa, səhvinə görə, günahına görə
kimdənsə nə üzr istəyirsən, nə də ki,
etiraf eləyirsən. Bunların ikisi də təxminən eyni
şeylərdir. Bəli, mən səhvimi etiraf eləyəndə
bütün varlığımın, bütün hüceyrələrimin
ağrısı bir an içində qırılır, bir
ağırlıqdan qurtarıram və başlayıram adam
kimi, adam balası kimi yaşamağa...
– Sabir deyir: “Ağladıqca kişi
qeyrətsiz olur”. Siz necə düşünürsünüz?
–
Ağlamaq özü də çoxşaxəli şeydi.
Böyük şairimiz onu, mən bilən, o mənada deyib ki,
birdən deyirlər ey, “tay ağlama dəə...” Söhbət
gözdən yaş çıxmaqdan getmir. Və
ağlamağın da, belə deyək, müxtəlif növləri
var. Çoxdan görmədiyim bir dostun yaxşı sədasına
və yaxud uzaq olsun eşidən qulaqlardan, bir
yaxınını itirməkdən ağlamaq müqəddəs
şeydir. Ya sevincdən ağlamaq, ya da kədərdən
ağlamaq... Tay arvad kimi saçını yolub,
üzünü cırmaqdan söhbət getmir. Heç
gözdən yaş gəlməməynən də ağlamaq
olar?
Ağlamağın
şəkli iki cürdür: bir var yaş çölə
tökülür, bir də var adamın öz içinə.
Yəni çölə tökülən göz
yaşlarından içinə tökülən göz
yaşlarının fərqi var. Ağlamaq əslində intim
bir şeydir. İstəmirsən heç kəs
görsün. Mən içəriyə tökülən
göz yaşlarının tərəfdarıyam. Qaldı,
Sabir çox düz deyib. Bu artıq başqa bir
ağlamaqdır. Bunun içində göz qaytarmaq da var,
milyonların var, amma ağlayırsan, yəni “vallah vəziyyətimiz
ağırdır”... Nə vaxt soruşursan: “Nə təhərsən,
ə?” “Pisəm”. Ə, cəhənnəmə pis ol, gora pis
ol. Bunlar hamısı ağlamağın növləridir.
– “Kaş ki filan ölkədə
doğulaydım, filan xalqın
nümayəndəsi olaydım” dediyiniz olurmu?
– Gərək
düzünü deyəsən də. Mənim nəinki ürəyimdən
keçib, mən onu yazmışam da. “Nekroloq” romanımda iki
obraz özünə millət axtarır. İngilis olmaq,
fransız olmaq, ispan olmaq istəyirlər, axırda gedib
özbəkdə dayanırlar, yəni yerlərini bilirlər.
Mənim də, təbii ki, qəlbimdən keçib. Amma ani
bir şeydir də. Əslində cəmiyyətin
korluğundan və adamın nisbətən zəif anına,
momentinə düşməyindən asılıdır o fikrə
gəlmək, o fikirdə olmaq.
– Evinizdə inciklik olurmu? Olursa,
birinci kim barışır?
– Vallah,
inciklik deyəndə, niyə olmur ki... Bəzən deyirlər
ki, hələ əlli ildir bir yerdəyik, güldən
ağır bir söz eşitməmişik, bunlar hamısı
boş şeydi. Onlar əlli il yox, heç dəqiqə də
bir yerdə olmayıblar, yəqin orda-burda olublar, qiyabi
yaşayıblar. Belə götürəndə ağla
batmayan şeydi. Bəli, bizim evdə də inciklik olur. Bəzən
mən özüm də əsəbiləşirəm, bir
anın içində fırtına kimi əsirəm və
tez də sakitləşirəm, kimi ki, incitmişəm
başını sığallayıram, uşaqdırsa konfet
verirəm. Hərəsinin öz pozisiyası var də... O yerdə
həmişə birincilik iddiasında olmuşam və indiyə
qədər də elə o cür yaşayıram.
– Özünüzü kimin
qarşısında günahkar bilirsiniz və kiminsə
günahını bağışlamısınızmı?
–
Baxır günahın həcminə, baxır günahın
xüsusiyyətinə, baxır günahın istiqamətinə.
Elə şeylər var ki, həyatda onlar
bağışlanılmır. Və ümumiyyətlə, mən
çox bağışlayanam. Əslində kimlərləsə
ünsiyyətdə yaşamağın ən birinci şərti
bağışlamaqdır. Bağışlamasan, gərək
qapını bağlayıb evdə oturasan...
– Sizcə, azadlıq istədiyini eləməkdir,
yoxsa istəmədiyini?
– Nə
istədiyini eləmək azadlıqdı, nə də istəmədiyini.
Azadlığın mayasında, bel sütununda bir tərbiyə
olmalıdır, bir əxlaq olmalıdır, bir Allahı
başının üstündə görmə
olmalıdır ki, o azadlıq sonra ətrafındakı
adamlara ziyan verən bir şəkil almasın. Mən başqa
cür azadlığı qəbul etmirəm. Bu, azadlıq
deyil, məni bağışlayın, xalqın
sözüdür bu – heyvərəlikdir. Mən həmişə
azad olmuşam. İndi Azərbaycan
xalqı azad olub, öz müstəqil dövlətimiz var. Amma
mən Azərbaycan xalqından çox-çox qabaq azad
olmuşam. Mən müstəqilliyimi qazanmışam. O da mənim
mühitimlə bağlı olub. Yusif Səmədoğlu kimi
böyük bir demokratla “Ulduz” jurnalında işləmişəm.
O isə deyirdi: “Mənim qardaşlarım, ayda bir jurnal
buraxmalıyıq. O jurnal çıxmalıdır, işə
gəldin, gəlmədin, bunun dəxli yoxdur. Yaradıcı
adamlarsınız, işinizlə, gücünüzlə məşğul
olun, görüşlərinizə gedin”. Azadlıqdan
sui-istifadə eləyəndə, deyirlər ki, anarxiyaya
çevrilir. Anarxiya da insanların, birinci növbədə də,
ailənin, qohum-qardaşın, dost-tanışın, küll
halında götürəndə isə bütün ətrafının
əleyhinə işləyir. Əgər sənin azadlıq
kimi don geyindirdiyin o qatil sənin bütün ətrafına
qarşı işləyirsə, bunun harası oldu azadlıq.
Bu oldu cinayət, bu oldu adamları incitmək, bu oldu
adamları özündən uzaqlaşdırmaq. Nəticədə
sən tənha qalırsan, tək qalırsan, hamı səndən
üz döndərir. İnsanı da yaşadan, saxlayan və ən
müqəddəs şeyi
Allahdan sonra adamların fərd olaraq bir insana üz
göstərib-göstərməməyidir, yəni ondan üz
çevirib-çevirməməyidir.
– Sevgi nədir: ümid, qorxu, ya
xoşbəxtlik?
– Mənim
əsasən elə gənclikdəki sevgi, od canımdadır.
Sadəcə, təcrübəm artıbdır, vəssəlam.
Vətən sevgisi, qadın sevgisi, sonradan əmələ gələn
övlad sevgisi və gənclik illərindən bu günlərə
qədər yaranan dost sevgisi elə mənim üçün
o gənclikdəki, o yeniyetməlik dövründəki
sevgidir. Bu ovqatdır, sadəcə, bir balaca
ahıllaşmış ovqatdır, bir balaca ağayana sevgidir.
O da yaşnan, təcrübəynən,
dünyagörüşüynən bağlı bir şeydir.
Yaş, təcrübə, dünyagörüş o sevgiyə
öz diktəsini eləyir. Amma əsasən ovqat həmin
ovqatdır.
- Ən çox nə zaman
utanırsınız?
– Ən
çox son iyirmi ildə utanıram, bu da məişət
detalları ilə bağlıdır. Birdən
özümü xeyrə-şərə çatdıra bilməyəndə
ondan çox xəcalət çəkirəm. Bu da mənim
günahım deyil, birbaşa cəmiyyətin
günahıdır. Mən xırdalamaq istəmirəm.
İndi bizim təqaüd yaşımızdır. Deyirlər
ki, dövlət qulluğunda işləməmisiniz. Amma
ömür boyu bütün vergiləri, üzvlük
haqlarını vermişəm. Bir dəfə partiya biletimə
baxdım, özü də mən cəmisi
üç-dörd il partiyanın üzvü oldum, sonra partiya
ortasından iki yerə çatladı. Hesabladım,
gördüm ki, bir
“Moskviç”in pulu qədər üzvlük haqqı
ödəmişəm. Dövlət adamlarına yüksək
pensiya verib, tutaq ki, “yazıçıya, bəstəkara, rəssama
dövlət adamı deyil” demək absurd yanaşmadır. Nəticəsi
budu, mən xəcalət çəkirəm, amma əslində
o qanunçuluğumuzdakı boşluq, qanun xəcalət
çəkməlidir. Bəzən özümü
dostların, yaxınların, əzizlərin, tanışların
xeyrinə-şərinə çatdıra bilməyəndə
xəcalət çəkirəm, utanıram.
– Ölüm nədir?
–
Ölüm mənim üçün doğulmaq qədər
müqəddəs bir şeydir. Ağacın kökü var,
bu, doğulmaqdı, ağacın gövdəsi var, o
yaşamaqdır və ağacın bir gün qurumağı
var, o da ölümdür. Bu, çox təbii bir prosesdir.
– Çoxlu pulunuz olsa, hara xərclərdiniz?
– Mən
realist adamam – həm yazıçı kimi, həm də həyatda.
Mənim heç vaxt çoxlu pulum ola bilməz. Mənim
çoxlu pullarım olub – gəlməyiynən getməyi bir
olub. Çünki mənim daxilimdə, əxlaqımda, mənəviyyatımda
elə bir şey var ki, çoxlu pulum olsa, dostlarımı
yığaram, indi onlar azalıblar, bir ay onlarnan olaram, o
pulların altından girib üstündən çıxaram.
Ona görə dostlarım deyir ki, sənə pul
düşmür, sənə pul olmaz, sənə pul etibar eləmək
olmaz.
– “Mən almasam, bir başqası
alacaq, mən olmasam, başqası olacaq” düşüncəsi
nəyi ifadə edir?
– Bu
düşüncə heyvani bir düşüncədir. Heyvan
instiktlə eləyir, insanlar isə
ağılnan, düşüncəynən,
ölçülü-biçili. Bəşəriyyətin
kökünü qazan bir neçə şey var ki, mən onu
“Yəhudi əlifbası” romanımda da göstərmişəm.
Bu bir neçə şətrin başında da nəfs deyilən
bir şey dayanır. Ümumiyyətlə,
mən nəfsli adamların hamısına nifrət eləyirəm.
Təəssüf ki, bu da bəşəriyyətin
çoxluğunu təşkil edir.
– Həyatda ən böyük təsəlliniz?
– Təsəlli
də bir ünvandır. Mən təsəlliyə arxa
çevirən deyiləm. Çalışıram ki, ən
böyük təsəllini özüm-özümə verəm
ki, bax bu həyatdır, bu filan iş filan oldu, qurtardı. Lap
insan itkisi də olub. Təsəlli ani bir şeydir. Ümumiyyətlə,
təsəlli xəstə adamlar üçün vacibdir. Doğma
bir adamını itirə bilərsən, uzaq olsun evin yana bilər,
bunlar hamısı mümkün olan şeylərdir, nə
vaxtsa maşının əzik-əzik ola bilər,
düzdürmü? Oldusa, qurtarmaq lazımdır məsələni.
Ta orda sıtqımaq, nə bilim, ağlamaq, “Ay Allah, bu nə
müsibət idi...”, yersizdir. Allah sənə
maşını verəndə yaxşıdı, əziləndə,
qəzaya düşəndə pisdi?
– Sizə hansısa mövzuda sual
verilməsini heç arzulamırsınız?
–
Çoxdu elə sözlər. Bugünkü Azərbaycan
jurnalistikasında belə sözlər nə qədər istəyirsən.
Məsələn, belə sual verirlər: Seyran müəllim,
ilk sevginizi necə xatırlayırsınız? O jurnalist
başa düşmür ki, o sevgini xatırlamaq
qeyri-mümkündü. Uzaqbaşı, o sevginin
ünvanını, tutaq ki, o qızın adını
xatırlaya bilərsən. Sevgini necə xatırlamaq olar?
Yaxud belə bir sual verirlər, siz bir də yenidən
dünyaya gəlsəydiniz hansı peşəni seçərdiniz?
Belə suallar həddindən artıq çoxdır. Məni
tanıyan jurnalistlər artıq mənə belə suallar verməyi
tərgidiblər.
– Yubiley və ad günlərində
özünüzü necə hiss edirsiniz?
–
Özümü ən yaxşı dostlarımın, yaxınlarımın
yubileyi, ad günündə çox yaxşı hiss eləyirəm,
belə kefin istəyən. Bir də ki, ondan da
özümü yaxşı hiss eləyirəm, hətta
kövrəlirəm, lap uşaqlaşıram, özümü
bəzi yerdə lap uşaq kimi aparıram, bilirsiniz nə vaxt?
Yaxın beş-altı dostum var də, onların
balalarının toyunda, o dostum durur ey toy evinin
qapısının ağzında, qonaqlar gəlir, onun sifətinə
baxanda dünyanın ən xoşbəxti oluram və həmin
anda dünyada məndən kövrək adam tapmaq
qeyri-mümkündür. Bunu heç kəs axtarmasın, zəhməti
əlində qalar...
– Dünyanın hər yerindən
görünən uca bir lövhəyə iki-üç kəlməlik
nəsihət yazmağı xahiş etsələr, nə yazardınız?
– Vallah, o
lövhəyə mənim cümləm təxminən
hazırdır. Yazardım ki, nə qədər ki, bəşəriyyət
fəlakətlə üzbəüz dayanmayıb bəşəri
şüurda cərrahi əməliyyat aparmaq və nəfsi
ordan götürmək lazımdır.
– Sizə görə insanda ən
yaxşı və ən pis xarakter hansılardır?
–
Ümumiyyətlə, pis xarakter təəccüblü bir
şey deyil. Müəyyən nöqsanlar var ki, hətta onlar
da düzələ bilər. Amma bir insanın, bir bəndənin
Allahın yaratdığı bir bəndəyə başqa
cür yanaşması və Qorbaçov kimi onu yenidənqurma
istəyi həm günahdır, həm də boş şeydir,
yəni həmişə o uğursuzluğa uğrayar,
heç vaxt nəticə verməz. Çünki insan necə
yaranıbsa, o cür də qalır. Deyirlər ee, tərbiyə
olunub filankəs, indi bilirsən nə yaxşı oğlan
olub? O müvəqqətidir, o özünə zor edir. Bir var sən
bir başqasına zor edəsən, bu zaman ola bilsin ki, bu, zor
göstərən adama ləzzət verir, amma özünə
zor eləmək intihar qədər çətin bir şeydir.
Özünü məcbur edir, məsələn, bir ay,
üç ay, beş il, gücü çatır dəə,
bir yaxşı, bir vicdanlı, nəfssiz, insanlara lazım olan
bir varlıq kimi fəaliyyət göstərir. Yaxşı,
bu özünü nə qədər məcbur edə bilər
axı? Günlərin bir günündə, bir anında
yorulur və tüpürür, təzədən olur əsl
özü. Yəni heç kəs əslində düzəlmir.
İndi insanlar evlənirlər və başlayırlar guya
bir-birini yenidənqurmağa, təzədən qurmağa.
Bilirsiniz, Azərbaycanda nikaha gedən adamlar var də, bunlara
dünyanın ən primitiv təyyarəsini, bizim tərəflərdə
dərmansəpən təyyarəni versən – o ən primitividi,
ən sadəsidi – desən ki, bunu yenidən qur, qura bilməyəcək.
Heç nə eləyə bilməz, heç bir
maşını yenidən qura bilməz. O ki qaldı,
insanın başqa bir insanı yenidənqurma eşqi, yəni
dəyişmək. Bunlar hamısı iflasa uğrayıb və
bu istəkdə olan adamların bütün zəhməti əlində
qalıb, əsəbi gedib, ömrü gedib, bir də
ayılıb görüb ki, artıq 80 yaşı var və
heç nəyi dəyişə bilməyib. Adamı redaktə
eləmək olar. Tutaq ki, adam romandısa, bəzisi istəyir
ki, onu poema kimi dəyişsin, hələ bu da yaxşı
şeydi, əslində. Məsələn, romandan istəyir
bir çarhovuz düzəltsin, yaxud da çarhovuzdan, nə
bilim, bir maşın düzəltsin.
– Nə
vaxtsa hansısa müğənniyə, sənətçiyə
heyran, ya da aşiq olmusunuzmu?
– Bəli,
bəli, aşiq olduğum adam yox ey, adamlar var. Özü də,
xüsusilə bu muğam məsələsində.
Qarabağlıyıq, gözümüzü açıb
muğamla böyümüşük də. Götürək
Yaqub Məmmədovun “Mirzə Hüseyn segahı”nı.
Heç kəs oxuya bilməz onu. Bir dostum var, kompyuterin
altını üstünə çevirə bilir. Bilir ki, mən
“Mirzə Hüseyn segahı”nı çox xoşlayıram.
Cabbar Qaryağdıdan bu günə qədər kim “Mirzə
Hüseyn segahı” oxuyubsa, axşam saat 11-dən səhərəcən
bir “Mirzə Hüseyn gecəsi” elədik ikimiz, hamısına
qulaq asdıq. Hərəsinin öz gözəlliyi var. Amma
içində elə bəsit ifalar vardı ki, onların
heç adını çəkmək istəmirəm. Mənim
mütləq musiqi duyumum var. Cabbar Qaryağdının “Mirzə
Hüseyn segahı”nı, heç belə deyim ki... ancaq havadan
bir az ey, bir qurtum tuta bildim. O bir deyiləsi məsələ
deyil. Amma Yaqub Məmmədovun “Mirzə Hüseyn segahı” da
heç deyiləsi deyil. Bilirsiniz, musiqidir də, musiqi
haqqında deməzlər, musiqiyə qulaq asarlar və bu zaman
mənim hansı vəziyyətə düşməyimi
jurnalist öz gözü ilə görə bilər. Görə
bilər ki, mən necə haldan-hala, sifətdən-sifətə
düşürəm. Azərbaycan dilində var, deyirlər,
bilirsən nə oldu, filankəs filan elədi, tüklərim
biz-biz oldu. Mənim tüklərim biz-biz olmaq “srok”unu, müddətini
keçib qurtarıb. Amma inanın ki, muğama qulaq asanda,
tutaq ki, Cabbar Qaryağdıya qulaq asanda, Seyid Şuşinskiyə
qulaq asanda, Yaqub Məmmədova qulaq asanda, Ağabala Abdullayevin
“Zabul segah”ına qulaq asanda, Süleyman Abdullayevə qulaq
asanda, mənim bütün tüklərim biz-biz olur,
tökürəm, elə bil ki, qızılca
çıxarıram. Mən bu cürəm. Adam var dünya, bəşəriyyət
dağılır, bir tükü də tərpənmir, deyirlər,
belə bir söz var. Amma mənim bütün bədənim,
xüsusilə qollarım yayda da biz-biz olur, dostlar
görürlər onu. Hə, belə, o başqa bir aləmdir,
səni bu aləmdən elə bil ki, müvəqqəti
deportasiya edirlər, yəni məkanını dəyişirsən.
İnsanı dincəldən, ona güc verən şeylərdən
biri də məkanını dəyişməyidi, vətənini
yox haa, məkanını deyirəm.
– Övladlarınız sizi atsalar,
onlara nə deyərdiniz?
– Bu,
qeyri-mümkündür. Bəlkə, ola bilər, nə bilim
ee, bir 10 nəsildən sonra bir də gedək o yerə
çıxaq, indi atanlar var. Yəni mən öz genimdən,
qanımdan çox arxayınam. Amma həyatdır dəə,
yəni əgər elə bir şey olsa, mən
özümü elə apararam ki, heç vecimə deyil. Amma
özümü elə apararam haa. Və onlara heç bir əziyyət
vermərəm. Onlardan heç nə ummaram. Ümumiyyətlə,
mən umacaqsız adamam. Yəni elə nə ummuşamsa,
Allahımdan ummuşam, talehimdən ummuşam, sözümdən
ummuşam. O da ummaq, umacaq deyil,
bir növ haqdır də, ondan yuxarı deyil. Bu
yaxınlarda “Bilgəh” sanatoriyasında bir
görüşüm oldu oxucularla. Elə gözəl, elə
səmimi bir görüş oldu ki... Birinci gün əlimdə
bir 50 kitab aparmışdım. Dedim, kim bacarır,
götürə bilir, götürsün. Onlar da
yüyürüb götürdülər. Yəni mənim
umacağım öz pulumnan çap elədiyim kitabları
aparıb stolun üstünə qoyanda oxucunun onun üstünə
yüyürməyidir. Bu başqasına əziyyət verən,
ziyan vuran umacaq deyil. Düzdür, umacaqda bir maddi şey var. Mən
bunun adını umacaq qoyuram, bəlkə də, ona başqa
ad vermək olar. Yaxşı ki, onun bir düsturu yoxdur,
düsturu olsaydı, çoxdan məhv olmuşdu.
Bütün düsturlar həmişə bəşəriyyəti
əzaba, əziyyətə, sürükləyir. Və
yaxşı ki, bu düstur deyil. Düstur – bəşəriyyətin
həbsxanasıdır.
– Ən çox sevdiyiniz və sevmədiyiniz
sözlər?
– Mənim
nə ən çox sevdiyim, nə də ən çox sevmədiyim
söz var. Mənim üçün yerinə düşməyən
söz sevmədiyim, yerinə düşən isə sevdiyim
sözdür.
– Fürsət
olsa, ölümqabağı nə vəsiyyət edəcəksiniz?
–
Ümumiyyətlə, mən fikirləşmişəm ki,
öləndə vəsiyyət eləməyim. Diri-diri,
ağlı başında olanda nə sözün var
uşaqlarına, yaxınlarına de də, gərək elə
öləndə deyəsən?
– Ən çox
nədən qorxursunuz?
–
Açığı, ən çox qorxduğum
doğmaları, dostları itirməkdir. Əslində qorxmuram
ey, ona da təbii baxıram. O qorxu elə bir qorxudur ki,
toyuğun yumurtasında ağı var, sarısı var də,
bax o qorxu da yumurta kimi bir şeydi, onun mayası
ağrıdı, ağrı, əslində qorxu –
ağrı... Qalan şey – ağrıyırsan də... Həm
də hər dostunla bir az ölürsən. Normal insan bir dəfə
ölmür ha. Heç bir insan bir dəfə doğulmur.
Tutaq ki, Seyran Səxavət 1946-cı il martın 23-də
doğulub, bu, birinci doğulmadı, ondan sonra elə hadisələr
olub ki, mən özüm 15 dəfə doğulmuşam. Bu mənada
götürəndə əgər insan bir dəfə
doğulmursa, deməli, bir dəfə də ölmür. Və
hər hadisədən sonra gedib o dünyanı görüb gəlirsən,
bu, təzədən doğulmaq deyil, bəs nədi? Elə
hadisələr olur ki, gəlib baxıb deyirlər: “Ə,
burdan adam sağ çıxar?..” Bu mənada insan bir dəfə
ölmür ki, hər dostuynan, hər doğmasıynan, hər
yaxınıynan, hər əziziynən, tutaq ki,
dünyanın o başında sənin
tanımadığın Lorka, Yamaytis, ya mənim ən
çox sevdiyim alman yazıçısı var, Nobel
mükafatlarının hamısına layiqdir, amma almayıb,
Ziqfrid Lentslə... sən də ölürsən axı. Yəni
insan bir dəfə doğulmur deyə bir dəfə də
ölmür. Mən bunu çox rahat görürəm. Mən
bunu “Yəhudi əlifbası” romanımda bir neçə mərhələyə
bölmüşəm. İnsan əslində birinci dəfə
gələcək valideynlərinin arzusunda doğulur. Bu da bir
doğuluşdur. Sonra bu arzuyla yaşayırlar, ata belindən
ana bətninə doğulur. Bu, ikinci doğuluşdur. Sonra
üçüncü doğuluş dünyaya gəlir. Və
dünyaya gəlməmişdən qabaq insan iki dəfə
doğulur – ən azı.
– Xoşbəxt olmaq üçün
nəyiniz çatmır?
– Xoşbəxt
olmaq üçün həmişə yaxşılıq eləmək
lazımdır. Yaxşılıq elədiyin adam var haa, o sənə
lap qızıldan heykəl qoysa da, o ləzzəti, o kefi ki,
yaxşılıq edəndə almısan, ondan
aşağıdır.
Bəzən
böyük bir salonda xanəndə bir nəfər
üçün oxuyur, o da olmayanda özü
üçün oxuyur, özünə gümanı gəlir,
özü üçün oxuyur və kef eləyir. Bax bu da
bir xoşbəxtlikdir.
– Sizin kimlərə və nə
kimi xeyriniz var?
–Ümumiyyətlə,
mən kölgəli adam olmuşam. İndi də ki, kölgəm
yoxdur, qlobal istiləşmə başlayıb, mənim də
kölgəm yoxdur. Adamlara çox tez isinişirəm.
Özü də çox az da səhv eləyirəm,
isinişmədə. Əsasən ədəbiyyat sahəsində
xeyli adam var ki, onların ədəbiyyata gəlməyində,
bəzilərinin evlənməyində, bəzilərinin
elçiliyində, bəzilərinin ilk kitabının, bəzilərinin
ilk şeirinin çıxmağında köməyim dəyib.
Ümumiyyətlə, xeyirxah olmuşam. Bunu özüm istəməmişəm
ey, nəsə bir xasiyyətdir. Kimin üçünsə bir
iş görəndə, həm də insan hardasa elə
bütün hərəkətlərində eqoistdir, o cümlədən
Seyran Səxavət də... Kiminsə işini düzəldəndə,
kiməsə kömək eləyəndə, mən
özümü çox yaxşı hiss eləyirəm. Və
fikirləşirəm ki, mən burda bir qəhrəmanlıq
eləmirəm, əslində mən öz eqoizmimin dalınca
düşmüşəm, mənə ləzzət eləyir,
başlayırsan xeyirxahlıq eləməyə. Yəni bu, qəhrəmanlıq
deyil.
– Bu dünya bir insan şəklində
qarşınızda dursa, ona nə
deyərdiniz?
– Vallah, ona deyərdim ki, ay dünya,
adamlara qədər sən ağappaq idin, gül kimiydin, bu
adamları öz içinə, öz üstünə niyə
buraxdın?
– Həyatınızda sizə təklif
edilmiş nədənsə imtina etmisinizmi?
– Bəli, imtina eləmişəm.
İmtina çox yaxşı şeydi, şərə qulluq
eləməməkdi. Mənim şahidim də var- uşaqlıq dostum, akademik Hətəm
Quliyevdi. Çayxanada oturub onunla çay içirdik. Sizin də,
bizim də, hamının da çox yaxşı
tanıdığı bir nəfər mənə zəng vurdu
ki, bəs sizinlə görüşmək istəyirəm.
Razılaşdıq. Bu da tanınmış, məşhur bir
adamdı, o vaxt vəzifəliydi, elə indi də vəzifəlidi.
Gəldi, görüşdük. Mənə bir təklif elədi,
çox maraqlı təklif idi. İndi bəşəriyyət,
o cümlədən Azərbaycanın 95 faizi elə təklifin
arzusuynan, eşqiynən yaşayır. Təklif belə oldu
ki, eşitmişəm uşaqlar böyüyüb, problemlər
var, evləndirmək lazımdır... Gördüm ki,
çox uzaqdan gəlir, mən də onu rahat buraxdım, dedim
qoy danışsın... Dedi ki, əlimdə işim var, istəyirəm
ki, siz də o işdə iştirak eləyəsiniz,
çıxış eləyəsiniz, bir söz deyəsiniz və
əvəzində hər cür şərait əldə edəcəksiniz.
Onda mənim 62 yaşım vardı. Dedim ki, siz bir balaca
gecikmisiniz, aşağısı 62 il...
İmtina
eləməyi bacarmaq lazımdır. İmtinadır,
etirafdır... mayasında təmizlik, paklıq varsa, nəfsin
cüzi bir hissəsi də yoxdursa, o çox gözəl
şeydi. Onu elə öz xətrinə, adamların xətrinə,
ətrafın xətrinə eləmək lazımdır.
– Gənclik
hansı yaşda bitir?
– Elə gənc var ki, yeniyetmə
vaxtıdır, səsinin batıb-açılan
vaxtıdır, baxırsan 80 yaşında kişiyə
oxşayır. Əslində gəncliyin yaşı deyəndə,
onu adamnan hallandırmaq lazım deyil. Mənim aləmimdə
ruhun yaşı var, ruhun. Tutaq ki, küçənin o
başından gəlirsən, mən görürəm ki, sənsən
də gəlirsən. Bu əslində sənin
görüntündü, görürəm ki, məsələn,
Məmməd gəlir, bu Məmməd deyil əslində, bu Məmmədi
gətirən qabdı, taradı, Məmməd isə ruhdu,
onun içindədir, real mənada. Sadəcə, o qabı
tanıyırıq də biz. Bizim kolxozun gözünün
ağı-qarası bir “paltruka”sı vardı, atam da baş
mühasib işləyib – 18 yaşından elə ölənə
kimi, o maşın beş kilometr o tərəfdən
görünəndə deyirdim, atam gəldı, əslində
gələn, reallıqda, yəni görüntüdə atam
deyildi, “paltruka” maşınıydı, amma onun içində
atam vardı. Bax belə...
–
Dostlarınız çoxdurmu? İnsanlar niyə dost
olurlar?
– Bəli,
dostlarım çoxdur. Tutaq ki, bir atanın belindən gələn,
bir qarında yatanlar bir-birini tamamlamır axı. İnsan da
eqoist şeydi, bayaq dediyim kimi, yəni nə qədər həyatda
ömür var, girəvədən istifadə eləyib
bütövləşmək istəyir. Onsuz da heç kəs
bütövləşmir. Heç kamil insan yoxdur, bildin,
mümkün deyil.
Biz
üç bacı, dörd qardaş olmuşuq dəə. Mən
onlarda görmədiyimi Adil Hacıyevdə görmüşəm,
uşaqlıq dostum Hətəm Quliyevdə görmüşəm,
naxçıvanlı Faiq Hacıyevdə görmüşəm
– institutda 64-də bir yerdə oxumuşuq, şüvəlanlı
Fərruxda görmüşəm, nə bilim,
çox-çox adamlarda görmüşəm. Yəni elə
istəyirsən çətinliyə düşəndə
şeyləri onların hesabına özəlləşdirəsən
də. Əslində çox gizli və müqəddəs bir
şəkildə, hörmətlə gedir. Dost budur. Bir dəfə
qəzetdən müxbir gəlmişdi; dedi, şəklin var?
Mən də hansı şəklimi gətirdim gördü ki,
oturmuşam dostların yanında, qabağımızda da hər
cür dəsgah, filan... Güldü, dedi, bunsuz şəkliniz var? Dedim var. Dedi,
olar baxım? Getdim, gətirdim pasportumu, dedim, bax, budey, ancaq
pasport şəklimdə mən təkəm, qalan yerdə
dostlarımnan olmuşam. İstiqanlı adam olmuşam,
açığı deyim, bir cür çıxmasın və
bu istiqanlılıq mənə çox şey verib.
Axırı məcbur oldum şəklimi verəm, ta pasport
şəklini kim çıxarıb verər? Dostlarımla
olan şəklimin birini seçdim və dedim o şəkli mən
düzəldərəm, mətbuata uyğunlaşdıraram.
Şəklin altında yazdım ki, “mən dostlarımdan
Allahımdan yarıdığım qədər
yarımışam”.
525-ci qəzet.-2012.-28 iyul.-S.29-30.