Fədakarlıq
mücəssəməsi
Elə bil qurub-yaratmaq, mübarizə
aparmaq üçün doğulmuşdu. Bu qarqaşalı,
narahat dünyada rahatlıq tapmazdı. Həmişə haraya
isə tələsirdi... Astagəl, tənbəl, pinti
insanları heç xoşlamazdı. Yalançılar və
yarımçıq iş görənlər
gözünün düşməni idi. Bəzən qar-qat
ağır, icrası inanılmaz görünən layihələrin,
həlli müşkül olan işlərin altına
çiynini təkbaşına verərdi. Nikbin əhvali-ruhiyyə,
gələcəyə inam, əzmkarlıq qazandığı
uğurların əsasını təşkil edirdi. Ona
Şahid Həbibullah – deyə müraciət edərdim.
Gülümsəyib cavab verərdi ki, Həbibullah – Allahın
dostu, sevimlisi deməkdir.
Dostları,
yaxınları ilə anadan olmasının 60 illik yubileyinə
hazırlaşırdı... Bəlkə də ömründə
ilk dəfə bizim üçün bu böyük və əziz
tədbiri yarımçıq qoyub sevdiyi və iman gətirdiyi
Tanrı dərgahına pənah apardı, İlahi
ucalığa qovuşdu...
Şahid
Həbibullah 1952-ci il noyabr ayının 14-də Azərbaycanın
əsrarəngiz dilbər guşəsi olan Oğuz rayonunun
Muxas kəndində zəhmətkeşliyi,
xeyirxahlığı, mərdliyi və halallığı ilə
tanınan bir ailədə dünyaya göz açıb. Uşaqlıq
illəri Baş Daşağıl çayının sahillərində,
Orta əsr tarixi abidəsi olan Muxas qülləsinin ətrafında,
Qafqaz sıra dağlarının ətəklərində
keçib. Xarakterinin və dünyagörüşünün
formalaşmasında ilk müəllimi təbiət özü
olub. Kənd orta məktəbini bitirdikdən sonra ali təhsil
almaq üçün ixtisas seçməkdə çətinlik
çəkməyib. İstehsalatdan ayrılmamaq şərtilə
Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinə
daxil olub. Böyük zəhməti, təşəbbüskarlığı
və təşkilatçılığı sayəsində
adi fəhləlikdən, çilingərlikdən Şəhərlərarası
Sərnişindaşıma Avtokombinatının baş
direktoru vəzifəsinədək yüksəlib. Erməni
separatçılarının təhriki ilə Qarabağ hadisələri
başladıqdan sonra Naxçıvanla kəsilmiş
birbaşa yerüstü əlaqələrin İran ərazisindən
keçməklə bərpa olunmasında, əhalinin avtobusla
gediş-gəlişinin intensiv təminatında fəal
iştirak edib. Ümummilli lider Heydər Əliyevin siyasi
hakimiyyətə qayıdışından və ölkənin
ağır günlərində xalqa müraciətindən
sonra Şahid Həbibullah baş direktor vəzifəsini səngərlə
əvəzləyərək bir qrup məsləkdaşı ilə
könüllü olaraq Qarabağa – ön cəbhəyə
yollanıb. Ərazilərimizin bütövlüyü
uğrunda gedən müharibə dövründə analoji
hala, oxşar hadisəyə təəssüf ki, təsadüf
olunmur. Dəfələrlə ölümlə üz-üzə
gəlsə də geri çəkilməmiş, qızğın
döyüş əməliyyatlarında düşmənlərə
qarşı ciddi müqavimət göstərmişdir. O, alay
komandirinin şəxsi heyətlə iş üzrə
müavini olaraq döyüşlərdə ön sırada
vuruşmaqla yanaşı, uğurlu hərbi əməliyyatlara
rəhbərlik etmiş, hərbi hissə
komandanlığı tərəfindən dəfələrlə
mükafatlandırılmışdır. Ona 181 saylı hərbi
hissənin komandiri, polkovnik C.Əliyev tərəfindən
verilmiş “Xidməti xasiyyətnamə”də yazılır:
“07.01.1994-cü ildə Ş.M.Həbibullayevin rəhbərliyi
və iştirakı ilə hərbi qrup strateji əhəmiyyətli
Bəytəpə yüksəkliyinin alınmasını
uğurla həyata keçirmişdir. Bundan sonra
07.01.1994-cü ildən 27.01.1994-cü ilə kimi alay
komandirinin müavini, kapitan Həbibullayevin rəhbərliyi və
iştirakı ilə hərbi bölmə erməni
yaraqlıları tərəfindən zəbt edilmiş
torpaqların azad olunmasına başlamış və 40 km-dən
çox zəbt olunmuş ərazi azad edilmişdir.
Döyüşlərdə rəqib tərəfin 1 tankı
vurulmuş və canlı qüvvəsi məhv edilmişdir.
28.01.1994-cü
ildə düşmən üç saatlıq artilleriya
hazırlığından sonra saat 16.00-da tank
bölüyünün və piyada qoşun dəstələrinin
köməyi ilə strateji mövqeləri geri qaytarmaq
üçün əks-hücuma keçmişdir.
Kapitan
Ş.M.Həbibullayevin rəhbərliyi və iştirakı ilə
düşmənin tank bölüyünün növbəti
hücumunun qarşısı alınmışdır. Qanlı
vuruşmada düşmən tərəfinin 4 tankı
vurulmuş və 40 nəfərdən çox canlı
qüvvəsi məhv edilmişdir
1994-cü
ilin mart ayında kapitan Həbibullayevin sayıqlığı
və öz xidməti borcuna vicdanla yanaşması nəticəsində
erməni kəşfiyyatçısı aşkar olunmuş və
zərərsizləşdirilmişdir.”
Kapitan
Şahid Həbibullahın xidməti xasiyyətnaməsinə
istinadən seçilmiş bir neçə cümləlik bu
sitatın oyatdığı qürur hissi, Qarabağ
müharibəsinin gedişatında dönüş xarakterli
bu hərbi uğura imza atması, igid, cəsur
döyüşçümüzün diqqətçəkən
qəhrəmanlığı örnəyə və təqdirəlayiqdir.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının
Prezidenti H.Ə.Əliyevin fərmanı ilə
döyüş əməliyyatlarına bacarıqla rəhbərlik
etdiyinə və şəxsi şücaət göstərdiyinə
görə kapitan Şahid Həbibullah 9 oktyabr 1994-cü ildə
“Azərbaycan bayrağı” ordeni ilə təltif
olunmuşdur.
İkinci
qrup Qarabağ əlili kimi ordudan tərxis edilən Ş.Həbibullah
hərbi xidmətdən əvvəlki vəzifəsinə bərpa
olunsa da əsas meylini misgərlik incilərinin
kolleksiyasını yaratmağa salmış, bu yolda əzablara,
məşəqqətlərə qatlaşmışdır. Onun
əlvan metalların təkrar emalının ilkin mərhələsindən
xilas edərək ikinci həyat verdiyi tətbiqi incəsənət
nümunələri bu gün xalqımızın əvəzsiz
milli sərvətidir.
Ş.Həbibullahın
kolleksiyasına daxil olan maddi mədəniyyət nümunələrinin
böyük əksəriyyəti Bakı, Naxçıvan, Gəncə,
Şəki, Lahıc, Dərbənd, Təbriz, Ərdəbil sənət
məktəblərinə mənsubdur. Son on beş ildə
toplanılan və bərpa edilən eksponatların sayı
beş mindən ziyadədir. Onlardan 1000 ədəddən
çoxu XVIII-XIX əsrlərdə istehsal edilmiş 141 firmaya
aid müxtəlif çeşidli samovarlardır.
Bu sənət
incilərinin bərpayaqədərki şəkilləri nəcib
və şərəfli işin çətinliyi və əhəmiyyəti
barədə aydın təsəvvür yaratmaq
üçün ziyarətçilərə köməklik
göstərir.
Misgərlik
tarixən kişi peşəsi olub. Bu sənətin
ustaları gözəl və yüksək zövqlü
xanımların məişət əşyalarına olan
ehtiyaclarını bədii estetika baxımından da məharətlə
yerinə yetiriblər. Şahid Həbibullahın
kolleksiyasındakı eksponatlar sayına, sənətkarlıq
səviyyəsinə və üslub əlvanlığına
görə Azərbaycanın heç bir muzeyində cəm
halda təsadüf olunmayan maddi mədəniyyət nümunələrindən
ibarətdir. Şərq nəqqaşlıq məktəbinin ən
kamil xüsusiyyətlərini özündə əks etdirən,
döymə, oyma və qabartma üsulu ilə məişət
əşyalarından məcməyilər, sinilər,
nimçələr, badyalar, satıllar, sərpuşlar, sərniclər,
süzgəclər, tavalar, qazanlar, dolçalar, camlar və
digər nümunələr üzərindəki nəbati,
islimi və həndəsi naxışlarla bəzədilmiş
süjetli təsvirlər kompleksi, kufi və nəstəliq xəttlər
şəbəkəsi arxaikləşmiş yaşamı ilə
insanı heyrətə gətirir.
Kolleksiyaya
daxil olan məişət qabları içərisində 12 əşyadan
ibarət, iç-içə yığılan mis qazan servisi
unikallığı və orijinallığı ilə heyrətləndirici
təsirə malikdir. Aş dəmləmək
üçün hazırlanmış servisin üst səthində
yazılmışdı: “Bu qazanı Seyyid Əbdül
Hüseyn 1206-cı ilin rəbbi-ül əvvəl ayında
öz övladı üçün vəqf etmişdi.”
Zərif
naxışları ilə göz oxşayan,
hündürlüyü 63 sm., tutumu 20 litr olan şərbət
qabı hicri 1294-cü ildə hazırlanıb. Üzərində
on dörd məsumun mübarək adları yazılıb,
ortada isə “Bütün dünyanın yaradıcısı –
Allah” sözləri həkk
edilib. Şərbət
qabının səthi müxtəlif nəbati
naxışlarla, mifik təsvirlərlə zəngindir.
Hacı Qasım adlı şəxsin sifarişi ilə misgər
Zeynalabdinin hazırladığı bu qab aşurə günlərində
şərbət ehsanı vermək üçün nəzərdə
tutulmuşdur.
Şəxsi
kolleksiyanı bəzəyən misgərlik inciləri təkcə
ornamentlərin zənginliyi və mürəkkəbliyi ilə
deyil, həm də sənət əsərlərinin üzərində
döyülmüş zooloji təsvirlərin, aforizmlərin,
adların tarixi əhəmiyyəti baxımından da qiymətlidir.
Mis üzərindəki mətnlərdə dualar, öygülər,
yalvarışlar xüsusi yer tutur. Bir sərpuş üzərindəki
yazı dua mahiyyəti daşıyır: “İlahi, bu
dünyanı abad et, bütün insanları günahdan qoru.
Dünyada ədəb-ərkan olduğuna görə
insanları yaxşı məclislərə hidayət et!”
Üzərində
hicri tarixi ilə “1254” yazılmış başqa bir sərpuşda
isə bu sözlər həkk edilmişdir: “Qoy illər boyu bu
əsər bizim hər hissəciyimiz kül olub hər tərəfə
səpələnənədək qalsın. Məqsədimiz
özümüzdən sonra iz qoymaqdır.”
Şahid
Həbibullahın kolleksiyasına daxil olan sənət
möcüzələrinin üzərindəki orta əsrlərə
aid yazılar, rəsmlər, naxışlar mədəniyyətimizin,
incəsənətimizin ən qədim qaynaqlarından və zəngin
ənənələrindən soraq verir. Bu zəngin və dəyərli
kolleksiyasının beynəlxalq aləmə
çıxışı ilə bağlı ilk təşəbbüs
şübhəsiz ki, Heydər Əliyev Fondunun prezidenti, millət
vəkili Mehriban xanım Əliyevaya məxsusdur. Fondun təşkilatçılığı
ilə 14-21 oktyabr 2006-cı ildə
Parisdə, YUNESKO qərargahında keçirilən “Azərbaycan
sivilizasiyasının və mədəniyyətinin kəsişmə
nöqtəsi” adlı tədbirdə Ş.Həbibullahın
şəxsi kolleksiyasından seçmə eksponatlar bir
guşədə ayrıca sərgiləndi və
tamaşaçıların böyük marağını
qazandı. Bu mədəniyyət hadisəsindən sonra şəxsi
kolleksiya beynəlxalq tədbirlərin diqqət mərkəzində
dayandı. Bir-birinin ardınca Ş.Həbibullaha məxsus
eksponatlar xarici ölkələrdə – Mərakeşdə
İSESKO iqamətgahında (2008, mart), Tacikistanda (2008, noyabr),
Misirdə (2010, yanvar), Daşkənddə (2010, noyabr), Londonda (2010, noyabr), Berlində (2011,
yanvar), Parisdə (2011, fevral),
Vaşinqtonda (2011, mart), Parisdə (2011, mart), Moskvada
(2011, may və iyun), Sen-Tropedə (Fransa, 2011, iyul), Berlində
(2011, sentyabr), Vyanada (2011, noyabr), Romada (2011, dekabr) keçirilən
sərgiləri böyük maraq və heyrətlə
qarşılanmışdır. Misgərlik incilərinin
Bakıda – Şirvanşahlar Saray Kompleksində (2008, mart), Qala
Dövlət Tarix-Etnoqrafiya qoruğunda (2008, oktyabr),
“Gülüstan” Sarayında (2008, dekabr), İçərişəhərdə
(2009, mart), “Gülüstan” Sarayında (2010, may, 2011, aprel) nümayiş etdirilməsi
seyrçilərin yaddaşında silinməz izlər buraxmışdır.
Ehtiramla
vurğulanmalıdır ki, xarici ölkələrdə və
respublikamızda təşkil olunan sərgilər Heydər Əliyev
Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə həyata keçirilmişdir. Təqdirəlayiq hadisələrdən
biri odur ki, Ş.Həbibullaya məxsus kolleksiyanı vətənimizdə
layiqincə nümayiş etdirmək üçün Qala qəsəbəsində
“Əntiq Əşyalar muzeyi” tikilərək ötən ilin
sentyabr ayından ziyarətçilərin istifadəsinə
verilmişdir. Muzeyin açılış mərasimində
Respublika Prezidenti cənab İlham Əliyev və
xanımı, Milli Məclisin deputatı, Mehriban xanım Əliyeva
şəxsən iştirak etmiş, muzeyin rəy kitabına səmimi
düşüncələrini yazmışlar
Bu
gün “Qala Əntiq Əşyalar muzeyi” ziyarətçilərin
ən çox baş çəkdiyi məkanlardan biridir. Qələbəliyə
baxmayaraq yaradıcısını itirmiş muzey əlləri
köksündə çarpazlaşmış çocuğa bənzəyirdi.
Təsəlli o idi ki, Şahid Həbibullah özündən
sonra mədəniyyət tariximizdə layiqli iz qoyub...
Dekorativ
tətbiqi sənət incilərimizin bənzərsiz
sevdalısı, mahir toplayıcısı və bərpaçısı,
sözün əsl mənasında fədakarlıq mücəssəməsi
Şahid Həbibullah çoxşaxəli və zəngin xalq
sənətimizin qədim nümunələrini, maddi-mədəniyyətimizin
unikal tarixi sərvətlərini bir araya gətirərək
dünyanın ən məşhur kolleksiyaçıları
sırasına daxil olan yeganə azərbaycanlı idi...
Asif Rüstəmli
525-ci qəzet.2012.-31 iyul-S.4.