Zəki
Qazioğlu: "Azərbaycan nə qədər güclənərsə,
Şimali Kiprs Türk Cumhuriyyəti də o qədər rahat və
güvənlikdə olar"
Azərbaycan Jurnalist Qadınlar
Assosiasiyasının "Qadın klubu"nun budəfəki
qonağı Şimali Kipr Türk Cümhuriyyətinin
(ŞKTC) Azərbaycan nümayəndəliyinin rəhbəri Zəki
Qazioğludur.
- Zəki
bəy, ŞKTC ilə Azərbaycan arasındakı əlaqələr
hansı vəziyyətdədir?
- 20
Yanvar faciəsini dünyada ilk qınayanlardan biri ŞKTC-nin
Cümhuriyyət Məclisidir. Daha sonra Xocalıdakı hadisələrə
qarşı öz mövqeyimizi ortaya qoyduq. Cümhuriyyət Məclisi
sovetlər dövründə Azərbaycanın başına gətirilənlərə
qarşı çıxan və Azərbaycanı hər zaman
dəstəkləyən ilk addımı atıb. Bundan sonra
Xocalıda müharibə vəziyyətində hər zaman Azərbaycanın
yanında olan, eyni acıları daha öncə biz də
yaşadığımız üçün bunu ən
yaxşı anlayan və daim azərbaycanlı
qardaşlarımızın yanında olan bir mövqe sərgiləmişik.
Həm rəsmi, həm ictimai, o cümlədən istənilən
sahədə əlaqələrimiz mövcuddur və ildən-ilə
də genişlənir. Azərbaycandakı fəaliyyətimin
ilk illərində 2006-2007-ci ildə ölkələrimiz
arasında 17 qarşılıqlı rəsmi
görüşlər keçirilib. Demək olar ki, hər həftə
iki dövlət arasında qarşılıqlı
görüşlərimiz olur. Bu, kənardan heç də
özünü büruzə vermir. Hətta bizim ölkədə
belə Azərbaycanla bu qədər sıx əlaqələrimizin
olmasının fərqində deyillər. Halbuki Türkiyədən
sonra Şimali Kiprin ən çox təmasda olduğu ölkə
Azərbaycandır. Bizim burada həyata keçirmək istədiyimiz
işlərin mahiyyəti ondan ibarətdir ki, ölkələrimizin
vətəndaşları bir-birləri ilə sıx əlaqəyə
girsin. Biz doğru insanları doğru yerlərə istiqamətləndirib,
onların biri-birlərini tapmasını, tanımasını
və işbirliyi qurmasını təbliğ edirik.
Çünki dövlətin bu işləri görməsi bir
yerə qədərdir. Dövlətin işi çox
olduğundan ayrı-ayrı sahələr üzrə işlər
çox zəif gedir. Hesab edirəm ki, özəl sektor bu
işləri öz üzərinə götürsə, o zaman
işlər daha da sürətlənər. Bunun
üçün biz üzərimizə düşən
işləri görürük, amma özəl sektorun da
çalışması, onların da daha çox iş
görmələri və daha çox tələbkarlıqla
bizdən istəmələri lazımdır ki, biz də onlara
lazımi yolları göstərək.
- İki dövlət arasında
hansı sahələrdə əlaqələrin inkişaf
etdiyi daha çox özünü göstərir?
-
Qarşılıqlı əməkdaşlıq sahəsində
öz bəhrəsini verən daha çox təhsil sahəsidir.
Turizm sahəsi də pis deyil. Keçən il bunun bir təcrübəsi
də reallaşdı. Çarter reysləri
açıldı və iki ayda burdan Kiprə 4 min turist getdi. Demək ki, bu
sahədə də yaxşı bir potensial var. Bayaq dediyim kimi,
bunu dövlət etməməlidir, edə də bilməz.
Bu, yalnız xüsusi şirkətlərin
görə biləcəyi işdir. Biz ada
insanlarının mentaliteti, düşüncəsi
böyük ölkələrə nisbətən bir az fərqlidir. Bizim çoxa ehtiyacımız
yoxdur, əksinə az olsun, bizim olsun. Amma bu düşüncə tərzi indiki dünyada
doğru deyil. İndi hamı bir-birini əzə-əzə
bir yerlərə gəlir. Ona görə də bizim
iş adamlarının xaricə çıxması çox
çətindir. Amma Azərbaycanda bu belə
deyil. Burdan ora getməyin əsl vaxtıdır və Azərbaycan
iş adamlarını həmişə olduğu kimi bu gün
də Şimali Kiprə dəvət edirəm. Gedib
görsünlər. Ən çox da orda
turizm üçün çox zəngin sərmayə qoymaq
imkanları var və bizim dövlət də bunu təşviq
edir. Bunun üçün bəzi güzəştlər
də var. Ona görə deyirəm ki, hazırda Kiprə getməyin
tam zamanıdır. Çünki Kipr
türkləri üzərində olan embarqolar davamlı deyil.
Əlbəttə ki, bütün bunlar tezliklə
aradan götürüləcək. Çünki
orda günahsız insanlar insan haqlarından mərhum ediliblər.
Bunu hələ ki, Avropa görməməyə
çalışır, amma hər bir vicdanı olan insan
günahsız insanların orda təzyiqlər altında
saxlanıldığını bilir. Bu təzyiqlər
tezliklə ortadan qalxacaq və Avropadan Şimalı Kiprə
çox böyük sərmayələr gələcək.
Əlbəttə ki, Avropadan gələn
şirkətlər bankların pulları ilə, kreditləri
ilə çox güclü şəkildə investisiya
qoymağa çalışırlar. Bax, o zaman azərbaycanlı
iş adamları gələrsə, onlarla yarışma vəziyyətində
qalacaq və qalib gəlmək şansı çox az olacaq. Halbuki, indiki vaxtda bu rəqabət
yoxdur və ora investisiya qoymağın əsl vaxtıdır.
- Sizin də, bizim də bir problemimiz
var. Bizdə Qarabağ münaqişəsi, sizdə Kipr məsələsi
mövcuddur. Vaxt getdikcə isə bu problemlərin
çözülməsi çətinləşir. Bilmək
istərdik ki, Kipr məsələsinin həlli getdikcə
çətinləşir, yoxsa yaxınlaşır?
- Problemin
vaxtı nə qədər uzanarsa, həlli də bir o qədər
çətinləşər. Bir işin içinə nə
qədər adam qarışarsa, onların
mənafeələri toqquşmağa başlayar və iş
getdikcə uzanar. Bu baxımdan, Qarabağ məsələsinə
nə qədər adam qarışsa,
problemin həlli üçün çalışmalarına
baxmayaraq, bu münaqişənin həlli də uzanacaq. Burda Azərbaycanın bir şansı var ki, o
torpaqlar sizin olduğu üçün onları geri qaytarmaq da
sizin hüququnuzdur. Azərbaycanın,
türk dünyasının getdikcə güclənməsi
Qarabağın tezliklə azad olunması şansını
artırır. Kipr məsələsində
isə daha çox qarışıqlıq mövcuddur. Asan məsələ olsaydı, əlbəttə ki,
bu günə kimi həll olunmuş olardı. Bu işin içində çox ölkənin mənfəətləri
var. Bu baxımdan, nə qədər haqlı olsaq belə, bu
haqqımızı bizə vermək istəmirlər. Ecevitin zamanındakı cəsur addımlarla
haqqımızın bir qismini aldıq və
varlığımızı davam etdirə bilirik. Türkiyə o vaxt 5-10 gün belə gec müdaxilə
etsəydi, bu məsələ dönüşü olmayan
sonluqla tamamlanmış olacaqdı. Bu isə
bir çoxlarının mənfəətinə
yarayacaqdı. Dünyanın hər yerində olduğu
kimi, Kiprdə də iqtisadi çətinliklər var. Amma əhali
sayının az olması və
düzgün tədbirlər nəticəsində, eyni zamanda,
Türkiyənin köməyi ilə iqtisadi gücü
artırmaq mümkündür. Türkiyə nə
qədər güclü olarsa, Azərbaycan nə qədər
güclənərsə, Kipr də o qədər rahat və
güvənlikdə olar.
- Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası imtahandan kənar xarici universitetlərə qəbulla
bağlı xəbərdarlıq edib. Eyni zamanda, sizdəki
tibb təhsili müddəti ilə Azərbaycandakı tibb təhsili
müddətində fərqlər var. Bunun da problemlər
yaratması ilə bağlı söz-söhbətlər oldu.
- Mən Azərbaycana gəldiyim zaman Kiprdə 65 azərbaycanlı
tələbə var idi. Bir il sonra bu say 97-yə
çatdı. Sonra isə 117, 127, 412 oldu.
Bu il isə 950 oldu. Oktyabrda
olacaq qəbulda isə bu sayın 1500-ə
çatacağını hesab edirəm. Bu,
böyük bir rəqəmdir. Türkiyədə
oxuyan azərbaycanlı tələbələrin sayı 3500 nəfərdirsə,
Kipr üçün 1500 çox böyük rəqəmdir.
Kiprdə oxuyan xarici tələbələr
içərisində ilk sırada Nigeriya və İran vətəndaşları
qərarlaşır. Azərbaycan 6-cı
sırada idi, amma indi 3-cü sıradadır. Güman edirəm ki, növbəti illərdə Azərbaycan
bu istiqamətdə birinci yerə keçəcək. Bizdəki universitetlərin xaricdən gələn tələbə
sayı 60 min olmalıdır. İndi 45 min
tələbədir.
Qarşımızdakı hədəf bu sayı lazım
olan səviyyəyə yüksəltməkdir. Bu 60 min tələbənin
5 mini mütləq Azərbaycandan olmalıdır. Buna görə də Kiprdə universitetlərin
sayı artmaqdadır. Hazırda bizdə 5
universitet var ki, onlardan 2-si dövlət, 3-ü isə özəldir.
Kiprdəki yeganə tibb fakültəsi də
Yaxın Doğu Universitetindədir. Tibb
fakültəsinin olması üçün xəstəxana
olmalıydı. Çox müasir bir xəstəxana
tikildi. Bununla da tibb fakültəsi öz
işini özü qurur. Əsas məqsəd
xəstəxananı Kipr şərtləri çərçivəsində
qoruyub saxlamaqdır. Böyük sərmayə
qoyulan bu xəstəxanaya Türkiyədəki ən
yaxşı həkimlər cəlb olundu. Onlar
da həm dərs verirlər, həm də xalqa xidmət edirlər.
Müasir texnologiyalı bir təhsil
ocağıdır. Azərbaycandan da orda tələbələr
oxuyur, xüsusən də diş həkimliyi üzrə
oxuyanların sayı daha çoxdur. Həm
də qeyd edim ki, Kiprdəki bütün universitetlər Ali Təhsil
Qurumu adlı bir qurumdan keçir ki, burada verilən
diplomları o tanımazsa, o diplomun heç bir qiyməti olmaz.
Qurumun verdiyi diplomlar Türkiyədə qəbul
olunduğu kimi, dünyanın digər ölkələrində
də qəbul olunmasına heç bir mane yoxdur. Hətta bizdə bakalavr pilləsini bitirdikdən
sonra növbəti pillələri başqa ölkələrdə
oxuyanlar da var ki, bu da həmin diplomların tanınması deməkdir.
- Bəs azərbaycanlı tələbələrə
güzəştlər varmı?
- Azərbaycanlı
tələbələrə 50 faiz güzəşt var. Kiprli tələbə
nə qədər təhsil haqqı ödəyirsə, azərbaycanlı
tələbələr də eyni qiymətlə təhsil
alırlar. Amma Türkiyədən gələn
tələbələr bunun iki qatını ödəyirlər.
Bəzi universitetlər bir illik təhsil
haqqı, gündə üç dəfə yemək və
yataqxana xərclərindən ibarət paket üsulu tətbiq
edirlər. Bu isə Azərbaycan manatı ilə 5 min
manat civarında olur
- Kipr universitetlərinə qəbul
necə aparılır?
- Qəbul
üçün TQDK-nın qiymətləndirməsi ilə
yüksək nəticə göstərənlərdən də
müraciət edənlər var. Bunun faydası ondan ibarətdir
ki, universitetlər TQDK-nın imtahanında yüksək bal yığanlara (550-700 bal civarında) təqaüdlər
verirlər. Amma 400, 200 balla da, eyni zamanda, attestatla da qəbul
mümkündür. Onu da deyim ki, bu, hələ
tam qəbul demək deyil. Bizdə dərslər
əsasən ingiliscə keçirildiyi üçün qəbul
olunan tələbələrə əvvəlcə ingilis dili
kursları keçirilir. Amma kursları
keçdikdən sonra oxumayan heç bir kəsə diplomlar
verilmir. Bir-iki il oxumaq fürsəti
verilir və bu zaman kəsiyində tələbə
özünü doğrultmasa, onunla yollarımızı
ayırmalı oluruq.
- Azərbaycandan başqa hansı
ölkələrdə diplomatik fəaliyyət göstərmisiniz?
- 1987-ci
ildən 1991-ci ilə qədər Belçikada - Brüssel
nümayəndəliyində birinci katib olaraq
çalışmışam, sonra qısa bir vaxt ərzində
İstanbulda baş konsul oldum, 1997-ci ildən 2003-cü ilə
qədər İsveçrədə - Cenevrə nümayəndəliyində
çalışmışam. Sonra Xarici İşlər
Nazirliyinə qayıtdım və üç il
nazirlikdə işlədim. Nəhayət, son
altı ilimi də Azərbaycanda işləməklə
keçirmişəm. Əslində isə
mən Kipri çox sevdiyimdən, xaricə getməsəydim də
olardı, sadəcə elə bir peşə seçmişəm
ki, bütün həyatımı xaricdə keçmək məcburiyyətində
qaldım. Amma yavaş-yavaş sonuna gəlirik.
Bundan sonra isə təqaüdə gedəcəyəm.
- Azərbaycana gəldiyiniz vaxtdan bu
günə kimi görülən işləri necə qiymətləndirirsiniz?
- Mənim
üçün Azərbaycan heç bir zaman yad bir yer deyildi.
Amma Azərbaycanı daha yaxından tanımaq
istərdim. Həm də ki, dünyanın
ən gözəl yerlərində diplomatik fəaliyyətdən
sonra növbəti gedəcəyim ölkə ilə çox
maraqlanırdım. 2005-ci ildə ilk dəfə bura gələndən
sonra gedib nazirə "Azərbaycana bağlandım, məni
orda diplomatik vəzifəyə göndərə bilərsiniz"
dedim. 2006-cı ildən bu günə qədər
də burda yaşayaraq ən düzgün qərar verdiyimi
özüm-özümə sübut etdim. Mənim iş
həyatımın ən gözəl anları Azərbaycanda
keçib. Digər ölkələr daha
çox nizam-intizam qaydalarına malik olsalar da, oralar bizə
doğma yerlər deyil. Məsələn,
İsveçrə gözəl bir tablonu xatırladır, o
ağaclar, o otların rəngləri, o sular, amma heç bir
iyi gəlməz onların. Azərbaycanda
isə hansısa rayona gedərkən yoldan bir keçi
keçər onun iyi, ağacın, çiçəyin,
böcəyin iyi adama xoş gəlir. Deməli,
insan doğma yerlərdə özünü daha rahat hiss edir,
daha xoşbəxt olur.
- Zəki bəy, bilirik ki,
maraqlarınız arasında ovçuluq da var. Rəsmi işləriniz
ovla məşğul olmağa imkan verirmi?
- Mənim
imkanım olsa, ova tez-tez gedərəm. Həm də
ki, xaricilərə burada silah qadağandır. Ona görə də mənim burda öz silahım
yoxdur. Buna görə də buradakı
dostlarla ova getmək lazımdır. Təəssüf
ki, onların da hər zaman vaxtı olmur. Bu
baxımdan da ildə 3 ya 5 dəfə ova getmək fürsətim
olur. Atam ovçu olduğuna görə mən
də 8 yaşımdan ovla məşğulam. Ən çox ovladığım isə quşdur.
Digər heyvanlara yazığım gəldiyi
üçün onları ovlamaq istəmirəm. Quşu vurmaq istəyərkən isə
düşünməyə fürsət olmur.
- Azərbaycan mətbəxini bəyəndinizmi
və daha çox hansı yeməkləri
xatırlayacaqsınız?
-
Sizin mətbəxlə bizim mətbəx arasında elə bir
fərq yoxdur. Mən o qədər də çox yeyən adam
olmadığıma görə dolma, aş, kababın
adını çəkə bilərəm.
- Övladlarınızın sizin
yolunuzu davam etdirmək fikirləri varmı?
-
Xeyr. Doğrusu, istəmirəm ki, onlar dövlət işində
işləsinlər. Özəl sektorda işləmələrini
daha çox istəyirəm. 27 yaşında olan oğlum Cahid
hotel idarəçiliyi üzrə oxudu və hal-hazırda
İsveçrədə təcrübə qazanır. 26
yaşlı İmah adlı oğlum isə İstanbulda
hüquq bürosunda işləyir.
- Sizi Azərbaycanda əvəz edəcək
insanın kim olacağını bilirsinizmi?
- Məndən
sonra Azərbaycanda məni əvəz etmək
üçün Sadəddin Topuqçu gələcək. O da
mənə çox yaxın insandır. Azərbaycandan getsəm
də, fikrim hər zaman burda olacaq.
525-ci qəzet.-2012.-1 avqust.-S.3.