Kamal Abdulla:
“Ümumiyyətlə danışmaqla Azərbaycan dilində
danışmaq eyni şey deyil"
Məlum
olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan dilinin
qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı haqqında” sərəncam
imzalayıb. Bu Sərəncamdan irəli gələn vəzifələri
həyata keçirmək üçün işçi qrupu
yaradılıb. Həmsöhbətimiz İşçi
qrupunun rəhbəri AMEA-nın müxbir üzvü, AMEA
İctimai və Humanitar elmlər bölməsinin akademik-katibi
v.i.e. professor Kamal Abdulladır.
– Kamal müəllim, bu Sərəncam
hamımızın ürəyindən oldu. Sərəncamla
bağlı konkret hansı işlər görülür?
Kamal
Abdulla: Bir daha cənab Prezidentə dilimiz, dilçiliyimizlə
bağlı belə bir dərin məzmunlu qərar
üçün təşəkkür etmək istəyirəm.
Onu da qeyd etmək
lazımdır ki, bu Sərəncamda Azərbaycan dili ilə
yanaşı, Azərbaycan dilçiliyinin, tərcümə fəaliyyətinin,
terminologiya istiqamətinin də inkişafına diqqət
verilir və məsələ kompleks şəkildə öz həllini
tapır.
İndi bizim vəzifəmiz həmin siyasi sənəddən
irəli gələn məsələləri Dövlət
Proqramı müstəvisinə keçirməkdir. Bununla əlaqədar
AMEA-nın İctimai və Humanitar elmlər bölməsində
işçi qrupu yaradılmışdır və artıq fəaliyyət
göstərir. Bu işçi qrupuna ölkənin
aparıcı dilçilərilə yanaşı,
Akademiyanın, ali məktəblərin, müxtəlif əlaqədar
nazirliklərin, Mətbuat Şurasının, Teleradio
Şurasının, Bakı İcra Hakimiyyətinin, Yazarlar
Birliyinin, Jurnalistlər Birliyinin və başqa qurumların
nümayəndələri daxildirlər.
Mən
bunu dəfələrlə demişəm, bir daha təkrar edirəm.
Dil
ancaq dilçilərin inhisarı deyildir. Ancaq dil məsələlərini
dilçilər olmadan nəzərdən keçirmək də
olmaz. Ona görə də dillə, dilçiliklə
bağlı Dövlət Proqramının layihəsini
hazırlayan işçi qrupuna təkcə Akademiyanın
deyil, həmçinin ali məktəblərin
dilçiləri, filoloqları daxildir. Eyni
zamanda, işçi qrupu öz fəaliyyətini AMEA-nın
adı çəkilən bölməsi ilə sıx əlaqədə
qurur. Bizim bölmədə dilçilərlə
yanaşı, tarixçilər, ədəbiyyatçılar,
filosoflar, iqtisadçılar, şərqşünaslar,
psixoloqlar, hüquqşünaslar və bir sıra digər elmlərin
nümayəndələri var. Yaxın gələcəkdə
işçi qrupunun üzvləri ilə AMEA Rəyasət Heyətinin
üzvlərinin görüşünü təşkil etməyi
düşünürük. Bu görüş, ola
bilsin daha geniş elm sahələrinin nümayəndələrinin
də iştirakını ehtiva etsin. İndiki mərhələdə
isə biz işçi qrupu olaraq irəli sürülən təklifləri
müzakirə edib, ümumiləşdirməklə məşğuluq.
Dövlət Proqramı layihəsinin
ayrı-ayrı hissələrini müəyyənləşdiririk.
Planımızda deputatlarla, yaradıcı təşkilatlarla,
regionlarda ictimaiyyət nümayəndələrilə
görüşlər nəzərdə tutulub. Onu da
xüsusi qeyd etmək istərdim ki, öz təkliflərini təkcə
alimlər deyil, cəmiyyətimizin hər bir üzvü irəli
sürə bilər və biz bütün təklifləri nəzərdən
keçirməyə hazırıq. Hətta belə
bir fikrim var ki, küçədə, bazarda işləyənlərin,
taksi sürücülərinin, mənzil-istismar idarələrinin
nümayəndələrilə də görüş
keçirək.
– Küçədə, bazarda
işləyənlər də təklif verəcəklər?
Kamal
Abdulla: Bəli, niyə də yox? Küçədəki
dil çox əhəmiyyətlidir. Bilən
bilir, yeni italyan dili məhz küçə və bazar latıncasından
yarandı. “İlahi komediya” bu dildə
yazılıb. Bir sözlə, hamı təklif
verə bilər.
– Dövlət Proqramı
layihəsində hansı tərkib hissələr nəzərdə
tutulur?
Kamal
Abdulla: Bu tərkib hissələrin adı, bölmə
üzvlərinin və işçi qrupunun
razılığına əsasən, ilk olaraq Azərbaycan
dilinin ən müxtəlif durum və fəaliyyət sahələrinin
müəyyən edilməsi ilə bağlıdır. Dilimizin fəaliyyət və durumunu geniş panoramda
göz önünə gətirsək, görərik ki,
ayrılan istiqamət və şaxələr çoxdur.
Azərbaycan dili ali məktəbdə, orta
məktəbdə, ailədə, cəmiyyətdə, dövlət
qurumları, idarə və təşkilatlarda, küçədə,
xaricdə, KİV-də, informasiya texnologiyaları müstəvisində
... saymaqla bəlkə də qurtarmaz.
– Bəzən
deyirlər ki, biz bir-birimizlə başqa dildə
danışsaq dilimiz əldən gedər...
Kamal
Abdulla: Bəli, belə deyənlər var. Amma onlar
dilçiliyin əzəli prinsiplərindən çox vacib
olan birini – dil-nitq qarşılaşdırılmasını
unudurlar. Ya da bilmirlər. Dilimiz kimlərinsə
küçədə bir-birilə rus, ingilis, fransız... eskimos dilində danışmaları ilə əldən
gedəcəksə, belə dil elə əldən getsə
yaxşıdır. Əzizi-mən, bu şəkildə
dil əldən getməz, gedə bilməz. Olsa-olsa bu şəkildə başqa dildə
danışanlar öz nitqlərini korlamış olarlar.
Yel qayadan daş aparmaz. Nitqin dilə belə “faciəli”
təsiri yağan yağışın okeanı məcrasından
çıxarması kimi bir şeydir. Bu məsələlərlə
bağlı istiqamət də, yəni, cəmiyyət və
dil istiqaməti Dövlət Proqramında əksini tapacaq.
–
Çox zaman deyirlər ki, biz başqa dildə
düşünüb öz dilimizdə danışmağa cəhd
edirik...
Kamal
Abdulla: Bu cür deyənlər də bayaqkılardan, dil barədə
qeyri-professional fikir yürüdənlərdən fərqlənmir.
Heç kim başqa dildə (!)
düşünə bilməz. Bu mümkün
deyil. Bizim beynimizdə genetik dil strukturu (qəlibi)
var. Bu qəlib ümumi, beynəlmiləldir. Hamı – azərbaycanlı
da, ingilis də, rus da, adını yuxarıda çəkdiyim
eskimos da ümumi məntiq “dilində”, qəlibində
düşünür. O başqadır ki, adamlar həm də
daxili nitqə malikdirlər. Səslənən, şifahi nitqdən
əvvəl kim isə daxili nitqini başqa
“dil”də qura bilər, qurmaq istəyər, “ürəyində”
öz-özünə pıçıldaya bilər. Amma bu başqa dildə düşünmək deyil.
Görürsünüzmü, dilçilik elə
özül prinsiplərə malikdir ki, onları bilmədən
dillə, onun hətta sosial statusu ilə bağlı fikirlər
yürüdərkən çox zaman gülünc situasiyalar
yaranır.
– Dediniz
ki, Dövlət Proqramında Azərbaycan dilinin Elmlər
Akademiyasında, ali məktəbdə, orta
məktəbdə, ailədə fəaliyyəti məsələləri
ayrıca bölmələr kimi öz əksini tapacaq.
Kamal
Abdulla: Bu istiqamətləri “Azərbaycan dili və onun tədrisi”
adı altında birləşdirə bilərik. Dövlət Proqramının layihəsində bu
bölüm əsas yerlərdən birini tutacaq. Cəmiyyətdə
ali məktəb, orta məktəb və digər tədris
müəssələrində Azərbaycan dilinin mövqeyi ilə
bağlı ciddi narahatlıqlar var. Dərsliklərin dili və
üslubu (dil təqdimatı), tərcümələrin keyfiyyəti,
dərs saatlarının həcmi, bölünməsi və s.
məsələləri biz ölkə
başçısının Sərəncamına arxalanıb daha optimal və keyfiyyətli
həll edə bilərik. Məsələn, belə
bir məsələni diqqətinizə çatdırmaq istəyirəm.
Ali məktəbdə Azərbaycan dilinin
saatlarını artırmaqdan söz düşəndə
bunu, adətən, filoloji yönümlü istiqamətlərə
tətbiq etməyi nəzərdə tuturlar. Əslində isə, Azərbaycan dili
saatlarının filoloqlardan daha çox
riyaziyyatçılar, fiziklər, bioloqlar, həkimlər,
iqtisadçılar üçün artırılması
mexanizimini işləmək lazımdir. Belə
olarsa, bu elm sahələri ilə bağlı tərcümə
və terminologiya problemlərini də gənc ixtisas sahibinə
hələ bakalavr səviyyəsində bütün
“boy-buxunu” ilə göstərmək mümkün olar.
Azərbaycan
dilinin fundamental tədqiqi probleminin aparıcı təşkilatçısı Elmlər Akademiyası,
Dilçilik İnstitutudur. Burada da köklü
yeniliklər etmək lazımdır. Bizim Azərbaycan
dilini öyrənən mütəxəssislərimizlə
yanaşı Hind-Avropa dillərini, Afrika dillərini, Qafqaz dillərini,
Monqol dillərini, dilin fəlsəfəsini, psixolinqvistikanı,
sosiolinqvistikanı, dil və dövlət münasibətlərini,
qədim, ölü dilləri, onlarla yanaşı uyğun
sivilizasiyaları tədqiq edən mütəxəssislərimiz
formalaşmalıdır. Prezidentin Sərəncamı
bu fikirləri və arzuları həyata keçirmək
üçün güclü əsas və imkan verir.
– Sərəncamın dil
inkişafına təsiri necə olacaq?
Kamal
Abdulla: Prezident Sərəncamının
öz-özlüyündə böyük əhəmiyyəti
var. Dil sahəsi digər ictimai, mənəvi, intellektual sahələrlə
sıx əlaqədə olduğundan həddindən artıq
həssas sahədir. Obyektiv cəhətdən “pərakəndə”
sahədir. Sərəncam bu “pərakəndəliyi”
sahmana salmağa kömək edəcək. Həyatımız, onsuz da, informasiya ilə
entropiyanın müxtəlif nisbəti, tənasübü
üzərində qurulub. Sərəncamın
dilimizlə, cəmiyyətimizlə, dövlətimizlə
bağlı məsələlərə informativlik gətirəcəyinə
əminəm.
Amma bu məsələnin o biri tərəfi də var.
Dil elə bir fenomenal hadisədir ki, heç bir zaman göstərişlə,
arzuyla, qərarla yaşamır. Onun öz həyatı
var, öz gizli – tənzimolunma qanunları var. Sadəcə,
dillə bağlı hər hansı dövlət münasibəti
dilin öz daxili qanun-qaydalarının cilalı olmasına, təsadüfi
məqamlardan uzaq, adekvat şəkildə işlənməsinə
real şərait yaradır.
– Azərbaycan bədii dilinin
inkişafı üçün konkret nələr edilməlidir?
Kamal
Abdulla: Haqqında
danışdığımız mövzu ilə bağlı
daha asan olar deyim ki, nələri etməməliyik! Edəcəklərimiz, onsuz da, bəllidir. Etməli olmadığımız bir məsələni
isə dəqiq bilirəm. Hər hansı bədii əsəri
oxuyub orda bizim alışmadığımız cümlə
quruluşu və ya sözlər görəndə şivən
qaldırmamalıyıq ki, dilimizi korladılar, ay aman! “Bu, azərbaycanca deyil” təfəkkürünə
son qoymaq lazımdır. Belə
düşüncə tərzi bütövlükdə dil
inkişafının qarşısına sədd çəkir.
Əsərin dilində, əlbəttə ki,
müəllif tərəfindən dərk edilmiş müəyyən
“icazəli” pərakəndəlik, hərcmərclik olmalıdı.
Əlbəttə ki, “azərbaycanca deyil”,
özünə yer tapmasa, “azərbaycanca” dərinləşə,
genişlənə bilməz. Ütülü,
sığallı bədii dil XX- əsrin 30-40-50-ci illərində
qaldı. İnkişaf nəyisə
“qırmaq”, nədənsə vaz keçmək, oxucunu təkcə
təəccübləndirmək yox, ona alternativ quruluşlar təqdim
və təlqin etməkdir. Dil müstəvisində bu
alternativlər əvvəlcə variantlara, sonra isə, kim nə bilir, invariantlara çevrilə bilər.
– Ən
ağır məsələlərdən biri dilimizin KİV-də
işlənməsidir...
Kamal
Abdulla: Bəli, əsas məsələlərdən biri də
KİV-də dilimizin vəziyyətidir. Bu barədə
işçi qrupun, bölmənin üzvlərinin ümumi
fikri var. Müəyyən mexanizmlər işləyib Dövlət
Proqramı layihəsinə daxil etmək lazımdır. Dili yanlış yola düşməkdən qoruyan
mexanizmlər. Bir az əvvəl dedim
ki, dilin öz daxili həyatı var, biz ona təsir edə bilmərik.
Amma bu normal situasiyalar üçündür.
Qeyri-normal situasiyalarda isə dilə təzyiq
edilir. Onu sanki “zorlayır”, öz təbii
yolundan itələyib çıxarmağa
çalışırlar. Məsələn,
götürək televiziya şirkətlərini. Dillə bağlı arzuedilməz məqamlar burda
geniş sistem şəklindədir. Nə
aparıcılar, nə şoumenlər, nə müğənnilər,
nə də çox zaman dəvət olunanlar düz-əməlli
Azərbaycan dilində danışa bilmirlər. Bu dediklərimlə onlar, əlbəttə ki,
özləri razılaşmayacaqlar, bilirəm. Amma istəyirəm, bir məsələni bilsinlər.
Ümumiyyətlə danışmaqla Azərbaycan
dilində danışmaq eyni şey deyil. TV
güzgüdür. Bir tədqiqatçı yaxşı
yazıb: danışan güzgü. Həqiqətən
də güzgü elə danışmalıdır ki, biz
“ağzımızı açıb” qulaq asaq. Öyrənək! Bu isə indilik belə
deyil. Bizim işçi qrupunda belə bir
fikir formalaşıb ki, TV-lərdə dillə bağlı
problemləri çözən “bədii şura” deyilən
mexanizmi yaratmaq və ya bərpa etmək lazımdır. Bizi “senzuranı bərpa edirlər” deyə
günahlandırmağa tələsənlər isə –
açıq deyəcəyəm, dilimizin bədxahlarıdır.
Bunu sübut etmək çətin deyil.
– Dövlət Proqramında dilimizin
xaricdə işlənməsi problemləri əksini tapacaqmı?
Kamal
Abdulla: Xaricdə Azərbaycan dilinin vəziyyəti ilə
bağlı məsələnin dərindən və hərtərəfli
öyrənilməyə ehtiyacı var. Aydın məsələdir
ki, Azərbaycan dili xaricdə ölkəmizin get-gedə artan
beynəlxalq nüfuzuna işləməlidir. Xaricdə Azərbaycan
dilində qəzetlər çıxarmaq, məktəblər
(ən azından, yay məktəbləri) açmaq, dilöyrədən
dərsliklər yazmaq və yaymaq, TV-lərin xarici ölkəyə
yayımlarını həmən ölkələrə
görə lokallaşdırmaq, bir sözlə, həm diaspor
üçün, həm də ölkəmizin dostları,
dilimizi, mədəniyyətimizi öyrənmək istəyənlər
üçün geniş spektrli fəaliyyət proqramı
işləmək lazımdır.
Mən
deyəndə ki, dillə bağlı məsələlər
sistem kimidir, bir-birilə qarşılıqlı əlaqədədir,
nəzərdə tuturam ki, baxın, xaricdə Azərbaycan
dili dərslərinin təşkil edilməsi məsələsini
götürək. Bu dərslər vacibdirmi? Vacibdir! Amma bu dərsləri
kim deyəcək?! Bu dərsləri tədris edən xarici
ölkənin özünü yaxşı bilən, Azərbaycanı
yaxşı bilən (təkcə dilini yox, tarixini, ədəbiyyatını,
mədəniyyətini, coğrafiyasını ...) mütəxəssis
olmalıdır. Bizdə bu gün beləsi varmı? Çox
az. Bu xəttə kömək üçün ali məktəblərdə
“azərbaycanşünaslıq” ixtisası açmaq
lazımdır. Bu da sənə sistemin bir-birilə əlaqəli
həlqələri.
– Hansısa universitetdə “Azərbaycanşünaslıq”
ixtisası varmı?
Kamal
Abdulla: Bəli, Bakı Slavyan Universitetində bu ixtisas var.
– Dövlət Proqramı
layihəsi nə zamansa fəaliyyət proqramına çevriləcək. Bir müddət sonra onun müddəa və
maddələrinin unudulma qorxusu varmı?
Kamal
Abdulla: Biz proqrama özünümüdafiə “məqamı”
daxil edəcəyik. Onun
uzunömürlüyü və effektivliyi xüsusi nəzarət
qrupu vasitəsilə tənzim ediləcək.
– İşiniz asan deyil. Ən azı, ona
görə ki, dil sahəsində hamı özünü
mütəxəssis sayır.
Kamal
Abdulla: Elədir. Elm sahələri var ki, diletanta görə
o, asanlıqla onlarla məşğul ola
bilər. Hətta nəinki məşğul, o
sahələrin – dilçiliyin, tarixin, fəlsəfənin
professionallarına “dərs” də verə bilər. Bəzən
bu “dərs” əsassız əda ilə müşaiyət olunur. Nə etməli, belə bir cəmiyyətdə
yaşayırıq. Allah bizi öz sahəsindən
başqa hər şeyi, xüsusilə, tarixi, dilçiliyi, fəlsəfəni
“bilən”lərdən qorusun, biz isə boynumuza düşən
məsuliyyəti anlayaraq öz işimizi görməyə
davam edəcəyik.
-Çox
sağ olun. Uğurlar
arzulayırıq.
Kamal Abdulla
Ş.Ağakişiyeva
525-ci qəzet.-2012.-7 iyul.-S.11.