Şeyx Əbdül Mahmudbəyov: “Mən sabahımı keçən günlərimə qurban verməzdim, bu, naşükürlük olardı

 

“PEŞƏKARLIQLA ÖZFƏALİYYƏTİN FƏRQİNİ HƏR KƏSƏ GÖSTƏRMƏK ÜÇÜN ƏLİMDƏN GƏLƏNİ ETMƏYƏ HAZIRAM”

 

İllərini Azərbaycan kinosuna sərf edən, bir çox filmdə yaddaqalan rolların yaradıcısı olmuş, tanıtıma ehtiyacı olmayan rejissor, aktyor, kinemotoqraf Şeyx Əbdül Mahmudbəyov qonağımız oldu, suallarımıza cavab verdi. Ən maraqlısı isə onun müsahibəyə “Sübhənallah” kəlməsi ilə başlaması oldu. Dedi ki, bu kəlimə ona uğur gətirir, çünki Allahın adıdır.

– Söz mədəniyyətimiz bu gün hansı səviyyədədir?

 – Heç bir xalqın dilində bizim dilimizdəki qədər sait-samit səs yoxdur, niyə muğamatı, qəzəli başqa xalqlar oxuya bilmir, çünki tələffüzündə səslər zəngin olduğundan çətinlik çəkirlər. Bu Allahın Azərbaycan xalqına verdiyi söz və səs möcüzəsidir. Azərbaycanlılar bu gün bu möcüzənin qədrini bilmir, mədəniyyətindən lazımınca istifadə etmirlər.

– Xalqımızın başına gətirilən soyqırımlar, talanan mənəvi sərvətlərimiz barədə nə deyə bilərsiz?

– Mən özüm hal-hazırda bir sənədli film üzərində işləyirəm, hansı ki, onun ssenarisini elə bu soyqırımlar, talanmalar təşkil edir. Bu gün müsəlmanlar dünyada terrorist olaraq tanıdılır, halbuki İslam mədəniyyətində terrora, insan öldürməyə yer yoxdur. Ermənilərə gəldikdə isə,  onlar bizim “Sarı gəlin”imizi oğurlayıb öz adlarına keçiriblər, əslində onlarda heç belə ifadə yoxdur, “sarı” sözü o birləşmədə rəng deyil, “incəlik, zəriflik” mənasında işlənmişdir.

– Bir çox lazımlı filmə, səviyyəli verilişlərimizə sponsorluq edən yoxdur, amma evlilik verilişlərinə eyni sözü şamil etmək olmaz. Niyə belədir? Belə verilişlərə münasibətiniz necədir?

– Mən bir ara “İrsimiz” verilişinin aparıcısı oldum, həftədə bir dəfə bir saat gedirdi, sonra sponsor problemi üzündən bağlandı həmin veriliş. İndi sənədli filmi də bir dost var, onun köməkliyi ilə çəkirəm. Evlilik proqramlarına isə kəskin şəkildə öz etirazımı bildirirəm, bu cür verilişlər Azərbaycanın istər dini-mədəni dəyərlərini, istərsə də əxlaqını məhv edir.

–Azərbaycan estrada musiqisinin birdən-birə bu qədər dəyişməsinin səbəbi nə oldu və sizcə, bu nə dərəcədə yaxşıdır?

– Azərbaycanın o zamankı estradasında Zeynəb Xanlarova, Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Oqtay Ağayev, “Qaya” qrupu və başqa sənətkarlar vardı, onları dinləyəndə insanın ruhu dincəlirdi. İndiki estradaya baxanda isə adam iyrənir: soyunub çıxırlar səhnəyə, səs-musiqi duyumu onlara maraqlı deyil. Halbuki oxumağın birinci vacib şərti səs, ikinci şərti musiqi duyumu, üçüncü şərti isə yüksək ifa və əxlaq mədniyyətidir. Əgər bu gün estradada bunlara çox az rast gəlinirsə, mən – ağsaqqal Şeyx Əbdül gərək televizora baxmayım.

– Bir aktyor kimi elə bir rol varmı ki, siz onu ifa etmək arzusunda olmusunuz və kiminlə eyni səhnəni bölüşmək istərdiniz?

– Əgər düzünü bilmək istəyirsinizsə, mən ümumiyyətlə aktyor olmaq arzusunda olmamışam və heç vaxt da buna can atmamışam. Mənim ən böyük arzum rejissor olmaq idi, çünki kinomuzda yaxşı mənada yenilik etmək istəyirdim, tarixi-sənədli filmlər çəkmək, milli-mənəvi dəyərlərimizi, folklorumuzu filmdə tanıtmaq istəyirdim.

– Müasir kinomuzun – aktyorların, rejissorların vəziyyəti sizi qane edirmi? Müasir seriallardan biri olan “Küləklər şəhəri”nin bir neçə seriyasında, epizodik də olsa, yaddaqalan bir rol ifa etmişdiniz, həmin teleserialın çəkilişi sizi nə dərəcədə razı salırdı?

– Mən hər yerdə deyirəm ki, Azərbaycanın istedadlı balaları üçün qapı döyməyi özümə borc bilirəm. Samir çox istedadlı rejissordur, həm də onun formalaşmasında mənim zəhmətim var, buna görə ona kömək etməyə həmişə hazıram, həm də hər kəsə peşəkarlıqla özfəaliyyətin fərqini göstərmək üçün əlimdən gələni etməyə hazıram.

– Azərbaycan filmlərində açıq-saçıq səhnələrin olmasına necə baxırsız?

– Azərbaycan kinosunun içində bir qrup formalaşır və o qrup da, çox təəssüf ki, bizim köhnə yoldaşlarımızdır, onlar özləri üçün o yolu seçiblər. Mən niyə kinodan təcrid olundum, məni niyə düşmən kimi təqdim elədilər? Çünki o zaman sözün düzünü danışdım, dedilər, Şeyx Əbdül kino sahəsində bizə düşmənçilik edir. Halbuki o vaxt “Şah İsmayıl Xətai” filminin çəkilişinə yeddi milyonluq smeta tutuldu və sonra bu pul azlıq elədi, on milyon da ayrıldı, ölkə rəhbərliyi nəzarətdə saxlayırdı bu filmin çəkilişini... Üç-beş min manatla film çəkməzlər, heç on milyon da bəs eləmir. Buna “şapalaqla üz qızartmaqdeyirlər təəssüf ki, hələ belə meyllər var.

Poeziyanı çoxmu sevirsiniz?

Poeziyanı Allah Azərbaycan xalqına hədiyyə edib. Başqa millətlərin şeiri bizim poeziyamızdan törəyib. Bayatımızdan, aşıq şeirimizdən, qəzəlimizdən tutmuş ta müasir ədəbiyyatımıza kimi təkrarolunmazdır. Bu gün müasir dünyanın qəbul elədiyi poeziyanın fövqündə Əli Kərim, Rəsul Rza, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Musa Yaqub durur, onlar dünyanı heyrətə gətirirlər, vacib deyil ki, bu şəxslər durub əruz vəznində yazsınlar, onlar öz üslublarıyla seviliblər.

Hansı musiqi Şeyx Əbdülü özündən alıb uzaqlara aparır?

Aşıq musiqilərimiz, bayatılarımız muğamatımız.

Məşhur mahnıda deyildiyi kimi, keçən günlərinizi qaytarsaydılar, gələn günlərinizi qurban verərdizmi?

Mən sabahımı keçən günlərimə heç birinə qurban verməzdim, ən azından ona görə ki, bu, naşükürlük olardı! Mənim 69 yaşım var, hər gün səhər gözümü açanda Allaha şükür edirəm ki, mənə bu günü görməyi qismət elədi, nəvələrimi, övladlarımı, yoldaşımı gördüm, yatağımdan qalxan kimi, yenidən həyat mənimçün davam edir, işə yollanacam, sevimli işimlə məşğul olacam, yoldaşlarımla görüşəcəm. Əgər mən keçən günümü qaytaracamsa, övladlarımdan, nəvələrimdən, öz gözəl ailəmdən imtina etməliyəm, bu isə mənəviyyatsızlıq olardı!

 

 

Arzu HÜMBƏTOVA

 

525-ci qəzet.-2012.-7 iyul.-S.16.