Cengiz Özdemir:
“Küləklər şəhəri adlanan
Bakı indi həm də
İşıqlar Şəhəri olub!”
“BAKI MƏDƏNİYYƏT,
SƏNƏT, MEMARLIQ VƏ TURİZM SAHƏLƏRİNDƏ
YENİ SƏRMAYƏLƏRLƏ ÖN PLANA ÇIXMAĞA
BAŞLAYIB”
Türk
Ədəbiyyatı Vəqfinin başqan vəkili, PROGEM Proje
Geliştirme Merkezinin İdarə Heyətinin
başçısı Cengiz Özdemir qardaş Türkiyənin
tanınmış simalarındandır. Uzun illər Hollandiyada
yaşayan Cengiz Özdəmir Türkiyənin ən nüfuzlu
qəzetlərindən “Hürriyət”də köşə
yazarı, qardaş ölkənin
ən böyük media qrupu sayılan “Star Media Qrup”un rəhbəri
və İstanbul Böyükşəhər Bələdiyyəsində
Mədəniyyət üzrə müdiri olub. Hazırda rəhbərlik
etdiyi şirkət bir çox maraqlı layihələri
gerçəkləşdirir. Cengiz Özdemirlə həmin
layihələr və gələcəkdə nəzərdə
tutulan proyektlər haqqında söhbətləşdik.
– Türkiyənin son 10 ildə ən
böyük mədəniyyət və turizm
–MİNİATÜRK Miniatür Türkiyə Parkı layihəsini
siz həyata keçirmisiniz. Layihənin təfərrüatları
nədən ibarətdir?
–
MİNİATÜRK- Miniatür Türkiyə Parkı bir maket
şəhər layihəsidir. Dünyada belə maket şəhərlər
var. Misal üçün qeyd edək ki, Londonda, Parisdə,
Brüsseldə, Amerikada, Orlandoda, İtaliyada- Romada gözəl
örnəkləri mövcuddur. Amma ən
böyüyünü İstanbulda yaratdıq.
MİNİATÜRK dünyanın ən böyük və ən
çox ziyarət edilən miniatür park oldu. Parkın
açıldığı 10 il ərzində 10 milyon insan
MİNİATÜRKü ziyarət edib.
– Şirkətiniz PROGEM ümumiyyətlə,
hansı işləri görür?
–
Televiziya serialları, sənədli filmlər və bədii
filmlərin çəkilməsi, festivalların təşkili
və MİNİATÜRK kimi parkların yaradılması
şirkətimizin fəaliyyət dairəsinə aiddir. Bu
işləri Baş Nazirlik, Mədəniyyət Nazirliyi,
İstanbul və Ankara Bələdiyyələri
üçün görürük. Hazırda Övliya Çələbinin
haqqında bir animasiya filmi çəkirik. Filmimizin önəmli
özəlliyi İstanbulun ilk dəfə animasiyada yer almasıdır.
Bu coğrafiyanın ən gözəl şəhərlərindən
olan İstanbulun bu filmlə bir daha əbədiləşəcəyinə
inanıram. “ŞREK”, “Buz dövrü” və ya “Madaqaskar” kimi
keyfiyyətli bir film ərsəyə gətirməyi
planlaşdırırıq.
Rejissoru Hollivudda “Altın Pusula” və “Titanik” ilə
Oskar mükafatı qazanan qrupda
yer alan Serkan Zelzeledir. Həmin rejissor Hollivudda yaşayır və
bizi təmsil edir. Hazırda şirkətimiz Qətərdə-Dohada
bir parkın salınması ilə məşğuldur.
– Azərbaycan üçün,
Bakı üçün də belə maraqlı və cəlbedici
bir layihə həyata keçirməyi
planlaşdırırsınızmı?
– Əlbəttə,
planlaşdırırıq. Öncə qeyd edim ki, mənim
1990-cı ildən bəri Azərbaycanla, Bakı ilə əlaqələrim
var. İlk olaraq 1990-cı ildə Bakıya gəlmişəm.
O zaman köhnə “Abşeron” otelində qaldım. Ondan sonra dəfələrlə
“Küləklər şəhəri” Bakıda olmuşam. Ən
son isə iki dəfə baş nazir Rəcəb Tayyib Ərdoğan
ilə gəldim. Və indi təkrar burdayam. 2007-ci ildən bu
yana Azərbaycanda və Bakıda yaşanan dəyişikliklər
məni sözün yaxşı mənasında şok etdi.
Buraya hər dəfəki gəlişimdə çox
duyğulanırdım. Bu dəfə qürur hissi
keçirdim. “Evrovision”dakı uğurunuzu bilirdim. Amma şəhəri
görüncə tək kəlməylə-şok oldum! Yollar,
körpülər, yeni binalar, abidələr, küçə
mebelləri və işıqlandırma sistemi! İnana bilmədim.
Küləklər şəhəri adlanan Bakı indi həm də
İşıqlar Şəhəri olub! Bir şəhər,
bir ölkə bu qədər qısa bir zamanda necə bu qədər
dəyişib inkişaf edə bilər? Bütün
infrastruktur problemlərini qısa müddətdə həll edən,
öz kimliyini inkişaf etdirən Bakı get-gedə mədəniyyət,
sənət, memarlıq və turizm sahələrində yeni sərmayələrlə
ön plana çıxmağa başlayıb. Bəllidir ki,
ortada makro bir dövlət layihəsi, möhtəşəm
bir görüntü var. Məlum olur ki, hörmətli
Prezident İlham Əliyevin və onun xanımı möhtərəm
Mehriban Əliyevanın fəaliyyəti sayəsində
biçimlənən incə, ancaq nəhəng bir layihə
ortadadır. Dünyanın bir çox ölkəsində
olmuşam. Amma heç yerdə mən belə bir mənzərə
görmədim. Başda hörmətli prezident və dəyərli
xanımı olmaqla, hər kəsi, həmçinin Bakı
merini və bakılıları təbrik edirəm. Türkiyədən
gələn birisi kimi bu tablo məni dünya
qarşısında qürurlandırır.
– “Çox gözəlləşib”
dediyiniz Bakı üçün fikirləşdiyiniz layihənin
məğzi nədən ibarətdir?
–
Layihəmizin adı-DÖVRİALƏMdir. Bu da yenə bir
miniatür şəhər layihəsidir. Hollandiyadakı
MADURODAM, İstanbuldakı MİNİATÜRK kimi
Bakıdakının da adı və markası DÖVRİALƏM
olacaq. Və Bakının bu miniatür şəhərində
dünyanın ən önəmli memarlıq əsərləri
yer alacaq. Burada iki saatdan bir
dünya turu- yəni DÖVRİALƏM edə biləcəksiniz. İstanbulda
yaratdığımız MİNİATÜRKdən sonra
yaxşı bir “know how” sahibi olduq. Artıq Hollandiyanın
maketləri belə bizə həvalə olunur. İndi də
bu təcrübə əsasında
Bakıda dünyanın ən böyük, ən mənalı,
ən zəngin və bütün dünyanı əhatə
edən bir konsept həyata keçirmək istəyirik. Şəhərə
tamaşa edəndə görürük
ki, Bakıda, ümumən Azərbaycanda
belə bir imkan var. Bu imkan
olmasa, zatən belə bir
layihəni gerçəkləşdirə bilməzdik.
– Bakının DÖVRİALƏMİNdə
hansı əsərlər olacaq?
–
Hazırda siyahını tərtib etmişik, amma bu, hələ
ki qaralamadır. Buna qərar veriləcək. Sizə bir siyahı təqdim edirəm.
Ola bilər sonra siyahıda bəzi xırda dəyişikliklər
olsun, amma inanın ki, dünyanın ən gözəl əsərləri
Bakıda “görüşəcək”. Belə bir layihə
Bakıya çox yaraşacaq. Dünyanı özündə
cəmləyəcək DÖVRİALƏMdə xüsusi bir
bölüm də Azərbaycana aid olacaq. Azərbaycanın ən
önəmli memarlıq əsərləri burada öz əksini
tapacaq. Saraylardan məscidlərə, körpülərdən
abidələrə, qüllələrdən türbələrə,
mədrəsələrdən stadionlara, qalalardan divarlara qədər
bəşəriyyətin minlərlə illik mədəniyyət
mirası DÖVRİALƏM Miniatür Parkında əslinin eynisi olan maketləriylə
sərgilənəcək. Əsərlər modelləşdirilərkən
ilk olaraq hazırkı vəziyyəti nəzərə
alınacaq. Məsələn, Kordoba Məscidi katedral
çevrilmədən əvvəlki, İslamın ən
görkəmli məscidi olduğu dövrdəki halıyla
maket mühitinə köçürüləcək. Əsərlərin siyahısı
orijinal əsərin arxitektura, ictimai, mədəni və tarixi
dəyəri, ölkəsini və
növünü təmsil etmə qabiliyyəti, estetik dəyəri və 1: 25
ölçüsündə modelləmənin
mümkünlüyü əsas götürülərək həyata
keçiriləcək. Türk –İslam
memarlığının incilərindən Tac Mahal sarayı,
Fransanın simvolu Eyfel qülləsi, Bizans mədəniyyətinin
ən görkəmli əsərlərindən olan, 1934-cü
ildən bəri muzey kimi fəaliyyət göstərən
Ayasofya, zaman keçdikcə əyilməsinə
baxmayaraq ayaqda durmağı bacaran, İtaliyanın
şimalındakı əyri Pizza qülləsi, ABŞ-ın rəmzi hesab olunan
Azadlıq qülləsi və sair
möhtəşəm əsərlər DÖVRİALƏMdə
yer alacaq. Memarlıq əsərləri
ilə yanaşı gəmilər, dəmiryolları üzərində
səfər edən qatarlar, təyyarələr, avtomobillər,
ambulanslar, yanğınsöndürən və polis
maşınları kimi günümüzün nəqliyyat
vasitələrinin olması da parkın gözəlliyinə əlavə
rəng qatacaq. Parkda həmçinin hərbi gəmilər,
qayıqlar, faytonlar kimi tarixi xüsusiyyətləri olan dəniz
və quru nəqliyyatı da olacaq. Miniatür şəhər
anlayışına uyğun olaraq bəstələnəcək
xüsusi musiqilər bütün binada səsləndiriləcək.
Beləlilklə, ziyarətçilərə xüsusi və əfsanəvi bir mühitdə olduqları hər
baxımdan hiss etdiriləcəkdir.
Məscidlərdən azan səsi, saraydan ölkənin
milli himni, konsert salonundan klassik musiqi sədaları,
ortaçağ qəsrindən qılınc, top səsləri
kimi maketə uyğun lokal effektlərdən istifadə
olunacaq.
–Layihənin təqvimi barədə
nə deyərdiniz?
– Biz
ön hazırlıqları bitirmək üzrəyik. Bəzi
görüşlər keçiririk.
Təxminən bir aydan sonra sözügedən layihəni
bu ölkəni bu qədər gözəlləşdirib
inkişaf etdirən hörmətli prezidentimizə təqdim
etməyi düşünürük. Bəyənilərsə
– ümid edirik ki, bəyənilər – bunu eləmək bizim
işimizdir. Heç peşmançılıq keçirmədən
bunu incəliyinə qədər edə biləcək təcrübəyə
sahibik və edərik.
–1990-cı ildən bu günə
çox illər keçib. Azərbaycana marağınız
necə başlayıb?
– Ən çox hansını
danışım? Çox maraqlı xatirələrim var.
Misal üçün, bu gün Sumqayıtın icra
başçısı olan Eldar Əzizov, yaxud da indi nazir
müavini işləyən Sahib Ələkbərovun da təmsil
olunduğu heyətlə Rotterdamda təsadüfən
tanış olduq. O tanışlığımız hələ
də davam edir. Bəzən illərcə danışa
bilmirik. Amma dünya kiçikdir. Bir gün
qarşılaşırıq. Azərbaycanlıların
gözəl bir məsəli var: “Hər şeyin təzəsi,
dostun köhnəsi”. Bizim dostluğumuz da köhnədir. Fərhad
Bədəlbəyli kimi dostumuz üçün Hollandiyada,
İstanbulda böyük konsertlər təşkil etmişik.
Buna bənzər o qədər xatirəm var ki...Amma mən gələcəyə
baxmaq istəyirəm və bunu daha çox sevirəm.
Türkiyə və Azərbaycan kimi iki böyük ölkənin
vətəndaşları olaraq mədəni, bədii, idman,
siyasi, ticari və buna bənzər sferalarda birlikdə edə
biləcəyimiz çox işlər var. Belə işbirliklərinin
hər iki ölkəni daha da gücləndirəcəyinə
ürəkdən inanıram.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-2012.-7 iyul.-S.19.