Ömrün aynaları
ADPU-nun Azərbaycan ədəbiyyatı
tarixi kafedrasının müəllimi
Bu
yaxınlarda gənc istedadlı nasir Pərvinin “Qar yağacaq”
kitabı işıq üzü görüb.Bu hekayələr
müəllifin yaşının gəncliyinə baxmayaraq
artıq peşəkar qələm sahibi olmasına dəlalət
edir. Mən də bu hekayələrlə bağlı müəyyən
təərssüratlarımı oxucularla bölüşmək
istədim.
“Samir
üçün” hekayəsində müəllif son dərəcə
aktual bir məsələyə toxunub. Hekayədə Samirin
timsalında elmlə məşğul olan ziyalı gənc
atanın çətin dolanışıq üzündən
keçirdiyi iztitablar əks olunub. Lakin Samir yalnız ailəsini
dolandıra bilmədiyi üçün narahat deyil, o, həm
də bu xəbərin ailəsini necə
sarsıdacağını bilir. Hekayənin qəhrəmanı
olan Samir, cəmiyyətdəki haqsızlıqlardan o qədər
bezib ki, hətta təhsilinə baxmayaraq xaricdə daş
daşıyan olmağa belə razıdır.
Lakin
bacı qardaşını fikrindən daşındırmaq qərarındadır
və o, son dərəcə məntiqli cavabla onu fikrini dəyişdirməyə
çalışır. Axı, həqiqətən də istənilən
cəmiyyətdə az da olsa naqis adamlar mövcuddur. Heç kəs
belə mənfi ünsürlərlə xaricdə üzləşməyəcəyinə
təminat verə bilməz.
Burada
maraqlı məqamlardan biri də budur ki, maddiyyat və mənəviyyat
qarşı-qarşıya qoyulur. Bacısı Samirin əhvalını
xoş etmək və mövzunu dəyişdirmək
üçün ədəbiyyatdan söhbət açır.
Samirə böyük maddi problemlər olan yerdə ədəbiyyatdan
danışmaq yersiz görünür. Samirin bacısı isə
ədəbiyyatın qüdrətinə inanır. O, ədəbiyyatın
müharibələri belə durduracaq qüvvəyə malik
olmasını dönə-dönə vurğulayır.
Nəticədə
bacı qardaşının getməməsi üçün
ona təsirli hekayə yazacağına söz verir. Lakin vəd olunmuş vaxta az qalsa da
bacı təsirli bir mövzu tapa bilmir. Bu, bir bacı kimi gənc
yazarı çox narahat edir. Sonunda gözlənilməz bir
söhbət hər şeyi dəyişir.
Doğru
deyirlər ki, uşaqları aldatmaq olmur. Onlar ətrafda baş
verən hadisələrə, insanlara qarşı bəzən
böyüklərdən daha həssas olurlar. Samirin 5
yaşlı oğlunu da müəllif : “Sanki heç uşaq
deyildi qabağımdakı adam. İndi mənə qoşulub
bütün məsələni həll edəcəkdi. Hekayə
də yazacaqdı, atasının da işlərin yoluna qoyacaqdı,
hətta çirkli mühiti də gözəlləşdirəcəkdi”
kimi qiymətləndirir. Həqiqətən də oğlunun
yazdığı hekayə çox təsirli idi. O, uşaq məsumluğu
ilə əlində olan qəpiyi atasına verərək onun
vəziyyətinin düzələcəyini güman edir.
“Şərq
şirniyyatı” hekayəsində rayondan Bakıya işləməyə
gələn gənc qızdan söhbət açılır.
Bu qız anadan uzaq yaşadığı üçün
şəhər mühitində, hətta bibisigildə olsa belə
qeyri-səmimi münasibətlə qarşılaşır. Bu
qız sevincin yeganə mənbəyini alış-verişdə
və şərq şirniyyatında tapır. Şərq
şirniyyatına olan məhəbbət onu bir dükanın
daimi müştərisinə çevirir. Hər maaş alanda
o burdan dadına “baxdıqdan” sonra cürbəcür
şirniyyatlar alır. Növbəti dəfə dükana
üz tutan qız burada çox qayğıkeş, səmimi,
şirniyyat və ədviyyatlardan yaxşı başı
çıxan bir qadınla tanış olur. Uzun müddət
evdən ayrı qalan bu qıza qadının göstərdiyi
nəvaziş xoş gəlir. Hətta qız sadəlövhlüklə
bu qadının ondan xoşu gəldiyini
düşünür, oğluna almaq istədiyinə ümid
edir. Qadının ona göstərdiyi gözəl münasibət
qarşısında özünü itirən qız yolda həmin
xanıma kömək təkilifini etmədiyini yada salır.
Qız bir uşaq məsumluğu ilə dükana
qayıtdıqda qadının satıcıya dediyi: “İndiki
qızların lap zibili çıxıb ey, sırtıq olub
gediblər. Biz o vaxt heç belə deyildik.
Başımızı qaldırıb oğlanın
üzünə baxmağa da utanırdıq...Sən elə
bilirsən ki, o nəsə seçmək istəyirdi?! Yox...Sənin
əziz canınçün, yox. Sadəcə, sənin kimi
gözəl oğlan görüb, ona görə
özünü itirib də. Az qala ağzının suyu
axırdı...Guya bu, şirniyyat seçir də...Bir
saatdı dayanıb xurmanın yanında...Özünü sənin
gözünə soxur da...Harda görüb belə oğlan...Sənin
kimi gözəl oğlanın qədrini cavanlar bilməzlər...Necə
olub mən indiyəcən bu mağazaya girməmişəm...Bundan
sonra...” sözlərini eşidir.
Pərvin
yalnız bir cümlə ilə bu qadının iç
üzünü–mənəviyyatsızlığını, əxlaqi
yoxsulluğunu bütün eybəcərliyi ilə göstərə
bilib. Qıza göstərdiyi süni qayğıyla
satıcıda xoş təəssürat yaratmaq istəyən
bu qadın, qız dükandan çıxar-çıxmaz ona
qara yaxır, satıcıya qızın əsl məqsədinin
oğlanı cəlb etmək olduğunu bildirir. Mənəviyyatdan
yoxsul olan bu qadın isə böyük yaş fərqindən
belə utanmır və bəlkə də sadəcə şərq
şirniyyatını pulsuz ala bilmək üçün
satıcı oğlanı yaraşıqlı
adlandırır.
Müəllif,
burada qətiyyən öz mülahizələrini,
qadının əməllərinə münasibətlərini
bildirmir. Bununla da, sanki bu qadının əməllərini
götür-qoy etməyi biz oxucuların ixtiyarına
buraxır.
Kitaba
ad kimi seçilən “Qar yağacaq” hekayəsi də oxuculara
ünvanlanmış bir nikbinlik reseptidir. Pərvin burada bəzi
idarələrdə hökm sürən ab-havanı
özünəməxsus çalarlarla təsvir etməyə
müvəffəq olub. Doğrudan da, hələ
keçmiş Sovet rejimindən qalan, müasir texnologiyanı
bilməyən, “katibələrə” möhtac olan və ya
öz işlərini də gənc kadrlara yükləyən və
bunun müqabilində quru “çox sağol” belə deməyən
məmurlar kifayət qədərdir.
Müəllif,
burada boyundakı zəncirləri, üzündəki
boyaları ilə insanı hürküdən zövqlülərin–marka
dükanlardan geyinməklə özünü dəblə
ayaqlaşan hesab edən ünsürlərin real portretini
böyük məharətlə təsvir edib. Lakin bu gənc
qızı, iş yoldaşlarının əsl simalarını
gizlətdiyi maskalar təkcə narahat etmir. Onu
qıcıqlandıran bu zövqlülərin özlərini
hamıdan istedadlı, səviyyəli hesab etmələridir.
Təbiidir
ki, bütün bunlar böyük potensialı olan gənclərin
mənliyinə, gərginliyinə çox mənfi təsir
edir. Əsərin qəhrəmanı həyatda
özünü anlayan bir şəxs tapa bilmədiyindən
daim qəlb dili ilə danışmağa məcbur olur, ətrafdakı
heç bir hadisə–bir sözlə, heç nə onu
sevindirmir. Əsərdəki nevropatoloq həkimin qıza dedikləri
də onda boğazdan yuxarı deyilmiş sözlər təsiri
yaradır. Baxmayaraq ki, qız bu məsləhətlərin
hamısının haqlı olduğunu bilir.
Nevropatoloqdan
da ümidsiz ayrılan bu gənc xanımın yolda göyərmiş
balacayla görüşdürülməsi müəllifin
uğurlu tapıntısıdır. Doğrudan da müdriklərimiz
də bizə inkişaf etməmiz üçün
özümüzdən yuxarı pillələrdə olanlara,
şükür etməmiz üçün isə
aşağıdakılara baxmağı məsləhət
biliblər.
Pərvinin
maraqlı hekayələrindən biri də “Fiona”dır. İlk
öncə hekayə nikbin əhval-ruhiyyəyə hakimdir.
Müəllif, hekayənin əvvəlində qəhrəmanı
Fionanın timsalında öz xanım oxucularına müraciət
edərək: “Yaşıl qarnını həmişəki
kimi qabağa verib gözlərini bərəltmişdi. Elə
bil bütün kök qadınlara təsəlli
üçün demək istəyirdi ki, fikir etməyin,
xoşbəxtlik maniken bədənli, yaxud arıq olmaqdan
asılı deyil. Əsas qadının sevimli olmasıdı.
Kök də ola bilər, balacaboy da...Hətta öz
yaşıl dərinlə də dünyada hamıdan çox
sevilə bilərsən...” mesajını verir.
Bununla
da Pərvin elə “şrek” cizgi filminin də əsas
ideyalarına təşkil edən zahiri gözəlliyi əsas
tutan insanların nəzərini daxili-mənəvi aləmə
çəkməyə müvəffəq olur. Axı,
doğrudan da hətta gözəlliyi ilə məşhur olan
insanların içərisində də hamının həsəd
apardığı, lakin xoşbəxtliyini tapa bilməyən
qadınlar kifayət qədərdir.
Bir
oxucu kimi etiraf etməliyəm ki, Pərvinin ən çox
“Professional” hekayəsini bəyənirəm. Bu hekayədə
zəhmətkeş və nikbin insan həyatından alınan
bir epizod müəllif tərəfindən elə işlənib
ki, sanki hər şeyi maddiyata bağlayan müasir zəmanə
də insanlara:”Dayanın! Nə üçün
yaşadığınızı yada salın! Bir-birinizin qədrini
bilin! Halınıza şükr edin! Sevginizi, bir-birinizi
qoruyun!”–deyə səslənir.
Müəllif,
müasir dövrümüzdə müxtəlif sosial təbəqəyə
məxsus qadınların problemlərinə həssaslıqla
yanaşmış, onların dünyagörüşünə
görə böyütdüyü narazılıqların
heç bir zəminə əsaslanmadığını
göstərmişdir.
Burada
əsl qayğıkeş, fədakar qadından söhbət
açılır. Ailəni dolandırmaq kimi çətin vəzifəni
zərif çiyinlərində daşıyan bu xanım son dərəcə
xoşbəxtdir. Onu nə ailə qurarkən üzləşəcəyi
sıxıntılar, məhrumiyyətlər qorxudub, nə də
hazırkı vəziyyəti sındıra bilib.
Bu
qadın nə işləməyə qoymadığı
üçün ərdən şikayət edən
qadınlara oxşayır, nə də diqqət göstərilməməkdən
narazı olan qadınlara. Bu qadın sevdiklərinə dəstək
olmasından çox məmnundur. Etdiyi işi sevir, həyatın
ona bəxş etdiyi hər bir neməti yüksək qiymətləndirir.
Onu yaxınlarının sevinci, sağlamlığı, xoşbəxtliyi
düşündürür.
Müəllif,
həm bekarçılıqdan bezən, həm pulsuzluqdan
şikayət edən, həm də diqqətsizlikdən
narazı olan qadınlara əsərin qəhrəmanı olan
bu fədakar ananı misal göstərməklə xoşbəxtliyin
insanın özündə axtarılmasını məsləhət
görür. Çünki insan özünü dərk edirsə–özü-özüylə
barışırsa həyatda xoşbəxt olduğu məqamları
da asanlıqla tapacaq.
Pərvinin maraqlı əsərlərindən
biri də “Balerina” kinopovestidir. Burada arzuları
puç olmuş bir ananın bütün dünyadan küsməsi rənglərin
palitrası müstəvisində
əks olunub. Qadağalar səbəbi ilə uşaqlıq arzusunu ürəyində saxlayan bu ana bütün
ümidini balaca qızcığazına bağlayıb.
Lakin məlum olur ki, baletlə məşğul olmaq bu qızcığazın
səhhətinə son dərəcə
mənfi təsir göstərə bilər.
Bundan əlavə qızın fiziki imkanları da buna şərait
yaratmır. Gənc ana
bunları eşidəndə
sanki dünya gözündə qaralır,
körpəsinə belə
nifrət etməyə
başlayır. Sonda yenə
hər şeyi sevgi xilas edir.
Qadını sevən oğlan
televiziyaların birində
işləyir. O, qızcığazın
gerçək istedadını
aşkarlayır və
anasını da buna razı salmağa müvəffəq
olur.
Yuxarıda da qeyd etdiyimiz
kimi Pərvin bu əsərində rənglər palitrasından
məharətlə istifadə
edib. O, sanki Rəsul
Rzanın “Rənglər”
silsiləsindən təsirlənərək
orijinal bənzətmələr
kəşf edib: “Royalın dodaqaltı zümzümə etdiyi masmavi musiqi eşidilir. Yataq otağının divar kağızı tünd həsrət rəngindədir...Pəncərənin
yanından asılmış
iri tabloda rəngbərəng arzu şəkilləri çəkilib”.
Əsərdə çox maraqlı
bənzətmələr də
diqqəti cəlb edir. Misal üçün müəllif, əsəbi
dağ çayına,
zarafatı tumlara, siqareti acı vərdişə və s.
bənzədir.
Sonunda gənc
və istedadlı yazar olan Pərvinə
yeni yaradıcılıq
uğurları arzulayıram. Ümid edirəm
ki, onun “Qar yağacaq” kitabı bu uğurların başlanğıcı
olacaq. Çünki müəllifin, ilk kitabında bu qədər maraqlı mövzulara toxunması,
humanist ideyaları təbliğ
etməsi buna əsas verir.
Məlahət Babayeva
525-ci qəzet.-2012.-7 iyul.-S.20.