El-obaya ünvan kişi... (Hekayə-portret)

 

Bədii nəsrimizdə şöhrətin zirvəsində olanlardan, o zirvəni fəth edib dünyadan gedənlərdən bəhs edən maraqlı əsərlər yazılır, o şəxsiyyətlərin layiq olduqları şərəfli ömür yolunun bəzən bütöv, bəzən də ayrı-ayrı məqamları tanış-bilişin, yaxınların xatirələrində yazılı yaddaşa köçürülür. El atası, el-oba ünvanı olan elə kişilər də var ki, onlar çox vaxt ancaq şifahi yaddaşlarda anılır, xatırlanıb yada salınır. Şifahi yaddaşın da ki, uzunömürlülüyünə nə qədər bel bağlamaq olar? Bunu nəzərə alıb mən də el-oba istəklisi, yer-yurd ünvanı olmuş dəyanətli, səxavətli, mərd kişilər haqqında, onlarla fərdi münasibətlərimdə və şəxsi müşahidələrimdə, xatirəmdə qalan unudulmaz anlardan, görüşlərdən bir qismini yazılı “yaddaşa” köçürmək qərarına gəldim. O dəyanətli kişilərdən biri də nəinki anadan olduğu, böyüyüb boy atdığı Yardımlıda, bütün cənub bölgəsində, eləcə də yaxın-uzaq el-obada yaxşı tanınan, adı hörmətlə, ehtiramla çəkilən Əli Quliyev idi...

Qədirbilən insanlarımız yaxşılar dünyadan köçəndə bir dərin köks ötürüb “filankəs” “elin kisəsindən getdi”, – deyirlər.

...Hə, Əli Quliyev də, həqiqətən, elin kisəsindən gedən kişilərdən idi.

El-oba istəklisi, işıqlı ziyalı, ağlı, idrakı ilə elə gəncliyində yaşından qat-qat irəli getmiş, müdriklik nümunəsi olan Əli Quliyev haqqında hələ uşaqkən valideynlərimdən, qonum-qonşudan, kənddən-kəsəkdən çox eşitmişdim. Hələ özünü görməmiş-bilməmiş, eşitdiklərim bu adın sahibini şüuruma bir nağıl qəhrəmanı, xeyirxah “simurq” qiyafəsində nəqş eləmişdi.

Qismət elə gətirdi ki, kiçik qardaşı Qabillə Yardımlı şəhər (o vaxtlar qəsəbə idi) M.F.Axundov adına bir saylı orta məktəbdə bir yerdə oxuduq, sinif yoldaşı olduq. Qabil sinifdə yaxşı oxuması ilə yanaşı, həm də nümunəvi davranışı, səmimiyyəti ilə fərqlənirdi. Qonşu rayondan, uzaq bir kənddən gəlib rayon mərkəzinin  az qala “lezva yeyən” uşaqları ilə bir yerdə oxuyan və açığı oturuşu-duruşu ilə heç də onlardan geri qalmayan birinə – mənə qarşı mehribançılığı, bəzən arada qahmar çıxması Qabilin timsalında böyük qardaşı, o vaxtlar rayonda sayılan bir vəzifə tutan Əli müəllimi nəzərimdə daha çox böyüdür, həm də o kişiyə hörmətimi daha da artırırdı.

Çox da sürətlə qabağa qaçmadan, buradaca bəzi təəssüratlarımı yada salmaq istəyirəm.

Mənim uşaqlığıma təsadüf edən ötən əsrin altmışıncı illərinin ortalarında hər yerdə, şəhərdə də, kənddə də, bir sözlə, o zamanlar gün-güzəran sarıdan korluq çəkən ailələr çox idi.

Şəhərlərdə çörək, kəndlərdə isə un əhaliyə siyahı ilə verilirdi. Elə ucqar kəndlər də vardı ki, heç siyahı ilə də sakinlərinə nə taxıl, nə də un paylanırdı. Bizim yaşadığımız ucqar dağ kəndi də sonunculardan, diqqətdən, qayğıdan kənarda qalanlar cərgəsində idi.

Kəndimizin aid olduğu rayon mərkəzi yaşadığımız məkandan xeyli uzaq, at ayağına bir günlük, hardasa qırx-qırx beş kilometrlik bir məsafədə olduğundan atam ailəmizin un, çörək, digər zəruri ərzaq ehtiyaclarını ödəmək üçün adətən yaxındakı (kəndimizdən yeddi, səkkiz kilometr aralı) qonşu Yardımlı qəsəbəsinə gedərdi. O gün də sübh tezdən üzünü o tərəfə tutub evdən çıxmışdı.  İşi avand olmuşdu, axşam tərəfi həmkəndlimiz Ağacəfərin qara rəngdəki “DT – 54” traktorunun arxasına qoyduğu iki kisə unla geri qayıtmışdı.

Anam: – Çox şükür, əliboş qayıtmadın. Necə oldu, kimdən, hardan aldın bu qıt vaxtda iki kisə unu? – deyə heyrətlə atamdan soruşmuşdu.

Bax, illər sonra özümün də tanıyıb dostlaşacağım, çox sevdiyim Əli müəllim haqqında ilk dəfə elə o zaman atamdan eşitmişdim.

Atamsa təfsilatı ilə belə nəql edirdi: – Yardımlıya, rayponun sədri (ticarət müəssisələrinin rəhbəri) Əli Quliyevin yanına getdim. Vəziyyəti danışıb ehtiyacımızdan agah etdim. Aylıq tələbatımızı soruşdu. “Bir kisə un bəsimizdi”, – dedim. O da sağ olsun, elə həmin an göstəriş verdi ki, məni əli dolu yola salsınlar. Ticarət müdirinə tapşırdı ki, Vərgədüz kəndinin mağazasının aylıq un bölgüsünü əlavə  iki kisə də artırsın. Məni göstərib: – Bu kişi üçün, – dedi. Sonra da mənə tərəf dönüb: – Ay eloğlu, bir kisə sənin ailənin, yaxşı, bəs qonaq-qaranı, sənə üz tutanları nəzərə almırsan? – deyə mənalı-mənalı xəbər aldı.

Qərəz, atam artıq nəzərimdə böyüyüb əlçatmaz olan bu xeyirxah insan haqqında bir xeyli tərif-təmayül edəndən sonra mənə tərəf dönüb:

– Hə, oğlum, – dedi, – bundan belə unu Vərgədüzdən sən gedib gətirəcəksən.

Həmin ili, ta ki, növbəti taxıl mövsümünə qədər Əli müəllimin ayırdığı un payımızı hər ay mən gedib Vərgədüzdən, Ruhullanın mağazasından alaraq kəhər atımıza yükləyib gətirirdim. İşinin bilicisi, cavan olmasına baxmayaraq rayon istehlak cəmiyyəti sədri kimi öz rəhbərliyi qarşısında etibar və hörmət qazanmasının nəticəsi idi ki, Əli müəllimin çalışqanlığı sayəsində Yardımlı o illərdə çörək qıtlığı çəkmədi, əhali aclıq təhlükəsi yaşamadı.

Əlbəttə, görünür, Əli müəllimlə atam elə əvvəlcədən bir-birilərini tanıyırmışlar. Ancaq azmı adamlar vəzifəyə keçəndən, əllərinə düşən vəzifədə pillə-pillə irəliyə yüksələndən sonra köhnə tanışlarına “o biri dünyadan gələnlər kimi” baxıb, heç üzlərinə baxmaq da istəmirlər. Əli müəllim isə elə kişilərdən deyildi. Öz müşahidələrim və eşitdiklərimdən: – O kişi vəzifədə yüksəldikcə, imkanları artdıqca sifətindən, daha da artan gülümsər çöhrəsindən ətrafındakılara məhəbbət payı da çoxalırdı.

 

lll

 

Binayi-qədimdən  kəndlərimiz, yurd yerlərimiz öz abadlığının, firavanlığının göstəricisi kimi həm də adlı-sanlı, yaxşı kişilərin saldırdıqları mülklər, malikanələr ilə də tanınıb və o adlı-sanlı, qoçaq kişilərin də əlinə fürsət düşdükdə, imkanları yarandıqca ilk işlərindən biri də gözəl malikanələr tikdirmək olub.

Zamanın gərdişi dəyişdikcə bu ənənələrə yanaşmanın da tərzi dönüb, rüzgarın özü kimi çevrələnib. Zəmanəmizdə kəndlərdən rayon mərkəzinə vəzifəyə irəli çəkilənlər bir yana, xırda, bap-balaca məmurların da ilk işi (kommunal mənzillə təmin olunmaq öz yerində) babat bir torpaq sahəsi əldə edib elə o rayon mərkəzində dəbdəbəli fərdi mənzil inşa etdirmək olur.

Əli müəllim də lap gəncliyindən kənddən gəlib rayon mərkəzində, həm də rəhbər vəzifələrdə çalışmışdı. Ancaq özünə doğulub boya-başa çatdığı doğma kəndində yurd salıb ev-eşik düzəltmişdi. Keçmiş kişilərdən qalma o yaxşı ənənələrə sadiq qalmışdı. Rayon mərkəzindən aralı, Peştəsər sıra dağlarının sinəsindəki Qavaq – dibində, bir yolun belindəki təpənin üstündə, yastanda binə salıb özünə ev tikmişdi.

Kişinin evi olar da!.. Əli müəllimi öz doğma kəndində tikdirdiyi  indilərə görə alababat evini o  vaxtlar, yəni səksəninci illərdə bədxahlar “minimum yaşayış normasından” artıq hesab eləmiş, kişini dilə-dişə salmışdılar...

Səksəninci illərin ortalarında kommunist əxlaqına zidd bilib “özünə imarət tikdirmisən”, – deyə bu xeyirxah insanı cəzalandırıb uzun illər çalışdığı vəzifədən kənarlaşdırdılar.  “Güclü bəndələrin” Əli müəllimi öz işindən, rayon istehlak cəmiyyətinin sədri vəzifəsindən “düşürdükləri” bir yana, min əziyyətlə, alın təri ilə kərpic-kərpic tikdiyi, elin-obanın, yaxın-uzaq ellərdən oralara yolu düşən, qonaq olub çörəyini kəsənlər həmin evini-eşiyini komissiya-komissiya dalınca həftədə bir dəfə arşın götürüb yoruldum demədən aylarla hey  ölçüb-biçirdilər.

Dağın yalını bəzəyən o qonaq-qaralı evdə illər sonra vəzifəli bir dostumuzla mən də Əli müəllimin qonağı olanda hey ətrafa, evin sağına, soluna göz gəzdirir, bu dudimana görə Əli müəllimin bir vaxtlar qınaq obyekti olmasına nəsə bir səbəb, kiçik bir vəsilə axtarırdım. Hə, nəhayət ki, fərqi tapdım. Bu yığcam, səliqəli evin o illərdə gördüyümüz, alışdığımız mülklərdən  fərqi bu idi ki, bu evin qonaqları üçün əyləşməyə, çörək yeməyə ayrıca ortabab bir salonu və o salona ailədən kənar girib-çıxmaq üçün ayrıca bir giriş qapısı vardı...

Danışılıb deyilən belə bir hədis var. Deyirlər ki, uca Yaradan iki halda gülər: o böyük Yaradanın yıxmaq istədiyi birisini bəndələri güc vurub ayağa qaldırmaq istəyəndə, bir də şənini uca tutduğu birisini bədxahlar yıxmaq qəsdinə düşəndə..

Əli müəllimi vəzifədən uzaqlaşdırsalar da, nə yaşayış tərzi  dəyişdi, nə də verən uzun əli qısaldı.

“Ağıllılar” kooperativ hərəkatına rəvac vermişdilər. Əli müəllim də yeni başlanan bu  hərəkatın ilk iştirakçılarından oldu. Dağların döşündə 20 hektar torpaq sahəsi götürüb ərazini daşdan, koldan-kosdan təmizləyib yararlı hala salaraq “min dərdin dərmanı” olan sarımsaq əkdirdi. Onlarla ailənin normal iş fəaliyyətinə şərait yaradan bu ilk kiçik kooperativ əldə etdiyi böyük gəliri ilə də rayonda səs-sədaya səbəb oldu.

Əli müəllim əvvəldə də dediyim kimi, əliaçıq adam idi. Sonralar yenidən Yardımlıda vəzifəcə rayonun birinci şəxsi olanda da öz ənənələrinə sadiq qalaraq səxavətindən qalmazdı. Kişiyə “bədxərclik etməyin, həmişə sizə ağırlığımız düşür”, – deyənlərə gülə-gülə:

– Xərclədiyim rəhbər vəzifə qazancından deyil, vallah, Allah bu sarımsağa bərəkət versin. Almanlar iyirmi hektar sahənin bir illik məhsuluna o qədər pul veriblər ki, indi neçə ildi ailəlikcə xərcləyirik, qurtarmaq bilmir, – deyərdi.

Bu, həqiqətən belə idi. Vəzifədən kənarlaşdırılsa da, bu el qayğılı kişinin nə “neynim”, “necə eləyim” deməyi oldu, nə də əvvəlki səxavətindən qaldı.

Səxavəti uzandıqca uzandı...

 

lll

 

Bakıda bir neçə günlüyə ezamiyyətdə idim. O zamanların ünlü mehmanxanalarından birində düşmüşdüm. Yay imtahan sessiyasında olan kiçik qardaşım Mehmana da yanımda yer almışdım. Nə gizlədim, kiçik qardaşıma diqqət göstərməklə yanaşı, həm də özümü də ona, necə deyərlər, bir balaca göstərmək istəyirdim.

Bir axşam qardaşımı da götürüb sorağı paytaxtımızdan da uzaqlarda məşhur olan bahalı restoranlardan birinə yollandıq. Elə içəri girən kimi salonun ən gözə gələn yerində Əli müəllimi də üç-dörd nəfərlə stol arxasında oturan gördüm. Hərçənd süfrə üstə caiz olmasa da, elə-beləcə ötüb keçə bilmədim. Yaxınlaşıb görüşdüm, hal-əhval tutdum.

“Süfrəyə buyurun”, dedi. Onlarla birlikdə oturmağımızı təkid elədi. Ancaq mən uyğun bilmədim. Stolun üstündəki yeməklərini yeyib yarıdan keçirmişdilər. Üzrxahlıq edib keçib bir kənarda, başqa stolda əyləşdik.

Oturanda əlbəəl düşündüm ki, əsl fürsətdi. Mərifət göstərib kişini başına toplayıb nahar etdiyi ətrafı ilə qonaq eləyərəm. Yeməyimizi sifariş verəndə xidmətçi oğlana bu istəyimi bildirdib, yan tərəfdəki stolun, yəni Əli müəllimin əyləşdiyi stolun hesabını onlara bildirmədən mənə gətirməsini xahiş elədim.

Xidmətçi oğlan: – Baş üstə, – deyib getsə də, bir azdan dönüb artıq süfrədən qalxmaqda olan qonaqların nəinki öz hesablarını, hələ yeməyimizi bitirməsək də, bizim də hesabımızı ödədiklərini bildirib üzrxahlıq elədi.

Stolundan qalxan Əli müəllim sağollaşmaq üçün bizə yaxınlaşdı. Utana-utana gah sağa, gah da sola baxan, baxışlarını kişinin nüfuzlu nəzərlərindən yayındırmağa çalışan “həmsüfrəmi” göstərib:

– Qardaşındı? – soruşdu.

– Kiçik qardaşımdı, universitetdə oxuyur, imtahan sessiyasındadı, bir-iki günlük özümlə gəzdirib dolandırmaq istəyirəm, – deyə tanışlıq verdim.

Əli müəllim həmişə gözündə gəzdirdiyi, azacıq kölgəli eynəyinin altından xəfifcə gülümsədi:

– Çox yaxşı da eləyirsən, Allah salamat eləsin, yaxşı oğlana oxşayır, – deyib ağayana bir tərzdə dilləndi. Sonra da nə sənə, nə mənə, əlini cibinə salıb pul çıxartdı. Qardaşıma, Mehmana: – Al qoy cibinə, bir yüngülvari xərclikdi, – deyə pulu ərklə uşağa uzatdı.

Atamdan və hərdən “səxavətim” cuşə gələndə bir də məndən başqa kimsədən indiyəcən belə şey görməyən Mehman özünü bərk itirmişdi:

– Yox, ala bilmərəm, sağ olun, çox sağ olun, – deyə-deyə bir az da geriyə çəkilirdi.

Mən də səxavət əhli olan bu kişiyə razılıq edə-edə:

– Nə zəhmət çəkirsiniz, ay Əli müəllim, – dedim, siz Allah, narahat olmayın, ehtiyac yoxdu...

Əli müəllim:

– Bilirəm, bilirəm, şükür Allaha, cibin ruzuludu, öz imkanına nə gəlib. Qardaşına belə qayğı göstərdiyinə görə də sağ ol. Ancaq indi mənim verdiyimin qədəri bir şey olmasa da, bərəkəti çox olar. Mən bu pulu ona ehtiyacı üçün yox, mərifəti üçün verirəm. Uşağın yadında sənin verdiklərindən daha çox mənim bu verdiyim  qalacaq, – deyib gülə-gülə əlindəki pulu təkidlə oğlana uzatdı.

Daha etiraza yer yox idi. Mən də qardaşıma tərəf dönüb:

– Al, Mehman, Əli əminin əlini geri qaytarmaq, verdiyini almamaq olmaz, – dedim.

Bərk pörtmüş Mehman bir gözü məndə, bir gözü də Əli müəllimdə kişinin uzatdığı pulu aldı.

Əli müəllim hələ də özünəməxsus tərzdə, eləcə şirin bir təbəssümlə gülümsəyirdi...

...Bu səxavətli kişinin cibinə pul qoyub həm maddi durumunu, həm də könlünü xoş etdiyi ali məktəblərdə təhsil alan, elm yolunu tutan yüzlərlə gəncdən bəlkə də biri idi qardaşım...

Sağollaşıb ayrıldıq. Bax, beləcə əlimə düşən bu fürsəti də bada verdim, kişi mənə qulluğunda durmağa imkan vermədi. Daha doğrusu, Əli müəllim yenə məni qabaqladı. “İşləməsə” də, vəzifəsi əlindən alınsa da mən “vəzifəlini” qonaq elədi, tələbə qardaşımdan da səxavətini əsirgəmədi.

Əli müəllim uzaqgörən kişi imiş. Bu yaxınlarda üç-dörd nəfərlik yaxın bir məclisdə qardaşımın Əli müəllimin bir vaxt bizi necə qonaq etməsindən, güclə ona necə cib xərcliyi verməsindən ağız dolusu, gen-bol danışdığının şahidi oldum. Mənim isə “İnturistdə” ona sərasər üç gün ayrıca otaq tutduğumdan, xidmətində durub bir ətək pul xərcləməyimdən kəlmə də kəsmədi. Bir yana baxanda elə düz də edirdi. Qardaş qardaşın xidmətində durar da...

 

lll

 

Aqillərimizin, ulularımızın kəlamıdır: “Su gələn arxa bir də gələr”. Cəmiyyətin təlatümlər içində çalxalandığı vaxtlarda, yenicə əldə etdiyimiz müstəqilliyimizin tükdən asılı olduğu, yalnız xalqımızın xilaskarı Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə tarix səhnəsində öz daimi, qayım-qədim yerini tutan dövlətçiliyimizin o çətin günlərində Yardımlıya da rəhbərlik etmək Əli müəllimə tapşırıldı. Çətin günün bu kişisi öz el-obasının həm öncülü, həm ağsaqqalı kimi bir daha mücadiləyə girişdi. Rayonu yaman dilə-dişə düşməkdən qorudu. Adamların diqqətini saf bir inama, müstəqil dövlətimizə, onun qurucusuna ehtiram və etibar ünvanına yönəltdi. Sevdi, sevildi.

 

lll

 

Eşitdim ki, xəstələnib. Bakı şəhərində bir vaxt rus Kirovun adını daşımış institutda (xəstəxanada) müalicə olunur.

Baş çəkmək üçün işdən icazə alıb Bakıya gəldim. Günortaya yaxın müalicə olunduğu xəstəxanaya çatdım. Xəstəxananın girişində, dəhlizdə ağ xalatda növbə çəkən xanımlara yaxınlaşıb gəlişimin  məqsədini, bu müalicə ocağında tədavül olunan Əli müəllim adlı dostumun yanına, ona, necə deyərlər, “keçmiş olsun” deməyə  gəldiyimi bildirdim. Xanımlardan biri qabağa düşüb: – Buyurun, keçin, Əli müəllimin otağını sizə göstərim. İrəlidə gedə-gedə: – Bu gün də yanına xeyli adam gəlmişdi. Birisi elə sizin qabağınızca çıxdı. Dönüb üzümə baxıb: – Deyəsən, bu kişinin yanına gələnlərin hamısı elə bir-birini də tanıyır. Cavab gözlədi. Dillənmədim. Ürəyimdə “axı sənin nəyinə lazım kim-kimi tanıyır. Bunlar söz salıb məlumat qoparmaqda dəlləkləri ötüblər”, – deyə düşündüm...

Gəlişimdən xəbəri yox idi. Necə deyərlər, qapını döyüb anaxabərdən içəri girdim. Bir anlıq çaşıb qaldı. Yanından “yel keçəndə” belə yorğanı ikiəlli qucaqlayan bəzilərindən deyildi. Uzanıb eləməmişdi. Pəncərənin qabağında qoyulmuş qoltuqda əyləşmişdi. Elə bil kabinetində idi, indi də kiminsə içəri girəcəyini gözləyirdi.

Əli müəllimin belə rəsmi oturuşu ani olaraq xatirimə nə vaxtsa eşitdiyim bir əhvalatı saldı. Ötən zamanlarda Lənkəran qəzasının pristavı Cəngəmiranlı İbadulla bəyin yaşının ixtiyar çağları imiş. Çavuşu qapını döyüb bəyin otağına daxil olur. Baxır ki, hər tərəfi xalı-xalça ilə döşənmiş otağın baş tərəfində bəy bardaş qurub elə oturub ki, sanki divarlar boyu döşənmiş naz balışların üstündə əyləşmiş qulluğunda çalışan onlarla adam gözlərini ona zilləyib.

Çavuşu deməli sözünü deyib geri dönür. Qapıya çatanda nə fikirləşirsə geri çevrilib, yerindən qımıldanmadan elə o vəziyyətdə oturan ixtiyar kişiyə bir də baxır.

Bəy də:

– Çavuş, nədi, yenə nəsə bir sözünmü var? – deyə soruşur.

Çavuş:

– Bəy, cəsarət edirəm, ancaq dilim üstə gəlib, rüsxət verin, ürəyimdə qalmasın, qoy deyim. Otaqda yalqız oturmusunuz. Axşam düşür, bir kimsənin də yolunu gözləmirsiniz. Yaşlı kişisiz, o yanınızdakı mütəkkəni çəkin qolunuzun altına, rahatca dirsəklənin, bir hovur dincəlin də, – deyir.

Bəy çavuşunu diqqətlə süzüb:

– Çavuş, kimsə gəlməz dediyində yəqin kənar şəxsləri, qulluğa, divana gələnləri nəzərdə tutursan. Orası elədi, indi, günün bu vədəsində yəqin ki, kənardan gələn olmaz, gələn olsa da xəbərdarlıqsız içəri girməz. Ancaq, bəs ailəm, uşaqlar, evin xanımı? Onlara nə deyirsən. İndi deyirsən ki, günün günorta çağı uzanıb mütəkkəyə dirsəklənib arvad-uşaq yanında xəcil olum? Eləmi?.

Belə bir cavabdan sonra pərt olmuş çavuş üzr istəyib bəyin otağından çıxır...

...Oturduğu yerdən qalxdı. Özünə məxsus diqqət və mehribanlıqla kefimi soruşub əyləşməyə dəvət elədi. Bir xeyli hal-əhval tutub ordan-burdan söhbət elədik. Hiss edirdim ki, mənim bu xəstəxana mühitində, yanında çox qalmağımı istəmir. O, hər dəfə “işin-gücün çoxdu, gəlmişkən, vaxtdan istifadə elə, vacib işlərin olar, lazımı yerlərə dəy, yubanma get”, – deyə məni yola salmaq istəyir, mən də yeni bir mövzu ilə araya təzə söz qatıb vaxtı uzadır, hörmət bəslədiyim bu insanın yanında bir az da artıq qalmaq, onunla daha çox ünsiyyətdə olub ağrı-acısını yüngülləşdirmək istəyirdim...

Birdən mənə tərəf dönüb:

– Rayondan çoxdan çıxmısan? – deyə soruşdu.

– Bu gün sübh tezdən, – deyə mən də cavab verdim.

– Muğandan keçəndə yağmırdı?..

Biləsuvar rayonunda Yardımlının qışlaqlarda olan elat camaatından rayon rəhbəri kimi nigaran olduğunu təxmin elədim:

 – Yox, yağış nə gəzir. Quraqlıqdır, hava da ki, oralarda elə bil yaz havasıdı, milçək atlanır, – dedim.

Azcana duruxdu. Sonra çöhrəsini təəssüf qarışıq bir nigarançılıq hissi bürüdü.

– Səndən qabaq yanıma bir təsərrüfat rəhbəri gəlmişdi. Deyirdi ki, Muğana bir leysan tökdü ki, gəl görəsən. Sel basdı düzü-dünyanı, yudu apardı ye obanı, arxacı, quzu küzlərini. – Azca duruxdu, bir də mənə baxıb köks ötürə-ötürə:

– Olmayan vaxtlarım, eh, zalım balası getdi olan-qalan mal-qaranı da satmağa...

...Hər şeyi bilirdi, ətrafındakıların hər bir hərəkətini duyur, görüb anlayırdı. Lakin dərin ağlı, böyük ürəyi, alicənablığı isə görüb duyduqlarını insanların üzünə vurub onları utandırmağa, layiq olduqları “xırdalıqları” onların özlərinə anladıb üzlərini “qızartmağa” imkan vermirdi.

 

lll

 

Lerikdə çalışdığım illərdə günlərin birində bizim region üzrə “yuxarılarda”  məsul olan səlahiyyətli bir vəzifə sahibi məndən:

– Yardımlının icra başçısı Əli müəllim sizin nəyinizdi? – deyə ciddi tərzdə soruşdu.

Sual bir qədər gözlənilməz, həm də naqolay olduğu üçün azacıq karıxıb duruxdum. Sonra da:

– Əli müəllimlə heç bir qohumluğumuz yoxdur, – dedim. – Ancaq o kişi elimizin-obamızın ağsaqqalıdı. Hörmət bəslədiyim, sevdiyim bir şəxsiyyətdi.

Müsahibim Əli müəllimə qohumluğum çatmadığına inanmadı. Qətiyyətlə:

– Ola bilməz, – dedi, – nahaq gizlədirsən. Burada nə var ki, qohumun olanda nə olar, – deyə israrla soruşmaqda davam elədi.

Mən də:

– Sizə nə üçün yalan söyləməliyəm ki? – deyə bir də təkrar etdim. – Əli müəllimlə bir el ağsaqqalı kimi fəxr edirəm. Çoxuyla olduğu kimi mənə də dost insandı. Qohumum olsaydı, ikiqat fəxr edərdim və indi bunu söyləməkdən də qürur duyardım.

Həmsöhbətim bu sorğu-sualdan nigaran qaldığımı hiss edib:

– Siz Allah, ürəyinizə başqa şey gəlməsin, – dedi. – Mən sizin rayondan qabaq Yardımlıda idim. Əli müəllim oradan çıxıb bura gələcəyimi biləndə məndən dönə-dönə xahiş elədi ki, – mənim işimdə nə əyər-əskik olsa baxın, öz işinizdi, ancaq sizdən bir xahişim var; Novruza qarşı bir az diqqətli olun, cavandı... Kişinin məndən canıyananlıqla belə ürəkdən rica eləməsi, siz sarıdan doğmalar kimi nigaran olmasından mən də belə düşündüm ki, yəqin yaxın qohumunuzdu. Sonra burasını da əlavə etdi  ki, bəs heç ağlıma gəlməzdi, bir vəzifə yiyəsi öz işindən, özündən qabaq başqası üçün bu dərəcədə narahat olub xahişçi düşsün...

 

lll

 

Əli müəllim el-obasının şərəfi naminə lazım gələndə hər şeyini qurban verməyə hazır olan məğrur, fədakar şəxsiyyət idi. Onun bu  dəyanətinin də şahidi olmuşam.

O vaxtların elitasından adını çəkmək istəmədiyim bir məmuru rayonda bir siyasi kampaniyanı təşkilatlandırmağa köməklik məqsədi ilə  bölgəmizə göndərmişdilər.

“Dostumuz” yolunu ilk  başdan biz tərəfə salmışdı. Lazım bildiyimiz şəxsləri bir araya gətirib bir toplantı keçirtdik, görəcəyimiz işlərin daha ətraflı şərhi üçün sözü yuxarıdan göndərilən “siyasiyə” verdik. O, öz çıxışını qarşıya qoyulmuş məsələyə, onun şərhinə daha çox yönəltmək əvəzinə, əldən düşüb yorulanadək o ki, var özünü öydü. “Yorulanadək” dedim, burası bir qədər dəqiq olmadı. Çünki əslində o özünə məftun olub, o qədər qızışmışdı ki, sözünün ölçüsünü, sərhədini aşmışdı. Salondakılardan biri dözməyib yerindən qalxaraq hiddətlə:

– Siz bura özünüzü tərifləyib təbliğ etməyə, öyməyə gəlmisiniz, yoxsa ümumxalq əhəmiyyətli vacib bir məsələ ilə bağlı iş görməyə? – deyə natiqin “çıxışını” yarımçıq kəsdi. – Ya mövzuya keçin, dəyərli fikirləriniz varsa söyləyin. Yoxsa bu nədir, yorulub əldən düşdük, bizim də səbrimizin bir həddi var. Zalda özündən razı “qonağa” adətimizə caiz olmasa da, axır ki, öz yerini göstərən birisi tapıldı.

“Dostumuzsa” yerdən edilən bu sərt “iradı” da heç vecinə  almayıb daha yarım saat əvvəlkindən də uca səslə “guruldayaraq” nitqinə davam etmiş, axır ki, “dərin fikirlərinə” birtəhər nida qoyub sonra da özündən razı halda şəstlə keçib yerində oturmuş,  dəsmalını çıxarıb pörtmüş, girdə sifətinin tərini silmişdi.

“Qonağımız” tədbir başa çatandan sonra  Əli müəllimə telefon açıb proqram üzrə əvvəlcədən nəzərdə tutulan qaydada Yardımlıya gələcəyini, belə bir tədbirdə orada da iştirak edəcəyini bildirdi.

Ancaq az sonra məlum oldu ki, qonağımız öz iş planında dəyişiklik etməli olacaq. Çünki ertəsi günə – sabaha ölkənin baş şəhərində rayonların vəzifəcə birinci şəxslərinin toplantısı nəzərdə tutulmuş və biz də o mühüm tədbirə  dəvət olunmuşduq.

Məsələnin gün kimi aydın olmasına, elə bu siyasətçi “dostumuzun” da o mühüm tədbirə qatılmağa borclu olmasına baxmayaraq, o, qonşu rayona,

Əli müəllimə təkrar zəng vurub: – Mən Yardımlıya gəlmək, sabah orada tədbir keçirmək istəyirəm, – deyə israrla təkid etməyə başladı.

Son dərəcə diqqətli, həmişə qonaqlı-qaralı olub o qonaq-qarası yolunda canından keçməyə belə hazır olan Əli müəllim telefonun o başından:

 Ay qardaş, gəlirsinizsə, xoş gəlib, səfa gətirirsiniz, buyurun gəlin, gözümüz üstdə yeriniz var. Nə olar, tədbirlərimizi də keçirərik. Ancaq iş bundadır ki, axı, sabah biz Bakıda olmalıyıq, yəqin sizin özünüzü də mərkəzə dəvət ediblər. Buradakı tədbirə görə paytaxta yollanmamaq, o tədbirə qatılmamaq isə  bizim səlahiyyətimizdə deyil. Mənim rayonda olmamağımdan inciməzsinizsə, heç sabahı gözləməyin, elə indicə çıxın gəlin. Gecəni də bizdə keçirərsiniz. Atalarımız demişkən, “ev yiyəsi evdə olmasa da, ev ki, yerindədi”, – deyə kişi bir qədər də nəvaziş göstərir, ehtiyatlanırdı ki, özünün olmayacağı təqdirdə nəsə birdən qonağın ürəyincə olmaz, incik düşər...            Dostumuzsa elə hey: – Mənə tapşırıq verilib, gəlməliyəm də, toplantımı da keçirməliyəm, – deyərək inad göstərir, Əli müəllimin yerli-yataqlı izahatlarını “öz məntiqi” ilə ölçdüyündən anlamaq fikrində deyildi.

Axır ki, mən də müdaxilə edəsi oldum:

– Ay müəllim, nahaq belə təkid edirsiniz, indi axşamdı. Günün bu vədəsində burdan yola düşmək, iki-üç dağ silsiləsini aşıb, qonşu rayona gedib orada gecə ikən toplantı keçirməyi çatdırmazsınız. Digər tərəfdən, siz də sabah Bakıdakı tədbirə qatılmalısınız. Kişini nahaq yerə nigaran-narahat qoymayın. Gecəni burada, bizdə qalın. Sübh tezdən çıxıb paytaxta gedərik. Tədbir günortaya nəzərdə tutulub, yəqin çatdırarıq. Yardımlıya isə birisi gün, o biri gün də gedə bilərsiniz, – deyə canımı dişimə tutub “müdriklik” göstərir, məsləhət verirdim.

“Dostumuz” deyinə-deyinə olsa da axır ki, mənimlə birtəhər razılaşdı. Əli müəllimə də bu barədə məlumat verib sabah Bakıda  görüşüb danışarıq, – deyə kişini arxayın saldım.

 

lll

 

Mötəbər məclisin başlanmasına bir neçə dəqiqə qalmış biz iştirakçılar iclasın keçiriləcəyi zalın gözləmə salonuna toplaşmışdıq. Elə bir salona ki, orada nə ucadan danışmaq olar, nə də ağzından artıq-əskik bir söz çıxartmaq...

Dünənki “qonağımız” da burada idi və o, Əli müəllimlə üz-üzə gələndə kinayə ilə qayıtdı ki, əşi, bəyəm mən siz tərəflərə kefə-damağa gəlirdim?..

Sonra da elə bir ağır söz işlətdi ki, bir anda mülayim, son dərəcə təmkinli, ədəb, mərifət nümunəsi olan  Əli müəllim  necə də haldan çıxdı. Sonun nə ilə qurtaracağını  nəzərə almadan  danışığına sərhəd qoymayan, özündən razının üstünə yeridi, nə yeridi:

– O dediyin kef-damaq çəkməyə, sənin bir vaxt atalarının qaçıb gəldiyin yerlərə gedirlər, filan-filan şüdə... – deyə coşub kükrədi...

Səhvə yol verdiyini anlayan “şəxs” kəkələyir, sözünü gəvələyir, yasalayıb vəziyyətdən çıxmağa çalışsa da, təmkini, səbri ilə çox böyük örnək olan Əli müəllim onun sözlərini uda bilmir, öz vəzifə karyerasını ciddi təhlükəyə atıb yersiz danışan yetkilini yıxıb sürümək istəyirdi. Elə halda idi ki, bizim onu sakitləşdirmək üçün çabalarımız da heç bir nəticə vermirdi. Yaxşı ki, yığıncaq salonunun qapıları o anda açıldı və biz də içəri keçəsi olduq. Tərslikdən burda da yeri bizimlə üz-üzə düşən o “siyasi”, kişinin hələ də sakitləşmək bilmədiyini hiss edib oturar-oturmaz tez stulundan  qalxıb salonu tərk elədi. Daha yığıncaqda iştirak etmədi, dabanına tüpürərək başın götürüb qaçdı e...

El-oba təəssübkeşliyinin, doğulduğu torpağın qeyrətini çəkməyin, yox, yox, bu söz bir qədər zəif səslənir,  fəda olmağın, o ecazkar səhnəsi hələ də gözlərim önündədir, yaddaşımdan silinməyəcək və həm də rəhmətliyin əbədi dərsi hələm-hələm unudulan deyil...           lll

Çox səliqəli xətti vardı. Sözləri ağ vərəqə muncuq kimi düzərdi. Görüşlərimiz zamanı, təmasda olduğumuz vaxtlarda hiss edirdim ki, ardıcıl qeydlər aparır.

Bir dəfə iş otağında, görüşəndə stolunun üstündə qalın bir dəftər gördüm. Otağa üçüncü bir adam da gəldi. İşlə bağlı. Mənimlə üzrxahlıq edib əməkdaşını dinləyib elə ayaqüstü tapşırıqlarını verdi. Bu müddətdə arada həmin dəftərində qeydlər də apardı. Səhifələri artıq yarıdan ötmüş qarşısındakı bu dəftər illərdən bəri vəzifə daşıyan, insanlara yol göstərən, onların xeyirxahı olan bu mərd, dəyanətli kişinin, Allah bilir, indiyənəcən yazıb doldurduğu neçənci dəftəri idi...

Şübhə etmirəm ki, indən belə övladları, nəvələri o qeydləri vərəqlədikcə həyatın yaxşı-yamanından çox şey götürüb öyrənəcəklər. Günlərin bir günü onlardan biri elə o qeydləri oxuya-oxuya o böyük insan haqqında, onun həyata, dünyaya, adamlara baxışı, ömür yolu barədə sanballı bir əsər yazacaq...

 

lll

 

Daha çox yaxşılar bu həyatın yerli-yersiz, haqlı-haqsız imtahanlarına tuş gəlirlər.

...Nə vaxtsa oğlu etmədiyi bir günaha görə kiminsə “babalını” yumalı olmuş, güdazına getmişdi. Kişi çox böyük sarsıntı keçirirdi. Amma çəkdiklərini üzə vurmur, büruzə vermirdi. Çalışdı, hər əziyyətə qatlaşdı, haqqın, ədalətin qələbəsi naminə axıradək vuruşdu və axır ki, sonda sevimli oğlunu nahaq şərdən qurtara bildi.

 

lll

 

...Bir müddət idi ki, Əli müəllimdən xəbərim yox idi.

İş yerimdə oturduğum yerdə hansı hissin təsirindənsə birdən-birə kişi yadıma düşdü. Bu dəfə qoy ağsaqqalı mən qabaqlayım, zəng vurub hal-əhval tutum, – deyə fikirləşib telefonu qaldırdım. Mobil nömrəsini yığdım. Əlbəəl də cavab verdi. Salamlaşıb kefini-əhvalını soruşdum. Bu dəfə adətinə xilaf çıxıb böyük qardaş, ata qayğısı ilə nə isə uzun-uzadı həmişəki canıyananlıqla ailəni, uşaqları, nəvələrimi adbaad xəbər almadı. Səsində nəsə bir yorğunluq, ağırlıq, həm də bir kədər-qüssə olduğunu hiss etdim. Nigarançılığım daha da artdı.

Əli müəllim, deyəsən, rayonda deyilsiniz, hardasınız? – deyə narahat-narahat soruşdum.

Səsi sanki yorğun idi:

– Bakıdayam, – dedi.

– Nə olub, xeyirdimi?. Cavabının yubandığını hiss edib təlaşım bir az da artdı:

– İraq, olmaya xəstələnmisiz, nədir?

Narahatçılığımı hiss eləmişdi. Aram, toxtaq bir səslə:

– Əşi, elə bir şey yoxdur, – dedi, – böyrəklərimdə bir az nasazlıq hiss elədim. Gəldim ki, özümü bir yoxlatdırım. Narahat olma, heç bir ciddi şey yoxdur, keçib gedəcək, – deyə cidd-cəhdlə məni arxayınlaşdırmağa çalışdı.

Ona Allahdan uzun ömür, tez şəfa tapmasını arzulayıb xudahafizləşdim. Demə, bu həyəcanım əbəs deyilmiş. Elə ertəsi gün rəhmətə getməsi xəbərini eşitdim...

Sonra oğlu Sahibdən öyrəndim ki, mən ağsaqqala zəng vurub telefonla danışanda o da yanında imiş. Mənimlə sağollaşandan bir neçə saat sonra gözlərini əbədi olaraq yumub.

Heç kimsəni – əzizlərini, övladlarını, canından çox sevdiyi oğlu Sahibə belə qulluğunda dayanıb əziyyət vermədən keçinib.

Məsləkdaşlarından Kamal Aşurov deyir ki, o vaxtdan bəri yaxın dostları ilə anım günündə qəbri üstə gedib bu el ünvanlı kişinin xatirəsini yad edirlər.

Mən isə onu indi hər xatırlayanda öz-özümə düşünürəm ki, həmin anda Əli müəllimə zəng vurmaq istəyi görən birdən-birə məndə haradan imiş?

Yəqin bu da elə Tanrının qisməti imiş ki, çox sevdiyim, eyni zamanda elə mənim də xatirimi çox istəyən o kişinin son dəfə səsini eşitməliymişəm, beləcə onunla vidalaşmalıymışam...

 

 

Novruz NƏCƏFOĞLU

 

525-ci qəzet.-2012.-7 iyul.-S.28-30