Hüseyn Cavid irsinə diqqət və qayğı: parlaq ənənə davam edir

 

Yaşadığımız dünyada bir çox qeyri-adi, ağılagəlməz, heç kimin inana bilmədiyi hadisələr baş verib. 30-cu illərin dəhşətli günləri, dünyada qan-qan deyən faşist Almaniyasının məğlubiyyəti, SSRİ adlı məkanın bir an içində dağılması, erməni vəhşilərinin Azərbaycan və Türkiyə torpaqlarında törətdikləri soyqırımlar və bu kimi onlarla belə hadisəni yada salmaq olar. Bütün bunlarla yanaşı, bir də öz xalqını qorumaq, onun hüquqlarını müdafiə etməli olan dövlətin tam əks mövqedə dayanması, xalqının öndə gələnlərini, əhalisini səbəbi izah edilməyən zülmə məruz qoyması vardır. Zülm qurbanlarla nəticələnər. Bu baxımdan yaxın tariximizin bu faciəli siyasətinin qurbanları da çox olmuşdur. Onlardan biri, “repressiya” deyərkən ağıla ilk gələni və bəlkə birincisi Hüseyn Cavid əfəndidir.

 

Lakin görkəmli türk şairi Tövfik Fikretin bir misrasında deyildiyi kimi:

 

“Zülmün topu var, gülləsi var,

qələsi varsa,

Haqqın da bükülməz qolu,

dönməz üzü vardır”.

 

Bizim yazımız da elə məhz bu haqq barədədir. Həyatın çox qəribəlikləri var. 1937-ci ilin qurbanı olmuş bir şəxsiyyət, şair-dramaturq Hüseyn Cavidə olan münasibət (1956-cı ildə bəraət almasına baxmayaraq, ona qarşı hücumlar yenə də davam etmiş, adı yenə də qara siyahıda qalmışdır). 1981-ci ilin iyul ayında ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi  birinci hakimiyyəti dövründə görkəmli şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 100 illiyinin keçirilməsi haqqında imzaladığı qərardan sonra birdən-birə dəyişdi, qara qüvvələrin qarşısı alındı. Bununla da bu qərar ulu Cavidin 2-ci əsl bəraət sənədi oldu. Lakin Cavidə olan bu münasibət, bu diqqət və qayğı bununla bitmədi.

Hüseyn Cavidin ruhuna münasibətdə ən dramatik, ən yadda qalan hadisə 1982-ci ilin oktyabrında baş verdi. Kommunist rejiminin tüğyan etdiyi bir vaxtda məhz Heydər Əliyevin təşəbbüsü ilə böyük şairin cəsədinin qalıqları uzaq Sibirdən vətəni Naxçıvana gətirilərək ev-muzeyinin yaxınlığında əbədilik torpağa tapşırıldı. Sovet torpağında ikinci belə bir hadisə olmamışdır. Hələ indiyədək heç bir repressiya qurbanı soyuq Sibirdən qurtularaq vətənə dönməmişdi. Ulu öndər Heydər Əliyev bütün imkanları səfərbər edərək bu işi görə bildi. Cavidi 100 yaşının tamamında doğma yurduna qaytardı.

Cavidin cəsədinin qalıqları 1982-ci ildə uzaq Sibirdən vətəninə gətirildikdən sonra bu sensasiyalı xəbər keçmiş Sovetlər Birliyində Cavid irsinə marağı daha da artırdı. Bu maraq hətta yaxın, uzaq xarici ölkələrdə də diqqət mərkəzində oldu.

Bu məqssədlə özümün dəfələrlə şahidi və iştirakçısı olduğum bəzi xatirələri oxucularla bölüşürəm.

Onu qeyd edim ki, həmin vaxt Poltava Vilayətinin Novıye Sanjarı şəhərinin “Qızıl bayraq”  qəzetinin redaksiyasının şöbə müdiri Pyotr Mixayloviç Jabotinski, Litva SSR-in Kaunas şəhərinin ədəbiyyat muzeyinin direktoru Antanas Lauraytis, Qorki (indiki Nijni-Novqorod) şəhərindəki Maksim Qorki adına ədəbiyyat muzeyinin direktoru Tamara Rıjova, Belarusun paytaxtı Minsk şəhərindəki Yakub Kolasın ev muzeyinin direktoru Zinaida Nikolayevna Komarovskaya, Qırğızıstan SSR-in yazıçılar birliyindən, Tiflis Azərbaycan teatrından və hətta Kiyevdən, Krımdan, Dəşkənddən muzeyimizə məktublar daxil oldu və  bu məktublarda qeyri adi, ağılagəlməz hadisə haqqında onlara məlumat verilməsi xahiş olunurdu. Məktublarda ilk öncə “Bu cəsarətli addımı yalnız Heydər Əliyev ata bilərdi” deyə soruşurdular. Bu qeyri-adi hadisə barədə məktubların hamısına cavab verilərək onlara Cavidin gətirilməsinə aid foto-şəkillər və rus dilində Cavidlə bağlı nəşr olunmuş kitablar göndərildi.

1988-ci ilin sentyabr ayında Azərbaycan Mədəniyyət Nazirliyinin  göstərişi ilə mən Moskva şəhərində mədəniyyət işçilərinin ixtisasartırma  institutunda muzey işi üzrə bir aylıq kursda iştirak etdim. Mənimlə birlikdə Azərbaycanın görkəmli şairi Səməd Vurğunun Bakıdakı ev-muzeyinin direktoru, şairin qızı Aybəniz xanım Vəkilova da kursda iştirak edirdi.

İnstitutda dərslər başlayanda Türkmənistanın Aşqabad şəhərindən gəlmiş, mənimlə bir qrupda təhsil alan SSRİ Xalq Artisti, rejissor və aktyor Altı Karlıyevin xatirə muzeyinin direktoru Altın Karyaqdıyevna Ovezova mənim Hüseyn Cavidin ev-muzeyinin direktoru olduğumu bilib qeyd etdi ki, Türkmənistanın görkəmli sənətkarı Altı Karlıyev Bakıda teatr texnikumunda oxuyarkən Hüseyn Cavid ona dərs demişdir. O, hətta Türkmənistanın Aşqabad şəhərində 1982-ci ildə nəşr olunmuş Quvanç Keriminin “Altı Karlıyevin yaradıcılığı” adlı kitabını mənə göstərdi. Kitabın 16-17-ci səhifələrində Cavidlə bağlı bir bölümdə yazılmışdı:

“Teatr texnikumunda oxuduğu vaxt keçirilən dərslər Altının yaddaşında həmişə xoş xatirə kimi qalırdı. Xüsusən Azərbaycanın şairi, həm də dramaturqu Hüseyn Cavidin Şərq ədəbiyyatından oxuduğu leksiyalar çox maraqlı idi. Cavid həm Şərq ədəbiyyatını, həm də Qərb ədəbiyyatını çox gözəl bilirdi. Altının heyran qaldığı əsərlər “İblis” və “Şeyx Sənan” əsərləri idi. Altı Hüseyn Cavidin ərəb və fars dillərində səlis danışmağına valeh olmuşdu”.

Kitabın başqa bir səhifəsində bu sözlər vardı: “Bakıda oxuduğu dövrdə Altı hən gün teatra gedirdi. Hazırkı M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının səhnəsində dəfələrlə Cavidin “Dəli Knyaz”, “İblis”, “Şeyx Sənan” tamaşalarına baxmışdı”.

Həmin vaxt kurslarda dərslər keçiriləndə müxtəlif şəhərlərdən gəlmiş muzey direktorları öz işlədikləri muzey haqqında qısa məlumat verdilər. Növbə mənə çatanda Cavidin ev-muzeyi haqqında məlumat verdikdən sonra bir neçə kəlmə 1982-ci ildə Cavidin uzaq Sibirdən vətəni Naxçıvana gətirilməsindən və ulu öndər Heydər Əliyevin bu böyük şücaətindən danışdım. Bu məlumat çox maraqla qarşılandı. Tezliklə institutun rəhbərliyi özü bu işə qarışdı. Kurs rəhbərimiz çox görkəmli  muzeyşünas Anna Konstantinovna Lomunova həmin günün səhərisi mənə bildirdi ki,  institutun rəhbərliyi, rektoru məni görmək istəyir. Məni rektorla görüşdürdülər. Çox maraqlı adam idi. Əvvəl mənə Hüseyn Cavidin həyatı və yaradıcılığı barədə suallar verdi, sonra onun uzaq Sibirdən vətənə gətirilməsinin onu çox maraqlandırdığını dedi. Mən bu hadisəni danışdıqca o, qeyd edirdi. Mən Moskvaya getməzdən bir neçə gün əvvəl 7 vərəqdən ibarət kurs işi hazırlamışdım (bilirdim ki, tələb edəcəklər). Kurs işi ev-muzeyi haqqında idi. Kurs işinin bir bölməsi Cavidin vətənə gətirilməsinə həsr olunmuşdu. Həmin yazını da rektora təqdim etdim. İki gün sonra kurs rəhbəri Anna Konstantinovna Lomunova mənə bildirdi ki, günün ikinci yarısında institutun rektoru mənimlə görüşmək istəyir. Saat 3 tamamda məni qəbul etdi və bildirdi ki,  institutun rəhbərliyi qərara alıb ki, Hüseyn Cavidin vətənə gətirilməsi ilə əlaqədar institutda tədbir keçirilsin. Məndən xahiş etdi ki, köməklik edim. Yəni Naxçıvanla əlaqə yaradıb muzeyimizdən Cavidin gətirilməsinə aid bütün foto-şəkillərin, sənədlərin surətlərinin göndərilməsini xəbər verim. Mən elə də etdim. Naxçıvanla əlaqə qurdum. Eyni zamanda Bakıya Turan xanım Cavidə zəng edib bu tədbirin keçirilməsi barədə məlumat verib xahiş etdim ki, Məmmədcəfər Cəfərovun rus dilində, 1982-ci ildə nəşr olunmuş “Hüseyn Cavid” monoqrafiyasını mənə göndərsin. Turan xanım Cavid həmin kitabla yanaşı Hüseyn Cavidin rus dilində əsərlərinin 2 cildliyini də göndərdi. Mən göndərilmiş foto-şəkilləri, sənədləri və kitabları institutun rəhbərliyinə təqdim etdim.

İki gün sonra, günün ikinci yarısında  institutun geniş foyesində gözəl bir tədbir keçirildi. 6 lövhədən ibarət çox məzmunlu bir sərgi qurulmuşdu ki, bunların hamısı təqdim etdiyim materiallar əsasında idi. Aybəniz xanım Vəkilovanın (Allah ona rəhmət eləsin) çox böyük köməyi oldu. Mənimlə bərabər sərginin qurulmasında və şəkillər haqqında məlumatların rus dilinə tərcümə olunmasında mənə xeyli kömək etdi.

Mənə bildirdilər ki, tədbirdə SSRİ Mədəniyyət Nazirliyindən, A.S. Puşkin adına Ədəbiyyat Muzeyindən, A.S. Puşkinin Arbatdakı ev-muzeyindən, L.N. Tolstoyun Xamovnikdəki ev-muzeyindən, A.P. Çexovun Melixovadakı ev-muzeyindən nümayəndələr iştirak edəcəklər.

Tədbirdə kurs rəhbəri Anna Konstantinovna Lomunova, A.S.Puşkin adına ədabiyyat muzeyinin nümayəndəsi və mənim xahişimlə Altı Karlıyevin Aşqabad şəhərindəki xatirə muzeyinin direktoru Altın Karyaqdıyevna Ovezova çıxış etdilər. Tədbirin sonunda institutun rektoru çıxışında Heydər Əliyevin dahi şair-dramaturq Hüseyn Cavidə olan sonsuz məhəbbətindən və indiyədək heç bir kəsin edə bilmədiyi bu cəsarətli işdən danışdı. Çıxışının sonunda üzünü mənə tutub göstərdiyimiz köməyə görə öz təşəkkürünü bildirdi və qeyd etdi: “Siz fəxr edin ki, belə bir dahi şəxsiyyətin ev-muzeyinə rəhbərlik edirsiniz”.

Tədbirdən sonra institutun rektoru məni və Aybəniz xanımı kabinetinə dəvət etdi, bir daha ulu öndərin bu böyük şücaətindən danışdı və Azərbaycan xalqının çox zəngin mədəniyyətə və ədəbiyyata malik olmasından söhbət açdı. Onun yanında olan SSRİ Mədəniyyət Nazirliyinin nümayəndəsi də bizi xoş sözlərlə təbrik etdi.

Muzeyimiz keçmiş Sovet İttifaqı zamanı, yəni 1991-ci illərə qədər demək olar ki, bütün müttəfiq respublikalarda olan ədəbiyyat profili və ev-muzeylərinin əksəriyyəti ilə əlaqə saxlayırdı. Razılaşmalara görə Belarusun paytaxtı Minsk şəhərindəki Yakub Kolasın ev-muzeyində və Litva SSR-in Kaunas şəhərindəki ədəbiyyat muzeyində təcrübə mübadiləsində olmuş və həmin vaxt orada sərgi nümayiş etdirmək nəzərdə tutulmuşdur. Bizim Minsk və Kaunas şəhərlərində keçirəcəyimiz bu tədbirlər barədə “Yeni fikir” qəzetinin 23 mart 1990-cı il tarixli nömrəsində geniş məlumat verilmişdir.

1990-cı ilin əvvəllərində Belarusun paytaxtı Minsk  şəhərində 10 gün müddətində təcrübə mübadiləsində olaraq bu müddət ərzində özümlə apardığım Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən 12 lövhədən ibarət səyyar sərgini orada nümayiş etdirdim. Bu sərginin 2 lövhəsi Hüseyn Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən vətənə gətirilməsinə aid idi. Sərginin nümayişi böyük sensasiya yaratdı. Yakub Kolasın ev-muzeyinin yaxınlığında yerləşən və çox böyük bir ərazini  əhatə edən şəhər poliklinikasının rəhbərliyinin xahişi ilə həmin sərgi 2 gün poliklinikanın çox geniş foyesində nümayiş etdirildi. Bu maraqlı işə və tədbirə görə bizim bu işimiz Azərbaycan  Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırıldı.

Lakin 1991-ci ildə Sovet İttifaqı suquta uğradığından Litva SSR-in Kaunas şəhərindəki ədəbiyyat muzeyində belə bir tədbirin keçirilməsi baş tutmadı.

Son vaxtlar Hüseyn Cavidə olan böyük maraq istər qardaş Türkiyə Cümhuriyyətində, istərsə də İran İslam Respublikasında geniş yayılmışdır.

Türkiyə Cümhuriyyətindəki “Azərbaycan dramları (həmin kitaba Hüseyn Cavidin “İblis” faciəsi daxil edilmişdir) kitabın tərtibatçısı Zeynalabdin Makas “Hüseyn Cavid-ədəbi fəaliyyəti və “Topal Teymur” pyesi kitabının müəllifi Ərdoğan Uyğur, “Hüseyn Cavid və Türkiyə ədəbiyyatı” kitabının müəllifi Ənvər Uzun,  Cavidin “Uçurum” əsəri üzərində tədqiqat işləri aparan yazıçı Yusuf Gedikli, İran İslam Respublikasından Cavidin “Şeyx Sənan” əsərini tərcümə etmiş və həmin əsər üzərində geniş tədqiqat işləri aparan Tehran “Azadi” Universitetinin professoru, doktor Rəhim Əkbəri Cavuşi və Cavid haqqında silsilə şeirlər yazmış Hacı Məsud İbrahimi ilə yaxından əlaqələr saxlayırıq. Onların yaradıcılıqlarını ev-muzeyi vasitəsi ilə təbliğ edirik və qoruyuruq.

2007-ci ildə dahi şairin 125 illik yubileyi ilə əlaqədar Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilmiş tədbirlərdə də ev-muzeyi tərəfindən hazırlanmış “H.Cavid-125” adlı geniş məzmunlu səyyar sərgi Cavidin təhsil aldığı qədim İstanbul Universitetində, “Yeditepe” Universitetində, “Hoca Ahmet Yasevi” vakfında, Türkiye Yazarlar Birliyinin İstanbul şöbəsində və “Kazım Qarabəkir” Kültür Mərkəzində nümayiş etdirilmiş və böyük tamaşaçı marağına səbəb olmuşdur.

Dahi şairin qızı Turan Cavidin dediyi kimi, Cavid ocağının çırağını yenidən yandıran ulu öndər Heydər Əliyevin bu ailəyə göstərdiyi diqqət və qayğı bu gün yenə davam etdirilir.

Ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Hüseyn Cavidin anadan olmasının 125 və 130 illiyi ilə əlaqədar imzaladığı Sərəncamlar sübut edir ki, dahi şairə olan sevgi, maraq, qayğı daim diqqət mərkəzindədir.

 Naxçıvan Muxtar Respublika rəhbərliyinin də Cavidə, Cavidlər ailəsinə olan münasibəti unudulmazdır. Hüseyn Cavidin ev-muzeyinin 2000-ci ildə əsaslı surətdə təmir və bərpa olunması, muzey ekspozisiyasının yenidən qurulması, 2003-cü ildə Turan Cavidin Naxçıvanda 80 illiyinin təntənəli surətdə qeyd edilməsi, şair-dramaturqun 125 illik yubileyinin çox böyük təntənə ilə Naxçıvan Muxtar Respublikasında qeyd olunması, 2012-ci il 20 fevral tarixdə Hüseyn Cavidin 130 illik yubileyinin  Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar geniş, çox mühüm işlərin görülməsi nəzərdə tutulmuş, bu barədə tədbirlər planının təsdiq edilməsi Cavid irsinə göstərilən diqqət və qayğıdır.

 

 

Bəhruz AXUNDOV

Hüseyn Cavidin Naxçıvandakı

ev-muzeyinin direktoru,

Naxçıvan MR Əməkdar

Mədəniyyət işçisi

 

525-ci qəzet.-2012.-10 iyul.-S.7.