Yazıçının
obrazlı dili
ƏLİ
İLDIRIMOĞLUNUN YARADICILIĞI BARƏDƏ QEYDLƏR
Cahid İsmayıloğlu,
filologiya üzrə fəlsəfə
doktoru
www.cahidismayiloglu.com
Əli
İldırımoğlunun əsərlərini, haqqında
yazılanları mətbuatdan oxumuşdum, lakin onun şəxsiyyətinin,
simasının canlı şahidi olmamışdım. Xoş
bir təsadüf nəticəsində Əli
İldırımoğlu ilə yaxından tanış oldum,
ünsiyyət qurdum. Əbəs yerə deməyiblər ki,
insan ünsiyyətdə olarkən tanınır. Məhz mənəvi-əxlaqi
dəyərləri, ali keyfiyyətləri yüksək olan
nurlu insanlarla təmasda olanda adam böyük bir
aydınlığa qovuşur.
Əli
müəllim söhbət əsnasında dedi ki, mən Allah
adamıyam, Allahın sevdiyi bəndəsiyəm, Allahımdan
çox raziyam, elə ona görə də səni mənim
rastıma çıxartdı. Xeyli sevindim. Çünki mən,
Əli müəllimin çoxdandır axtarışında
olduğu bir işin həll edilməsində iştirak etdim və
bugünlərdə onu başa çatdırdım. Bu Əli İldırımoğlunun fəaliyyət
və yaradıcılığının internet məkanında
işıqlandırılması idi. İlk andan işə həvəslə
yanaşdım. Çox adamlarla işləmək imkanım
olub, hər dəfə belə nəticə əldə etmək
asan olmayıb. Əli müəllim dəqiq insandır.
Hətta o qədər dəqiqdir ki, qarşısındakı
nə edirsə etsin, onunla ayaqlaşa bilmir. Mən bunun
canlı şahidi oldum.
Təsir
altına asanlıqla düşən insan deyiləm, amma Əli
İldırımoğlunu tanıyandan, onunla ünsiyyət
qurandan, əsərlərini oxuyandan sonra gorürəm ki, mən
Əli İldırımoğlunun təsiri altına
düşə-düşə həyatı yenidən dərk
etmişəm. Hətta bu fikirləri, “Əli
İldırımoğlundan əvvəl mən, Əli
İldırımoğlundan sonra mən” kimi başlıq
altına almaq fikrinə də düşürəm. Səmimi
insanla öz aranda çoxlu bənzərliklər aşkar
edirsən, səmimiyyətdən kənarda bu mümkün
deyil. Mən Əli İldırımoğlu ilə həyatımın
müəyyən anlarında bənzərliklər də
tapdım. Hər dəfə daxilimdə özüm
özümlə danışanda, özüm özümlə
üz-üzə qalanda bu duyğularımı yazıya
köçürməyə cəhd etmişəm. İndi Əli
İldırımoğlunun qələmindən çıxan
sətirləri oxuyanda, həmən o daxilimdə
öz-özümlə danışdığım cümlələr,
dil və üslub yadıma düşür. Əli müəllimin
əsərlərini oxuduqca sanki insan daxilən yenilənir, mənəvi
və ədəbi stimul alır.
İlk
görüşümüzdən sonra onun əsərləri
ilə tanışlığa hekayələrindən
başladım. Oxuduqca duyğularımı qələmə
almaq istəyi oyandı məndə. Yavaş-yavaş hiss
edirdim ki, yazı üslubum Əli İldırımoğlunun
üslubuna bənzəməyə başlayır. Artıq
yazılarımı uzun-uzadı mürəkkəb cümlələrlə
dərin göstərməyə çalışmıram.
Qısa, sadə yazıram, hamı asanlıqla başa
düşsün.
Dediyim
kimi, oxumağa hekayələrdən başladım. Diqqətimi
ilk cəlb edən “Bütöv adam” oldu. Bir nəfəsdə
oxuyub başa çatdırdım. Şahidi oldum ki, həqiqətən
də bu əsərlər, Əli İldırımoğlunun
bir əsrə yaxın həyatından parçalardır. Bu əsərləri
oxuduqca Əli İldırımoğlunu daha yaxşı
tanıyır, onun uzun, keşməkeşli həyatına səyahət
edirsən. Bu məni həm həyəcanlandırır, həm
də həvəsləndirir.
Əli
müəllimdən soruşmuşdum ki, hansı əsərinizi
məsləhət görürsünüz oxuyum. “Aqibət”i,
demişdi. Mən isə sadəcə bir hekayəni başa
vurduqdan sonra özlüyümdə qərarım o oldu ki,
bütün əsərlərini sətirbəsətir oxuyum.
“Bütöv
adam” hekayəsi quruluş və insan münasibətlərini o
qədər aydın və təbii əks etdirir ki, bir
anlıq o dövrdə yaşayırsan. Elə indi
yaşadığımız zamanla da müqayisə edirsən,
oxşarlıqların şahidi olursan.
Oxumağa
təsadüfən bu hekayədən
başlamağımın məntiqi çalarları var
imiş. Gözəl və yerində bir təsadüf oldu.
Çünki Əli İldırımoğlu respublika mətbuatında
başa vurduğu 40 illik yaradıcılıq yolundan bu hekayədə
bəhs edir. Bilin ki, Əli İldırımoğlu
yaradıcılığına ön söz oldu bu hekayə mənim
üçün.
Əli
İldırımoğlu yazır: “O vaxtlar birinci katiblər
yerlərdə özlərini kiçik padşahlar kimi
aparırdılar və onların kəsdiyi başın
sorğu-sualı yox idi. Ona görə də mənim təzədən
öz vəzifəmə bərpa olunmağım raykom katiblərinə
ağır gəlirdi, bunu özlərinə heç vəchlə
sığışdıra bilmirdilər”. Bu sətirlər
indiki dövrümüz ilə nə qədər
ayaqlaşır, yəqin ki, oxucuya əlavə izahat verməyə
gərək yoxdur.
Yazıçının
əsərlərində daim ictimai-siyasi mühiti tənqid,
haqsızlıqlarla mücadilə notları duyulur. Bunlar
heç biri təxəyyül məhsulu deyil. Gerçəkliyin
real mübarizəsi, real döyüş meydanıdır. Əli
İldırımoğlu döyüş meydanında cəsur
sərkərdə tək iti qələmini bu
haqsızlıqlara qarşı qoyurdu.
Əli
İldırımoğlu qarşılaşdığı
haqsızlıqlar haqqında danışanda nəticə
olaraq bu ifadəni işlədirdi: “Oturdum bir felyeton yazdım.”
Bununla o zəifin, gücsüzün, kimsəsizin, haqqı
tapdananın tərəfində dururdu, onların
hüquqlarının bərpasına nail olurdu. Bu cür qələbələr
onun hər bir yazısında iz qoyub, inanıram ki, hələ
də müasir dövrümüz üçün ibrət dərsi
olmaqdadır.
Nəhəng,
dərin çaylar sakit axır, səsi çıxmır,
amma xırda, dayaz çayların yanında ağız deyəni
qulaq eşitmir. “Kitablarımın ən məsuliyyət hiss
eləyən oxucusu elə özüməm”. “Bir dəfə
bir yazıçının ilk dəfə əsərini
müzakirəyə qoymuşdular, bu ərəfədə bu
yazıçı çox narahat idi. Dedim niyə narahatsan?
Dedi ki, “bilmirəm ki, oxucular bu əsəri necə
qarşılayacaqdır?”. Müzakirə başa
çatdı, fasilə olanda hər kəsin alqış səsləri
bürüdü zalı. Mən isə buna yanaşdım
soruşdum ki, “sən bu nigarançılıqdan
çıxdınmı? Görürsən camaat necə
alqışladı!?”. Dedi: “Əli müəllim, mən əsərimin
qiymətini bu camaatın çapanlarında
(alqışlarında) yox, camaatın
pıçıltılarında axtarıram. Düz
sözü belə pıçıltılarda deyirlər”.
Azərbaycan
xalqının yaxşı tanıdığı, ürəkdən
sevdiyi görkəmli yazıçı-publisist Əli
İldırımoğlu “Zorən jurnalist”, “Aqibət”, “Mənim
rəncbər atam” “Qarlı gecələr”, “Közərən
sətirlər”, “Həmin adam” və s. romanları ərsəyə
gətirmişdir.
Məlumdur ki, bədii dil obrazlı dildir. Obrazlı təfəkkür
sahibi olan yazıçı bizi əhatə edən
varlığı obrazlı şəkildə ifadə edir.
Bədii informasiyanın öz təbiəti,
özünəməxsusluğu mövcuddur. Əli İldırımoğlu bu informasiyanı verəndə
maksimum yığcamlığı və yaxud minimum vasitələrlə
fikrin maksimal ifadəsini əsas götürür. O, əsas
fikri bədii-emosional, orijinal, təkrarsız formada ifadə
edir. Bu məqamda onun bədii təfəkkürü
özünəməxsus dil vasitələri ilə
dünyanın (təsvir etdiyi yerin, adamların və s.)
obrazlı təsvirini verir ki, bu cəhəti nəzərə
almadan onun romanlarının və digər əsərlərinin
mahiyyətini, bədii dilinin spesifikasını aşkarlamaq
qeyri-mümkündür. Bu mənada bir sitat yerinə
düşür: “Ə.İldırımoğlu cəmiyyətdə
dağlar kimi uca görünən saytal bir kişidir. O, qələmini
özünə dayaq edib xalqın haradan gəlib hara getdiyini
düşünür” (Nizaməddin Şəmsizadə).
Əli
İldırımoğlunun nəsr dili və üslubu mənə
bu cəhətdən çox ləzzət verdi.
On cildlik əsərlərini nəzərdən
keçirdim, onun barəsində yazılmış əsərləri
mütaliə etdim. Əli müəllimin
nəsrinin dili və üslubundan bəhs edən xüsusi bir
yazıya rast gəlmədim. Mənə elə
gəlir ki, nəsr estetikasının təməli birbaşa
dilin zəngin imkanları əsasında qurulur.
Qızın gözəlliyi gözündən bilindiyi kimi, nəsrin
gözəlliyi də onun dilindən, üslubundan, ifadə
manerasından hiss edilir, duyulur.Təbii haldır ki, bədii
yaradıcılığın forma, dil və üslub kimi
komponentləri mündəricə ilə sıx münasibətdə
dərk edilib mənalandırıldığı
üçün nəsr dili də ədəbi prosesin
inkişafında aparıcı meyillərdən birinə
çevrilmişdir.
Fikrim Əli İldırımoğlunun
romanlarının dil və üslubunu araşdırmaqdır. Özü də
geniş planda. Öncə,
“Seçilmiş əsərlər”inə daxil olan “Zorən
jurnalist” romanının dili haqqında. Diqqətimi bu
romana ön söz yazmış və yazısını “Həyat
dərsliyi” adlandırmış professor Ə.Həşimovun
aşağıdakı fikirləri cəlb etdi: “Romanın dili
xüsusi qeydə layiqdir. Məlum həqiqətdir
ki, dil fikrin qabığından daha çox mayasıdır,
mahiyyətidir, çox böyük ideya və xalq hikməti xəzinəsidir.
Əli İldırımoğlunun bədii dili,
leksik xəzinəsi öz yükünü məhz canlı
xalq dilinin qaynaqlarından, ən incə ifadə vasitələrindən
tutmuşdur. Xalq ruhundan süzülüb gələn
bu dil ədibin dəst-xəttində müasir intellektual məntiqi-linqvistik
ştrixlərlə daha da zənginləşərək yeni bədii-leksik
fakt kimi meydana çıxmışdır”.
Söhbətlərindən də yəqin etdim ki, Əli
müəllim xalqının, el-obasının dili ilə
çox bağlıdır. Dil ilə iş onun bilavasitə
istehsalatıdır. Yazıçının,
ümumiyyətlə, mövcud olan yaradıcı təfəkkürünün
müəyyən qismi dil yaradıcılığına, dil
quruculuğuna sərf olunur. Sənətkarın
bu ikinci yaradıcılığı (yəni dil
yaradıcılığı) dilin müxtəlif qatlarında
spesifik şəkildə üzə çıxır
(T.Hacıyev). Bu bədii düşüncə
sahibinin dilə sevgisi intəhasızdır. Əsərləri
ilə tanış olandan sonra fikrimdə
yanılmadığımı bir daha yəqin etdim.
Cəmiyyət həyatının elə bir sahəsi, elə
bir fəaliyyət dairəsi yoxdur ki, onun tədqiqində dil
faktlarından bu və ya digər dərəcədə istifadə
edilməsin. Dilin bədii təfəkkürlə, xüsusilə
söz sənəti ilə əlaqələri daha mürəkkəb
və çoxşaxəlidir. Dil və bədii
ədəbiyyat inkişafın müxtəlif mərhələlərində
bir-birini istiqamətləndirmişlər; onların
başlıca xüsusiyyətləri qarşılıqlı əlaqə
və təsirlə müəyyənləşmişdir.
Romandakı obrazların xarakter proyeksiyası məhz belə
bir dilin işığında çəkilmişdir. Hər
obrazın dili onun birbaşa daxili aləmindən, sosial mənşəyindən,
işindən, peşəsindən soraq verir. Bir sözlə, Əli İldırımoğlu
ecazkar bədii dilin köməyilə kamil bir rəssam kimi
unudulmaz obrazlar silsiləsi yaratmağa nail olmuşdur. Onun əsərlərində partiya işçisinin
öz üslubi-linqvistik tərzi, jurnalistin öz leksik
imkanları, kənd adamlarının isə idiom və məcazlarla
dolu danışıq tərzi vardır. Müəllifin
dili bu polifoniyada öz biçimində boy atır.
“Dağdan aşmış gün kimiyəm”, “Elə bil
uşaq üzü əlləyir”, “Yas düşəndə hərə
öz dərdinə ağlayır”, “Yuxa qulağı sulama”, “Ərim
ər olsun, kol dibi evim” və s. Roman başdan-başa belə
obrazlı, məntiqli ifadələrlə doludur.
Belə bir qənaətə gəlmək olur ki, Əli
İldırımoğlu təsvir etdiyi bədii hadisələrə
həqiqi sənət ölçüləri, prinsipləri ilə
yanaşmışdır. Bu yanaşma öncə
dil amilindən asılıdır. O, uzunmüddətli təcrübəsində
mükəmməl dil və üslub vərdişlərinə
yiyələnmişdir. Ona görə də Azərbaycan nəsrində
özünü
görkəmli söz ustadı kimi təsdiq etmişdir.
“Zorən jurnalist”in elə birinci cümləsi sintaktik
paralelizm ilə başlanır. Bu bir üslubi fiqurdur.
Bu fiqur, bir-birinin ardınca gələn cümlələrin
eyni sintaktik və intonasiya quruluşuna malik olması, yəni
sözlərin deyil, bütövlükdə sintaktik modelin təkrarıdır.
Bu cür paralel konstruksiyalar vasitəsilə
fikir daha təsirli, emosional şəkildə ifadə olunur.
Əli İldırımoğlunun nəsrində isə bu, həm
də müəyyən ritm və axıcılıq yaradan
vasitə kimi çıxış edir.:
“Allahverən kişinin fikri hacalanmışdı. Demisini sakit-sakit tüstülədib, aranı
dağa daşıyırdı, dağı arana”. Təbii-emosional təkrar (aranı dağa
daşıyırdı, dağı arana) həmin cümlədə
paralelizm hadisəsini doğurmuşdur. Yazıçının
uğuru bu paralelizmi bir qədər struktur cəhətdən
dəyişməsidir. Çünki ifadə
el arasında “aranı dağa aparırdı, dağı
arana” şəklində təcəssüm
tapmışdır. Belə sintaktik
paralelizm mətnin komponentlərini uğurla əlaqələndirmişdir.
Sonra gələn
cümlələrdə (Mən də ki, dağdan aşmış
gün kimiyəm, bu gün varam, sabah yox. Yurdu kor qoymaq olmaz. Bir
tüstü çıxaranım lazımdı) ekspressiv
sintaksisi təmin edən cümlə, fikir biçimləri,
bu biçimlərin sferasında toplanan məna tutumu nə qədər
cəlbedicidir. “Dağdan aşmış
gün kimiyəm”, tabusu, artıq ömrünü başa
vurmaq anlamındadır; yurdu kor qoymaq olmaz- yurdu başsız
qoymaq olmaz; bir tüstü çıxaranım lazımdı-
evi saxlayan övladım lazımdı.
Bu, eldən gələn obrazlı və dərin mənalı
konstruksiyaların, istər-istəməz, sinonimliyi meydana
çıxır. Belə sinonimliyə sintaktik sinonimlik
deyilir. Eyni məna
qarşılaşdırılan paralel cümlələrdə
əks olunur.
Təsəvvür edin, atanın övlada məhəbbəti
(yəni Allahverənin Nazimə sevgisi) “dağ boyda kişi
onun üstündə payız yarpağı kimi əsirdi” bənzətmə-müqayisəsində
ifadə olunur.
Oğurluq anlamı – “Günün günorta
çağı balalı inəyimizi gönnədilər,
gördüm deyən olmadı” cümləsindəki “gönnədilər”
sözündə ehtiva olunub.
Romanlarında
yazıçı obrazı bütün
çılpaqlığı ilə oxucuya tanıdır: “Orta
boyu, enli kürəyi, məğrur görkəmi, zəhmli
baxışları, sallaq sifəti olan Cahangir öz bildiyini dədəsinə
də verən deyildi. Ağlına ki, bir şey
yerləşdi, qurtardı getdi. Bütün
kənd yığılsa da, faydası yoxdu, onu başdan
çıxarıb, yolundan döndərmək mümkün
deyildi. Bu xasiyyətinə görə də
hamı ona Höcət Cahangir deyirdi” (“Aqibət”
romanından).
Yazıçı
dilinin leksikası həyatiliyi, milliliyi ilə seçilir: həndəvər,
həvirləmə, gənəşmə, eymənmə, mərəy,
vəl, ağnağız, heşan, ağzı yelli, vərəvurd,
ərəmlik, mayıf, madar, zımrıq, parç, isdahat və
s.
Dialektizmlərdən
yerində istifadə edib: Bu heyndə, qədeş,
pörşələnmək, cantaraq, azaylanmaq, dəj və s.
Yazıçı
troplardan məqsədəuyğun istifadə edib: “...Neft
tullantılarının orda-burda əmələ gətirdiyi
gölməçələr istidən buxarlanıb
çılpaq təpələrin arasına qısılan qədim
qəsəbənin kəsif havasını daha da
ağırlaşdırırdı. Nazim elə bil kənddən
on il bundan qabaq ayrılmışdı. –
Bıy, az, bir vaxt hamı Allahverənin gədəsini
tərifləyirdi. Bəs onda nə təhər
oldu ki, kağız-kuğuzunu qoltuğuna verib, üzüqara
qız kimi evə qaytardılar?!”
Ə.İldırımoğlu
hər bir personajı öz dilində
danışdırır: “ – Qədeş, gəl
kişi kimi danışaq! – Bura bax, ə,
malçişka!”
Ə.İldırımoğlunun özünəməxsus
aforizmləri və istifadə etdiyi atalar sözləri
süjet xətti boyunca mövzunu müşayiət edir. Filologiya elmləri namizədi
Səadət İldırımzadə bunları “Mənim rəncbər
atam” romanının sütunları sayır: “Biliyi
olmayanın axırı yoxdur”, “Yüz dost azdır, bir
düşmən çox!”, “Tamah pis şeydir, dünya
malına uyma” və s.
Aforizmlər
vasitəsi ilə müəllif “Zorən jurnalist”inin bədii dilini bəzəmişdir:
...balıq dəryada böyüyər, ev buzovundan öküz
olmaz; fikrini sona qədər əsaslandırmaq
üçün Allahverən “Daş, düşdüyü
yerdə ağır olar” aforizmini işlədir...qadın ədəbini
artırırsa, ailəsini düşünür, bəzəyini
artırırsa, başqasını. Hansı kitabdasa
oxumuşdum ki, sevginin cəzasından böyük dərd, ona
xidmət emək nəşəsindən yüksək xoşbəxtlik
yoxdur. Bu sözün nə demək olduğunu indi-indi dərk
edirəm... iki şahanı bəyənməyən,
ortalığa abbası qoyar! Nazim kitabxanada ona
rişxəndlə söz atan boşboğazlara növbəti
müsabiqədə sübut etmək istəyirdi ki,
görsünlər papaq altında necə oğlanlar var.
Sonuncu fikri kəndimizdə babam haqqında eşitmişdim.
Deyirlər, Soltanlının məşhur bir
aliminin toyunda mənim şəhərə gələn babama
da söz verirlər. Babam oxumamış adam olsa da, elə
bir tost deyir ki, kəndin məşhur kimyaçı alimi,
professor Allahverdi Verdizadə üzünü camaata tutaraq,
“papaq altda kişilər varmış”, – bilməmişik.
Atalar
sözü və məsəllər bədii dili gözəlləşdirir:
Nə itirərəm, gedərəm, tutar qatıq, tutmaz ayran;
Yaxşı deyiblər ki, haca gedən gəldi, saca gedən gəlmədi.
Kəndimizdə belə bir söz var – ərim ər olsun, kol
dibi evim; – oğul, varın verən utanmaz; – utananın
oğlu olmaz; – igidin adını eşit, özünü
görmə! – ot kökü üstə
bitər.
Romanda təzadlı
hadisələr qəhrəmanların həyatı,
dünyagörüşü ilə culğalaşır: “Sevgi
necə də acı, necə də şirin olurmuş! Nazim rəng
verib, rəng aldı”
Maraqlıdır
ki, kənd həyatını olduqca gözəl, cazibədar təsvir
edən Əli İldırımoğlu etnoqrafik lövhələri
də ustalıqla yaradır: “Bizim boyaqxanada cövhər
işləmir. İpi dədə-baba
qaydasında boyayırıq. Qaratikan, gəvən
kökü, mal sidiyi, tut qabı, nə bilim, boyaq otu,
qarağac qabığı, nar gazalı... hökumət
cövhərindən boyanan ipin gəbəsindən, kilimindən,
seçimindən, palazından bir şey çıxmaz!”
Nəsr dilinə xas olan ən ümdə keyfiyyətləri
Əli İldırımoğlunun hekayə, povest və
romanlarında tapmaq olur. Doğrudur, onda dövrünün
yazıçıları ilə ümumilik təşkil edən
ifadə vasitələri ilə də rastlaşırıq,
lakin bu nəsrdə fərdi ifadə vasitələri daha
çoxdur, zəngindir. Bu ümumiliyi, fərqliliyi,
əlbəttə, gələcək tədqiqatçılar
müəyyənləşdirə bilər.
Əli İldırımoğlunun nəsrində,
sözün həqiqi mənasında, linqvistik materiallar həddən
artıq çoxdur. Əli müəllim bu “materialları” cəmiyyətə
çatdıra bilib. Onun nəsr dili və
üslubunun spesifikliyini əlbəttə, həmin “materiallar”
daha yaxşı üzə çıxara bilir.
Əli İldırımoğlunun nəsrinin dil amili xalq
dilinə söykənir. Yazıçı düşüncələrini
ifadə edəndə, obraz və personajların xarakterini
yaradanda dilə son dərəcə önəm verir.
Əli İldırımoğlu dilinə nəzarət
edən ədibdir, dilin qanunlarını mükəmməl
şəkildə mənimsəyib. Məhz həm də
buna görə onun “Zorən jurnalist” romanı ədəbi
hadisəyə çevrilmişdir.
Sintaktik
biçimlər sintaktik qanunların məcrasına
sığır, cümlə modelləri oxucunu öz ardınca
çəkib aparır:- “Mən hüquq elminin yox, ona maddi məqsədlər
zəminində sahib olmaq istəyənlərin çirkin niyyətlərinin
əleyhinəyəm-dedi.- Etiraf etməsən də,
cavabından o nəticə çıxır ki, bu arzu sənin
şöhrətpərəstliyindən, var-dövlət
toplamaq, cah-calal içində yaşamaq amalından irəli gəlir.
Ancaq unutma ki, baş verən faciələr,
bütün fitnə-fəsadlar, peşmançılıqlar ən
çox harın həyat tərzi sürmək ehtirasından
törəyir. Lazım olduğundan
artıq sərvət əldə etmək hərisliyi mütləq
bədbəxçilik doğurur. Bu mənada hüquq
fakültəsinə daxil ola bilməməyinə
qətiyyən təəssüflənməzdim. Bəziləri güman edirlər ki, yalnız
varlılar həyatda şan-şöhrət sahibi olurlar.
Axmaq fikirdi. Mən isə əksini
düşünürəm. Uatt, Franklin, Faradey, Qaliley,
Kerler...kimi dahilər yoxsul ailələrdən
çıxıblar. Kübar həyata can atmağın məni
əsla açmır... Bir də ki, o cür
yolun yolçularının qazandığı hörmət də,
şöhrət də sabun köpüyü kimi bir
şeydir”.
Xalqdan gələn
ifadələr Ə.İldırımoğlunun nəsr dilinə
əlvanlıq gətirir: “Allahverən əmi də, kəndçi
babadır, səhərdən-axşamacan iynə ilə gor
qazır. Onun bir heylə mağduru hardadır?”.
“Çünki onların çörək ağacı cinayət
və cinayətkarlardır. Bu mənhus
ağacın barından bəhrələnənlər fəxrlə
öyünüb özlərini xoşbəxtlərin xoşbəxti
sayırlar”.
Mən
“çörək ağacı”, “kəndçi baba”, “iynə
ilə gor qazmaq”, “mağdur” ifadələrini uşaqikən babamdan (o da rəncbər
idi) eşitmişdim. “Mənhus ağac” ifadəsi
isə, mənə elə gəlir ki, Əli müəllimin
özünündür. Bu bardan bəhrələnənlər
çoxdur. Əli müəllim obrazın
dili ilə deyir ki, “oxuduqlarımla gördüklərimin
arasında uçurumun dərinlikləri məni dəhşətə
gətirir”. Həqiqətən də, həyatda
yalan baş alıb gedir.
Əli
İldırımoğlu insanla təbiət arasında
assosiasiya yaradanda qurulmuş mətnin ekspressivliyi bir daha
yüksəlir: “Allahverən əlik ayağından gödək
sapı olan, toxunma şallağını havada tovladıqca, Qəmər
at boynunu gərib, dağın sinəsindəki dolaylarda kəklik
kimi səkirdi. Baş-başa verən çılpaq qaylalar, əks
tərəfdəki meşələr, dərənin dibində
hay-harayla baş alıb gedən dağ çayı, Qəmər
atın yorğa yerişi onu təbə gətirirdi”.
Əli
İldırımoğlunun “Zorən jurnalist”inin təhkiyə
və obraz-personaj dilində xalq dilinin sərbəstliyi və təbii-dağınıq
nizamı ilə ədəbi normativlik xüsusi olaraq əlaqəyə
girir. Kəndin məişətinə yaxından bələdlik
Əli müəllimin başlıca cəhətlərindəndir
ki, hər misrası, hər mətni adamı heyran qoyur. Məişət
koloriti, kənd-kəsək motivi sanki dilə hoparaq təsirli
lövhələri canlandırır.
Frazeoloji
məkan Əli müəllimin
yaradıcılığında genişlənir, şaxələnir,
vüsət alır. Əli müəllim xalqda mövcud
olanı yeniləyir, təzə formada təqdim edir. Müəyyən
bədii şəraitdə konkretləşdirir, improvizasiya
edir. O, frazeoloji mühitə də
xalq dili zəmində yanaşır. Frazeoloji seçimlərdə
ciddiyyət var: “dəryada gəmisi batmış”, “eyninə
qaraltı gəlmək”, “gözünün ağı-qarası”,
“dünyanın qaruş-quruş vaxtı”, “dağ boyda
kişi”, “yolun ağı”, “buz baltası”, “atcıl adam”, “səsinin
yoğun yeri”, “dəyintili söz-söhbət”, “qəlbindən
daş kimi asılmaq”, “gözdən tük qapmaq”, “xəmirləri
haramla yoğurulmaq”, “uşaq üzü əlləmək”, “kəndə
dadanmaq”, “ağzını yoxlamaq”, “sözü büküb
palazın altına qoymaq”, “haqq dünya, nahaq dünya”, “qənimət
adam”, “günün duran vaxtı”, “yayın
cırhacırı”, “kənd uşağı”, “qara
qayğı”, “ifallı adam”, “dılğır bir kənd”,
“yuxa qulağı sulamaq”, “gecənin qara kəfəni”, “başını
girləmək”, “ilan dili çıxarmaq”, “gözəllik ədəbdir,
gül camal deyil”, “xalxınkı birdir, amma pirdir”, “qonşu
qızı gəmirçəkli olar”, “indi kəsək
daşdan ağırdır”, “oldu it dəymiş ayran”, “arvad
almaq asandır, ər olmaq çətin” və s.
O,
yeni sözü morfoloji yolla da yaradır: “Daşıqçı”
sözünə bu romanda ilk dəfə rast gəldim. Daşımaq
felindən yaranmışdır. Uğurlu sözdür:
“Daşıqçılar şəhərə dönmədən,
birbaşa kəndə yollandılar”. “Yolağa” sözü
biz tərəflərdə də işlənir: “Allahverən
kərəntisini götürdüyü yerdə Nazim qəfil
yolağadan içəri girdi”.
Yazıçı,
“ağ təpə”, “sarı təpə” və s. toponimləri
üslubi məqamda işlətməyi də bacarır. Fəttah
xəyalən o illərə qayıdır, həsrətli
baxışları ilə Çiçəklinin
axar-baxarını seyr edir, Həsənalı
gölünü, Balaban təpəni, Ağca yazını,
Qiblə daşını, Gəlin kahasını, Yazı
bulağını gözünün qabağına gətirib,
qarğı tütəyilə baş-başa verən
qayaların lal sükutunu pozur və qəhərlənirdi...
“Zorən jurnalist”də müəllif özü toponim
yarada bilib. Məsələn, Azərbaycanda hamı bilir ki,
Çayqovuşan rayonu yoxdur. “Rektor qaşlarını
çatıb maraqla soruşdu?- Hansı
rayondansan? – Çayqovuşan rayonundan”.
Dövrə, zamana, cəmiyyətdəki qayda-qanunlara
qarşı daxili narazılığı romanda əsas yerlərdən
birini tutur. Sovet dövrünün imtahan sistemindəki
özbaşınalıq, biliklərin düzgün qiymətləndirilməməsi
haqlı olaraq ifşa olunur.
Təbiət
təsvirləri obrazların əhvali-ruhiyyəsi ilə
çulğalaşır, oxucuda əsərə qarşı
marağı daha da artırır: “İsti meh, ara-bərəsində
hacıleyləklər dolaşan çəltik zəmilərini
sakit-sakit dalğalandırırdı. Çayın sahillərindəki
bülövlənmiş daşlardan qoru sönməmiş təndirin
ağzı kimi od qalxırdı”.
Ekspressiv sintaksisin imkanlarından bacarıqla istifadə
etmişdir.
O, cümlələri parsellərə bölmüş,
qoşulma konstruksiyalardan maksimum bəhrələnmişdir:
“Bu sirr Nazimin və Rəziyyənin hərdən rastlaşan
lal baxışlarında sezilirdi. Bir də ki, hərtərəfli
yarımış xoşbəxt şəhər
qızıynan, sevgi dünyasının zənginliklərinə
baş vurmaq üçün hələ qanadı bərkiməyən
Çiçəkli qartalının xəfif təcəssümündə”.
Yazıçı belə üslubi fiqurun köməyi
ilə nitqin dinamikliyi və lakonikliyini əldə edə
bilmişdir. Ümumiləşdirmə nəticəsində
qısa, lakonik strukturların yaranması dildə qənaət
prinsipindən irəli gəlir.
Əli İldırımoğlunun dili, üslubu, istifadə
etdiyi bədii-leksik, leksik-informatik vasitələr,
bütövlükdə dil faktı son dərəcə ciddi
elmi tədqiqatların mövzusudur. Əli müəllim
itib-batan, unudulan, dil fondumuzdan silinib getməkdə olan sözlərə,
ifadələrə, söz birləşmələrinə,
cümlələrə özünəməxsus nəfəs,
poetik özgürlük verir, eyni zamanda onları yeni
biçimdə, yeni estetik və məntiqi mündəricədə
təqdim edir. Onun ədəbiyyatımıza gətirdiyi
atalar sözləri, idiomlar, xalqımızın psixologiyasını, ümumiyyətlə
insan təbiətinin zəngin, dərin qatlarını yaradan
frazeoloji birləşmələr, qanadlı sözlər təkcə
dilçi alimlərimiz üçün deyil, eyni zamanda əlinə
yenicə qələm almış və bədii
yaradıcılıq adlı ünvana üz tutmuş gənclərimiz
üçün tədqiqat mənbəyi olmalıdır. Gənclərimiz, gənc qələm sahiblərimiz,
çox istərdim ki, Əli müəllimin
yaradıcılıq əhatəsində böyüsün,
onun isti, həlim, doğma və munis aurasında nəfəs
alıb formalaşsın. Çox istərdim, bu gün
elm adına daha çox manipulyasiya ilə
məşğul olan ali təhsil ocaqlarımızda,
universitetlərimizdə Əli müəllimin əsərləri
(xüsusən dili, üslubu) ayrıca bir kurs kimi tədris
edilsin. Bu Azərbaycan dilinin öyrənilməsi,
təbliği, dilimizin sehrinin, magiyasının, cazibə
qüvvəsinin aşkarlanmasında böyük rol oynaya bilər.
Ən nəhayət (özüm də daxil) dilçi alimlərimizə
yönəlik demək istəyirəm ki, Əli müəllimin
yaradıcılığına müraciət edin, dönə-dönə
müraciət edin, onu tədqiqat obyektinə çevirin,
inanın ki, Azərbaycan dilini yenidən kəşf edəcəksiniz,
dil haqqında elmi araşdırmalarınız zəngiləşəcək,
tədqiqatlarınıza, araşdırmalarınıza yeni
elmi və estetik təravət gələcək, bu qüdrətli
dilin necə zərif, zəngin olduğuna bir daha şahidlik edəcəksiniz.
Cahid İsmayıloğlu
525-ci
qəzet.-2012.-11 iyul.-S.6.