Rübai üstündə köklənən könül

 

Yaltada Tatyana Stepanovna adlı mənşəcə rus qadınla həmsöhbətəm. O, ədəbiyyatçı deyil, ancaq yüksək savada və məlumata malikdir. Moskva ətrafında doğulduğunu, sabiq SSRİ-nin paytaxtında hüquq təhsili aldığını söyləyir, kitab-qəzet gecə-gündüz əlindən düşmür. Tez-tez fars şairi Ömər Xəyyamdan söz açır, onun dahi rübai ustası olduğunu nəzərimə çatdırmaq istəyir. Bir dəfə könlünün xoş vaxtında Xəyyamın rübaisini rus dilində söyləyir və hətta Rusiya prezidenti Vladimir Putinin şairdən xeyli sayda şeir bildiyini deyir. Mən rusca o qədər də səlis səslənməyən məşhur beytləri xüsusi intonasiya ilə Azərbaycan dilində əzbərdən ifadə edirəm:

 

Sadəlövh könlümdən mən cana gəldim,

Cəfakeş canımdan fəğana gəldim.

Mənsiz də dünyanın işi keçərmiş,

Əcaba, nə üçün cahana gəldim?

 

Bu da Tatyana Stepanovnanın dilindən eşitdiklərim: “Hə, hə, sizin Xəyyam həqiqətən nəhəngdir, söz sərrafıdır, dünyada tayı-bərabəri yoxdur. Doğma dilinizdə şeirləri daha gözəldir”. Mən hüquqşünas qadını başa salıram ki, Ömər Xəyyam Şərq ədəbiyyatının klassikidir, amma farsdilli şeirin ustasıdır. İranın Nişapur şəhərində doğulub. Bəlxdə, Səmərqənddə, İsfahanda yaşayıb. Qiyasəddin Əbülfəth ibn İbrahim onun tarixi imzasıdır. O, böyük riyaziyyatçı və filosof olub, elmi kəşfləri ilə, risalə və traktatları ilə tanınıb. Mən bir az da konkret məlumat verəndən sonra qüdrətli Azərbaycan ədiblərinin adlarını sadalayıram. Xaqaninin, Məhsətinin, Nizaminin, Tusinin, Nəsiminin, Füzulinin, Mirzə Şəfinin rubai yaradıcılığını önə çəkirəm, onların şeirlərinin daha üstün fəlsəfi və bədii mahiyyət daşıdığını misallarla sübut edirəm. Qadın sonsuz maraqla susur, acizanə surətdə söylədiklərimi yazıb ona çatdırmağımı dilinə gətirir və təbii ki, öncə yalnız öz dediklərinə üstünlük vermək istəyən bu bir azca eqoist və şovinist qadını tamamilə tərksilah eləməyə müvəffəq oluram, xahişini də yerinə yetirirəm.

 

lll

 

Çoxdan tanıdığım və vaxtilə Lerikdə çıxan çoxtirajlı “Bolluq uğrunda” qəzetində birgə çalışdığım Qəhrəman Əliyevin əsasən rübailərdən ibarət “Ürəyimin dünya dərdi” şeirlər toplusu barədə qeydlərimə uzaqdan başlamağımın səbəbi var: əvvəla, rübai klassik janrdır, hər kəsin şeirin bu növündə yazmağa cəsarəti çatmır. İkincisi, Azərbaycan ədəbiyyatında qədimdən tutmuş, çağdaş dövrümüzəcən bu janrın qapısı həmişə asta-asta döyülüb və Qəhrəman Əliyevin də yazıb-yaratdığı nümunələr bədii siqlətinə görə ürəyəyatandır, səmimidir, axıcıdır. Maraqlı odur ki, müəllif klassik rübai ustası Xəyyama dönə-dönə üz tutsa da, ondan “üzrxahlıq” etsə də qətiyyən yaradıcılığından soyumur, qələmini korşaldıb kənara qoymur. Ona görə, kitabı oxuyub görürsən, müəllifin “ürəyinin dünya dərdi” sızıltıdan ibarət deyil, bəşəri dərddir, bəşəri ağrıdır və oxucu, qəlbində bu ağrıya haqq qazandırır.

 

Qocalıq gəncliyi ötürər gələr,

Günləri günbəgün bitirər gələr.

Günlərin bir günü onunla birgə,

Ölüm özünü yetirər gələr.

 

Rübaidə qafiyələr qədər köhnə olsa da, hikmət, məna var, fikir qorunub. Bu da klassik janrın tələblərinə tamamilə uyğundur. Bəzən şair forma əlvanlığı xatirinə məzmunu yaddan çıxarır, görürsən, deyilişi gözəl sözlərin arxasında heç bir mətləb dayanmayıb, o zaman yaxşı forma gözündən düşür. Şeirdəki müqayisə klassik müqayisədir, müdrik söz sərrafları həmişə gəncliklə qocalığı tərəzinin müxtəlif gözünə qoyub nəticə hasil eləməyə çalışıblar. Üstünlük gah ömrün ahıl çağının tərəfində olub, gah dacavanlıqadlanan gənclik çağının...

Qəhrəman Əliyevin rübailərində fikirin fəlsəfi deyim tərzi üstündür, ancaq müəllif quru fəlsəfəçiliyə varmır, əsasən sözün poetik qüdrətinə, bədii-estetik tərəfinə yön alıb məna detallarıyla mənzərə yaradır. Doğrudur, bəzən nəsihətçilik, didaktika oxucunun gözünə artıq görünə bilər. Məncə, bu, mövcud janrın öz daxili tələbi diqtəsidir, əllaməçilik, sünilik deyil. Fikrimi əsaslandırmaq üçün konkret misallara keçirəm:

 

Yaxşılığa adət eylə, yaşa sən,

Yaxşı əməlinlə yaşa, yaşa sən.

Gördüyünü fil eləyib şişirtmə,

Yaxşılığı qaxınc etmə başa sən.

 

Digər bir parçada yenəgəlimli-gedimli, son ucu ölümlü” (“Dədə Qorqud dastanı”) dünyaya filosofyanə münasibət bildirilir.

 

Alıb sorağını gəldik, a dünya!

Qalıb sənə mehman olduq, a dünya!

Həyatın mənası bu imiş demək?! –

Gəlib mehman olduq, öldük, a dünya?!

 

Qəhrəman Məhərrəm oğlunun bir şair kimi, yazar kimi bəlkə ən böyük xoşbəxtliyi ondadır ki, Lerikdəçılpaq, vəhşi təbiətin qoynundadır, daim ətraf mühitlə ünsiyyətdədir. Şübhəsiz, göyərən ağac da, çaxan şimşək , şıdırğı yaz-payız yağışı da, bir andaca coşub-daşan sellənən-göllənən dərə , yaşıllaşan çöl-çəmən , pətəkdə vızıldayan arı da, mamırlı daş-qaya da onun şair könlünü az dilləndirməyib. Bunların hər biri ayrı-ayrılıqda mövzudu bu təbii mövzuları Tanrı insana göndərib həqiqətən təəccüblüdür, necə Lerikdə olasan, belə geniş, saf mühiti görməyəsən, qələmə sarılıb nəsə yazmayasan...

 

Öyrən təbiəti, sev təbiəti,

Odur bəxş eləyən minbir neməti.

 

Təbiət təbiblik eləyir bizə

Dolaş təbiəti, gör mərhəməti.

 

Təbiətin özünəxas amansız qanunları var: adamı dirildir , öldürür . Əgər səmimi olsan, onda daşı-torpağı da, yağışı-qarı da  gözündə ləl-cəvahirata dönər. Vay odu ki, ortadakı saxtakarlıq təbiətin qəddini əyə, belini bükə, o zaman hıəlim təbiət ən sərt üzünü göstərər, mərhəməti intiqama çevrilər.

 

Ətrafa düşərsə bir damla yağış,

Dünyanı bürüyər nizamla yağış.

Damlalar yaradıb çayı, dənizi,

Canlanır torpaqda hər damla yağış.

 

Adət-ənənə, gün-güzəran, tale-qismət, ölüm-itim daim insanın yol yoldaşıdır. “Ürəyimin dünya dərdikitabının müəllifi həmişə sadə camaatla, el-obayla, xalqla birgədir, ünsiyyətdədir. Bu vəhdət birliyindən yaradıcı şəkildə bəhrələnməmək mümkün deyil. Əlbəttə, şairin borcu hər eşitdiyini tələm-tələsik qafiyələndirib şeir qəlbinə salmaq da deyil, axı cilalanmamış söz kal armuddur. Boğazdan keçməz, ürəyə yol tapmaz, duyğuları dilə gətirməz.

 

Mayası olmasa, alınmaz pendir,

Bişirməz mayasız xəmiri təndir.

Halal çörəyinə haramlıq qatma,

Mayası haramdan həmişə gen dur.

 

yaxud da bir misradakı söz oynatmasına diqqət çəkək:

 

Namazı bilməyən azanı neylər?

Qazana bilməyən qazanı neylər?

Qazan – “evə ruzi qazandeməkdir,

Sən qazan, görginən qazanı neylər?!

 

Bu da təkcə şairin yox, həm hər bir insanın həyatda gəldiyi acı qənaəti:

 

Ölümdən qorxmuram,”desə hər kəs,

Can atır son anda alsın bir nəfəs.

Ölüm ölənlərin son səfəridir,

Yoxdu bu səfərə heç kimdə həvəs...

 

Gözlərin, baxışların tərifatını çox şairlər verib. Ala gözlər, can alan qara gözlər həmişə hamını məftun edib, mövzu obyektinə çevrilib. Vaxtilə İmadəddin Nəsimi yazırdı: “Gözlərim gözlər gözəllər həzrətini şahımın”: Mövlanə Məhəmməd Füzuli deyirdi:

 

 Tutiyayi xaki-payin feyzinə yol bulmasam,

Nuri-çeşmim eyb qılma, kor olur derlər qərib.

Qəhrəman Əliyev ulu sələflərindən yaradıcılıqla bəhrələnib:

Heç yerdə görmədim gözün tək gözlər,

Gözlərim həsrətlə yolunu gözlər.

İstərdim gözündə olum kipriyin,

Kipriklər gözləri bəd gözdən gözlər.

 

Kitabda əsas yeri rübailər tutsa da, burada şairin şeirləri var. Yurd sevgisi, məhəbbət, həsrəti notları, kənd lövhələri misra-misra oxucunun ruhuna oturur. Sayca beşinci bu kitabAdiloğlunəşriyyatında işıq üzü görüb. Mən müəllifə həmişə işıqlı sözlər axtarışında olmasını arzulayıram.

Əslində bu yazdığım kitab haqqında resenziya deyil, illər boyu tanıdığım bir yaradıcı insan barədə ürəyimdə yığılıb qalmış sözlərimin kiçik hissəsidir. Neyləyim, ifadəsini bu şəkildə tapdı.

 

lll

 

Yeri gəlmişkən, yadıma düşən bir balaca həyat epizodunu Qəhrəman müəllimə xatırlatmaq istəyirəm. “Yerli Bolluq uğrundaqəzetində birgə çalışırdıq. Qəhrəman Əliyev redaktor müavini, partiya həyatı şöbəsinin müdiri, mən isə ədəbi işçiydim.  9 May Qələbə günü münasibətilə  qəzetin ayrıca sayını hazırlamaq lazım idi. Redaktor Həmzə Vəliməmmədov hamıya mövzu tapşırdı, mənə yaxınlaşıb, “balası, sən müharibəylə bağlı 7-8 bayatı yaz, birinci səhifə üçündedi getdi. Həmzə müəllimə bir söz demədim, yaxınlaşıb sakitcə müavinə, “mən elə sifarişlə bayatı yaza bilmərəmsöylədim.

Qəhrəman müəllim bərkdən güldü, heç nə demədi. Materiallar yığılan gün isə xeyli sayda, redaktoru təmin edən bayatını stolun üstünə qoydu. Mən məsələdən xəbərsiz idim. İstədim Həmzə müəllimə yaxınlaşıb bayatıları yazmadığımı, özümə bəraət qazandığımı deyim, o, məni qabaqlayıb gülərüzlə, bəh-bəhlə qarşıladı:

– Əla bayatılar yazmısan. Yeni nömrəmizin bəzəyi olacaq – söylədi və əlimi bərk-bərk sıxdı.

Mən deməyə söz tapmadım...

 

 

Ağacəfər HƏSƏNLİ

 

525-ci  qəzet.-2012.-11 iyul.-S.7.