Sonuncu dayanacaqdan
qayıtdığım gün
Dərnəgül
stansiyası!.. Sonuncudur!.. Xahiş edirik vaqonları tərk edəsiniz!”
... Səsdən diksindim. Qatar sanki qaranəfəs qaçan
adam kimi töyşüyə-töyşüyə özünü güclə
saxladı. Yan-yörəmə baxdım. Vaqon bomboş idi.
Perrona çıxdım. Qalan vaqonlardan düşən
üç-beş sərnişin də
çıxışlara qalxan pilləkənlərə tərəf
tələsirdi. Perronda məndən savayı kimsə
qalmamışdı. Heç nəzarətçi qadın da
gözə dəymirdi. Deyəsən, çaşan təkcə
mən idim. Tavandakı xırdaca işıqlar da elə bil mənim
çaşmağımı sezib bic-bic
qımışırdılar. Birdən əlimdəki
kitabı xatırladım – şəhadət barmağım
154 və 155-ci səhifələrin arasında idi. Demək,
kitab yarıdan keçmişdi. Sən demə, elə aludə
olmuşam ki, hətta yanımda böyürə-böyürə
əyləşənlərin, ayaq üstə dayananların, bir
sözlə, heç kəsin fərqinə varmamışam.
Əks tərəfə keçdim. Qatar gəldi.
Vaqonlar yenə boş
idi. Mindim. Bu boyda qatarın bircə sərnişini var idi, o da
mən idim. Yox, əslində mən tək deyildim: şairə
Fərqanənin “İkimiz darıxsaq” şeirlər kitabı
– “məni yolumdan eləyən “günahkar” da mənimlə
idi.
Lirik
ovqatla yazılmış bu sətirlər oxucuya qəribə
gəlməsin. Bu,həqiqətən belə olub: oxuduğum
şeirlər məni məndən qoparmışdı, qatar
isə məni bir stantsiya irəli aparmışdı. İndi
geriyə – “Azadlıq” stansiyasına qayıtmalıydım...
Sonuncu
dayanacaqdan qayıtdığım gün Fərqanə
xanımın şeirlərinin sehrindən çıxa bilmədim.
Nədənsə, yaradıcılığına çox
böyük rəğbət bəslədiyim Mariya
Svetayevanı xatırladım. Bu əsilzadə xanımın
nəyi çatmırdı ki?!. O da öz zamanında digər
xanımlar kimi dəbdəbəli bir həyat sürərdi.
Ancaq istəmədi, çünki Tanrı ona istedad və təlatümlə
bir şair ürəyi vermişdi. O böyük ürəyin
sahibi heç bir qəlibə, heç bir çərçivəyə
sığmadı, zəmanə ilə “əlbəyaxa” oldu; qəfəsə
salınmış bülbül kimi
çırpına-çırpına son nəfəsədək
öz qəmli nəğməsini oxudu. Bineyi-qədimdən
şairlər həmişə öz zəmanəsi ilə əks
mövqedə – üzbəüz dayanıblar, çünki
onların pisi görməyə gözü olmur,
yaxşını daha yaxşı, gözəl olanı isə
daha gözəl görmək istəyiblər. Bu da Tanrı
istəyidir. Bəlkə ona görə deyirlər ki, şairlər
Tanrının ən yaxın bəndələridir?! M.
Svetayevanın da şeirləri həzin kədər, hikkə
və qəzəblə yoğrulmuş nadir poeziya nümunələridir.
Bizim Fərqanəmizin də dünya sanki əsəblərindən
asılıb. Bu zərif və kövrək qəlbli şairə
də zəmanənin çaldığı havaya oynamaq istəmir,
üzə durub əsəb və hikkə ilə qol
götürür. Əslində isə bu, hər havaya oynamaq
deyil, qarşısındakına meydan oxumaqdır. “Zamanə
havamı elə çaldırır” şeirində
yazdığı kimi:
Nə
oyanlıq ollam, nə də bu yanlıq,
Nə oda
sığınnam, nə də ki külə.
Zəmanə
havamı elə çaldırır
Qalxıb
oynayıram əsəbim ilə.
“Deyirlər
şirindir dünya” şeirində də bu fikir təəssüflə,
ürəkağrısıyla bir daha vurğulanır:
Diriyə
bax ölü kimi,
Üzlər
gördüm zəli kimi,
Qınamayın,
dəli kimi
Durub
oynamağım gəlir.
Payız
buludu tək boşalıb-dolan, “əti-qanıyla misra göyərdən”
şairə dünyanın dərdiylə
çuğlaşıb bütövləşən,
açılmaz düyünlərlə, sirlərlə ilmə-ilmə
toxunan ömürdən-gündən söz açır:
Necə
düyündürsə ilişib qalıb,
Hələ
açammıram dolaşıq ömrü.
Dindirmə,
kiriməz qırx gün, qırx gecə
Qoyma,
donışdırım bu aşıq ömrü.
“Aşıq
ömrü” ifadəsi yerində işlənmiş, sərrast
ifadədir. Axı, “aşıq gördüyünü
çağırar” deyirlər. Əgər bu ömür
anbaan, döngəbədöngə çözülsə,
dünyanın bir çox müəmmaları, çılpaq
həqiqətləri üzə çıxa bilər.
Fərqanə
xanımın yumşaq, şirin, poetik şeir dili var;
şeirləri də ilhamla yoğrulub. Bu da poeziya
üçün əsas şərtdir. Dahi rus şari
A.S.Puşkin deyirdi ki, həndəsədə olduğu kimi,
poeziyada da ilham lazımdır. Poeziya ona görə poeziya
adlanır ki, o ilhamla yazılır və şeirin qayəsi
poetik və obrazlı bir dillə qələmə
alınır, orada sözün düzümü var, musiqisi
var. Əgər şeirdə fikir nəqli cümlələrlə
ifadə olunursa, demək, o şeir deyil, sadəcə, söz
yığınıdır. Sətirləri “qol-budaq” eləyib
altbaalt düzməklə, yaxud nöqtə-vergülə “cihad”
elan etməklə poeziya yaratmaq mümkün deyil. “Sərbəst
şeirə ilham yox, yalnız fikir lazımdır” deyənlər
kökündən yanılırlar. Bütövlükdə
Şərq poeziyası, həmçinin Azərbaycan şeiri
ilhamla yoğrulan fəlsəfi poeziyadır. Klassik forma olsun,
yaxud müasir şeirimizin müxtəlif formaları olsun, bir
az da bəlağətlə desək, modern olsun – fərqi
yoxdur. İlham şeirin formasını da, musiqisini də,
ritmini də özü diktə edir və bu, təbii
çıxır.
Fərqanə
xanımın “İkimiz darıxsaq...” şeirlər
kitabında bircə şeir belə ilhamsız
yazılmayıb. Elə ona görə də oxucunun ürəyinə
tez yol tapır. Övladının böyüyüb
boya-başa çatmasını arzulayan ananın istəyini
şairə obrazlı bir dillə ifadə edir. Bu, həm də
məşhur bayatımızdakı qayədir. Axı, o da
anadır.
Sərib
sinəmin üstə
Saçını
hörüm, – dedim.
Böyü
boya-başa çat,
Toyunu
görüm, – dedim.
Bu, həmin
toydu, bala.
Uduzub
uşaqlara
Neçə-neçə
oyunu,
Çör-çöpdən
mağar qurub
Özün
azmı etmisən
Gəlinciyin
toyunu!?
Bu, həmin
toydu, bala.
Kitabda
“Daha tələsməzsən evinə sarı” adlı beş
bəndlik bir şeirdə Tanrının möcüzəsi
sayılan qadının yoxluğunu bütün
varlığı ilə dərk edən kişinin psixoloji
durumu elə həzin kədərlə, elə bədii
boyalarla təsvir olunub ki, bu nisgil adamın iliyinə işləyir.
Ömür-gün yoldaşını – ərköyünlüyünü,
şıltlaqlığını, səliqə-sahmanını,
can rahatlığını itirən kişinin əhval-ruhiyyəsini
oxucuya çatdırmaq üçün şairə hətta
məişətlə bağlı detalları da
“canlandırıb”, bu şeirində də Fərqanə
xanım şifahi ədəbiyyatımıza çox
yaxşı bələd olduğunu büruzə verir. Dilimizdə
“Filankəsin qaşqabağı yer süpürür” (yəni
dərd-qəm içindədir) kimi bir deyim var. Baxın, bu
deyimi şairə necə də yerində işlədir:
Könlünü
oxşamaz qadın sahmanı,
Eh, nəyə
əl atsan köksünü dağlar.
Qaşın
düyünlənər, yeri süpürər,
Evinin
küncündə süpürgə ağlar.
Qadın
olmayan evə qonşu da ayaq açmaz, qonşupayı da istəyən
olmaz. Küncə atılıb qalan cansız süpürgə
də xiffət eləyər. Sanki qadın evin dünyaya
açılan mərhəmət, şəfqət pəncərəsidir.
O yoxdursa, demək o evə gedən yolun
cığırını ot, kəndarını toz basacaq.
Nədənsə
könlünə yatmaz görkəmin,
Ütüsüz
köynəyin əyninə gəlməz.
Bir para
çörəyə, bir atım çaya
Qonşu
qadınları qapını döyməz. (!?)
Hansı
şeirini oxuyursan oxu, fərqi yoxdur, elə bil şairə ilə
üzbəüz əyləşib dərdləşirsən.
Sual verməyə ehtiyac qalmır, özü səni misra-misra
çəkib aparır – düşündürür,
daşındırır; həyata şairənin gözüylə
baxmağa çalışırsan. “Bu düzü, o əyrini
niyə görə bilməmişəm?” – deyə təəssüflənirsən.
İnsan əxlaqında bir-birinə daban-dabana zidd olan gözəllik
və naqislik onun şeirlərinin əsas hədəfidir.
Qurani-Kərimdə deyildiyi kimi, Tanrı hər şeyi insan
üçün yaradıb, lakin qədərində. Bəs
onda niyə insanın qəlbinə xəbislik, hərislik, ən
başlıcası, ifrat nəfs yol tapır? Niyə insan
insana tələ qurur? Şairəni düşündürən
həyatın belə təzadlarıdır.
Fərqanə
xanımın şeirləri bir də ona görə ürəyəyatımlıdır
ki, o nəsə qeyri-adi bənzətmələr axtarmır,
süni pafosa, yersiz ritorikaya uymur. Şeirin qayəsinə xidmət
edən elə detallar tapır və onlara elə bədii məna
verir ki, oxucu real həyatda müşahidə etdiyi, lakin zərrə
qədər əhəmiyyət vermədiyi bir hadisənin
obrazlı təsvirini görəndə, sözün müsbət
mənasında, heyrətlənir. Bu da şairənin
uğurudur. “Atama məktub” şeirinə diqqət yetirək.
Yaman
narahatdın odun sarıdan,
Söylə,
əllərini kəsirmi soyuq?
Əcəl
boylanırmı uçuq barıdan,
Ata,
oralarda ta nə var, nə yox?
Gücüm
də çatmır ki, hayına gəlim,
Atılan
daşlar da tutub bostanı.
Deyirlər
kənd-kəsək öz yerindədir,
Balaca
böyüyüb kənd qəbristanı.
Şeirdəki
“odun sarıdan narahatlıq”, “soyuq kəsən əllər”,
“uçuq barı”, “balaca böyüyən kənd qəbristanı”
və s. kimi ifadələr şeirin mahiyyətini açan
detallardır. Şairə artıq həyat eşqi öləziyən,
qolları gücdən düşən, ürəyi heydən
qalan, bir sözlə, əcəlin yolunu gözləyən tənha
bir qocanın sözlə canlı portretini çəkmişdir.
“Ana”
mövzusu poeziyanın əzəli və əbədi
mövzusudur. Anaya şeir yazmayan şair çətin
tapılar. Şairə anaya yazdığı şeirlərdə
“gözəlsən”, “əvəzsizsən”, “unudulmazsan” kimi
sözlərə söykənmir. O, ana müqəddəsliyini,
ana mehr-ülfətini, ana əzabkeşliyini, onun xeyir-bərəkətini,
canfədalığını təbii, bənzərsiz
boyalarla oxucuya çatdırır. “Təndir” şeirindəki
kimi...
Təndirin
tüstüsü çıxanda başdan,
Anam
gözlərindən su çiləyirdi.
Küt
gedən kündəni ovutmaq üçün
Ərkyana
təndiri şillələyirdi.
Ana
itgisinin bitib-tükənməyən
ağrı-acısını poeziyamızda bir çox sənətkarlar
(C.Cabbarlı, B.Vahabzadə, N.Xəzri, S.Tahir, M.Araz,
M.İsmayıl və s.) özünəməxsus şəkildə
şeirə çeviriblər və o şeirlər ən
gözəl poeziya nümunələridir. Fərqanə
xanım da mövzuya öz ürəyinin diktəsiylə
müraciət etmiş və məqsədinə nail
olmuşdur.
Sığallayıb
saçını hör,
Torpaq,
anama yaxşı bax!
Saxla
özüm gələnəcən,
Torpaq,
anama yaxşı bax!
Ümumiyyətlə,
kitabda şairənin anaya həsr etdiyi silsilə şeirləri
həyəcansız, kövrəlmədən oxumaq olmur. Bax,
bu cəhət təqdirəlayiqdir və bu, həm də o deməkdir
ki, onlar şeir yazmaq, “köçdən qalmamaq” xatirinə
yazılmayıb – dərd ürəkdə qövr eləyəndə
misralara dönüb, vərəqlərə
tökülüb.
“Sənə
məktub yazım...” şeirində isə şairənin “mən”i
sevgi əzablarını, çəkdiyi həsrəti
hamıdan gizlədir, öz məhrəm hisslərini sevgilisinə
ünvanladığı məktublara etibar edir və məktubların
ünvanına çatıb-çatmayacağının fərqində
belə deyil:
Yuxum
gözlərimdə çəkilsin ərşə,
Mələklər
gözümdən açsın tilsimi,
Oturub
gecənin dizləri üstdə
Sənə
məktub yazım səhərə kimi...
Fərqanənin
sevgi şeirləri istidir və bu hərarət oxucunun qəlbini
anındaca ovsunlayır. Bu da şairin xoşbəxtliyidir. Bu
şeirlər orijinallığı ilə seçilir, ürəyi
yerindən oynada bilir. Qoy, sevənlər oxuyub, sevgini
ömrün-günün mənasına çevirsinlər.
Sonuncu
dayanacaqdan qayıtdığım gün mənim də ən
mənalı günüm oldu. Fərqanə xanım isə
yetgin bir qələm sahibi kimi geri qayıtmayacaq – poeziya sevən
ürəklərdə isti yuva qura-qura növbəti
dayanacağa doğru irəliləyəcək. Müqəddəs
poeziya yolunda isə son dayanacaq olmur...
Etibar Etibarlı
525-ci il.-2012.-12 iyul.-S.7.