Ədəbi-bədii mətbuatımızda yeni ünvan – “Əbədi Şirvan” jurnalı

 

Bu gün Azərbaycan mətbuatının yetərincə çoxlu sayda nəşr orqanlarının sırasına ədəbi-bədii, elmi-kütləvi, publisistik rüblük bir jurnal da qoşuldu. Ədəbiyyatın, sənətin formalaşdığı ilkin dövrlərdən  üzü bəri yol gələn ədəbi məclislərin, mənəvi-əxlaqi ənənələrin təzə-tər nəfəsdə davamı kimi gördük “Əbədi Şirvan”ı. Gəlişi-görüşü uğurlu, ömrü qaim-qədəm olsun.

Azərbaycan mətbuatının yaranması və inkişafında böyük işlər görmüş H.Zərdabi, İ.Qaspiralı, Ə.Hüseynzadə, Ə. Ağaoğlu, C.Məmmədquluzadə, Ü.Hacıbəyov kimi maarifpərvər ziyalılar savadsızlığa, mədəni geriliyə qarşı mübarizədə mətbuatı güclü vasitə hesab etdiklərindən hər zaman onun inkişafı qayğısına qalmış, azad sözün nəşri uğrunda mübarizə aparmışlar. Milli-mənəvi dəyərlərə söykənən Azərbaycan mətbuatının tarixində sələflərinin keçdiyi çətin və şərəfli yolu bügünkü aydınlarımız da yeni ənənələrlə davam etdirirlər. Onların cərgəsində yola çıxan  “Əbədi Şirvan”ın da mətləbi, istəyi xeyirxah  niyyətdən doğub.

Tarixin yaddaşını vərəqləsək, görərik ki, neçə yüzillər əvvəl bölgələrimizdə söz-sənət ocağı çatardılar. Bu ocağın başına təbiət və insan gözəlliyinin vəsfinə meydan verən, ictimai ağrıları şeirin, sənətin ecazı ilə ifadə edən söz sərrafları toplaşardı. Mirzə Şəfi Vazehin (“Divani-hikmət”), Abbasqulu Ağa Bakıxanovun (“Gülüstan”), Məhəmməd Tağı Sidqinin (“Əncümənüş-şüarə”), Mirzə İsmayıl Qasirin (“Fövsül-füsəha”), Seyid Əzim Şirvaninin (“Beytüs-səfa”), Məhəmmədağa Cürminin (“Məcməüş-şüəra”), Xurşudbanu Natəvan və Mir Möhsün Nəvvabın (“Məclisi-üns” və “Məclisi-fəramuşan”) yaratdıqları məclislərin başına söz  aşiqləri, şairlər, həvəskarlar yığışardılar. Adına “Ədəbi məclis” dedikləri belə məclislərdə onlar heybələrini açıb, ədəbi-bədii məhsullarını ortaya qoyardılar. O zaman bir şəhərin, bir bölgənin ədəbi qüvvələrini birləşdirən bu məclislərdə şairlər şeirlərini oxuyar, bir-birini tanıyardılar.

Öz dəst-xəttini  zamanın və ədəbi-ictimai mühitin xarakterinə məxsus formada yaşadan belə məclislərdə ucdantutma təriflərə yer verməzdilər. Burda ürəkləri ehtizaza gətirən şeirə, sənətə, sözün dəyərinə doğru qiymət verilərdi. Belə-belə o süfrənin başında bu gün ədəbiyyatımızın yaddaş tarixində yaşayan ədəbi şəxsiyyətlər, gəncəlilər, qubalılar, qarabağlılar şirvanlılar, naxçıvanlılar, Azərbaycanı birləşdirən torpağımızın sənətkar övladları el arasında tanınar, yadda qalardılar. Bu yerdə sözümüzə qüvvət olsun deyə, “Əbədi Şirvan”ı həyata gətirməkdə məramını açıqlayan baş redaktorun “Yaxın oturun, cənablar” başlıqlı Ön sözünə nəzər yetirək:  “Göz açıb, ocaq anlamında görmüşük sözü; adını tutub, sorağına gəlib, başına yığışıblar. İstər ali imarətlər saydığımız şah saraylarında olsun, istər ədəbiyyat aşiqlərinin kasıb komalarında, adına tapınılan, oduna əl tutulan bu məbədlərə “Ədəbi məclis” deyərdilər. Burada ayaq tutub, iz salıb, ustada dönənlərin, taleyi xəttat dediyimiz katiblərin ümidinə qalan “divan”ları, “cüng”ləri çap olmazdı, olsa-olsa üz olardı, astar olardı. Bu əl “nəşr”lərinin də sayı nə imiş ki?! Amma o dövrün yazıb-yaradanlarının dili bugünkü varislərinin acığına dönməzdi. O varislər ki, sovetlər, Füzuli demişkən “onları müəzzəm et”mişdi; on minə, iyirmi minə kitab deməzdilər... İndi minlər, min-minlər gəlib dayanıb yüzdə, əllidə. Heç onu da pay-püş eləməyə hünər çatmır... ” 

Haqqında söz açdığımız “Əbədi Şirvan”ın da həyata gəlişi bu gün ədəbi-mədəni mühitdə çatılmış bir ocağa bənzəyir. Yüzillərin dəyərlərinə, milli-mənəvi ənənələrinə tapınan bu ocağın Söz işığına şeir-sənət adamları yığışıblar. Görüşünüzə gəlmiş bu toplu bir sıra xüsusiyyətləri ilə diqqətimizi cəlb etdi. Əzəl başdan onu deyək ki, jurnalın əhatə dairəsi çox genişdir. Elə ilk sayından Azərbaycanın əksər bölgələrini əhatə etməklə yanaşı, ölkəmizdən kənarda yaşayan azərbaycanlılara, vətəndən uzaqlarda qəlbi doğma yurd həsrətilə çırpınan qələmdaşlarına da üz tutaraq, onları başına toplayıb bir məclis düzənləyib “Əbədi Şirvan”. Böyük ürəklə, cəsarətlə başladığı bu nəcib işinə baş redaktor belə bir arayış da verib: “Bugünkü kütləvi informasiya vasitələrinin çoxluğu belə vətənimizdə geninə-boluna yazıb-yaradanları bir-birinə tanıda bilmir. Lerikdəki şair hardan bilsin ki, qazağlı həmkarı kimdi. Ya Naxçıvan yazıçıları; Quba-Şabran bölgəsi qələmdaşlarının nəylə nəfəs aldıqları barədə təsəvvürləri belə yoxdu. Bax, bu yoxluğu var etmək üçün bir məclis də biz qurduq – “Əbədi Şirvan”. Niyə “Şirvan”? Gizli deyil ki, Şirvan şeirin, şeiriyyətin Kəbəsi olub. Təkcə “Şirvani” soyadlılarını  saysaq, on nədi, yüz nədi, neçə-neçə yüzlər çıxar ortalığa. Bir də min illik Şirvan hökmranlığı...

Bir az da dərinə getsəniz, “Şirvan” adına sığınmağımızda öz marağımızı görərsiniz. Şirvanı tanıda bilməsək də, özümüzü “Şirvan” adıyla tanıtmaq arzumuz niyə də olmasın ki?!  Süfrə açdıq, adam saldıq, elçi yolladıq, xahiş-minnət: “Gəlin bir yerə yığışaq, bir-birimizi oxuyaq, tanıyaq, duyaq!”

Sözümüzü sayıb, gələn də oldu, sağ olsunlar! Təbii ki, gəlməyən də... onlar da sağ olsun! Amma ABŞ-dan, Almaniyadan, İrandan – Cənubi Azərbaycandan, Türkiyədən, Rusiyadan daha isti münasibətlər gördük. Biz də onların əsərlərini oxucu qabağına çıxartmağı şərəf işi bildik”.

Hamımıza bəllidi ki, bu gün ən yüksək tirajla, on, beş üç min nüsxəylə çıxan kitab heç iki yüz oxucuya da çatmır. Bakıda doğulan kitablar, elə Bakıda da ölür. Bu həqiqətin qarşısında iki yüzdən çox müəllifi bir “Ədəbi məclis”də birləşdirən “Əbədi Şirvan”ın belə bir nəcib, xeyirxah işi  xoş niyyətdən xəbər verir. Evimizin içində, ölkəmizdən kənarda, neçə-neçə soydaşlarımızın vətən ünvanlı ədəbi düşüncələrini soydaşları, həmvətənləri ilə paylaşmaq, nisgilini, həsrətini ovutmaq da savabdandır.

Azərbaycan xalqına şair xalq deyirlər. Bəlkə elə bu səbəbdən də ədəbiyyatımızın təşəkkülü dövründən günümüzəcən qəlbi şairlik eşqi ilə çağlayan qələmdaşlarımızın bu topluda yeri genişdi. İstəkləri kamil olsun. Şeir yaradıcıları ilə yanaşı burada nasirlər, yazıçı-publisistlər də çıxış ediblər. Bu məclisdə hər kəs öz ədəbi-bədii varidatını ortaya qoyub, bir-biri ilə yeni tanışlığın təməlini yaradıb. Onu da deyək ki, oxucu bu topluda hər mövzuda qələmə alınmış yazılarla tanış olacaq. Ədəbi-mədəni həyatımızın çox sahələri ilə ünsiyyət quracaq. Qeyd etmək lazımdır ki, onların arasında yaxşı yazılarla yanaşı zəifləri də nəzərə çarpır. Təbii ki, “Əbədi Şirvan”ın zamanın sürətində sayları yığılınca, bu məclisdə ədəbi ruhun, yüksək zövqün, sənətkar düşüncəsinin qarşısında ritorik, işığı zəif işaran bədii-publisist yazılar da sıradan çıxacaq. Bu səbəbdən də zəif yazıları pisləmək, yaxşıları tərifləmək fikrindən uzağıq. Elə əsas ona görə ki,  əvvəldə qeyd etdiyimiz kimi, jurnalın məram və məqsədi hamını bir araya gətirməklə yazarları duyğu-düşüncələri ilə bir-birinə təqdim etməkdir. Qoy Azərbaycanın bütün bölgələri bir-birini tanısınlar, oxusunlar və aralarında sağlam rəqbət aparsınlar.

Düşünürəm ki, jurnalın təşəbbüskarı və baş redaktorunu təqdim etməyin də sırası yetişdi. Bu məclisi quran, söz-sənət sahiblərini başına toplayan da Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndələrindən olan Qəşəm İsabəylidir. İctimai-ədəbi mühit onun ötən əsrin yetmişinci illərindən günümüzəcən yol gələn şeirləri, nəsr əsərləri ilə tanışdırlar. ”Balaca-bapbalaca” (1982), “Heç nə istəmir ana” (1983), “Şam nağılı” (1984), “Əkil-Bəkil” (1990), “Üüü...” (1990), “Cin” (1993), “Nənəm təkdi” (1995), “Elnur, Əkil və onların başına gələnlər” (2004), “Ay külək, nə əsirsən” (2004) kimi uşaq əsərləri ilə bir sırada satirik hekayələr, xatirə-memuar kitablarının da müəllifidir. Onun “Əkil-Bəkil” poeması 1989-cu ildə Azərbaycan Dövlət Mətbuat Komitəsinin, Azərbaycan Yazıçılar İttifaqının, Respublika Komsomolunun Mərkəzi Komitəsi ilə birgə keçirdikləri “İlin ən yaxşı uşaq kitabları” müsabiqəsində ikinci mükafata layiq görülmüşdür. Q.İsabəyli həmişə uşaqların ictimai şüurunun formalaşmasında böyük əhəmiyyət kəsb edən çoxlu sayda dəyərli əsərləri ilə Azərbaycan uşaq ədəbiyyatının inkişafına çalışmışdır. O, həm də 1993-cü ildən “Cik-cik”adlı bədii ensiklopedik bir qəzetin təsisçisi və baş redaktoru olmuşdur. Uzun illər müntəzəm olaraq 12-10 min tirajla yayılan ilk özəl uşaq qəzeti olan “Cik-cik”in nəşri 2009-cu ilədək davam etmişdir. Qəzetin yayımına maneçilik üzündən nəşri dayandırılsa da Q.İsabəyli  bu arzusunu “Əbədi Şirvan”da  yer ayırdığı “Azərbaycan uşaq ədəbiyyatı” bölməsində gerçəkləşdirdi. Onun yenicə işıq üzü görmüş bu jurnalla bağlı arzuları da qət-təzədi. Bunların sırasında onun  “Əbədi Şirvan”a açdığı yola  işıq salan istəklərindən biri kimi aşağıdakı fikirlərini oxuyuruq:

“Cənab qələmdaşlar! Elə bilməyin ki, şeir və hekayələrinizi jurnalımızın səhifəsinə çıxarmaqla sizdən halallıq almayacağıq! Hələ ki, bizim qonorar verməyə, yəqin ki, bir çoxunuzun da almağa hünəri çatmır. Amma insafı da əldən qoymaq olmaz! Ona görə də yaxşı əsərlərə mükafat da ayırmışıq. Özü də “birinci”, “ikinci”, “üçüncü” yoxdu burda, sadəcə mükafat var. İnana bilərsiniz ki, sifətimizin bozunu göstərib, ədəbi yarışlarda bir qayda olaraq başa çıxan üzgörənlik ənənəsini pozub, əsəri adamdan, vəzifədən, tituldan uca tutacağıq...”

Necə deyərlər, hər şeyi zərrəbin dəqiqliyi ilə ölçüb-biçib, əsl sənətin, ədəbiyyatın sorağında xoş niyyətlə yola çıxıb “Əbədi Şirvan”.

Məlumat üçün deyək ki, 70x100 1/16 kağız formatında 336 səhifədən ibarət olan bu jurnaldakı  yazılar 13 bölmədə əhatə olunub. “Yeddi dəniz arxasında”, “Azərbaycan yazıçıları”, “Cənubdan gələn səsimiz”, “Türkün səsi çatan yerlər”, “Tərcümələr”, “Azərbaycan uşaq ədəbiyyatı”, “Ədəbi məclislər”, “Mirzə Ələkbər Sabir – 150”, “Yurdum-yuvam – məskənim”, “Milli irsi yaşadanlar”, “Elm”, “Yumor”, “Yada sal məni” bölmələri oxucunu müxtəlif mövzularda və janrlarda maraqlı əsərlərlə tanış edir. Bu yazıları saf-çürük etmək, onların  səciyyəvi xüsusiyyətlərindən bəhs açmaq fikrindən uzağıq. Başlıcası ona görə ki, mübarəkbadlıqda ancaq alqışlar, xoş arzular səslənir. Həyata yenicə qədəm qoymuş bir mətbuat orqanı da dünyaya təzə gələn körpə kimidir. Uşaq dünyaya gələndə valideynlərinə gözaydınlığı verirlər, atalı-analı böyüsün, ümidlərinizi göyərtsin alqışı yağdırırlar. Biz də öz növbəmizdə mətbuatımızın sırasına qaim-qədəm olmaq arzusuyla  qoşulan “Əbədi Şirvan”ı alqışlayır, ona axarlı ömür yaşamasını arzu edirik.

 

 

Şəfəq NASİR

 

525 ci qəəzet.-2012.-12 iyul.-S.6.