“Kitabın bədii və texniki tərtibatı” işıq üzü görüb

 

İradə Ələsgərovanın “Kitabın bədii və texniki tərtibatı” adlı kitabı nəşr olunub. Kitabın bədii və texniki tərtibatı mövzusunda Azərbaycan dilində ilk dəfə nəşr olunan bu dərs vəsaitində nəşrin texniki tərtibat xüsusiyyətlərindən söhbət açılıb və bədii tərtibat üsullarının ətraflı təsnifatı verilib.

Kitabda həmçinin kitabın kompozisiya və bədii poliqrafik forması: daxili elementlərin, illüstrasiyaların növləri və rolu, format anlayışının kitab tərtibatında yeri, kitab tərtibatında simvol, rəmz və emblemlərdən istifadə qaydaları, cild növləri və cild materialları, kitab tərtibatında şriftin, əşyayi-təsvirin yeri, maddi-texniki bazanın xüsusiyyətləri haqqında da metodiki cəhətdən geniş və əsaslandırılmış məlumatlar burada öz əksini tapıb.

Dərs vəsaitinin yazılmasında əsas məqsəd kitab tərtibatında səviyyəsiz işlərin qarşısına sədd çəkmək və nəşr olunan kitabların tərtibat səviyyəsini yüksəltməkdir. Bədii tərtibat üsulları, kompozisiya və bədii poliqrafik forma, maddi-texniki bazanın xüsusiyyətləri ilə tanış olan redaktorun ən azı orta səviyyəli nəşrə imza atmağa nail olacağı ümid edilir. Vəsait tərtibat sahəsində ümumiləşdirilmiş təcrübi metodikanın olması, bu işlə məşğul olmağa başlayan hər hansı redaktora işi düzgün aparıb kitab tərtibatını yeni, daha yüksək inkişaf mərhələsinə qaldırmağa imkan verəcək. Metodiki vəsaitlə tanış olan redaktor görəcəyi işin eskizini fikrində düzgün qurub, yaradıcılıq istiqamətini dəqiq müəyyənləşdirməsi bir çox çatışmamazlıqların öz-özünə aradan qalxmasına zəmin yaradacaq.

Müəllif kitabı keçmiş SSRİ ərazisində kitab tərtibatı və nəşriyyat-poliqrafiya sahəsində nəşr olunan elmi tədqiqat materialları əsasında hazırlayıb. Nəzəriyyə və təcrübəni özündə birləşdirən bu dərs vəsaiti, etik, estetik formalı kitab nəşr etmək üçün dəqiq işlənib-hazırlanmış vahid metodiki ədəbiyyat hesab edilə bilər. Azərbaycan kitabşünaslığının kifayət qədər öyrənilməyib öz həllini gözləyən problemlərinə həsr olunmuş vəsait müvafiq ali məktəb tələbələri(bakalavr və magistr) və müəllimləri, redaktor və redaksiya-mətbəə işçiləri, kitabşünaslıq və mətbuat sahəsində çalışan mütəxəssislər və kitab həvəskarları üçün nəzərdə tutulub.

 

 

GÜNEL

 

525-ci qəzet.-2012.-12 iyul.-S.7.